Sumqayıt teatrı 46-cı mövsümünü açdı

 

...Düz 46 il öncə, 12 yaşımda ikən ilk dəfə böyük teatr səhnəsində Mirzə Fətəli Axundzadənin “Müsyö Yordan və Dərviş Məstəli şah” əsərinin tamaşasına baxmışam. Onda yenicə yaranmış H.Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı aktyorlarının ilk işi sürəkli seyrçi alqışları ilə uğurlanmışdı. Ötən dövrdə bu teatrın yaradıcı kollektivi püxtələşərək bir sıra nailiyyətlərə imza atıb, yaddaqalan səhnə əsərləri ilə ürəkləri fəth edə bilib.

Yeni mövsümün açılışına həsr edilmiş tədbirdə bunları iftixarla xatırladım.

Sumqayıt Dövlət Dram Teatrının direktoru İslam Həsənov iştirakçıları salamlayaraq kollektivin uğurları və perspektiv planları barədə məlumat verdi. Teatrın baş rejissoru, Əməkdar artist Firudun Məhərrəmov açılış tamaşası - Hidayətin “Burdan min atlı keçdi” adlı tarixi-xronoloji dram əsəri ilə bağlı fikirlərini bölüşdü.

Tanınmış şair-dramaturq, “Şöhrət” ordenli, Əməkdar incəsənət xadimi Hidayətin bu əsəri ötən əsrin 60-80-ci illərində bədnam qonşularımızın Azərbaycana qarşı torpaq iddialarının boy atıb böyüdüyü dövrlərin hadisələrini əks etdirir. Ötən mövsümdə İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən səhnə təcəssümü tapmış “Burdan min atlı keçdi”yə  bu dəfə Sumqayıt teatrı müraciət edərək fərqli bir tamaşa yaratmağa nail olub.

Seyrçilər əsərin süjet xəttini izlədikcə əzəli Azərbaycan şəhəri olan İrəvanda gedən gizli erməni məkri, Qarabağa olan iddialar, xalqımıza düşmən münasibəti və ulu öndər Heydər Əliyevin bu təxribatlara qarşı fədakar mübarizəsinə şahid olurlar. Burada zamanın sərt sınaqları ilə üzləşən Azərbaycanın mənafelərini fədakarcasına qoruyan, onu xaosdan xilas edib inkişaf mərhələsinə çatdıran ümummilli liderin obrazı (Əməkdar artist Namis Şirməmmədov) milli olduğu qədər də bəşəri şəxsiyyət kimi layiqincə təcəssüm edilmişdir. Daha öncə dramaturq Aqşin Babayevin müəllifi olduğu “Xilaskar” dramının tamaşasında unudulmaz dahi şəxsiyyət Heydər Əliyevin obrazını bacarıqla canlandırmış  N.Şirməmmədovun budəfəki ifası da uğurlu olması ilə yadda qaldı, teatrsevərlər tərəfindən hərarətlə qarşılandı. Tanınmış aktyor istər danışıq manerası, istərsə də jest və mimikaları ilə obrazın öhdəsindən məharətlə gəlirdi.

Dramın qiymətli məziyyətlərindən biri də ulu torpaqlarımızda yaşayan soydaşlarımızın - o zamanlar İrəvan Azərbaycan Teatrının direktoru olan ədibin (Əməkdar artist Rauf Ağakişiyev) , milis zabiti Lətif Nəsibovun (aktyor Habil Xanlarov) və başqalarının erməni şovinizminə və mənfur sıxışdırma siyasətinə qarşı apardıqları intellekt mübarizəsinin inandırıcı tərzdə əksini tapmasıdır.

Vaxtilə İrəvan Dövlət Azərbaycan Dram Teatrına  rəhbərlik etmiş müəllifin əsərində  bu teatrın fəaliyyəti və üzləşdiyi çətinliklərə baxmayaraq, bir sənət məbədi kimi teatr sənətimizi yaşatması da geniş əksini tapıb. Ədibin timsalında bir qeyrətli türk oğlunun, yaradıcı insanın,   milli-mənəvi dəyərlərimizi hər şeydən uca tutan əsl ziyalının obrazı canlandırılır.

Xalq artisti Məzahir Süleymanov, Əməkdar artistlər Vidadi Məmmədov və İzaməddin Bağırov, teatrın istedadlı aktyorları Mövsüm Hüseynov, İlham Səfərli, Nazir Rüstəmov, Akif Mirzəyev, Oqtay Mehdiyev, Yalçın Səlimov, Dağlar Rüstəmov və başqaları da onlara həvalə olunmuş rolların öhdəsindən layiqincə gəldilər.

Tamaşadan sonra alqışlarla səhnəyə çıxan müəllif, şair-dramaturq Hidayət yaradıcı heyətə və teatra gəlmiş çoxsaylı seyrçilərə dərin minnətdarlığını bildirdi, ən xoş arzularını çatdırdı.

Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümdə M.F.Axundovun “Hacı Qara” pyesini, Qrimm qardaşlarının nağılları əsasında “Cəsur dərzi” uşaq tamaşasını də təqdim etməyə hazırlaşır.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 1 oktyabr.- S.7.