Bəstəkar qəlbli sənətkar

 

İyirmi ilə yaxındır ki, Xalq yazıçısı İlyas Əfəndiyev haqq dünyasına qovuşub. Unudulmaz söz ustasının dünyadan köçdüyü 3 oktyabr günündə qədirbilən soydaşlarımız hər il  qüdrətli qələm sahibinin xatirəsini dərin ehtiramla yad edirlər. Sağlığında unudulanların az olmadığı dünyamızda sevimli ədibimizin yaddan çıxmaması bir daha təsdiqləyir ki, həqiqətən, milləti üçün yaşayıb-yaradanlar əbədiyyət ünvanının sakinləridir. Bu ölməzliyə qovuşan İlyas müəllimin anım gününə çevrilmiş 3 oktyabr ədəbi- mədəni aləmin diqqətini bir daha yazıçının mənalı ömür yoluna və zəngin yaradıcılığına yönəldir. Ruhu şad olsun, ustadımızın, o həmişə bizimlədir.

 

Parlaq yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbi prosesinin ön sıralarında şərəflə addımlayan xalq yazıçısı İlyas Əfəndiyev həm də görkəmli dramaturq kimi fəaliyyət göstərərək teatr sənətinin inkişafında özünəməxsus xidmət göstərir, cəfakeşlik nümunəsi göstərirdi. Böyük yazıçının yaradıcılığını ümummilli lider Heydər Əliyev yüksək dəyərləndirirdi. Ulu öndər həmişə görkəmli dramatutqun Milli Dram Teatrında səhnə təcəssümü tapan əsərlərinin premyeralarında iştirak edər, öz fikirlərini bildirərdi. Belə tarixi görüşlərin birində ulu öndər demişdi: “İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o, xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir. Xalqımıza, mədəniyyətimizə, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır... İlyas Əfəndiyevin əsərləri də, özü də həmişə xalqın qəlbində yaşayacaqdır”.

Bir necə nəsil oxucuların və tamaşaçıların fikir və duyğularında, həyata və insanlara münasibətində bir yazıçı- dramaturq kimi İlyas Əfəndiyevin özünəməxsus təsiri və rolu olub. Kitabın çox oxunduğu, daha dəqiq desək, dəbdə olduğu vaxtlarda İlyas Əfəndiyevlə bərabər, bir sıra populyar yazıçı da var idi. Amma bu, bir həqiqətdir ki, biz Mirzə İbrahimovun, İlyas Əfəndiyevin romanlarını daha çox oxuyurduq. Hələ sovet imperiyası illərində müasirləri ilə müqayisədə İlyas Əfəndiyevin əsərlərində ənənəvi mözuobrazlar— deyək ki, inqilabçılıq, təpədən-dırnağa üsyankar, hər şeyə asi, təkəbbürlü, ötənlərə arxa çevirən, dinsiz-imansız, əldəqayırma müsbət qəhrəmanlar gözə dəymirdilər. Ədib söz aləminə insan qəlbinin ən zərif nöqtələrinə təsir edəcək nəfəs gətirmişdi.

Məhəbbət, dostluq, fədakarlıq, sevgi və nəhayət, ağayanalıq, böyüklük, müdriklik.

İnana bilmirəm ki, o illərdə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma qoca”, “Üçatılan” kimi povest və romanları oxuyaraq içindən keçirən oxucu həyatda o əsərlərdən gələn ideyaları, gerçəklikləri axtarmamış olsun. İlyas Əfəndiyev qəhrəmanlarının qəribə təsiretmə xüsusiyyətləri var. Yəqin ki, bu fikirlə çoxu razılaşar. Biz ətrafımızda olan insanlara müəllifin arzularından doğan bir istəklə baxırdıq. Bizi adamların insanlığı düşündürürdü. İlyas Əfəndiyev yaradıcılığının bu tərbiyəvi xüsusiyyəti böyük bir məktəb idi.

Bu səbəbdən də çoxları yazıçının qəhrəmanını özünə həyat idealı seçirdi. Bu, gözəl bir nümunə idi. Təəssüf ki, belə nümunələrə maraq indi çox azalıb. Bunun bir neçə səbəbi var: bir tərəfdən, gənclərin bədii mütaliəyə meyliazdır, digər tərəfdən də belə yazıçıların təbliğatı zəif qurulur. Halbuki telekanallarda şit, zəif əsərlərə çəkilmiş elə filmlər, səhnələr, süjetlər nümayiş etdirilir ki, bunun da insan əxlaqına, tərbiyəsinə, xüsusilə də gənclərin dünyagörüşünün düzgün formalaşmasına heç bir müsbət təsiri yoxdur.

Unudulmaz yazıçı, akademik Mirzə İbrahimov yazırdı: “Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstandırsa, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar topludolğun bir çiçəklikdir”. Bu qiymətli fikirlərdən bəhrələnərək, cəsarətlə demək olar ki, ədəbiyyat gülüstanımızın solmayan bir guşəsinin də bağbanı məhz İlyas Əfəndiyevdir. Bu, bir həqiqətdir ki, sağlığında unudulan, ölən əsərlərin müəllifi olanlar həmişə var. Amma əbədi ayrılığın məsafəsi İlyas Əfəndiyevi öz oxucularından, onu sevənlərdən uzaqlaşdıra bilməyib. Əksinə, İlyas Əfəndiyev həmişə bizimlədir. Xalq yazıçımız elə mövzular seçib, elə əsərlərə imza atıb ki, onun unudulması mümkünsüzdür.

Onu hamı sevirdi. Qələm dostları da, musiqiçilər də, sadə insanlar da. Bəzi fikirləri araşdırarkən maraqlı düşüncə və münasibətlərin şahidi oluruq. Tənqidçi elə düşünüb ki, İlyas Əfəndiyev heç kimə bənzəməyən yazıçıdır. Şairə elə gəlib ki, İlyas müəllim “sadəcə” misraları yan-yana düzərək onu qəsdən nəsrə çevirib. Səid Rüstəmova görə, İlyas Əfəndiyev “bəstəkar qəlbli sənətkar” idi. Rəssamlar isə xalq yazıçısını sözlə nəhəng tablolar yaradan ustad hesab edirdilər. Xalq yazıçısı Süleyman Rəhimov yazırdı: “İlyas Əfəndiyevin yaradıcılığı istedadlı nasirlə mahir dramaturqu birləşdirib”. Bunun da nəticəsində meydana nəhəng əsərlər çıxıb. Sənətşünaslar isə Akademik Milli Dram Teatrının ötən əsrdəki son 50 ilini İlyas Əfəndiyevsiz təsəvvür edə bilmirlər.

Öz sələflərinin ənənəsini zənginləşdirən İlyas Əfəndiyev Azərbaycan teatrının repertuar ağırlığını çiyinlərinə götürərək onu yarım əsrə yaxın bir zaman kəsiyində ləyaqətlə başa vurdu. Azərbaycan teatrına gətirdiyi uğurları araşdırarkən bir neçə önəmli faktın şahidi olursan. Birinci növbədə, İlyas Əfəndiyev öz məktəbini yarada bilmişdi. Azərbaycanın bir qrup aktyor nəslinin yetişməsində, kamilləşməsində ədibin dramaturgiyasının özünəməxsus xidməti olub. O, Azərbaycan səhnəsinə yeni poetik düşüncə, nəfəs və həyat gətirdi.

Ötən əsrdə Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin 20-dən artıq əsəri tamaşaya qoyulub. Bu tamaşalar ayrı-ayrı insanların, fərdlərin, tamaşaçılıarın əxlaqına, mənəviyyatına deyil, böyük bir nəslin dünyagörüşünə müsbət təsir edib. Hətta çoxu etiraf edir ki, onun həyat yolunun müəyyənləşməsində, daxilən dəyişməsində, bəlkə də mübarizə apara bilməsində, ləyaqətlə yaşamasında ədibin böyük xidməti olub.

Sovet dövründə səhnə həyatı almış “Billur sarayda” əsəri, yəqin ki, çoxlarının xatirəsindən silinməyib. İlyas Əfəndiyev elə bir yazıçı idi ki, sovet quruluşunun sərt qanunlarının tüğyan etdiyi zamanda onun daxili ziddiyyətlərini, bəzi məmurların meşşanlığını, mənəviyyatla mənəviyyatsızlığın üz-üzə dayandığını açıb göstərirdi. Ömrü boyu ürəyinin diktəsi ilə yazıb-yaradan, həyat gerçəkliklərini, reallıqlarını ədəbiyyata gətirib ona bədii don geydirən İlyas Əfəndiyev həmişə insan taleyini düşünərək oxucunun qəlbindən xəbər verən mövzulara toxunmuş, dövrün ağrı-acılarını, yaşantılarını, problem və qayğılarını təfəkkürünün işığı, qələminin gücü ilə canlandırmağa çalışmışdır. Səhnə həyatı almış əsərləri, bir tərəfdən, əgər aktyorların yetişməsinə xidmət edirdisə, digər tərəfdən də rejissorların, bəstəkarların kamilləşməsində öz qüdrətini göstərirdi. Müəllifin bütün əsərlərində saflığa, mənəvi təmizliyə bir çağırış var idi. Bu çağırışın köklərində isə həyatın ağır sınağından qalib çıxmış İlyas Əfəndiyev müdrikliyi diqqət çəkirdi.  Unudulmaz nasirin dram əsərləri teatr sənətimizin incilərindən sayılır. Unuda bilmirəm”, “Sən həmişə mənimləsən”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Xurşud Banu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Bizim qəribə taleyimiz”, “Billur sarayda” və başqa dramlarının hər birində həyatın öz rəngləri duyulur.Hökmdar və qızı” pyesini səhnədə görmək İlyas Əfəndiyevə nəsib olmasa da, onun ideya və arzularının bir daha yaşadığını sübuta yetirdi. Teatrla yanaşı, kinofilmlərə, teletamaşalara köçürülmüş əsərlərində də İlyas Əfəndiyev həyata sadiqliyini, ideya və arzularını çox ustalıqla tamaşaçıya çatdıra bilmişdir.

1996-cı ildə İlyas Əfəndiyev dünyasını dəyişdi.  Ölkə başçısı İlham Əliyevin 24 may 2004-cü ildə imzaladığı sərəncama əsasən, İlyas Əfəndiyevin anadan olmasının 90 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Eləcə də 2014-cü ildə unudulmaz ədibimizin 100 illik yubileyi münasibətilə respublikada fəaliyyət göstərən dövlət teatrlarının əksəriyyəti, demək olar ki, yenidən görkəmli yazıçının əsərlərinə müraciət etdi. Bunun da nəticəsində birdən-birə teatrlarda bir dirçəliş yarandı.

Teatr mühitinə yenidən cazibədarlıq gətirən İlyas Əfəndiyevin dramaturgiyasında aktyoraktrisa öz istedadının, daxili potensialının nəyə qadir olduğunu nümayiş etdirmək imkanı qazandı. İlyas Əfəndiyevin pyeslərində sənətkara kömək edən məqam çoxdur. Rejissor Mərahim Fərzəlibəyova məxsus fikirdir: “Mən İlyas Əfəndiyevi hər şeydən əvvəl, ona görə sevirdim ki, o, yazdığı tarixi mövzulu əsərlərə çox həssaslıqla yanaşırdı... Onun pyeslərinin mərkəzindən qırmızı bir xətt kimi keçən vətəndaşlıq mövqeyini yüksək qiymətləndirirəm”.

Əsərlərində çoxlu təzadlar olduğuna görə onun dramlarının səhnə həlli güclü alınırdı. Bu günrejissorlar təəssüf hissi keçirirlər ki, İlyas Əfəndiyevin vəfatından sonra teatrda, sanki, bir boşluq əmələ gəlib. Bəlkə də buna görədir ki, vaxtilə ədiblə eyni əsər üzərində çalışmış rejissorlar bir fikri təkrarlamaqdan çəkinmirlər: “Biz İlyas Əfəndiyevin şinelindən çıxmış dramaturqları gözləyirik”. Xalq artisti Amaliya Pənahova səhnəyə gəldiyi ilk gündən özünü İlyas Əfəndiyev teatrının şagirdi sayır.

Rəhmətlik teatrşünas İnqilab Kərimov İlyas Əfəndiyevin teatrda qazandığı uğurların kökünü belə əsaslandırırdı ki, bu yazıçıda səhnə sənətinə olduqca aydın, ciddivicdani münasibət var idi. Öz sələfləri – Mirzə Fətəli Axundov, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Cəfər Cabbarlı kimi teatra müqəddəs məkan, məbədgah kimi baxırdı.

İlyas Əfəndiyev, sözün həqiqi mənasında, ötən əsr ədəbiyyatımızın klassikidir. O, bir tərəfdən gözəl romanlar, povestlər, hekayələr müəllifi kimi sevilirdisə, digər tərəfdən də tamaşaçılara bir-birindən maraqlı əsərlər bəxş edirdi. Bunlarla yanaşı, ədibin yaradıcılığı ilə maraqlandıqca, heyrətlənməyə bilmirsən. İlyas Əfəndiyev nasirliyi, dramaturqluğu ilə yanaşı, ədəbi görüşləri ilə seçilən obyektiv tənqidçi olub. Yazıçının çapdan çıxmış yeddicildliyinin sonuncusunda onun tənqidi yazıları, müsahibələri, esseləri toplanıb.

İlyas Əfəndiyev yazırdı: “Yüksək mənəviyyat dedikdə bizim fikrimizə hər şeydən əvvəl yüksək şüur gəlir. Yüksək şüurla vətəndaşlığın mənası isə aydın olduğu qədər də dərindir. Onun birinci meyarı Vətən sevgisidir. Vətəni sevmək, əlbəttə, onun əzəmətli dağlarına, yarpağı min rəngə çalan meşələrinə, laləli, nərgizli çöllərinə, bülbüllər oxuyan bağlarına heyran olmaqla bitmir... Sadəlövh mədhiyyəçilik heç bir zaman həqiqi sənət nümunəsi olmamış və ola da bilməz. Vətən sevgisi vətəndaşın öz xalqına, doğma torpağına münasibəti zamanı meydana çıxır. Həqiqi vətəndaş yalnız gözəlliklərdən zövq alan bir seyrçi deyil, Vətənin və xalqın rifahı, inkişafı naminə görülən ümumi işin ağırlığının müəyyən hissəsini çiynində daşıyan, özünün yüksək, vicadani borcunu məhz bunda görən ilhamlı bir fədaidir”.

Yurdumuzda hər kəsi bu cür fədai görmək xoşbəxtlikdir. Çünki həqiqi vətəndaşın şəxsiyyəti ilə onun mənsub olduğu xalqın ideyaları arasında təzad yaranmamalıdır. İlyas Əfəndiyevin arzusu hər kəsi həqiqi vətəndaş, Vətənini və xalqını varlığından artıq sevən və bu yolda hər şeydən keçməyi bacaran insan görmək idi.

İlyas Əfəndiyev münasibətlərində də səmimi idi. Bir müsahibədə ondan soruşurlar ki, bu günün yazıçısı hansı keyfiyyətləri özündə cəmləşdirməlidir? Cavabı belə olub: “Yazıçının hər şeydən əvvəl istedadı olmalıdır— bu bir; yüksək savadı olmalıdır, yəni, dünya ədəbiyyatının ən yaxşı nümunələrinə bələd olmalıdır, daha dəqiq desək, yazdığından çox mütaliə etməlidir— bu iki; böyük mədəniyyəti olmalıdır—bu da üç. Bütün bunlarla bərabər yazıçı geniş ürək və ülvi insanlıq xüsusiyyətlərinə malik olmalıdır. Yalnız bu cür yazıçı insanların vicdanına təsir eləyə bilər. Yazıçı hər şeydən əvvəl öz daxilindəki mənfi emosiyalara qalib gəlməyi bacarmalıdır. Mənə elə gəlir ki, bu keyfiyyətləri özündə birləşdirə bilən yazıçı həmişə ədəbiyyata fayda verə bilər”.

Məhz belə keyfiyyətləri ilə İlyas Əfəndiyev Azərbyacan ədəbiyyatının inkişafında əsl fədakarlıq göstərib. Fədakarlar isə heç zaman unudulmurlar.

 

Flora XƏLİLZADƏ,

Əməkdar jurnalist

 

Xalq qəzeti.- 2015.- 3 oktyabr.- S.10.