Əkilən ümidlər, cücərən
pöhrələr
Dünya şöhrətli alim Həsən Əliyev yazırdı ki, Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın təbiəti son dərəcə füsunkardır. Zahirən nə qədər quru və çılpaq görünsə də, daxilən bir o qədər zəngin və rəngarəngdir. Geniş ərazisi, münbit torpağı, saf suyu, təmiz havası, bol Günəş şüası və qüdrətli insan qüvvəsi! Bütün bunlar təbii zənginlik deyilmi?
Ata-babalarımız təbiətin bizə bəxş etdiyi bu əvəzsiz sərvətdən nəinki istifadə etmiş, bu gözəlliklər səltənətinin qayğısına qalmış, ulu yurdun qoynunda yaşıllaşdırma tədbirləri həyata keçirmişlər. Axı, qədim zamanlardan bağ salmaq, gül əkmək, yaşıllıqlar yaratmaq, ata-babalarımızın ən xoş niyyəti, adəti olub. Ulularımız yaşıllığa bir həyat mənbəyi kimi baxıb, ağac əkib-becərməyi, onu nəsildən-nəslə ərməğan etməyi müqəddəs əməl sayıblar. Ulularımızın “Ağacı arx qırağında ək ki, yıxılanda el-obaya körpü olsun”, “Ağacı çox olan yurdun məzarı az olar”... kimi müdrik kəlamları da elə buradan yaranıb.
Həyatımız və sağlamlığımız üçün ən gərəkli, ən faydalı olan bu sərvət-yaşıllıq torpaqların münbitliyinin qorunmasında, erroziyanın, şoranlaşmanın, səhralaşmanın qarşısının alınmasında, su və atmosfer mühitində balansın tənzimlənməsində, xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığı kimi, həm də bütün canlıların yaşam təminatçısıdır. Bu sərvətə sahib çıxan ölkələr dünyanın inkişaf etmiş ölkələri sayılır. Tarixçilər bir çox mədəniyyətlərin yer üzündən silinməsini meşələrin məhvi ilə əlaqələndirirlər. Çünki yaşıllıq sənayenin və iqtisadiyyatın yüksəldilməsində həlledici rol oynayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “neft tükənən sərvətdir, yaşıllıq isə daimidir”.
Etiraf etməliyik ki, muxtar respublikamızın zəngin bitki örtüyü Azərbaycan florasının 62,4 faizini təşkil etsə də, burada meşələr azlıq təşkil edir. Ata-babalarımız bu torpaqlarda əsasən üzüm və meyvə bağları salmışlar. Ordubadın Dəstə kəndindəki ərik bağları, Sabir, Əndəmic kəndlərindəki şaftalı, ərik, armud, badam bağları, Tivi kəndindəki alma bağı və Bistdəki “Güney bağ”, Culfa rayonunun Dizə kəndindəki badam bağı, Şahbuz rayonundakı ərik, badam və alma bağları və başqa ləzzətli meyvələriylə şöhrət qazanmışdır. Muxtar respublikamızın ərazisi həm də süfrə üzümlərinin yetişdirilməsi ilə məşhur olmuşdur.
Ürək ağrısı ilə qeyd edə bilərik ki, 80-ci illərin sonuna yaxın bu bağlar baxımsızlıq ucbatından məhv olmuşdur. Onu da qeyd edim ki, bu bağların əksəriyyəti dağ çaylarının suları ilə qidalanırdı. Muxtar respublika ərazisində su anbarlarının olmaması ucbatından yaşıllıqların artırılması və mühafizəsinə o qədər də ciddi fikir verilmirdi. Ona görə də ötən əsrin 50-60-cı illərində diyarımızın yaşıl örtüyü 0,6 faiz təşkil edirdi. O illərin acınacaqlı və ürək ağrıdan mənzərəsini gözlərimiz önünə gətiririk: Naxçıvan şəhərindən başlamış Sədərəyə qədər uzanan yollarda tək-tük görünən ağaclarla birlikdə əsas diqqəti cəlb edən dəvədabanı tikanı idi. Şahbuzda ancaq Kolanı və Batabatda nəzərə çarpan yaşıllıq zolaqları, Ordubad zonasında isə, bəzi meyvə bağları diqqəti cəlb edirdi. Culfa ərazisində də yaşıllıq çox az idi. Naxçıvan şəhərində isə “Böyük bağ” və “Sabir bağı”ndan başqa bir yaşıllıq sahəsi gözə dəymirdi. İnsanlar qızmar yay günlərində sərinləməyə, kölgəsində dincəlməyə yer axtarırdı.
Bəlkə elə buna görə idi ki, akademik Həsən Əliyev özünün yazdığı “Həyəcan təbili” kitabında təbiətin qorunması, zənginləşdirilməsi problemlərindən söhbət açır, gözümüz görə-görə əldən gedən gözəlliyin halına acıyır, ətraf mühitə münasibətdə laqeyd olanlara tənə ilə faciəni xatırladır, son nəticədə insanı öz beşiyini qorumağa çağırırdı. Böyük təbiət alimi deyirdi: “Bir düzənlikdəki münbit torpağın əmələ gəlməsi üçün min ildən artıq vaxt keçir. Onun yararsız hala düşməsi üçün isə ”əmək" sərf etmək lazım gəlmir. Belə hadisələr azmı olur? Gözümüzün önündəcə əsrlərin övladı olan gözəl bir meşə qurşağı insan ömründən də az bir müddətdə ölümə məruz qalır”.
Müdrik bir xalq məsəli var. Deyərlər ki, “Meşə sudur, su məhsuldur, məhsul isə həyatdır”. Günəş enerjisini planetimizdə üzvi maddəyə çevirən bitkilər, meşələrdir. Onların məhv edilməsi, bulaqların, çayların qurumasına səbəb ola bilər. Bir el ağsaqqalı söyləyir ki, təbiətin yaxın dostu Həsən Əliyev muxtar respublikamızın təbiətinin qorunmasının əsl keşikçisi olub. 1975-ci ildə muxtar respublikanın rəhbərliyi Batabat suyunun Naxçıvana gətirilməsi təşəbbüsündə olanda, Həsən Əliyev sinəsini qabağa verib, bu faydasız təşəbbüsə öz iradını bildirib. Deyib ki, ana təbiət nə qədər əliaçıq və səxavətlidirsə, onun həm də üzü bozdur, kinlidir, qısqancdır. Onunla hesablaşmayana, ona vurulan zərbəyə qarşı birə beş qüvvətli cavab verir.
Əgər Batabatın suyu Naxçıvana gətirilərsə, bu təbiət muzeyinin fauna və florasından əsər-əlamət də qalmaz. Görkəmli alimin bu haqlı iradından sonra belə bir təşəbbüsün həyata keçirilməsinə son qoyulur. Əvəzində yeni bir layihə həyata vəsiqə alır. Həmin illərdə Naxçıvanda olan görkəmli alim Həsən Əliyevin təşəbbüsü ilə Culfa rayonunun Dizə kəndində 4-5 hektar ərazini əhatə edən “Sarı zəmi” deyilən yerdə “Badam” bağı salınır. Bağı suvarmaq üçün artezian vurulur, göl yaradılır. 10 ildən çox bol məhsul verən bu bağ da 80-ci illərin sonuna yaxın baxımsızlıq ucbatından quruyub, yararsız hala düşür və məhv olur.
Təbii sərvətlərimizi, təbiətimizi və onun gözəlliyini qorumaq ümummilli liderimiz Heydər Əliyevə nəsib oldu. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsi, ekoloji problemlərin həlli və təbiətin zənginləşdirilməsi daim diqqət mərkəzində saxlanmışdır.
Dahi rəhbərin təşəbbüsü ilə 1969-1982-ci illərdə ölkəmizin hər yerində, eləcə də muxtar respublikamızda keçirilən iməciliklər yolu ilə geniş yaşıllıq sahələri yaradıldı. Ərazilərdə körpə fidanlar əkildi. Onların qayğısına qalındı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin qorunması diqqət mərkəzində saxlanıldı. 1969-cu ildə Ordubad Dövlət Yasaqlığı yaradıldı.
Ata-babalarımızın su ilə bağlı arzuları gözündə qalmadı. Ulu öndərin Naxçıvana qayğısı sayəsində Araz dəryaçası yaradıldı. Şərur rayonunda möhtəşəm bir tikintinin əsası qoyuldu. İllərlə boş-boşuna axıb gedən Arpaçay bəndə salındı. Çayın səmti dəyişdirildi. Qranit dağların altından geniş yol salındı. Neçə minillik dağ çayı tunelə sığışdırıldı. Sonradan nəhəng bənd ucaldıldı. Bu çayın suyu min hektarlarla torpağa həyat verdi. Yol kənarlarına əkilən ağaclar göz oxşadı. Muxtar respublikamızın iqtisadiyyatı yüksəldi. Onun iqtisadi bölgələr sırasında xüsusi çəkisi artdı. Atalar demişkən, “Bağa baxarsan bağ olar, baxmazsan dağ olar”, “Nə əkərsən, onu da biçərsən”.
Ancaq haradan bilərdik ki, çox keçməyəcək, bədnam qonşularımızın çirkin niyyəti sayəsində Naxçıvan blokadaya salınacaq, işığı, qazı kəsiləcək. Əhalisi qışın sərt şaxtası ilə üz-üzə qalacaq. Bəzən də körpəsinin soyuqdan donduğunu görən ata onu xilas etmək üçün bir zamanlar kölgəsində əyləndiyi, meyvəsini dərdiyi ağaclarla yanaşı, yol kənarlarındakı daldalanacaq olan ağaclara belə balta çaldı. Atanın istəyi bu idi ki, təki, sobası yansın, beşikdəki körpəsi soyuqdan donmasın, onun yeri isti olsun.
Bəli, 1991-ci ildən 1992-ci ilə keçən qış çox sərt gəldi. Günlərlə elektrik enerjisinə möhtac qalan, təbii qazı çoxdan kəsilən bir məmləkətdə təbiətin də halı insanlar kimi acınacaqlı idi. Hər tərəfdən blokadaya alınan Naxçıvanda həyat iflic olmuşdu. O zaman yenicə vəzifə səlahiyyətinə başlayan Heydər Əliyev də Naxçıvanın sərt qışı ilə üz-üzə dayanmışdı. Bu qışla döyüşdə qalib gəlmək, əhalini qışdan salamat çıxarmaq başlıca məqsəd idi. Günlərlə bu idrak sahibi çıxış yolu axtarırdı: Necə etməli? Kimə müraciət etməli, çıxış yolu nədədir və bu varsa, onu nəyin hesabına etmək olardı? Görürdü ki, daha meşələrdə ağac qalmayıb. Yol kənarlarında bütün ağaclar qırılıb. Artıq adamlar öz həyətlərindəki meyvə ağaclarına qıyırlar. Cavabı məlum sualı verənlərə onun cavabı bir idi: - Dəyməyin, qoyun bu qışdan camaat birtəhər çıxsın. Erkən yazda əvəzlərinə yenilərini əkərik, – deyirdi.
Ulu öndərimiz bu günləri sonralar belə xatırlayırdı: “Mən Şərura gedirdim. Vaxtilə yol boyunca gözəl ağaclar əkilmişdi. Qar dizə qədər idi. Gördüm ki, qadınlar əllərində mişar ağacları mişarlayır, kəsirlər. Gəldim bunların yanına, dedim ay bacılar, axı nə edirsiniz? Bu ağaclar sizə lazımdır. Dedilər ki, bilirik bizə lazımdır. Biz soyuğa dözürük, amma uşaqlarımız donur. Burada nə qədər uşaq soyuqdan donub öldü. Bax, belə ağır şəraitdə biz yaşadıq. Yaşadıq, amma Naxçıvan əyilmədi. Naxçıvan öz iradəsindən dönmədi. Naxçıvan yaşadı və bu günlərə çıxdı”.
“Çətin günün ömrü az olar”–, deyib
atalar. O
çətin günlər naxçıvanlıların iradəsini
qıra bilmədi. Naxçıvan bu
ağır və çətin imtahandan üzüağ və
alnıaçıq çıxdı. İradə
və dözüm, bir də muxtar respublika vətəndaşlarının
öz rəhbərinə yüksək inam hissi hər şeyə
qalib gəldi. “Erkən yazda əvəzlərinə
yenilərini əkərik”, – deyən ümummilli liderimizin təşəbbüsü
ilə iməciliklər keçirildi. Kəsilmiş
ağaclar yeniləri ilə əvəz olundu. Ümummilli liderimizin məqsədi təkcə
yaşıllıqları artırmaq deyil, həm də ekoloji
mühitin qorunub saxlanılması idi.
Ekoloji
mühitin qorunmasının ilkin şərtlərindən biri
elektrik enerjisinin nəqlinə nail olmaq idi. Həmin
illərdə Heydər Əliyevin müdrikliyi nəinki əhalini
sonrakı illərdə qışın şaxtasından
qorudu, həm də yaşıllıqların məhv edilməsinin
qarşısını aldı. Ulu öndər həmin günləri
xatırlayaraq deyirdi: “O vaxt bizə
kömək edən kimlər olublar? Türkiyə
və İran. Elektrik enerjisi yox idi. Fikirləşdik, haradan alaq? Yenə
də Türkiyə köməyimizə gəldi, elektrik xətləri
çəkdilər. Xatirimdədir, o
elektrik xətlərini çəkən türkiyəli adamlar
40 dərəcə şaxtada dirəklərin üstündə
durub əlləri dona-dona bu xətləri çəkirdilər.
Çünki bizi xilas etmək lazım idi.
Mən onlardan xahiş etdim, elektrik xətti çəkdilər,
bizə bir az elektrik enerjisi verdilər... Mən sonra İrana getdim. İrandan
Naxçıvana elektrik xətti çəkdik. O iş
də çətin vəziyyətdə oldu. Biz
Naxçıvana Türkiyədən, İrandan elektrik xətləri
çəkib gətirdik, çətin vəziyyətdən
bir az çıxdıq”.
Ulu öndərimiz siyasi
hakimiyyətə qayıtdıqdan sonra da təbiətin
mühafizəsi, təbii sərvətlərdən
xalqımızın rifahının
yaxşılaşdırılması məqsədilə səmərəli
istifadə olunması istiqamətində hüquqi aktlar qəbul
etmiş, qanunvericilik bazası təkmilləşdirilmişdir.
“Ekoloji təhlükəsizlik haqqında”, “Xüsusi mühafizə
olunan təbiət əraziləri və obyektləri
haqqında”, “Azərbaycan Respublikası Meşə Məcəlləsinin
təsdiq edilməsi haqqında” Azərbaycan
Respublikasının Qanunları ekoloji mühitin
sağlamlaşdırılması baxımından
mühüm əhəmiyyət kəsb edir. Ümummilli
liderimizin yaşıllıqla bağlı qəbul etdiyi qərarlar
muxtar respublika vətəndaşlarının da ürəyindən
xəbər verir.
1996-cı ilin yazından başlanan
yaşıllaşdırma və abadlaşdırma tədbirləri
vətəndaşlarımızı böyük həvəslə
çöllərə çıxardı. Bu hərəkat
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin sərəncamı
ilə başladı. Muxtar respublikamızın şəhər
və rayonları, qəsəbə və kəndlərində,
yol kənarlarında on minlərlə ting
basdırıldı, minlərlə yaşıllıq
zolaqları yaradıldı. Onların becərilməsi
və qayğısına qalmaq ümumxalq işinə,
ümumxalq qayğısına çevrildi. İdarə, müəssisə və təşkilatların
kollektivləri yaz-payız mövsümündə bu nəcib
və xeyirxah işə cəlb olundu. Çox
keçmədi ki, Naxçıvan başdan-başa
yaşıllığa, gül-çiçəyə
büründü.
Ata-babalarımızın
bir müdrik kəlamı var: - Ağac əkmək, bağ
salmaq hünər deyil. Gərək onu qoruyub
saxlamağı bacarasan. Bir ağac
kötüyünü qorusan, 5-6 pöhrə verər. Bu gün muxtar respublikamızda yaşıllıqlara
göstərilən qayğı belədir. Əkmisən, çox yaxşı, becər, əkdiyin
tutsun, ağacların cərgəsinə qoşulsun.
Yoxsa təkcə əkməklə iş bitmir. Təbiəti
sevmək, onu qorumaq bu gün muxtar respublika vətəndaşlarının
amalına çevrilib. Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
çıxışlarının birində təbii sərvətlərin
mühafizəsi və onların artırılması barədə
danışarkən demişdir: “Təbii sərvətlərin
mühafizəsi və onların artırılmasını
insanın mənafeyi tələb edir. Hər
hansı bir yenilik, tərəqqi, ilk növbədə,
insanın rifahının
yaxşılaşdırılmasına,
sağlamlığının möhkəmlənməsinə
xidmət etməlidir. İnsanın
sağlamlığı isə onu əhatə edən təbii
mühitdən asılıdır. Mühit
çirkli və zəhərli olarsa, insanı heç bir qida
ilə təmin edə bilməz”.
Ali Məclisi
sədrinin “Naxçıvan Muxtar Respublikasında
yaşıllaşdırma, təmizlik və abadlıq
aylığının keçirilməsi haqqında” 1 mart
2001-ci il tarixli sərəncamını
xüsusilə qeyd etmək yerinə düşər. Həmin sərəncamdan sonra muxtar respublikada hər
ilin yaz-payız aylarında yaşıllaşdırma, təmizlik
və abadlıq aylığı elan olunmuş, iməciliklərin
keçirilməsi ənənə halını
almışdır.
Bu gün Azərbaycanda elə bir sahə yoxdur ki, sürətlə
inkişaf etməsin. Təbii ki, sürətli inkişaf istər-istəməz
ətraf mühitə təsir göstərə bilir. Bu da, öz növbəsində, ekoloji tədbirlərin
geniş şəkildə həyata keçirilməsini tələb
edir. Ona görə də bu məsələ dövlət
siyasətinin əsas istiqamətlərindən birinə
çevrilmiş, 2010-cu il ölkəmizdə
“Ekologiya ili” elan olunmuşdu.
Bu istiqamətdə muxtar respublikamızın coğrafi
mövqeyi, relyefi, təbii iqlim və torpaq xüsusiyyətləri,
su potensialı nəzərə alınmış, meşəsalma
və meşəbərpa tədbirlərinə xüsusi əhəmiyyət
verilmişdir.
Son illər ərzində muxtar respublika ərazisində 12 min
hektardan çox sahədə yeni yaşıllıqlar
salınmış, meşə fondu torpaqlarında, şəxsi
mülkiyyətdə, bələdiyyə mülkiyyətində
olan təbiət ərazilərində təbii bərpa nəticəsində
yaşıllıqların həcmi dəfələrlə
artmışdır. Təkcə ötən ildə
440 mindən çox ağac əkilmiş, yaşıllıq
sahələri genişləndirilmişdir.
Sürüşməyə meyilli ərazilərdə
meşə massivləri və meyvə bağları
salınmışdır. Naxçıvançay,
Gilançay, Əlincəçay vadilərində, xüsusilə
mühafizə olunan təbiət ərazilərində,
Darıdağ ərazisində, İşgəsu massivində,
“Əshabi-Kəhf” ziyarətgahına gedən yolun sağ və
sol hissələrində, ziyarətgah ətrafında, Didivar kəndi
ərazisində mövcud təpələrdə terras
üsulu ilə, Duzdağ Fizioterapiya Mərkəzi ətrafında,
Naxçıvan-Sədərək,
Naxçıvan-Şahbuz-Batabat və Naxçıvan-Ordubad
magistral avtomobil yolları boyunca Arpaçay sol sahil
kanalının aşağı sahillərində, Vəlidağ
ətrafında yaşıllıq və meşə-meliorativ tədbirləri
həyata keçirilmişdir. Bu tədbirə təkan
verən amillərdən biri muxtar respublikamızda Heydər
Əliyev su anbarının tikilməsi olmuşdur. Nəticədə muxtar respublikamızın
yaşıllıq örtüyü ümumi ərazinin 12
faizini təşkil edib.
Son 20 il ərzində Naxçıvanda bu istiqamətdə
aparılan işlər muxtar diyarımızı gözəlliklər
məskəninə çevirib. Gözəlliyin
isə əsas atributu, simvolu təmizlikdir. Əvvəllər
Naxçıvanda bir anlığa külək əsəndə
adam daldalanmaq üçün yer
axtarırdı. İndi isə Naxçıvan şəhəri
kimi rayonlarımızın hər birində təmizlik yaradılan
gözəlliklər kimi adamı valeh edir. Bu gün gülzara çevrilən,
abadlaşdırılan küçələr, park və
xiyabanlar göz oxşayır, hər bir
naxçıvanlını sevindirir, zəhmətə həvəsini
artırır.
Ali Məclis sədrinin bir-birinin ardınca verdiyi sərəncamların
və qəbul olunan dövlət proqramlarının icrası
bu gün muxtar respublikamızı yaşıl bir diyara
çevirib.
Şahbuz Dövlət Təbiət Qoruğu, “Arazboyu” və
“Arpaçay” Dövlət Təbiət yasaqlıqları və
ölkə Prezidentinin sərəncamı ilə yaradılan
akademik Həsən Əliyev adına Zəngəzur
Milli Parkı diyarımızın əsl rahatlıq və
istirahət guşələrinə çevrilib. Qədim
diyarımıza gələn turistlər bu təbiət muzeylərinin
onlara bəxş etdiyi təmiz havadan və saf sudan
könülxoşluğu, ürəkaçıqlığı
ilə danışırlar. İran İslam Respublikasından
diyarımıza gələn və Naxçıvanla
yaxından tanış olan turistlərdən
biri deyir:
– Mən Naxçıvanda ilk dəfə 1994-cü ilin
yayında olmuşam.
O zaman istəyim
“Əshabi-Kəhf”i ziyarət etmək idi. Buna
nail oldum. Amma deyim ki, Culfa şəhərindən ziyarətgaha
—
“Əshabi-Kəhf”ə qədər uzanan yol nəinki
daşlı, toz-torpaqlı idi, heç yaşıllıq da
gözə dəymirdi. Maşınımızın
şüşələrini bərk-bərk
bağlamışdıq ki, içəriyə toz-torpaq
dolmasın. Ziyarətgahı ikinci dəfə
2014-cü ildə yenidən ziyarət etdim. Bu dəfə heyranedici bir mənzərə ilə
qarşılaşdım. Burada hər
şey dəyişmişdi. “Əshabi-Kəhf”
abidəsinin içərisində bərpa işləri
aparılmış, yollar hamarlanmışdır. Sevindirici hal o idi ki, yol kənarlarında səliqə
ilə əkilən ağaclar yaşıl bir tuneli
xatırladırdı. Siz sabahkı nəslə
böyük sərvət bəxş etmisiniz.
Həmçinin,
Şahbuz rayonunun “Batabat” yaylağına elə həmin illərdə
gedən jurnalist həmkarım indi o yollar haqqında fikirlərini
açıqlayaraq bildirdi ki, 90-cı illərdə Batabata
doğru uzanan yollar o qədər dar, çılpaq və
yöndəmsiz idi ki, adam yaylağa çatana kimi bezirdi
gördüklərindən. Amma bu gün istərdim
ki, o yol o qədər uzun olsun ki, saatlar günlərə
qovuşsun. Çünki yolboyu heyrətamiz bir
yaşıllıq, təmizlik, səliqə-sahman adamın
könlünü oxşayır.
Bəli, bu gün muxtar respublikamıza gələn
turistlərin hamısı diyarımız haqqında xoş
sözlər söyləyir, bu gözəlliyə olan məftunluğunu
gizlətmirlər.
Bu gün iftixar hissi ilə deyə bilərik ki, ata-babalarımızın arzuları çin olub. Onların bir vaxtlar həsrətini çəkdiyi yaşıllıqlarla bağlı ümidləri göyərib. Cücərən pöhrələr–yaşıllıqlar muxtar respublikamızı öz ağuşuna alıb. Diyarımız, sözün həqiqi mənasında, gülüstana dönüb.
Torpağa sevgidən boy atıb
yurdum,
Şöhrəti yayılıb indi hər
yana.
Sevinclə, qürurla söyləyir
hər kəs,
Naxçıvan dönübdür
bir
gülüstana.
Rövşən HÜSEYNOV,
Naxçıvan Mətbuat
Şurasının sədri
Xalq qəzeti.-
2015.- 3 oktyabr.- S.9.