Heydər Əliyevin qətiyyəti və siyasi

iradəsi dövlət müstəqilliyimizi əbədiləşdirdi

 

Azərbaycan dövlətçiliyi 1994-cü ilin oktyabr sınağından da uğurla çıxdı

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illər ölkədə getdikcə gərginləşən böhranlı vəziyyət və genişlənən erməni işğalı respublikamızı getdikcə uçruma yaxınlaşdırırdı. Ölkəyə rəhbərlik  edənlərin dövlət idarəçiliyindəki naşılığı və  müxtəlif adamların tabeçiliyində olan qeyri-qanuni silahlı birləşmələrin özbaşınalığı, talançılığı və qanunazidd əməlləri vəziyyəti getdikcə gərginləşdirirdi. Azərbaycanın müstəqilliyini qəbul etmək istəməyən bəzi xarici qüvvələr daxili qruplaşmalarla birləşərək ölkənin təbii sərvətlərini talayır, qarşıdurma yaradırdılar.

1993- ilin ikinci yarısından başlayaraq ölkədə həyat tədricən öz axarına düşdü. Xalqın təkidi  ilə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin qətiyyəti və müdrikliyi sayəsində müstəqilliyimiz daha da möhkəmləndirildi. Əlbəttə, bütün bunlar  xalqımız üçün asan başa qəlmədi. Ulu öndər ilk növbədə  Azərbaycanı xaos və hərc-mərcliyin pəncəsindən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi.. Qısa vaxtda ölkədə yaranan siyasi sabitlik və əldə olunan atəşkəs nəticəsində sosial-iqtisadi inkişaf konsepsiyası hazırlandı və bu istiqamətdə qətiyyətli addımlar atıldı. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr quruldu, eyni zamanda, nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq  istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirildi.

Gənc müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyası, xüsusilə, ölkənin hərtərəfli inkişafını təmin edəcək “Əsrin müqaviləsi” adlı nəhəng neft sazişinin imzalanması hakimiyyət hərislərinin bütün ümidlərini puç edirdi. Xarici himayədarlarının köməyi ilə hakimiyyəti ələ keçirmək istəyən bəzi qüvvələr ciddi  narahat olmağa başladılar. Ölkənin inkişafını gözü götürməyən  bədxahlarımız tərəfindən müxtəlif məkrli planlar ortaya atılırdı. Gah dövlət müstəqilliyimizin qarantı olan, ölkəni məhv olmaqdan xilas edən, müstəqilliyimizi getdikcə möhkəmləndirən, respublikada ciddi nizam- intizam yaradan ulu öndər Heydər Əliyevin fiziki cəhətdən yox edilməsinə yönələn cəhdlər göstərilir, gah da ümummilli liderin ətrafındakı kadrlara qarşı sui-qəsdlər təşkil edilirdi.  Torpaqlarımızı işğal etmiş dövlətlə birliyi quran, onlar tərəfindən təlimatlandırılan belə qüvvələrin yalnız bir məqsədi var idi: Azərbaycanın müstəqillik yolunda atdığı qətiyyətli addımların qarşısını almaq. Ancaq bu istiqamətdə fəaliyyət göstərmək istəyənlər unudurdular ki, həmin günlərdə gənc müstəqil Azərbaycan dövlətinin sükanı arxasında zamanın ən ağır sınaqlarından uğurla çıxmış, dövlət idarəçiliyində zəngin təcrübəsi olan  böyük dövlət xadimi Heydər Əliyev dayanır. Bu böyük şəxsiyyət özündən əvvəlki dövlət başçılarından fərqli olaraq siyasi mübarizədə kiminsə təhdidlərindən heç zaman çəkinməmiş, hakimiyyəti ələ keçirmək üçün min fitnə-fəsad törətməyə hazır olan xəyanətkarların qabağından qaçmamışdır.

Hakimiyyət hərisləri  bütün vasitələrlə ölkədə qarşıdurma yaradaraq, ulu öndərin həyata keçirdiyi tədbirlərin qarşısını almağa cəhd edirdilər. “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkə iqtisadiyyatının dirçəlişi və respublikamızın  beynəlxalq aləmdəki əlaqələrinin möhkəmlənməsi xəyanətkar qüvvələrin dövlət çevrilişinə cəhdini qaçılmaz etdi. ...1994-cü ilin oktyabr ayının əvvəllərində ölkənin şimal-qərb bölgəsində silahlı qarşıdurma təşkil etməklə Azərbaycanı yenidən təsir dairəsinə salmaq istəyən bəzi dövlətlər, xüsusi xidmət orqanları, bir daha məğlubiyyətə uğradılar. O vaxt Baş nazir işləyən Surət Hüseynov hakimiyyətə gəlmək niyyətini dövlət çevrilişi ilə başa çatdırmaq istəyirdi.

 1994-cü il oktyabrın 4-də Azərbaycanda Surət Hüseynovun rəhbərliyi ilə növbəti silahlı qarşıdurma başladı. Bu, Surət Hüseynovun  hakimiyyəti ələ almaq üçün artıq ikinci silahlı qarşıdurması idi. AXC- Müsavat hakimiyyəti dövründə Milli Qəhrəman adını almış S.Hüseynov ölkədə birinci şəxs olmaq üçün cəbhə bölgəsindəki hərbi birləşmələri öz ətrafına toplayaraq, Elçibəy hakimiyyətinin süqutuna nail olmuşdu. Ona elə gəlirdi ki, ulu öndər Heydər Əliyevin də rəhbərlik etdiyi hakimiyyəti bu cür asanlıqla  devirəcək. Ancaq o, yanılırdı və xalq bunun nəticəsini də gördü. Heydər Əliyev 1993-cü il 4 iyun  hadisələrindən fərqli olaraq, bircə güllə belə atılmadan oktyabr hadisələrinin qarşısını yalnız siyasi gedişlərilə aldı.

Ulu öndər həmin vaxt  xalqa müraciət etdi. Qısa müddətdə yüz minlərlə insanın Prezident İqamətgahı qarşısına toplanması və hakimiyyətə dəstək nümayiş etdirməsi ulu öndərin xalq arasında misilsiz hörmət və nüfuzunun göstəricisi idi. Eyni zamanda, 1994-cü ilin oktyabr ayında ölkənin müxtəlif guşələrində həm ulu öndərimizi, həm də milli dövlətçiliyimizi yox etmək,  istəyənlərin öz qarşılarında Azərbaycan xalqını görməsi onları sarsıtdı.

Ulu öndər 1994-cü il oktyabrın 4-də xalqa müraciət edərkən demişdi: “Mən Azərbaycanın hörmətli adamlarına, partiyalara, ictimai təşkilatlara, bütün Azərbaycan xalqına müraciət etdim. Mənim dünənki müraciətimdən sonra minlərlə teleqram gəlib, telefon zəngləri olub. Mənim müraciətim əhali tərəfindən hörmət və ehtiramla qəbul olunub. Teleqramlarda, telefon zənglərində bildirilir ki, vətəndaşlar Azərbaycanın bu vəziyyətdən çıxması üçün öz xidmətlərini göstərməyə hazırdırlar”.

 Xalq həmin ağrılı-acılı, məşəqqətli günlərdə böyük liderini bir an da olsa tək qoymadı və dövlətçiliyimizin düşmənlərinə, milli xəyanətkarlara, vəzifə hərislərinə öz yerlərini göstərdi. “Xalq-Heydər, Heydər-Xalq”  şüarları şüurlara  hakim kəsilmişdi.

Oktyabr hadisələrinin xaricdən təşkil olunduğunubu xəyanətdə milli satqınların xarici düşmənlərimizlə əlbir olduğunu dünyaya bəyan edən ulu öndər oktyabrın 4-də bədxahlarımızın heç birinin gözləmədiyi bir addım ataraq onları mat qoymuşdu. Heydər Əliyev dünyanın bütün dövlətlərinə, hökumətlərinə və beynəlxalq təşkilatlarına Azərbaycanda yaranmış vəziyyətlə bağlı müraciət ünvanlamışdı. Müraciətdə deyilirdi: “Demokratik, hüquqi dövlət quran, bütün dünya ilə açıq siyasət yeridən Azərbaycan Respublikası təhlükədədir. Birbaşa xaricdən yönəldilən qüvvələr zor işlədərək silahlı qiyam yolu ilə dövlət çevrilişi etməyə cəhd göstərirlər... Bu çətin dəqiqələrdə mən Sizə müraciət edərək hamınızı Azərbaycanın qanuni rəhbərliyini, onun xalqının müstəqillik və suverenliyini qorumaq, zorakılıq və irticanın təntənəsinə yol verməmək naminə bütün imkanlarınızdan istifadə etməyə çağırıram”.

Ertəsi gün, “Azadlıq” meydanında keçirilən ümumrespublika həmrəylik mitinqində isə ulu öndər demişdir: “Beləliklə, biz dünyanın böyük ölkələrinin, dünya ictimaiyyətinin Azərbaycanda gedən hadisələrə marağını görürük. Eyni zamanda, dövlət başçılarının Azərbaycan dövlətini dəstəklədiklərini də görürük. Bütün bunlara görə mən bu gün bizimlə həmrəy olan dövlət başçılarına, dövlət orqanlarına öz təşəkkürümü , minnətdarlığımı bildirirəm”.

Ümummilli lider Heydər Əliyevin müdrikliyisiyasi uzaqgörənliyi sayəsində dövlət  müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın beynəlxalq aləmdə əlaqələrinin möhkəmləndirilməsinə və  inkişafına mane olmaq istəyən  düşmənlərimiz 1994-cü ilin oktyabrında növbəti dəfə ifşa edildilər, məğlub oldular və xalqın böyük təpkisi ilə üzləşdilər. Təbii ki, istənilən dövlətin milli xəyanətkarı, satqını, xaricidaxili düşməni ola bilər. Amma həmin qüvvələrə ölkə daxilindəki bəzi çirkin məqsədli ünsürlərin də qoşulması qətiyyən yolverilməzdir. Milli dövlətçiliyimizi məhv etməyə çalışanların ölkə daxilində bəzi xəyanətkarlar tərəfindən dəstəklənməsinə heç cür bəraət qazandırmaq olmaz. Məhz ona görə də Azərbaycan xalqı həmin qaragüruhçu insanların siyasət meydanında növbəti dəfə görünməsini istəmir və buna yol verməyəcək.

Bu gün 1994-cü il oktyabr hadisələrindən 21 il ötür. Ancaq bu hadisələr hələ də unudulmayıb. Xalq çox yaxşı dərk edir ki, ölkəmizin bugünkü firavanlığı, Azərbaycanın dünya birliyində nüfuzunun getdikcə artması və mövqelərinin möhkəmləndirilməsi məhz həmin o çətin və gərgin illərdəki qətiyyətin və müdrikliyin təntənəsidir.

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2015.- 6 oktyabr.- S.4.