Azərbaycanın beynəlxalq
turizm əlaqələri genişlənir
Türkiyənin Antalya şəhərində
BMT-nin Ümumdünya Turizm Təşkilatının
(BMÜTT) T20 nazirlərinin 6-cı görüşü
keçirilib. Tədbirdə ölkəmizi mədəniyyət
və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil edib. Türkiyənin
sədrliyi ilə keçirilən bu tədbiri həmin ölkənin mədəniyyət və turizm
naziri
Yalçın
Topçu açmışdır.
Tədbirdə çıxış edən
Ümumdünya Turizm Təşkilatının baş katibi
Taleb Rifai dünyada turizmin iqtisadiyyatın əhəmiyyətli
bir sahəsi kimi artan rolundan danışaraq, bu təşkilatın səmərəli fəaliyyətinin
yaxın gələcəkdə üzv və dəvətli
ölkələrin sosial həyatına böyük töhfələr
verəcəyinə inamını ifadə etmişdir.
Görüşdə Azərbaycan nümayəndə heyətinin rəhbəri Vaqif Əliyev geniş məruzə ilə çıxış etmiş, ilk növbədə, dünyanın aparıcı dövlətlərinin beynəlxalq iqtisadi əməkdaşlıq məsələləri üzrə qərar qəbuledici forumu olan T20 platformasına ölkəmizin dəvət olunmasına görə Türkiyə hökumətinə minnətdarlığını bildirmişdir. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində ildən-ilə artan paya sahib olan turizm sənayesinin əsas göstəriciləri haqqında məlumat verib. Azərbaycanın son illərdə turizm sahəsində əldə etdiyi uğurlardan danışan nazirin birinci müavini ölkəmizin BMÜTT ilə əməkdaşlığının əhəmiyyətini vurğulayıb, turizm sənayesinin əsas göstəriciləri haqqında məlumat vermişdir. Bildirmişdir ki, dünya iqtisadiyyatının son illər ərzində qeyri-sabit olmasına baxmayaraq, beynəlxalq turizmdə artım müşahidə edilməkdədir. Belə ki, dünya üzrə ümumi daxili məhsulun 9 faizi, dünya ixracatının 6 faizi və dünyada hər 11 iş yerindən 1-i turizm sənayesinin payına düşür. Bununla yanaşı, xidmət sahələri üzrə dünya ixracatının təxminən üçdə biri beynəlxalq turizm vasitəsilə həyata keçirilir.
Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artması, işsizliyin kəskin dərəcədə azalması, özəl sektorun, o cümlədən, kiçik və orta sahibkarlığın sürətli inkişafının ölkədə keçirilən islahatların açıq təzahürüdür.
Bu inkişaf və islahatlar turizm sektoruna marağı artıraraq burada yerli və əcnəbi sərmayəçilərin vəsait qoyuluşlarına səbəb olmuşdur. Ölkə rəhbərliyi və şəxsən Prezident İlham Əliyevin dəstəyindən yararlanan turizm sektoru, son bir neçə ildə olduqca vacib nailiyyətlər əldə etmiş, bu səviyyədə göstərilən qayğı turizm və əlaqədar infrastrukturun inkişafı, yeni müasir standartlar və qanunvericiliyin hazırlanması, ölkəmizin beynəlxalq proqramlarda iştirakı, dövlət və özəl sektorlarının əməkdaşlığı və sərmayəçilərin sərbəst fəaliyyətinə imkanlar yaratmışdır.
Turizm sektorunun ölkəmiz üçün bir neçə cəhətdən - iqtisadiyyatın güclənməsi, bölgələrin inkişafı, yeni iş yerlərinin açılması, infrastrukturun təkmilləşdirilməsi, habelə Azərbaycanın bütün dünyada tanınması baxımından səciyyəvi olduğunu qeyd edən natiq, bu sahənin ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”,“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”, həmçinin ölkəmizdə 2011-ci il “Turizm ili” elan edilməsilə bağlı Tədbirlər planının həyata keçirilməsi barədə məlumat vermişdir.
Çıxışına müvafiq statistik göstəricilərlə davam edən nazirin birinci müavini, 2005-ci ildən bugünədək Azərbaycana gələn xarici turistlərin sayının 1,1 milyondan 2,3 milyona, ölkədə fəaliyyət göstərən mehmanxanaların sayının 262-dən 535-ə, yerləşdirmə vasitələrində yerlərin sayının 22 mindən 35 minə, turizm müəssisələrinin sayının isə 197-dən 286-ya çatdığını qeyd etmişdir. Bununla yanaşı, 2014-cü il ərzində Azərbaycana səfər edən xarici turistlərin ölkəmizdəki xərclərinin 1,3 milyard manat, turizm və aidiyyəti sahələrdə çalışan işçilərin sayının 42 min, turizm sahəsinin ölkənin ÜDM-dəki xüsusi çəkisinin isə 4,1 faiz olduğunu bildirmişdir.
Azərbaycanda turizmin davamlı inkişafının özünü ölkənin beynəlxalq reytinqlərində də göstərdiyini vurğulayan məruzəçi Dünya İqtisadi Forumunun (DİF) 2015-ci il üçün nəşr etdiyi “Səyahət və Turizm Rəqabətliliyi Hesabatı”nda ölkəmizin 141 ölkə arasında insan resursları və əmək bazarı göstəricisinə görə 36-cı, biznes mühiti göstəricisinə görə 65-ci, təhlükəsizlik və əmin-amanlıq göstəricisinə görə isə 36-cı yeri tutaraq, bu göstəricilərə əsasən bir sıra inkişaf etmiş Avropa ölkələrini də geridə qoyduğunu xüsusi qeyd etmişdir.
Sonra natiq Azərbaycanda turizm sahəsinin inkişafı üçün atılan addımlar və həyata keçirilən islahatlar haqqında daha geniş məlumat verərək bildirmişdir ki, turizmin planlı və dinamik inkişafı ölkənin ümumi davamlı iqtisadi, sosial və siyasi inkişaf strategiyası ilə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizm sahələrinin inkişafı ilə bağlı son illər qəbul etdiyi çoxsaylı fərman və sərəncamlar və buna dair görülmüş işlər turizm sahəsinin ölkənin davamlı inkişafının bir hissəsi kimi qiymətləndirilməsinin əyani sübutudur.
Turizmin inkişafı naminə atılan addımların ilk növbədə müasir və praktik qanunvericilik bazasına arxalanmalı olduğunu qeyd edən natiq Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq bu istiqamətdə tədbirlərin görüldüyünü diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, Azərbaycanın turizm imkanlarını dərindən araşdıraraq ölkədə turizm sahəsinin mövcud vəziyyətinin təhlilini və problemlərin aradan qaldırılması məqsədilə dünya təcrübəsində istifadə edilən mexanizmlərin Azərbaycan üçün uyğunlaşdırılmış müvafiq variantlarda tətbiqini təmin edəcək sənəd—yeni Turizm Qanunu hazırlanmışdır. Bununla yanaşı, turizm sənayesinin mövcud vəziyyəti, inkişaf potensialı, turizmin inkişafında hökumətin rolu, maraqlı tərəflər arasında potensial əməkdaşlıq formaları və bu əməkdaşlıqların uğurla qurulması metodları və bir sıra digər mühüm elementlər haqqında məlumat və tövsiyələri əks etdirən “2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası”nın layihəsi hazırlanmışdır.
Turizm sənayesinin inkişafında viza məsələlərinin, ölkədə keçirilən beynəlxalq tədbirlərin, turizm klasterlərinin və assosiasiyaların, eləcə də turizm potensialının təbliğinin əhəmiyyətindən bəhs edən V.Əliyev Azərbaycanda bu istiqamətdə görülən işlərə dair bir sıra nümunələr qeyd etmişdir.
Ölkəmizdə 2013-cü ilin mart ayından etibarən elektron viza sisteminin tətbiq edildiyini vurğulayan məruzəçi, bu sistemin bütün viza prosedurlarının elektron formata yönəldilməsi məqsədilə tərtib edildiyini və sözügedən sistemin ölkəyə daha çox turistlərin cəlb olunmasına yardım edəcəyini bildirmişdir.
Daha sonra, natiq Azərbaycana turist axınının əsas səbəblərindən biri kimi göstərilən, lakin son illərə qədər xüsusi yanaşma tələb olunan işgüzar turizmin inkişaf etdirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Konqreslər Bürosunun yaradılmasının turizm sahəsində görülən uğurlu işlərdən biri hesab edildiyini qeyd etmiş, büronun əsas fəaliyyətinin Azərbaycana irimiqyaslı beynəlxalq tədbirlərin cəlb edilməsi, Azərbaycanın işgüzar turizm istiqaməti kimi təşviqi, eləcə də beynəlxalq tədbirlərlə əlaqədar tender müsabiqələrində iştirak kimi məsələləri əhatə etdiyini vurğulamışdır.
Tədbirdə Azərbaycanın ənənəvi turizm növləri və məhsulları ilə yanaşı, alternativ turizm növlərinin inkişafı və təbliğində maraqlı olduğu bildirilmiş və ölkəmizdə xidmət keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə xarici və yerli ekspertlərin iştirakı ilə təlimlərin təşkil edilməsi, turizm təhsili və bir sıra digər istiqamətlərdə görülən işlərə dair məlumat vermişdir.
Qeyd olunmuşdur ki, qısa vaxt ərzində ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, mədəniyyət və idman sahələrində əldə olunan nailiyyətlər Azərbaycanda turizm sahəsinin davamlı inkişafının təməlini qoymuşdur.
Ölkəmizdə keçirilən beynəlxalq səviyyəli tədbirlərin ölkəmizin imicinə müsbət təsir etdiyini vurğulayan məruzəçi, Azərbaycanın bu tip tədbirlərə peşəkarlıqla ev sahibliyi edə biləcəyini xatırlatmış və bu tədbirlərin ölkəmizə turist axının artmasına xidmət edəcəyini bildirmişdir. Bu baxımdan, I Avropa Oyunları xüsusilə qeyd olunmalıdır. Bu oyunların ölkənin beynəlxalq standartlara uyğun yeni bir turizm istiqaməti kimi imicinin formalaşmasına kömək edəcəyi nəzərə çatdırmışdır.
Məruzəçi Ümumdünya Turizm Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Müstəqil Dövlətlər Birliyi (MDB), Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat- GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT), İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) və s. beynəlxalq təşkilatlarla turizm sahəsində əməkdaşlıq çərçivəsində fəaliyyətin davam etdirildiyini də diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, beynəlxalq əməkdaşlığın gücləndirilməsinin beynəlxalq turizm bazarlarına çıxış, digər ölkələrin turizm qurumları ilə əlaqələrin yaradılması və inkişafı, beynəlxalq turizm tendensiya və təcrübələrinin öyrənilməsi əhəmiyyətli nəticələr verəcək. O, beynəlxalq əməkdaşlığa gözəl nümunələrdən biri olaraq Avropa İttifaqının Tvininq layihəsi çərçivəsində Azərbaycanda turizmin inkişafı üçün qanunvericilik bazasının və hüquqi çərçivələrin təkmilləşdirilməsində kömək etməsini nəzərə çatdırmışdır. Bununla yanaşı, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi ilə Serbiya, Monteneqro, Albaniya, Çexiya, San-Marino, Xorvatiya, Səudiyyə Ərəbistanı, Macarıstan, Argentina və bir sıra ölkələr arasında əməkdaşlıq sazişləri və digər müvafiq sənədlərin imzalandığı qeyd olunmuşdur.
Vaqif Əliyev bildirmişdir ki, xarici ölkələrlə turizm əlaqələrinin daha da genişləndirilməsi, respublikamızda mehmanxanaların və turizm şirkətlərinin sayının artırılması, dünya standartlarına uyğun turizm infrastrukturunun yaradılması, Azərbaycanın turizm bazarının dünya turizm bazarına inteqrasiyası, ölkəmizdə münbit investisiya mühitinin yaradılması, nazirliyin növbəti illərdə turizm sənayesinin inkişafı üçün görəcəyi işlərə nümunədir.
Məlumat üçün bildirək ki, tədbirin yekunu olaraq turizm, kiçik və orta sahibkarlıq və məşğulluq məsələlərinə dəstək siyasətinin hazırlanmasına dair deklorasiya imzalanmışdır.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 9 oktyabr.- S.6.