Aida İmanquliyeva – Azərbaycan

şərqşünaslığının parlaq siması

 

Bu gün Azərbaycanın dünya şöhrətli  şərqşünas alimi Aida İmanquliyevanın doğum günüdür. O, 1939-cu il oktyabrın 10- da Bakı şəhərində Azərbaycanın görkəmli jurnalisti və mətbuat xadimi Nəsir İmanquliyevin ailəsində anadan olmuşdu. Aida xanım paytaxtın şöhrətli təhsil ocağı 132 saylı orta məktəbi qızıl medalla bitirdikdən sonra 1957-1962- ci illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb şöbəsində təhsil almışdı. 1966- cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasını ərəb filologiyası üzrə bitirmiş, namizədlik dissertasiyası müdafiə etmişdi. Perspektivli şərqşünas kimi doğma Bakıya qayıdan  Aida İmanquliyeva 1966-1976-cı illərdə Azərbaycan SSR Elmlər Akademiyası  Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik və baş elmi işçi, 1976-1988-ci illərdə ərəb filologiyası şöbəsinin müdiri, 1988-1991-ci illərdə  elmi işlər üzrə direktor müavini və 1991-ci ildən ömrünün sonunadək direktor vəzifələrində çalışmışdı. Bu dövrdə mən həmin institutun elmi işlər üzrə direktor müavini kimi Aida xanımın rəhbərliyi altında, onunla birlikdə çalışmışdım. Görkəmli şərqşünas və bacarıqlı elm təşkilatçısı Aida İmanquliyeva haqqında mülahizələrimi və o illərin unudulmaz xatirələrini “Xalq qəzeti”nin oxucularına təqdim edirəm.

 

Aida İmanquliyevanın təhsil alması və elmi fəaliyyətə başlaması Azərbaycan şərqşünaslıq elminin sürətli inkişafı dövrünə təsadüf edirdi. Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirən gənc Aida özü üçün şərəfli, həm də olduqca çətin bir yol seçmişdi - elmi axtarışlar yolunu. O, 1966-cı ildə 28 yaşında SSRİ EA Şərqşünaslıq İnstitutunda “Qələmlər cəmiyyəti” və Mixail Nuaymənin onun yaradılmasında rolu" adlı aktual bir mövzuda ölkənin aparıcı mütəxəssislərinin yüksək qiymətləndirdiyi namizədlik dissertasiyasını uğurla müdafiə etmişdi. 1966-cı ildə filologiya elmləri namizədi Aida İmanquliyeva Bakıya dönərək respublika Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu kimi tanınmış elm məbədində ömrünü bu sahənin inkişafına həsr etmişdi.

Özünün nadir istedadı, əməksevərliyi ilə seçilən və tezliklə hamının sevimlisinə çevrilən Aida xanım elmin çətin yolları ilə Azərbaycan şərqşünaslığının zirvəsinə doğru dayanmadan irəliləmişdi. Bu elm mərkəzində kiçik elmi işçi kimi axtarışlara başlayan Aida xanım 1972- ci ildən institutda ərəb ədəbiyyatı qrupunun rəhbəri, 1976-cı ildən isə yenicə yaradılmış ərəb filologiyası şöbəsinin müdiri olmuşdu. Elmi vəzifə və rütbələrin pillələri ilə sürətlə yüksəlməsi onun gərgin əməyinin, gecə-gündüz apardığı elmi axtarışların bəhrəsi olmuşdu. Hələ 1975- ci ildə onun dünyanın elm xəzinəsinə daxil olmuş iki monoqrafiyası nəşr edilmişdi.

“Qələmlər cəmiyyəti” və Mixail Nuaymə" adlı birinci monoqrafiya namizədlik dissertasiyası əsasında hazırlanmış, SSRİ EA Şərqşünaslıq İnstitutu tərəfindən çapa tövsiyə edilmiş və Moskvada “Şərq ədəbiyyatı” nəşriyyatında çap edilmişdi. Kitabı yüksək dəyərləndirən moskvalı alim İ.E.Bilık onu belə təqdim etmişdi: “Aida xanımın kitabı müasir ərəb ədəbiyyatına güclü təsir göstərən mühacirətdə yaşayan ərəblərin ədəbiyyatı kimi mühüm və maraqlı hadisəyə həsr olunmuşdur. Bu əsər sovet ərəbşünaslığında A.E.Krımski və İ.Y.Kraçkovskidən sonra, əslində, ilk ciddi işdir”. “Cubran Xəlil Cubran” monoqrafiyası isə Bakıda 1975-ci ildə “Elm” nəşriyyatında çap edilmiş və ərəbşünas alimlər tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

Yorulmaq bilmədən elmi axtarışlar aparan, şərqşünaslıq elmini var gücü ilə inkişaf etdirməyə çalışan Aida xanım dünyanın müxtəlif elmi jurnallarında 70-dən çox sanballı məqalə çap etdirmiş, doğma Azərbaycanı Moskva, Kiyev, Poltava, Sankt-Peterburq, Hamburq, Halle və s. şəhərlərdə keçirilmiş elmi forumlarda ləyaqətlə təmsil etmişdi. Məhsuldar və təşəbbüskar fəaliyyəti ilə o, dünya şərqşünaslıq elmində özünə layiqli mövqe qazanır, Azərbaycan şərqşünaslığının qadın ulduzuna çevrilirdi.

Aida İmanquliyeva uzun illər apardığı elmi axtarışların məntiqi nəticəsi olaraq 1989-cu ildə Tbilisidə filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyanı böyük müvəffəqiyyətlə müdafiə etmişdi. Həmin dissertasiya əsasında hazırlanmış “Yeni ərəb ədəbiyyatı korifeyləri” adlı monoqrafiyanın 1991-ci ildə “Elm” nəşriyyatında çap olunması Azərbaycan şərqşünaslığında əlamətdar bir hadisə kimi qarşılanmışdı. Kitab yaxın və uzaq ölkələrin şərqşünasları arasında böyük əks-səda doğurmuşdu. Onun haqqında çoxlu məqalələr və ürəkaçan rəylər çap olunmuşdu. Bu tədqiqatların böyük elmi əhəmiyyəti və orijinallığı həmişə xüsusi qeyd edilir.

Milli  şərqşünaslığımızda görkəmli tədqiqatçı olan Aida İmanquliyeva, eyni zamanda, yüksək elmi-təşkilatçılıq qabiliyyəti ilə seçilirdi. Bu  məharət özünü ərəb filologiyası şöbəsində müdir olduğu dövrdən göstərmişdi. Bütün bunların nəticəsində o, 1988-ci ildə coşğun və zəngin həyatının 35 ilini sərf etdiyi doğma Şərqşünaslıq İnstitutuna elmi işlər üzrə direktor müavini, 1991-ci ildə isə direktor təyin edilmişdi. Bu, Aida xanımın nadir istedadının və sanballı əməyinin etirafı olmaqla yanaşı, həm də uzun illər doğma institutun onu narahat edən problemlərini həll etmək üçün yeni imkanlar qazanması demək idi.

Aida xanım milli şərqşünaslıq elminə rəhbərlik etməyin ağırlığını və böyük məsuliyyətini bütün varlığı ilə dərk edirdi. Qarşıda ağır işlər dururdu. Adlı-sanlı bu elm məbədinin zəngin ənənələrini yaşatmaq və daha da inkişaf etdirmək lazım idi. İnstitutun yeni strukturu hazırlanmalı, elmi problemlər yenidən nəzərdən keçirilməli, genişləndirilməli idi. SSRİ- nin süqutu dövründə siyasiləşməyə başlamış bəzi əməkdaşlar elmə cəlb edilməli, attestasiya aparılmalı, kadr hazırlığına diqqət artırılmalı idi. İnstitut əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması barədə yuxarı təşkilatlar qarşısında məsələ qaldırılmalı, “beyin axını” kimi təhlükəli təmayülün qarşısı alınmalı idi və s.  Belə bir məsul və mürəkkəb şəraitdə Aida xanım məni kollektivə dəvət edib, Şərqşünaslıq İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsini təklif edəndə o, bir elm təşkilatçısı kimi institut qarşısında duran vəzifələrdən geniş söhbət açdı. Bu zaman mən onun necə böyük insan olduğunu, hansı nəcib amallarla yaşadığını bütün dərinliyi ilə bir daha anladım.

Tale elə gətirmişdi ki, Aida xanımın direktor vəzifəsində işə başlaması Azərbaycanın müstəqillik qazanması ilə bir vaxta düşmüşdü. Sevincinin həddi- hüdudu yox idi. Onun böyük ziyalı qəlbində nə qədər möhtəşəm planlar yaranmağa başlamışdı. İnstitutun fəaliyyətini genişləndirmək, onun problematikasını doğma Azərbaycanın mənafeyinə doğru istiqamətləndirmək, elmi yaradıcılıqda ideoloji məhdudiyyəti aradan qaldırmaq, layiqli hamilər tapıb institutun maddi-texniki bazasını möhkəmləndirmək, kollektivin mətbuat orqanını yaratmaq (onun arzusu “Şərq və Qərb” elmi-publisistik jurnalını təsis etmək idi), xarici əlaqələri genişləndirmək, bizim alimlərin xaricdə, əcnəbi alimlərin isə ölkəmizdə təcrübə keçməsini təşkil etmək və s.

Bu problemlərin həll edilməsi üçün onun, necə deyərlər, döymədiyi qapı qalmadı. Çox vaxt “daş qəlblilər” onu biganəliklə qarşılasa da, əzmkarlığından dönmür, fəallığını daha da artırırdı. Yadımdadır, institutun elmi işlərinin çapa hazırlanması üçün kompüterlər almaq qərarına gəldik. 1988-1989- cu illərdə bu, Azərbaycan üçün əlçatmaz iş idi. İnstitut büdcəsində də onun üçün vəsait nəzərdə tutulmamışdı. Buna baxmayaraq, bizə lazım olan kompüterləri Aida xanım Azərbaycan EA Fizika İnstitutunda işləyən həyat yoldaşı Arif Paşayevin şəxsi kanalları ilə əldə etdi və istifadəyə verdi. Bu, ictimai elmlər sahəsində ilk belə addım oldu və çap işlərimizə xeyli təkan verdi.

Aida xanımın instituta rəhbərliyi dövrdə Şərqşünaslıq İnstitutunun xariclə əlaqələrində canlanma yarandı. İran və Türkiyənin konsulluqları ilə elmi əlaqələrin genişləndirilməsi ilə yanaşı, institutun nəşriyyat bazasının yaradılması haqqında da danışıqlar aparılırdı.

1989-cu ildə SSRİ Xarici İşlər Nazirliyi Moskva şəhərində Asiya, Afrika və Latın Amerikası ölkələrinin problemlərinə həsr olunmuş konfrans keçirirdi. Müxtəlif ölkələrin bir sıra siyasi və dövlət xadimlərinin iştirak etdiyi həmin konfransda Azərbaycan nümayəndə heyətinin tərkibinə Aida xanımla mən də daxil edilmişdik. Konfransın proqramında, əsasən, siyasi və dövlət xadimlərinin çıxışları planlaşdırılmışdı. Buna baxmayaraq o, məclisdə söz almağa müvəffəq oldu. Aida xanım diskussiyalarda da fəal iştirak edir, Şərq və Qərbin mənəvi dəyərlərinin vəhdəti, inkişaf etməkdə olan ölkələrin aktual problemləri haqqında bir diplomat kimi məharətlə danışır, müzakirələrə qoşulurdu.

O günlərin ən ağrılı məsələsi olan Dağlıq Qarabağ problemi, ermənilərin həyasızlıqları haqqında da Aida xanım yüksək tribunadan çıxış etdi. Bundan əlavə, o, görüş və söhbətlərdə də həmin məsələlər haqqında müxtəlif ölkələrin nümayəndələrinə inandırıcı şəkildə məlumatlar verir, məsələnin əsl mahiyyətini ürək ağrısı ilə onlara çatdırırdı. O zaman Zori Balayanın həyasız çıxışlarına cavab vermək üçün Aida xanım erməni nümayəndələri, o cümlədən Zori Balayanı dəvət edib diskussiya təşkil olunmasını  təkidlə tələb etdi. O hər şeyi bədnam erməni ideoloqunun gözünün içinə deməyə hazırlaşırdı. Lakin, təəssüf ki,  Zori Balayan belə bir diskussiyanın təşkilindən hər vasitə ilə yayındı.

Azərbaycan – Ermənistan münaqişəsi, Sumqayıtda və Bakıda cərəyan edən qanlı hadisələr onun zərif və narahat qəlbinin dərinliklərinə sirayət edir, bu problemin faciəli dramatizmini bütün ağrıları ilə yaşayırdı. Dəfələrlə bu barədə kollektiv qarşısında ürək ağrısı ilə çıxışlar edir, SSRİ və Azərbaycan rəhbərliyinə institut adından etiraz müraciətləri göndərirdi. Bir vətənpərvər alim kimi onu dünya informasiya kanallarının Qarabağ hadisələrində qaraya ağ, ağa qara deməsi, təcavüzkarı qurban cildində qələmə verməsi çox narahat edirdi.

Aida xanımın tapşırığı ilə institutda “Erməni terrorizmi və cinayətləri: Azərbaycanda, Türkiyədə və dünyada. Hadisə və faktların xronikası” adlı kitab üzərində gərgin iş başlandı. Yüz il ərzində qəzet və arxiv materialları əsasında erməni terrorizmi və cinayətləri haqqında bütün dünyada faktlar toplanmağa başlandı. Dünyada və Türkiyədə bu hadisələr haqqında türk və ingilis dillərində kifayət qədər kitablar yazılmışdı. Azərbaycandakı hadisələr haqqında isə bu ilk addım idi. Kitab əvvəlcə ərəb dilində çap olundu və bir hissəsini  Həsən Əziz oğlu Həsənova təqdim etdik. O da bu nəşri rəsmi kanallarla bütün ərəb ölkələrinə yaydı. O vaxt beynəlxalq təşkilatlardan yalnız İslam Konfransı Təşkilatı Ermənistanı təcavüzkar ölkə kimi tanımışdı. Bu tarixi qərarın qəbul edilməsində, heç şübhə yoxdur ki, düzgün informasiyanın, o cümlədən bizim kitabın da rolu az olmamışdı.

Bu yerdə  M.F.Axundzadənin bir ifadəsi yada düşür: “Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırsın”. Bu sözlər elə bil ki, Aida xanım haqqında deyilmişdir.

Şərq və Qərb dəyərlərinin qovuşmasının canlı təcəssümü olan Aida xanımın elmi yaradıcılığının ana xəttini bu qütbün iki mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülünün araşdırılması təşkil edirdi. Qərb və Şərq mənəvi dəyərlərinin mahir bilicisi və tədqiqatçısı kimi Aida xanım bu nadir inciləri öz varlığında birləşdirən canlı daşıyıcı idi. Elə bil, Tanrı onu üçrəngli Azərbaycan bayrağının canlı simvolu kimi yaratmışdı. O, fəaliyyətində, davranışında, həyat tərzində bu müqəddəs elementlərə üzvi şəkildə bağlı idi. Qanlı sovet rejiminin məhdudiyyətlərinə baxmayaraq, bu dəyərlərin ən yüksəyini, ən yaxşılarını o, özündə birləşdirmişdi. Aida İmanquliyeva hər bir Azərbaycan xanımı üçün örnək ola bilən şəxsiyyət idi.

Şərq – Qərb problemləri onun yaradıcılığının əsas istiqamətini təşkil etdiyi kimi, həyat fəaliyyətinin də ana xətti idi. O, direktor kimi Şərqşünaslıq İnstitutunun elmi-tədqiqat planlarında dəqiqləşdirmələr apararaq, bu problemlərə daha ciddi fikir verirdi. İnstitutda bu sahədə diskussiyalar təşkil edir, kənardan mütəxəssislər cəlb edirdi.

Yuxarıda qeyd etdiyim kimi, Aida İmanquliyeva AMEA Şərqşünaslıq İnstitutunun xüsusi elmi- publisistik “Şərq – Qərb” jurnalını təsis etmək üçün hər vasitə ilə çalışırdı. Qarşıya qoyduğu ülvi məqsədlərə çatmaq üçün bütün imkanlardan, o cümlədən müstəqillik əldə edilməsi və siyasi quruluşun dəyişməsi ilə yaranan yeni şəraitdən maksimum istifadə etməyə cəhd göstərirdi. Məlum olduğu kimi, o dövrdə bürokratik dövlət əngəlləri yüksək səviyyədə idi, ciddi maliyyə çatışmazlıqları mövcud idi. Planlaşdırdığı işlərin dövlət xətti ilə tam həcmdə və sürətlə həyata keçməsinin mümkün olmadığını görən Aida xanım o zamanlar təhsildə və digər sahələrdə rüşeym kimi cücərməyə başlayan özəl təşəbbüsçülüyə böyük əhəmiyyət verirdi. Bununla özünün düşüncə tərzinin məhsulu olan önəmli layihələrin gerçəkləşməsinə çalışırdı.

Aida xanımda ağıl, istedad, müdriklik, qürur, təvazökarlıq, səmimiyyət, ana məhəbbəti, həyat eşqi, gözəllik – hamısı vəhdət təşkil edirdi. Bu, yalnız zahiri deyil, daxili zənginliyin, mənəvi gözəlliyin əsl nümunəsi idi. Ailəsi haqqında danışmağı xoşlamayan Aida xanım qızları və xüsusən, nəvələri haqqında böyük ana məhəbbəti ilə, ürək dolusu danışardı. Onların şəkilləri həmişə oturduğu masanın üstündə olardı. Bir dəfə nəvələrini göstərərək, fəxrlə dedi: Bizə qohum-əqrəbalarımız “yeddi gözəl” deyirlər (iki qız – Nərgiz və Mehriban, dörd qız nəvəsi – Aida, Ülviyyə, Leyla, Arzu və Aida xanımın özü ). Yerində deyilmiş bu ifadəyə yalnız bir şey əlavə etmək olar: “Yeddi gözəl”in ilham pərisi – sinəsi ana məhəbbəti ilə coşub-daşan şahanə Aida xanım idi.

Sakit təbiətli Aida xanım işdə həmsöhbətlərini diqqətlə dinlər, onların sevinc və kədərlərini bölüşər, həmkarlarının hər cür qayğısına qalmağa çalışardı.

Tərəzi bürcündə dünyaya göz açmış Aida xanımın həyat kredosu ədalət idi. Platonun bir məşhur ifadəsi var: “Ədaləti anlamaq, gözəlliyi duymaq, yaxşını arzu etmək – şüurlu həyatın mənası budur”. Aida xanımın amalı hər şeyi ədalətlə həll etmək, insanlara daha çox yaxşılıq etmək idi. Şərqşünaslıq İnstitutu kimi yüksək səviyyəli və mürəkkəb bir kollektivdə hər şeyi ədalətlə həll etmək asan iş deyildi. Bu xoşbəxtlik yalnız Aida xanıma müyəssər olmuşdu. Çünki o, böyük istedadı olan bir insan idi. O.Balzak dediyi kimi: “Əsl istedadda hər şey sadədir, açıqdır, safdır və hər cür şübhədən uzaqdır”.

Bu gün Aida xanımın qızlarından biri – Mehriban Əliyeva Azərbaycanın birinci xanımıdır və ölkəmizin qadın mentalitetini bütün dünyada ən yüksək səviyyədə təmsil edir. Onun bütün dünyada həyata keçirdiyi saysız- hesabsız xeyriyyəçilik tədbirləri ölkəmizin imicini yüksəklərə qaldırmışdır. O, UNESCO və İSESCO kimi beynəlxalq təşkilatların xoşməramlı səfiri missiyasını ən yüksək səviyyədə gerçəkləşdirir.

Bütün varlığı ilə xeyirxahlıq və gözəllik timsalı olan Aida İmanquliyevanın yarımçıq qalmış, bitib-tükənməyən arzularını həyatda övladları və nəvələri, elmdə isə onun şərqşünaslıq məktəbinin yetirmələri yüksək səviyyədə davam etdirirlər. Aida xanımın unudulmaz xatirəsi hər zaman könüllərdə, səmimi duyğularla və dərin ehtiramla canlanır.

 

Dünyamalı VƏLİYEV,

AMEA Şərqşünaslıq İnstitutu

Qərb – Şərq şöbəsinin müdiri,

iqtisad üzrə elmlər doktoru

 

Xalq qəzeti.- 2015.- 10 oktyabr.- S.3.