Miniatür kitabda bir dünya gülüş

 

Tanınmış satirik Xeyrəddin Qocanın “Yazıçı” nəşriyyatında yenicə işıq üzü görmüş “Xeyrəddin Qocanın gülüşüminiatür kitabı həcmcə ovuca yerləşsə də, içərisində bir dünya gülüş yer alıb. Yazıçı- dramaturqun irihəcmli satiralarının qəhrəmanları bizim günlərin “marallar”ıdırsa, bu əl boyda kitabın bir dünya gülüşünün baş obrazı isə sənətkarın özüdür.

 

Yaxşı deyiblər ki, özün ürəkdən gülməyi bacarmasan, başqalarını da güldürə bilməzsən. Düzdür, bir çox satiriklərin gülüşündən qəm dünyasının göz yaşları süzülüronlar ağlaya- ağlaya güldürüblər, güldürə- güldürə ağladıblar. Nəticə isə eynidir: sevincin göz yaşları  qədər də kədərin qəhqəhəsi qəlbimizə işıq- paklıq, ümid- toxtaqlıq gətirir. Bu baxımdan Xeyrəddin Qocanın irihəcmli ictimai- bədii gülüşü daha çox ağladıb- güldürürsə, kiçik həcmli şəxsi- sənədli gülüşü bizi gözlərimiz yaşaranadək güldürür, eynimizi açır, qəlbimizə rahatlıq, xoş ovqat gətirir. Yazıçının birinci gülüşü şərə- yamanlığa qarşı barışmaz  mövqedən qaynaqlanırsa, ikinci gülüşü həyatda rastlaşdığı gülməli, qəribə, baş- ayaq vəziyyətləri sahmanlı görmək istəyindən kükrəyir.

Xeyrəddin Qocanın öz satira- yumor yaradıcılığının məramı barədə yeni kitabda  iri planda təqdim etdiyi açıqlama mərkəzində onun özünün dayandığı gülüş epizodları silsiləsinin ümumi ruhunu da ifadə edir: “Mən gülüş dolu əsərləri ona görə yazmıram ki, yalnız oxuyub gülsünlər, yazıram ki, “marallarım”ın düşdüyü vəziyyəti görsünlər və düşünsünlər.”

Doğrudan da, yazıçının iri bədii əsərlərindəki xeyirxah   gülüş cəmiyyətin köklü bəlalarını hədəfə aldığı kimi, ətrafında baş verən epizodik anormallıqları yerindəcə cavablandıran komik miniatürlər də düşündürücü, islahedicidir. Görkəmli ədəbiyyatşünas, professor Pənah Xəlilov Xeyrədin Qocanın satirik- yumoristik yaradıcılığının bu səciyyəvi keyfiyyətini belə dəyərləndirib: “Mən Xeyrəddin Qocanın əsərlərini oxuyanda Əbdürrəhim bəy HaqverdiyevinMarallar” ı yadıma düşdü. Demək istəyirəm ki, Xeyrəddin Qocanın əsərlərində o kişinin ruhu yaşayır .Onun açdığı, qoyduğu cığırı indi Xeyrəddin Qoca öz əsərlərində yaşadır”.

Xeyrəddin Qocanın oxuculara miniatür gülüş sovqatına yumorlu parçaların forma və məzmunu ilə ahəngdar səslənən Y. Lents adlı yazarın aşağıdakı sözləri epiqraf seçilib: “Gəlin mümkün qədər qısa yazaq, onsuz da həyatda söz əlindən tərpənmək olmur”. Kitaba daxil edilmiş gülməcə, dodaqqaçdı, atmaca, ələsalma və s. sənədli- bədii kontekstlər gülüşün özü qədər çevik, bitkin və təsirlidir.

“Ürəkdən gülmək istəyirsənsə...” adlı ön sözdə ölkəmizdə ictimai satirası və bədii yumoru qədərincə dəyərləndirilən, xaricdə isə “Azərbaycanın Əziz Nesini( Camal Anadol), “Bakının Zoşşenkosu  ( İrfan Ülkü ) adlandırılan Xeyrəddin Qocanın gülüş dünyası kitaba daxil edilən miniatür silsiləsi ilə bağlı qısaca açıqlanır və bildirilir ki: “kitabda X. Qocanın deyimlərinin, bəlkə də, mində biri toplanmışdır.”Xeyrəddin Qocanın gülüşü" miniatur kitab şəklində çap etdik ki, onun səmimiyyəti sizinlə “yol yoldaşı” olsun, əhvalınızı hər yerdə yüksəldə bilsin”.

Kibaba daxil edilmiş 130-a qədər belə “sənədli- sübutlugülüş nümunəsinin hər birində yazıçının satirik- yumoristlərə məxsus ayıq- saıyıqlığı, hazırcavablığı, insanları güldürməklə haqq yoluna səmtləndirmək  şövqü sərgilənir. Bugülüş marafonu” ədibin acılı- şirinli ömür yolunun o başından yol alıb bu günümüzə qovuşur. Bu gülüş səhnəciyinin hər biri bitkin bir tamaşanın ideya- məram yükünü daşıyır. Məsələn:

“Xeyrəddin Qoca tələbə  vaxtı kirayənişin yaşayırdı. Qapı döyülür: Xeyrəddin Qoca burada yaşayır? – Xeyr! –Bəs, siz kimsiniz? – Xeyrəddin Qoca. – Deyirsiniz ki, burada yaşamırsınız? – Yəni bu yaşayışdı ki?”

Yazıçı yaşamağın normal ölçüləri və ehtiyac icərisində ömür sürməyin fərqini həyatda üzləşdiyi komik bir situasiyanın timsalında qısa, aydın, həm də yüksək bədii ümumiləşdirmə ilə ifadə etmişdir. Həyata belə miniarür yanaşmanın kökü xalq yaradıcılığının sadə və tutumlu axarındadır. Xeyrəddin Qocanın konkret vəziyyətdə “Yəni bu yaşayışdı ki?” dəyərləndirməsi illər əvvəl güzərandan gileylənəndə nənəmin söylədiyi “Bu, yaşamaq yox, ölməməkdi” qənaətini yada saldı.

Yazıçının insanlarda qıcıq yaradan görüntü və təzahürləri nişan alan  kinayə və atmacaları da gülüş doğurur, düz yoldan sapmaların “koordinat”ını cızır: “Kim ərindən boşanır çıxır ekrana, səhnəyə, olur müğənni. Ərinin acığına”.

Əl boyda kitabın bir dünya gülüsündə uğunub- yüngülləşdikdən, paklanıb- durulduqdan sonra Xeyrəddin Qoca gülüşünün milli ədəbi prosesdə yeri və çəkisi barədə akademik, millət vəkili  İsa Həbibbəylinin söyləmiş olduğu aşağıdakı qiyməti bir daha oxucuların yadına salırıq: “O, satirada qüdrətli yazıçı və vətəndaş, publisist Cəlil Məmmədquluzadənin rəhbərlik etdiyi  Molla Nəsrəddin” ədəbi məktəbinin yeni əsrdəki sadiq davamçısıdır... satirik nəsr və publisistika sahəsində mövcud olan boşluğu aradan qaldırmağa şərəflə xidmət edən ən aparıcı yazıçı-publisistdir.”

Əl boyda kitabın bir dünya gülüş əhvalı rəhmətlik Xalq şairi Qabilinonluğu vuran” qənaətini də xatırlatdı: “Xeyrəddin yazıçıdır, gözəl miniatürlər ustasıdır. Onun balaca bir hekayəsi bir romana bərabərdir. Balaca bir qeydi bir povestə bərabərdir. Mən Xeyrəddin Qocanın qələminə hörmət bəsləyirəm”. Əsrlərdir ki, Azərbaycan bədii lətifəsinin önündə gedən Molla Nəsrəddinin zaman- zaman yeni davamçıları ərsəyə gəlir, xalqı öz gülüşü ilə  haqq yoluna səsləyir, söyləmələri ilə xalqın qəlbində yuva qururlar. Elə buna görədir ki, bizim günlərin gülgüyazarı Xeyrəddin Qoca barədə ədəbi ictimaiyyətin rəyini mərhum  şair Ramiz Heydər belə ümumiləşdirmişdi:“ Vallah mənim gözümdə Nəsrəddin Xocadır o”.

Xeyrəddin Qocanın gülüşükitabı dünyamızın qəm- kədərini mollanəsrəddinsayağı gülüşlə qovan satirik yazıçı- publisistin artıq özünün də lətifələşmiş ömür yoluna bir pəncərə açır.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2015.- 11 oktyabr.- S.7.