Azərbaycanın sığorta-pensiya
sistemində islahatların yeni mərhələsi
-Azərbaycanın
sığorta-pensiya sistemi ölkə əhalisinin 45 faizdən
çox hissəsini əhatə edir;
-fərdi hesab
açılmış sığortaolunanların sayı cari
ilin 9 ayı ərzində 160 min nəfər artaraq 3 milyon 136
mini ötüb;
-pensiyaların
orta aylıq məbləği pensiyaçılar
üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir,
2003-cü ildə isə bu göstərici yoxsulluq həddindən
2 dəfə aşağı məbləğdə idi;
-cari ilin 9
ayında qeyri-büdcə sektorundan daxilolmalar üzrə
artım tendensiyası dövlət büdcəsindən fonda
ayrılan transfertin məbləğini ötən ilin
müvafiq dövrü ilə müqayisədə 27,5 milyon
manat azaldıb;
-fondun maliyyə
imkanları əhaliyə pensiya və müavinətlərin
ödənişinin hər ay qrafikdən əvvəl
reallaşdırılmasını təmin edib;
-"elektron
hökumət" portalının statistikasında Fondun
göstərdiyi elektron xidmətlər ən çox istifadə
olunan xidmətlər sırasındadır;
-fondun elektron xidmətlərindən
9 ayda
2 milyona yaxın
istifadə sayı qeydə alınıb ki, bu da ötən
ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə
çoxdur;
-cari ilin
yanvar-sentyabr aylarında vətəndaşlardan daxil olan
müraciətlərin sayı 27 faiz azalıb.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
uğurla reallaşdırdığı sürətli
inkişaf strategiyası nəticəsində dayanıqlı
makroiqtisadi sabitlik və davamlı iqtisadi artım təmin
olunub, ölkəmizdə əhalinin rifah halının
yüksəldilməsi və güclü sosial müdafiə
sisteminin qurulması sahəsində əsaslı uğurlar qazanılıb. Bir çox
ölkələrin iqtisadi böhran yaşadığı
hazırkı dönəmdə Azərbaycan iqtisadiyyatı
sabit addımlarla irəliləyir ki, bu da sosial proqramların
uğurla reallaşdırılmasına təminat verir. Bu kontekstdə Dövlət Sosial Müdafiə Fondunun
gəlir və xərclərinin icrası, sığorta-pensiya
sistemində beynəlxalq standartların tətbiqi və əmək
pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi
tədbirləri 2015-ci ilin yanvar-sentyabr aylarında da uğurla
davam etdirilib.
Ölkənin pensiya sistemi pensiyaçılar arasında
ədalətli bölgüyə nail olub
Azərbaycanın
iqtisadi həyatı ilə pensiyaçıların sosial
müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında
əlaqələndirilməsi siyasətinin uğurlu icrası
nəticəsində mövcud maliyyə imkanlarının
ölkə əhalisinin 13,5 faizini təşkil
edən pensiyaçılar arasında ədalətli
bölgüsünə nail olunub və onların yoxsulluq
problemi əsaslı şəkildə öz həllini
tapıb. 2015-ci ilin 9 ayının nəticələrinə
görə yaşa görə əmək pensiyalarının
orta aylıq məbləği 195,6 manatdır və ölkə
üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil
edir ki, bu da beynəlxalq standartlara uyğundur. Hazırda
pensiyaların orta aylıq məbləği
pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir. 2003-cü ildə isə bu göstərici yoxsulluq həddindən
2 dəfə aşağı məbləğlə ifadə
olunurdu. Ölkəmizdə iqtisadi həyatın
pensiyaçıların sosial müdafiəsi ilə
uzlaşdırılmasının davamlı inkişaf tələblərinə
cavab verən çevik modeli fəaliyyət göstərir ki,
bu əsasda formalaşan DSMF-nin büdcəsi makroiqtisadi
sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində
əldə olunan potensialın əhəmiyyətli hissəsinin
pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi
mexanizmini ifadə edir. 2015-ci ilin yanvar-sentyabr aylarında
fondun gəlirləri
ötən ilin müvafiq dövrünə nisbətən
31,5 milyon manat artaraq 2185,2 milyon manata yüksəlib. Məcburi
dövlət sosial sığorta haqları üzrə
daxilolmalar 1304,7 milyon manat təşkil edib
ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə
5,0 faiz və ya 62,0 milyon manat çoxdur. Pensiyaların və
fərdi hesablara toplanan sosial sığorta kapitallarının
inflyasiya nəzərə alınmaqla hər il
indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən
səmərəli şəkildə qorunmasını təmin
edir. Bu tədbir 2015-ci ildə də davam etdirilib və Azərbaycan
Prezidentinin müvafiq sərəncamına əsasən, cari
ilin yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub.
Dövlət büdcəsi
transfertinin xüsusi çəkisi azalıb
2015-ci
ilin 9 ayında sosial sığorta haqlarının 65,0 faizi və ya 847,9 milyon manatı qeyri-büdcə
sektorundan daxil olub ki, bu da əvvəlki ilin müvafiq
dövrünə nisbətən 5,4 faiz və ya 43,4 milyon manat
artıqdır. Qeyri-büdcə daxilolmalarının
artımı Azərbaycan Respublikası Prezidentinin həyata
keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində
ölkədəki orta aylıq əməkhaqqının
artımı, daimi yeni iş yerlərinin yaradılması və
əməkhaqlarının leqallaşdırılması dərəcəsinin
yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir.
Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən
DSMF-yə ayrılan transfertin ötən ilin müvafiq
dövrü ilə müqayisədə 27,5
milyon manat azalmasına səbəb olub. Büdcədən
maliyyələşən təşkilatlardan daxil olmuş
sosial sığorta haqqının məbləği 456,7 milyon manat təşkil edib. Dövlət
büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu
məbləğdə, yəni 876,1 milyon
manat həcmində fondun hesabına daxil olub. Fondun sair gəlirlər
(sanatoriya-kurort yollayışlarının qismən dəyərinin
ödənilməsi və s.) üzrə daxilolmaları 4,5 milyon manat təşkil edib.
Sosial sığorta sistemində
iştirakçıların aktivliyi artır
Cari ilin
yanvar-sentyabr aylarında sığortaolunanların fərdi
uçot sisteminin qurulması tədbirləri davam etdirilib və
1 oktyabr 2015-ci il tarixə sosial
sığorta nömrəsi verilmiş və fərdi hesab
açılmış sığortaolunanların sayı 3
milyon 136 min nəfəri ötüb. Fərdi uçot
sistemində qeydiyyata alınan sığortaolunanların
sayı ilin əvvəlinə nisbətən 160,1
min nəfər artıb ki, bu da ölkədəki iqtisadi
inkişafa uyğun olaraq daimi yeni iş yerlərinin
yaradılmasının, habelə sosial sığorta sistemində
təbliğat işlərinin gücləndirilməsi və
iştirakçıların aktivliyinin
artırılmasının göstəricisidir. Eyni
zamanda, sığortaedənlərdən məcburi dövlət
sosial sığorta haqları üzrə sığortaolunanlar
haqqında məlumatların qəbulu prosesi aparılıb,
fondun internet saytında fərdi şəxsi hesablarda əks
olunan məcburi dövlət sosial sığorta
haqlarının məbləği barədə
sığortaolunanların məlumatlandırılması xidməti
fəaliyyətini davam etdirib.
Doqquz
ayın daxilolmaları səviyyəsinə görə pensiya
və müavinətlər qrafikdən əvvəl ödənilmişdir
DSMF tərəfindən
əhaliyə ödənişlərin məbləği
ötən 9 ay ərzində 2152,9 milyon
manat təşkil edib. Bu ödənişlərin 97,5 faizi və yaxud 2098,2 milyon manatı əmək
pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə
yönəldilib. Məcburi dövlət sosial sığorta
haqları hesabına ödənilən müavinətlər
isə 54,7 milyon manat təşkil etməklə
əhaliyə ödənişlərin 2,5 faizi həcmində
olub. Əldə edilmiş maliyyə imkanları
nəticəsində pensiya və müavinətlərin ödənişi
hər ay qrafikdən əvvəl reallaşdırılıb.
2016-cı ilin büdcə layihəsi
pensiyaçıların
sosial müdafiəsini daha da gücləndirəcək
Dövlət
Sosial Müdafiə Fondunun 2016-cı il üçün
proqnozlaşdırılan 3 milyard 78,6 milyon manat gəlirinin
64,3 faizini sosial sığorta daxilolmaları və digər gəlirlər
təşkil edəcək, dövlət büdcəsi
transfertinin xüsusi çəkisi isə 35,7 faiz olacaqdır.
2016-cı ildə dövlət büdcəsindən fonda
transfertin məbləği cari ildə olduğu kimi 1,1 milyard manat təşkil edəcək və gələn
il üçün xərclər üzrə nəzərdə
tutulan artım toplanan sosial sığorta haqları hesabına
qarşılanacaqdır. Bu göstəricilər
çətin proqnozlaşdırılan qlobal iqtisadi proseslər
fonunda ölkəmizdə təmin olunan dayanıqlı
inkişafın və əhalinin gəlirlərinin artım
dinamikasının əyani təzahürü kimi sosial
sığorta haqları üzrə proqnozlarda öz əksini
tapır. Fondun 2016-cı il üçün büdcəsi
layihəsində xərclərin 3 milyard 11,2 milyon
manatının əhaliyə ödənişlərə, 20,0
milyon manatının pensiya və müavinətlərin əhaliyə
çatdırılması və bank əməliyyatlarının
aparılması üzrə xidmət haqlarına, 19,1 milyon
manatının sığortaolunanların sanatoriya-kurort
müalicəsi və sağlamlaşdırma tədbirlərinin
həyata keçirilməsi üzrə AHİK vasitəsilə
maliyyələşdirilən xərclərə, 27,0 milyon
manatının fondun aparatının və onun yerli
orqanlarının saxlanılmasına, 40 min manatının
beynəlxalq təşkilatlara üzvlük haqlarına, 1,3
milyon manatının Azərbaycan Respublikası Hökuməti
ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında
2004-cü il sentyabrın 23-də imzalanmış və Azərbaycan
Prezidenti İlham Əliyevin 2004-cü il 11 noyabr tarixli 518
nömrəli sərəncamı ilə təsdiq edilmiş
“İnkişaf üçün Kredit Sazişi”nə əsasən
“Pensiya və sosial təminat” layihəsi üzrə kreditin
qaytarılmasına yönəldilməsi nəzərdə
tutulub. Əhaliyə ödənişlərin 97,1
faizini və ya 2 milyard 923,6 milyon manatını əmək
pensiyalarının ödənilməsi üzrə xərclər,
2,9 faizini və ya 87,6 milyon manatını isə müavinət
xərcləri təşkil edəcəkdir. Elektron xidmətlərdən
istifadə sayı 2,2 dəfə
artmışdır.
Dövlət
Sosial Müdafiə Fondu tərəfindən vətəndaşlara
və təşkilatlara göstərilən xidmətlərin
keyfiyyətinin yaxşılaşdırılması və bu
xidmətlərin təqdim edilmə müddətinin
azaldılması məqsədilə informasiya-kommunikasiya
texnologiyalarının geniş tətbiqi nəticəsində
bütün mövcud proseslərin, yəni həm məcburi
dövlət sosial sığorta haqlarının toplanması
və fərdi uçotunun qurulması, həm pensiyaların məbləğinin
hesablanması, həm də pensiyaların ödənişinin
avtomatlaşdırılması daha da inkişaf etdirilib.
Hazırda Azərbaycanın sığorta-pensiya sistemi ölkə
əhalisinin 45 faizdən çox hissəsini əhatə edir
və fondun məlumat bazasında 1 milyon 293 min
pensiyaçı, 3 milyon 136 min sığortaolunan barədə
müvafiq məlumatlar toplanıb. Cari il ərzində
fond tərəfindən əhaliyə göstərilən elektron
xidmətlərin keyfiyyətinin artırılması və əhatə
dairəsinin genişləndirilməsi sahəsində
ardıcıl tədbirlər davam etdirilib. 2015-ci
ilin 9 ayı ərzində fondun 3 yeni elektron xidməti aktivləşdirilərək
“Elektron hökumət” portalına inteqrasiya edilib. DSMF tərəfindən
əhaliyə göstərilən xidmətlərin innovativ
yeniliklər və müasir texnologiyalar əsasında səmərəli
təşkili və təkmilləşdirilməsi işinin
uğurla davam etdirilməsi nəticəsində “Elektron
hökumət” portalının statistikasına əsasən
DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox
istifadə olunan xidmətlər sırasında ilk yerləri
tutur. 2015-ci ilin yanvar-sentyabr aylarında fondun öz saytı,
“Elektron hökümət portalı” və “Elektron ödəniş
portalı” vasitəsilə əhaliyə təqdim etdiyi
elektron xidmətlərdən ümumilikdə 2 milyona yaxın
istifadə sayı qeydə alınıb ki, bu da 2014-cü ilin
müvafiq dövrünə nisbətən 2,2 dəfə
çoxdur. Dünya Bankının “Doing Business
2015" hesabatına əsasən, Azərbaycan məcburi
dövlət sosial sığorta haqlarının ödənişi
və hesabat sisteminin avtomatlaşdırılması nəticəsində
32 pillə irəliləyib. Bu,
ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə ən
yüksək göstəricidir.
2015-ci ildə
pensiya təyinatının avtomatlaşdırılmış
qaydada vahid mərkəzdən “Mərkəzi
Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat
xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə ”ASAN xidmət" mərkəzlərində
əmək pensiyalarının təyinatı xidmətinin təşkili
işi daha da genişləndirilib. Hesabat ili
ərzində pensiyaların plastik kartlarla ödənişinin
kənd yerlərində yaşayan pensiyaçıları əhatə
etməsi tədbirləri davam etdirilib. Hazırda
pensiyaçıların 100 faizinin pensiyasının plastik
kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə
881, o cümlədən kənd və qəsəbələrdə
210 bankomatın istifadəsi təmin olunub.
Fonda vətəndaş
müraciətlərinin sayı azalıb
Dövlət Sosial Müdafiə Fondunda vətəndaşlarla
işin səmərəliliyinin daha da artırılması, fəaliyyətinin
avtomatlaşdırılması və maarifləndirmə tədbirlərinin
əhatə dairəsinin genişləndirilməsi nəticəsində
2015-ci ilin 9 ayı ərzində DSMF Aparatına vətəndaşlardan
daxil olan müraciətlərin sayı əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 27 faiz
azalıb. DSMF müasir informasiya texnologiyalarından istifadə
etməklə interaktiv və informativ elektron xidmətlər
vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya
sisteminə aid bütün məsələlərə
aydınlıq gətirir. Bu sahədəki
fəaliyyətin gücləndirilməsi məqsədilə
2015-ci ilin 9 ayı ərzində çoxsaylı mərkəzi
və regional təqdimatlar təşkil olunub. Bununla
yanaşı, “Fərdi uçot əsaslı sosial
sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır”
mövzusunda KİV arasında müsabiqə keçirilib. Həmçinin elektron xidmətlər mövzusunda
xüsusi reklam çarxı hazırlanaraq televiziya
kanallarında yayımlanıb. Kiçik
ödəniş edən, mühasibatlığı
avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri,
fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul
olan şəxslərin hesabatlarının elektron formada qəbulunu
təmin etmək məqsədilə fondun bütün yerli
orqanlarında yardım masaları fəaliyyət göstərir.
Vətəndaşların müraciətlərinə
elektron qaydada baxılması üç istiqamət üzrə–
fondun saytında yerləşdirilmiş sual-cavab bölməsi,
vətəndaşlar tərəfindən fondun saytında
birbaşa ünvanlanan məktub və 190 nömrəli
Çağrı Mərkəzi vasitəsilə həyata
keçirilir. Son təkmilləşdirilmə tədbirləri
nəticəsində fondun Çağrı Mərkəzinin fəaliyyəti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 25
fevral tarixli 50 nömrəli Qərarı ilə təsdiq
edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin
fəaliyyətinin təşkili Qaydaları”nın tələblərinə
uyğunlaşdırılıb və Çağrı Mərkəzi
aprel ayından xüsusi avadanlıqla və
avtomatlaşdırılmış sistemlə təchiz
olunmuş müasir əsaslı yeni xidmət zalında fəaliyyət
göstərir. Çoxkanallı
avadanlıqlarla təchiz olunmuş Çağrı Mərkəzi
ilə ölkə ərazisində bütün sabit və
mobil telekommunikasiya şəbəkələrindən
birbaşa əlaqə saxlamaq mümkündür. Mərkəz universal telefon məlumat xidmətinə
inteqrasiya olunub və hazırda bu məlumat xidməti üzərindən
zəng vuran sahibkarlara məcburi dövlət sosial
sığortası və elektron xidmət bölmələri
üzrə telefon məlumat xidməti göstərilməsi həyata
keçirilir.
İslahatlar Beynəlxalq Sosial Təminat
Assosiasiyasının diqqət mərkəzindədir
DSMF-nin uğurlu fəaliyyət sahələrindən
biri də beynəlxalq əməkdaşlıqdır. Bu istiqamətdə
Beynəlxalq Sosial Təminat Assosiasiyası ilə əməkdaşlıq
əsas prioritetlərdəndir. Qeyd edək ki, Azərbaycanın
sığorta-pensiya modelinin nüfuzlu beynəlxalq təşkilatlar
və maliyyə institutları tərəfindən yüksək
qiymətləndirilməsinin nəticəsi kimi, 2004-cü ildə
ölkəmiz BSTA-nın büro üzvü seçilib,
2007-ci ildən Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin üzvüdür və 2013-cü ildə təkrarən
Rəhbər Komitəyə üzv seçilib. 2011-ci
ilin iyun ayında Bakı şəhərində BSTA-nın
Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi
açılıb. Azərbaycan Assosiasiya
çərçivəsində yüksək səviyyəli
qərarların qəbul edilməsində xüsusi rola
malikdir. Ölkəmiz BSTA-nın bir cox beynəlxalq tədbirlərinə
ev sahibliyi edib. Fond BSTA-nın üzv təşkilatların
bir araya gətirilməsi, sosial müdafiə sahəsində
müasir prinsip və mexanizmlərin, texnologiyaların tətbiqi,
biliklərin və ən yaxşı təcrübələrin
yayılmasında mühüm rol oynayan müxtəlif tədbirlərində
fəal təmsil olunur, pensiya təminatı üzrə beynəlxalq
tendensiyalar və meydana çıxan aktual məsələlərə
dair müzakirələrdə iştirak edir,
könüllü sosial sığortalama və pensiya sistemində
aktuar tədqiqatların aparılması və digər məsələlərlə
bağlı dünya ölkələrinin təcrübəsini
öyrənir.
Dövlət qulluğuna müsabiqə
yolu ilə qəbul davam edir
Ölkəmizdə dövlət
qulluqçularının ən çox
çalışdığı orqanlardan biri də Dövlət
Sosial Müdafiə Fondudur və onların arasında gənclər
üstünlük təşkil edir. Fond dövlət
qulluğu üçün kadrların müsabiqə və
müsahibə əsasında seçilməsi sahəsində
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət
Qulluğu Məsələləri üzrə Komissiya ilə əməkdaşlıq
edir. Təkcə cari ilin may ayı ərzində vakant
yerlər üzrə müsabiqənin test və müsahibə
mərhələlərində uğur qazanan 68 gənc
aidiyyatı vəzifələrə təyin olunub. Fond gənc dövlət qulluqçularına
dövlət idarəçilik təcrübəsinin öyrədilməsi
və onların peşəkarlıq səviyyəsinin
artırılması sahəsində ardıcıl işlər
həyata keçirir. Fond üzrə
mövcud vakant dövlət qulluğu vəzifələrinin
tutulması üçün növbəti müsabiqə cari
ilin avqust ayında elan edilib. Hazırda
davam edən müsabiqə çərçivəsində
193 yer üçün 687 nəfər ərizə ilə
müraciət edib.
Mövcud pensiya sisteminə aktuar
modellərin tətbiqi əsas strateji hədəfdir
Ölkəmizdə vahid prinsiplər əsasında fəaliyyət
göstərən və bütün işləyən əhalini
əhatə edən, pensiyaların məbləğinin sistemə
ödənilmiş sosial sığorta haqlarına
bağlı olduğu, müasir çağırışlara
çevik reaksiya verən sığorta-pensiya sisteminin
inkişafı nəticəsində beynəlxalq təcrübədə
pensiya sistemləri qarşısında qoyulan mühüm vəzifələrin
həllinə nail olunub. Bütün bunlarla yanaşı, Azərbaycanda
uzunmüddətli dövr üçün
pensiyaçıların etibarlı sosial müdafiəsinə
nail olmaq məqsədilə milli pensiya sisteminin
inkişafında beynəlxalq tendensiyaların nəzərə
alınması və pensiya təminatının daim yenilənən
müasir tələblərə
uyğunlaşdırılması zəruridir. Qlobal
çağırışların pensiya sistemləri qarşısına
qoyduğu mühüm vəzifələr, eləcə də
beynəlxalq təcrübədə iqtisadi inkişaf səviyyəsinə
görə ayrı-ayrı ölkələrin pensiya sistemləri
üzrə daha yüksək sosial hədəflərin həmin
inkişafın yaratdığı bütün imkanlar cəlb
olunmaqla əldə edildiyi nəzərə alınarsa, Azərbaycanda
növbəti mərhələdə pensiya
islahatlarının başlıca hədəfləri kimi,
birinci, şərti yığıma əsaslanan
bölüşdürücü-həmrəylik sistemində
uzunmüddətli dövr üçün maliyyə
dayanıqlığına və sosial sığorta prinsiplərinin
tam təşəkkül tapmasına nail olunması, ikinci, vətəndaşlara
əlavə pensiya təminatı imkanı verən mexanizmlərin
formalaşdırılması gündəmə gəlir. Bu sahədə
mühüm vəzifələrin icrasını hədəfləyən
və növbəti mərhələdə pensiya
islahatının prioritet istiqamətlərini müəyyən
edən “2014-2020-ci illərdə Azərbaycan Respublikasında
pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda nəzərdə
tutulmuş islahatların əsas məqsədini
yaranmış yeni sosial-iqtisadi şəraitə uyğun
olaraq pensiya təminatı sisteminin uzunmüddətli dövr
üzrə maliyyə dayanıqlığına nail olunması,
pensiya təminatının vətəndaşların sosial
müdafiəsini və layiqli həyat səviyyəsini təmin
etməsi təşkil edir. Bunlara nail olmaq üçün
pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi
və təyin olunan pensiya məbləğinin ödənilən
sığorta haqqına mütənasibliyinin təmin edilməsi,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişafı
üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin
formalaşdırılması ilə yanaşı, əlavə
pensiya təminatı imkanlarının yaradılması məqsədilə
könüllü sosial sığortanın tətbiqi də
islahatın əsas vəzifələri kimi
çıxış edir.
Aktuar tədqiqatlara əsaslanan proqnozlaşdırma ilə
bağlı müəyyən edilmiş vəzifənin
icrası məqsədilə fond tərəfindən müxtəlif
strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata
keçirilib və ölkədə mövcud pensiya sisteminə
uyğunlaşacaq aktuar modellərin müəyyənləşdirilməsi
və tətbiqi ortamüddətli perspektivdə fondun əsas
strateji hədəfi kimi qəbul edilib. Ötən
dövrdə DSMF və Dünya Bankı arasında bu məsələ
ilə bağlı geniş əməkdaşlıq edilib,
qurumun mütəxəssisləri tərəfindən PROST
modeli vasitəsilə müxtəlif pensiya sxemləri
seçimlərinin simulyasiyaları əsasında ölkəmizin
pensiya sisteminin mümkün inkişaf istiqamətlərinin
proqnozlaşdırılması aparılıb. Ölkəmizin pensiya təminatı sisteminin gələcək
inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərin
reallaşdırılması baxımından zəruri islahat tədbirləri
sırasında mühüm əhəmiyyəti ön plana
çəkilən üç başlıca istiqamət
bunlardır.
Birincisi, pensiya təminatında sığorta prinsiplərinin
gücləndirilməsini nəzərdə tutur və toplanan
pensiya öhdəlikləri ilə yığılan maliyyə
vəsaitlərinin balanslaşdırılmış
tarazlığının təmin edilməsi, sistem
iştirakçılarına münasibətdə ödənilən
sosial sığorta haqlarının onun alacağı pensiya məbləğinə
mütənasib olmasının gözlənilməsini təmin
edən islahat tədbirləri ilə bağlıdır. Hazırda
ödənilən cəmi sığorta haqqının
yarısının fərdi hesablarda qeydiyyata alınması bu
islahat tədbirini yüksək əməkhaqqından sosial
sığorta haqları ödəyən şəxslərə
münasibətdə daha aktual edir. Qeyd edilən
halların aradan qaldırılması məqsədilə
pensiya kapitalının formalaşmasında ödənilən
sosial sığorta haqlarının tam məbləğdə
nəzərə alınması kimi məsələlərə
baxılması tövsiyə olunur ki, bu sosial sığorta
ödəyicilərinə daha yüksək məbləğdə
pensiya təyin olunmasına təminat verir.
İslahatların ikinci vacib istiqaməti dövlətin
öhdəlikləri ilə pensiya sisteminin öhdəliklərinin
maliyyə mənbələrinin fərqləndirilməsini əhatə
edir. Belə ki, hazırda pensiya sistemində bir sıra
ödənişlərin məcburi dövlət sosial
sığorta haqları ilə bağlı olmaması pensiya
sisteminin əlavə maliyyə öhdəliklərinin
yaranmasına səbəb olub. Pensiya sistemi üzərində
sığorta prinsiplərinə əsaslanmayan qeyd olunan dövlət
öhdəliklərinin maliyyələşdirilməsinə hər
il büdcə transfertlərindən əlavə olaraq sosial sığorta vəsaitləri
də yönəldilir. Göstərilənlə əlaqədar,
sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf
dövrü üçün maliyyə
dayanıqlığının daha da möhkəmləndirilməsi
və bu sahədə səmərəliliyin artırılması məqsədilə
bölüşdürücü funksiya daşıyan şərti
yığım sistemi çərçivəsində
dövlətin öhdəlikləri ilə
sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi
zərurətə çevrilib. Bu tədbirin
reallaşdırılması ilə sığorta-pensiya
sisteminin əlavə sərbəst vəsaitlərə malik
olması və bunun pensiyaçıların sosial müdafiəsinin
gücləndirilməsinə yönəldilməsi hədəflənir.
Könüllü sosial sığortanın tətbiqi əsasında məcburi dövlət sosial sığortasından əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması islahatların üçüncü vacib istiqamətini təşkil edir. Qeyd edilən islahat tədbiri əmək pensiyalarının könüllü yığım komponentinin fəallaşdırılması və qeyri-dövlət pensiya institutlarının inkişaf etdirilməsini, bununla da vətəndaşların pensiya təminatının gücləndirilməsinə əlavə imkanların yaradılmasını nəzərdə tutur. Könüllü sosial sığortanın tətbiqi mürəkkəb mərhələ olmaqla, ölkədə investisiya mühitindən, maliyyə və qiymətli kağızlar bazarının inkişafından və sığorta-pensiya sistemindən kənar digər amillərdən asılıdır və beynəlxalq təcrübə öyrənilməklə konseptual araşdırmaların aparılmasını zəruri etmişdir. Bu sahədə qəbul ediləcək qanunvericilikdə könüllü sosial sığorta haqlarının toplanması mexanizmləri, vəsaitlərin dövriyyəsindən əldə edilən gəlirlərin fərdi uçotunun aparılması, idarəedici şirkətlərə olan tələblər, investisiya qaydaları, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, bu institutlarda öhdəliklərin yerinə yetirilməsi üçün adekvat və səmərəli təminat mexanizmlərinin formalaşdırılması və effektiv idarəetmə sisteminin tətbiqi, qeyri-dövlət pensiyalarının təyinatı, ödənilməsi, bu sahədə dövlət tənzimlənməsi və nəzarətinin əsas istiqamətləri və digər məsələlər öz əksini tapmalıdır. Bundan əlavə, könüllü sığortalanmanın stimullaşdırılması üçün bir sıra əlavə mexanizmlər tətbiq edilməlidir. Dövlət Sosial Müdafiə Fondunda reallaşdırılan layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən ölkəmizdə könüllü sosial sığortalanmanın tətbiqi sahəsində mütərəqqi dünya təcrübəsi əsasında hazırlanan normativ hüquqi bazanın yaxın vaxtlarda ictimaiyyətin müzakirəsinə təqdim olunması nəzərdə tutulub.
“2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”ndan irəli gələn vəzifələrin icrası məqsədilə DSMF-də xüsusi əlaqələndirmə komissiyası fəaliyyət göstərir və pensiya islahatları çərçivəsində zəruri tədbirlərin icrası fəaliyyət planına uyğun həyata keçirilməkdədir.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2015.- 13 oktyabr.- S.6.