Bu da
bir ömür idi...
Azərbaycanın Xalq artisti Nuriyyə
Əhmədovanın 65 illik yubileyi ilə bağlı yazmaq istəyirdim. Təəssüf
ki, bənzərsiz yaradıcılıq
üslubu olan bu aktrisa haqqında yazıını
tamamlamağa ölüm imkan vermədi.
Nuiriyyə xanım ömrünün son illərini,
demək olar ki, əzablar içərisində keçirdi. Tale ona iki
övlad dağı çəkdirdi,
ailəsi dağıldı.
Xəstə canı ilə sənətdən
ayrılmaq, ölümü
yaxına buraxmaq istəmirdi. Amma oktyabrın 10-u günü o, sevdiyi dünya ilə, sənəti ilə vidalaşdı.
Onsuz da ətrafında heç
kim qalmamışdı...
Təbiətən çox nikbin insan idi Nuriyyə xanım. Onu yaxından tanıyanlar deyirdi ki, bir
problemlə üzləşəndə
yanına qaçardıq,
təsəlli alardıq.
Bilirsiniz, o anlarda adam necə dinclik tapardı. Ağıllı məsləhətləri,
gülümsər sifəti
adama xüsusi rahatlıq verərdi.
Nuriyyə xanım həm də cürətli sənətçi idi. “Sahilsiz gecə” filminə rejissor Şahmar Ələkbərov aktrisa axtaranda çoxları buradakı Roza rolunu oynamağa cürət etməmişdi. Amma Nuriyyə xanım bu
rola çəkildi. O bu
filmə necə
çəkilməsi barədə
deyirdi: “Şahmar Ələkbərovun “Sahilsiz
gecə” filmi, sanki, sənətimin təməlini qoydu. “Mozalan”dan sonra aktyorlar, rejissorlar məni tanıdısa, o filmlə
sənətkarlığım üzə çıxdı.
Rejissorlar nəyə qadir
olduğumu bildilər.
Mən çox qapalı aktrisa idim. Çərçivədən çıxmırdım. Müəyyən yaş həddindən
sonra fikirləşdim
ki, axı niyə də utanmalıyam. Bu, mənim sənətimdir.
Orda pozğun, əxlaqsız erməni qadın olan Roza obrazını
yaratmışdım. İlk dəfə məhz o obrazın dili ilə Azərbaycan kinosuna açıq-saçıq
söyüşlər gəldi.
Xəcalət çəkirdim o sözləri işlədəndə.
Çəkiliş zamanı Şahmar
pavilyondan çıxırdı.
Bilirdi ki, utanıram”.
Onun
rollarının hamısında bir özünəməxsusluq
var. Hansı obrazı
ifa edibsə, onu sevərək yaradıb. Rasim Ocaqov Nuriyyə
xanıma “Həm
ziyarət, həm ticarət” filmində Nuriyyə rolunu vermişdi. Bu, onun kino yaradıcılığında
ən böyük rolu idi. Nuriyyə xanım deyirdi ki,
mən Bakıda
doğulsam da, əslən Şəkiliyəm. Bu rolda mən özümü tapdım.
Nuriyyə elə
onun kimi sadə, səmimi bir qadın obrazıdır.
Ona həvalə olunan rolların
əksəriyyəti epizodik obrazlardır. Amma o, heç vaxt bundan şikayətlənməzdi.
Zarafatla deyərdi ki, kiçik açarla böyük
qapılar açmaq olur. Doğrudan da, bu kiçik
rolları ilə o, böyük tamaşaçı
kütləsinin qəlbinə
yol tapa bilirdi. Məsələn, elə
“Bəxt üzüyü” filmində
adi bir falçı
qadın rolunda çəkilib.
Kiçik roldur. Amma böyük
həqiqətlər daşıyıcısıdır.
Müsahibələrinin birində Nuriyyə xanım kinoya gəlişini belə şərh edib: “Mənim kinoya gəlişim 1982-ci ildə “Mozalan”la başlayıb. O redaksiyaya
həmişə borcluyam.
Çünki bütün rejissorlar
məni oradan tanımağa başladı.
Mən heç vaxt kiçik roldan qaçan olmamışam.
Bəzən mənə deyirlər,
“siz daha çox kiçik epizodlara çəkilirsiniz,
bundan nə zövq alırsınız?”
Kinonun qaydası budur. Məncə,
bunun dəxli yoxdur. Sözünü deyən aktrisa
epizodla da deyə biləcək.
Bu, Allahın vergisi adlandırdığımız
istedaddan asılıdır.
Əgər sən tamaşaçını
özünə cəlb
etməyi bacarırsansa,
demək o işin öhdəsindən gələ
bilirsən. Mən bəziləri
kimi demirəm ki, artıq sözümü demişəm.
Xeyr, insan heç vaxt ömrünün axırına
kimi sözünü deyib qurtarmır.
O sözü deyən
sənətkara mən
sənətkar demirəm.
Bu, düzgün anlayış deyil. İnsan ömrünün
axırına kimi öz sözünü tam demədən
bu həyatdan gedir. Ümumiyyətlə, mənəm-mənəmlik düzgün deyil. Bu həyatı sənə
Allah verir ki, yaşayasan".
Bəli, Nuriyyə xanım heç kimsədən təmənna güdmədən ömrünü başa vurdu. Həyatının son illəri ağrılı keçsə də, buna da qeyrətlə dözürdü. Yaxşı ki, sənət dostları ona həyan olurdu. Kinorejissor Vaqif Mustafayevdən çox razılıq edirdi. Deyirdi ki, çətin anlarımda mənə arxa durdu, son filmlərinin, demək olar ki, hamısında məni çəkdi. Rejissor “Yaramaz”, “Fransız”, “Hər şey yaxşılığa doğru”, “Yoxlama”, “Milli bomba” və digər filmlərdə ona müxtəlif səpkili rollar həvalə etmişdi.
Nuriyyə xanım ilk əmək fəaliyyətinə Musiqili Teatrda başlasa da, yaradıcılığı kinostudiya ilə bağlı olub. Kinoda 80-dən çox rol oynayıb. Bu rolların hamısında aktrisanın ruhu yaşayır. Onlar kino tariximizin Nuriyyə Əhmədovanın adı ilə bağlı yaddaqalan, ölməz yadigarlarıdır.
Arzuladığı rollar çox idi. Tale onunla amansız davrandı, kədərli hadisələrlə üzləşdirdi. Əbədi qalan isə təkcə xalqın bu istedadlı sənətkara böyük sevgisi oldu.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 17
oktyabr.- S.7.