Heydər Əliyev müstəqil Azərbaycan

dövlətinin memarı və qurucusudur

 

– Respublikamızın gələcəkdə tam suverenliyinə, onun müstəqilliyinə inamınız varmı? Bu mübarizədə xalqa məsləhətiniz.

– Mütləq. Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümüd bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır. Heç kəs ona belə bir azadlığı verməyəcəkdir.

 

 “Heydər Əliyevlə müsahibə”,

Dönüş” qəzeti 28 avqust 1990-cı il

 

24 il əvvəl SSRİ- də hakim kommunist sisteminin süqutunun, qırmızı imperiyanın parçalanmasının xalqımız üçün önəmli nəticəsi 71 ildən sonra milli dövlətçiliyimizin bərpası, yenidən suverenlik qazanılması oldu. Bu gün həmin tarixi dönüş məqamına diqqət yetirəndə aydın görünən həqiqət budur ki, sovet dövrünün son iki onilliyində Heydər Əliyevin milli dirçəliş və sivil inkişaf sahəsində həyata keçirdiyi  əsaslı tədbirlər Azərbaycanı xeyli dərəcədə yaxınlaşmaqda olan suverenliyə hazırlamışdır. Ulu öndər sovet imperyasının bir gün dağılacağına möhkəm inanmış və xalqımızın buna lazımi hazırlığının zəruriliyini qabaqcadan nəzərə almışdır.

 

Xalqımızın böyük oğlu Azərbaycanın tezliklə müstəqillik əldə edəcəyinə dərin inamını SSRİ-nin süqutundan 1 il əvvəl— 1990-cı ilin avqustunda Moskvadan Vətənə dönəndən sonra, Bakıda o zamankı rəhbərliyin təhdidlərindən üz döndərib doğulduğu Naxçıvan torpağına sığınanda, ondan ilk müsahibə alan jurnalist kimi görüşümüzdə açıq şəkildə bəyan etmişdi. O zaman ölkə və respublika kütləvi informasiya vasitələri ulu öndərin üzünə qapadıldığından  Azərbaycanın düşdüyü bəlalı vəziyyətlə bağlı dünya siyasətinin nəhəngi  Heydər Əliyevin xalqımıza çatdırılmasını zəruri saydığı mülahizə və qənaətlərin ifadə olunduğu geniş müsahibəni sərt nəzarətdən nisbətən kənarda olan Saatlı rayonunda çıxan “Dönüş” qəzetinin 3 nömrəsində dərc etdirməyə nail oldum. Bu silsilə yazının çap olunduğu nömrələr və çoxaldılan surətləri bütün respublikaya yayıldı, əl-əl gəzdi, “bomba kimi partladı”.

Sürətlə dağılmaqda olan imperiyanın xalqımıza qənim kəsilən rəhbərliyi qarşısında respublikanın o vaxtkı tir- tir əsən, aciz, “başsız başçıları” xalqın ümummilli lideri səviyyəsinə yüksəlmiş Heydər Əliyevin cəsarətli və həqiqəti əks etdirən gur səsinin mətbu yolla Azərbaycana yayılmasından bərk qorxuya düşüb “sözəbaxmayan qəzet”in redaktoruna cəza verdilər, müəllif kimi məni jurnalist fəaliyyətimdən uzaqlaşdırdılar. Tarix isə heç bir il keşməmiş müdrik və uzaqgörən siyasətçi, ağıllı dövlət xadimi, həqiqi xalq lideri Heydər Əliyevin uzaqgörənliyini və müdrikliyini bir daha təsdiq etdi: xalqımız 1991- ci il oktyabrın 18-də qorxaq və satqın yerli rəhbərlərin korafəhm iradəsinin ziddinə olaraq, Heydər Əliyevin göstərdiyi yolun doğruluğuna inanaraq Azərbaycan Respublikasının dövlət suverenliyini elan etməyə nail oldu.

Aradan 25 il  keçəndən sonra o müdhiş günlərin məhrumiyyətli acısını bir daha xatırlamalı oluram. O qaranlıq, sonu nə ilə bitəcəyi görünməyən günlərdə ulu öndərin söyləmiş olduğu “Azərbaycan Respublikası müstəqil olmalıdır, suverenliyini təmin etməlidir. Ərazi toxunulmazlığını və siyasi, iqtisadi suverenliyini təmin etməlidir və mən buna böyük ümid bəsləyirəm. Belə hesab edirəm ki, buna nail olmaq Azərbaycan xalqının özünün ixtiyarındadır. Azərbaycan xalqı özü buna nail olmalıdır. Heç kəs ona belə bir azadlığı verməyəcəkdir” sözləri bir Günəş kimi qaranlığı yararaq bugünümüzə nur körpüsü salır.

Xalqın azadlıq mübarizəsinə işıq salan, ona bu amansız savaşda haqlı olduğunu anladan, inam, güc gətirən bu sözləri o zaman Heydər Əliyev mənə verdiyi həmin  müsahibədə açıq və qəti şəkildə bəyan etmişdi. Azərbaycanı canından artıq sevən  siyasət nəhəngi Heydər Əliyev bu sözləri o zaman demişdi  ki, Moskvada yüksək postlardan istefa verməyə məcbur olduqdan sonra doğma respublikasına qayıtmağa nail olsa da, faktiki ev dustağına çevrilmiş, açıq söz demək imkanlarından məhrum edilmişdi. Bu sözləri Heydər Əliyev həm də o vaxt demişdi ki, təlatümlü, taleyüklü günlərini yaşayan Azərbaycana həqiqi lider lazım idi. Bu çağırışı ilə Heydər Əliyev, əslində, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin önünə keçdi.

Xalqımızın  əfsanəvi liderinin belə mürəkkəb bir şəraitdə Vətənə dönüşü onu daha ciddi qadağa və təhdidlərlə üzləşdirmişdi. Azərbaycanın o vaxtkı dönük rəhbərliyinin cinayətkarcasına davranışı, əxlaqa sığmayan hərəkəti ilə qarşılaşan Heydər Əliyev o zaman doğulub boya- başa çatdığı, blokadada inləyən, hər an işğal və məhvolma təhlükəsi altında yaşayıb- mübarizə aparan  Naxçıvanın harayına səs vermiş, imdadına çatmışdı. Naxçıvan torpağı o zaman respublika rəhbərliyinin yaratdığı ciddi maneələrə baxmayaraq, dünya siyasətinin zirvəsinə ucalmış qüdrətli övladına isti qucağını açdı, həmyerliləri əfsanəvi sərkərdə kimi onun arxasında səf- səf düzüldülər, hər əmrinə müntəzir oldular.

Heydər Əliyevin Naxçıvanda yaşayıb- fəaliyyət göstərdiyi o aylar və illər təkcə naxçıvanlıların deyil, bütün Azərbaycanın gələcək taleyində mühüm rol oynadı. O dövrdə Naxçıvan parlamenti xalqımızın istiqlal məfkurəsinin reallığa çevrilməsi üçün ulu öndərin birbaşa iştirakı və rəhbərliyi altında tarixi qərarlar qəbul etdi.

Ulu öndər o vaxtkı siyasətçilərin hamısından fərqli olaraq, SSRİ- nin dağılacağını qabaqcadan açıq- aydın görür, milli dövlətçilik ənənələrini bərpa etmək üçün məqsədyönlü addımlar atırdı. Yadımdadır ki, 1990-cı il noyabrın 17-də onun sədrliyi ilə keçən 12-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin ilk sessiyası təkcə Naxçıvanın taleyi ilə bağlı deyil, Azərbaycan üçünciddi önəm daşıyan çox mühüm qərarlar qəbul etdi.

Sessiyada Naxçıvan MSSR adından “Sovet Sosialist” sözləri çıxarıldı, Naxçıvan MSSR Ali Sovetinin adının dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağının yurdumuzun milli istiqlalının rəmzi olaraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərarlar qəbul olundu. Beləliklə, 70 il dünyaya meydan oxuyan, mövcudluğunun son illərində daha da quduzlaşan sovet imperiyası qala- qala SSRİ-də, Azərbaycanın dövlət müstəqilliyinə hesablanmış ilk belə üsyankar addımlar ulu öndərin dərin zəkası və basılmaz iradəsi ilə Naxçıvanda atıldı.

Əslində, XX əsrdə Azərbaycanın ikinci dəfə müstəqilliyinin əsası məhz Naxçıvanda qoyuldu. Bu hadisə Azərbaycanın öz istiqlalına doğru sürətlə irəliləməsinə  stimul və təkan verdi. Prezident İlham Əliyev sonralar o tarixi dönəmi belə xatırlatmışdır: “Azərbaycan müstəqil olmayan dövrdə Naxçıvan Muxtar Respublikasının parlamenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağını dövlət bayrağı elan etmişdir. O vaxt Azərbaycan hələ müstəqil deyildi, Sovet İttifaqının tərkibində idi. Ancaq Naxçıvanda tarixi qərarın qəbul olunması bizim müstəqilliyimizi yaxınlaşdırırdı”.

Çox keçmədən Azərbaycan xalqı ümummilli liderin istək və çağırışlarını cavablandıraraq 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini əldə etsə də, suverenliyimizin taleyi siyasət dəllalarının əlinə düşdü. O vaxt hakimiyyətdə bir- birini əvəzləyən naşı və səriştəsiz qüvvələr tarixi dəyişikliyin doğurduğu ağır problemlərin öhdəsindən gələ bilmədilər. Nəticədə, ölkədə vəziyyət dözülməz həddə çatdı, düşmən qüvvələr bundan məharətlə yararlanıb ərazilərimizi işğal etdilər. Qanunçuluq iflas etdi, hüquq qaydaları tapdalandı.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ilin böhranlı iyun günlərində  xalqın təkidli tələbinə səs verərək Bakıya siyasi hakimiyyətə qayıtması isə onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu dünyanın gözü qarşısında bir daha təsdiqlədi. Respublikada hərc-mərcliyin, dərəbəyliyin hökm sürdüyü, qanunsuz silahlı dəstələrin at oynatdığı, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycana qənim kəsildiyi, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişmək, məhvərindən çıxmış həyatı normal məcraya salmaq böyük siyasət və müdriklik tələb edirdi. Heydər Əliyevin od içində çalxalanan paytaxta gəlməsinin özü bir qəhrəmanlıq nümunəsi, liderlik örnəyi idi.

Belə bir mürəkkəb vəziyyətdə yeni, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına “ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” söyləməklə başlayan Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda keçmiş Sovetlər Birliyindən miras qalmış rejim əvəzinə, demokratik, hüquqi dövlət yaratmağa müvəffəq oldu. Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı Heydər Əliyev deyirdi ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək ondan qatqat çətindir.

Ümummilli lider Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürdü, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkdi. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modelini  yaratdı. İctimai-siyasi sabitlik bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etdi. Ulu öndər o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.

Həmin dövrdə ölkəmizdə müxtəlif sahələr üzrə islahat komissiyaları yaradılsa da, hüquqi dövlət quruculuğunahüquq sisteminin islahatına müstəsna əhəmiyyət verən ümummilli lider Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürdüislahatlara şəxsən rəhbərlik etdi.

Zəngin dövlətçilik təcrübəsi olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk milli konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Bütün işlərində ardıcıl olan və qarşıya qoyduğu məqsədlərə nail olan ulu öndər 1997-ci ildə bəyan etdi: “Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir”.

Tarixən qısa müddətdə “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və məcəllələrin layihələri hazırlandı və nüfuzlu beynəlxalq qurumlarda ciddi ekspertizadan sonra qəbul edildi. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən ümummilli liderin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında”  fərmanında bu sahədə həyata keçirilən tədbirlərin istiqaməti və konsepsiyası səhih müəyyən edildi, insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə qaldırıldı.

Ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi sahəsindəki misilsiz xidmətlərindən biri də özündən sonra dövlətçilik irsinin daimiliyini təmin edəcək, qüdrətli varislider yetişdirməsidir. Ötən 12 ildə ulu öndərin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha aydın görünür. Ölkə başçısı özünün dövlətçilik konsepsiyasını məhz ulu öndər Heydər Əliyevin müəllifi olduğu strateji kurs üzərində formalaşdırır və onu yeni dövrün tələblərinə uyğun zənginləşdirməyə çalışır. Yeni tipli siyasətçi və dövlət rəhbəri kimi dünyda diqqət mərkəzində olan İlham Əliyev inamla xalqı Heydər Əliyev ideyaları ətrafında birləşdirir, soydaşlarımızı ulu öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsi istiqamətində səfərbər edir.

Azərbaycanda müstəqilliyin vacib şərti olan ictimai-siyasi sabitliyin, vətəndaş sülhü və həmrəyliyinin qorunub saxlanılması naminə ilk gündən nümayiş etdirdiyi yüksək prinsipiallıq, qətiyyət və əzmkarlıq da dövlət başçısının istənilən ekstremal situasiyada çevikoptimal qərar qəbul edən qətiyyətli lider olduğunu göstərmiş və göstərməkdədir.

Bütün bunlar ümummilli lider Heydər Əliyevin ideyalarının ölməzliyinin canlı timsalıdır. Azərbaycan Respublikasının ədliyyə naziri, Məhkəmə– Hüquq Şurasının sədri Fikrət Məmmədov Heydər Əliyev şəxsiyyətinin nadirliyinə, onun hüquqi dövlət quruculuğunda gerçəkləşdirdiyi tarixi işlərə nəzər salarkən U. Çörçillin aşağıdakı sözlərini xatırladır: “Dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür”. Ümummilli lider  Heydər Əliyev məhz belə nadir dövlət xadimlərindəndir. Azərbaycan dövlətçiliyinin əbəbiləşdilməsi bu insanın titanik fəaliyyətinin tarixi yekunudur.

 

Fəxrəddin AĞAMİRZƏYEV,

Füzuli Hərbi Məhkəməsinin hakimi

 

Xalq qəzeti.- 2015.- 17 oktyabr.- S.5.