“İnsan dünyaya mübarizə
üçün gəlir”
Hüseyn Seyidzadə-105
Kinorejissor Hüseyn Seyidzadə bütün yaradıcılıq fəaliyyətini
Azərbaycanda kino sənətinin
inkişafına həsr etmişdi. Bu gün kino salnaməmizdə onun
böyük sənətkarlıqla yaratdığı qiymətli filmlər
var. Bu filmlərdə
xalqımızın milli ruhu, adət-ənənələri
yaşayır. “O olmasın, bu olsun”, “Dəli Kür” kimi filmləri bizlərə o bəxş
edib.
Hüseyn Seyidzadənin həyat yolu İrəvandan başlayıb. 1910-cu il oktyabrın 10-da bu şəhərdə doğulub. Atası sadə ticarətçi Mirəli bəy şəhərin tanınan adamlarından idi. Anası Ruqiyyə xanım isə evdar qadın olmuşdur. 1918-ci ildə 8 yaşlı Hüseynin ailəsi doğma yurdu tərk edərək, əvvəl Tiflisə , sonra isə Bakıya köçməli olur. Bakıya köçəndə Hüseyn artıq üçüncü sinifdə oxuyurdu. Hüseyn Seyidzadənin uşaqlıq illəri haqqında onun bacısı, mərhum Zəhra Seyidzadənin danışdığı xatirələrə diqqət yönəltmək istərdim: “Hüseyn tez-tez dərsi buraxırdı, kinoya qaçırdı, pulu olmayanda, seansdan sonra stullar arasında gizlənib, o biri seansa da baxırdı. O, elə uşaqlıqdan kinoya bağlanmışdı. Tale də onu kinoya gətirdi. Hətta anam Ruqiyyə ilə məni də kinofabrikə aparıb,”Əlsizlər" filminə çəkdirmişdi".
Hüseyn Seyidzadə bir müddət Bakıda Lenin adına trikotaj fabrikində fəhlə işləyib.1928 -ci ildə Bakı İşçi Teatrında kütləvi səhnələrdə çıxış edib. 1929 -cu ildən isə burada aktyor kimi fəaliyyətə başlayıb. Elə həmin il teatr tərəfindən onu Leninqrada ( indiki Sankt-Peterburqda) təhsilini davam etdirməyə göndərirlər. Orada Dövlət Fəhlə Gənclər Teatrında təcrübə keçib 1930-cu ildə Bakıya, kinostudiyaya qayıdır. Həmin il o, “İlk komsomol buruğu” bədii filmində neftçi rolunda çəkilib. Bununla da ecazkar kino sənətindən ömrünün sonuna qədər ayrıla bilməyib.
Əvvəlcə Bakı kinostudiyasında rejissor köməkçisi işləyib. Sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. L.Kulişov və S. Eyzenşteynin rejissorluq emalatxanasında, “Lenfilm” , “Mosfilm” , Maksim Qorki adına kinostudiyalarda təcrübə keçib, bu studiyalarda istehsal olunan filmlərdə rejissor assistenti, ikinci rejissor işləyib. Sovet kinosunun adlı-sanlı ustaları Petrovun, Aleksandrovun, Yudkeviçin rəhbərliyi altında çalışıb. 1936-cı ildə institutu qurtarıb Bakıya qayıdan gənc mütəxəssis kinostudiyada “Bakılılar” bədii filmlərində dublyaj rejissoru, rejissor assistenti işləyib.
1939-cu ildə o, Niyazi Bədəlovla “Ayna” filmini çəkməyə başlayıb, amma məlum olmayan səbəblərdən film yarımçıq dayandırılıb. Bundan sonra yarımçıq qalan “Ayna”nın materiallarından istifadə edərək müharibə mövzusunda yeni bir film çəkiblər. İmran Qasımovun ssenarisi əsasında 1943 -cü ildə hazır olan film bu dəfə “Sovqat” adlandırılıb.
1953-cü ildə kinostudiyada “Doğma xalqıma” bədii-sənədli filminin istehsalı başlayıb. Filmin quruluşu rejissor Yan Fridə tapşırılıb. Görkəmli rus kinorejissoru M. Rommun xahişindən sonra isə Hüseyn Seyidzadəyə Yan Fridlə birgə bu filmi çəkməyə icazə verilib. Beləliklə, 1954-cü ildə Azərbaycanda ilk rəngli bədii-sənədli film müvəffəqiyyətlə çəkilib ekranlara buraxılıb. Məhz bundan sonra Hüseyn Seyidzadəyə müstəqil olaraq tammetrajlı bədii film çəkmək həvalə olunub.
1956-cı ildə ekranlaşdırdığı “O olmasın, bu olsun” filmi Hüseyn Seyidzadə yaradıcılığının şah əsərdir. Film ekranlara çıxarılanda ona qarşı müəyyən tənqidi münasibətlər olsa da, onun müvəffəqiyyətinə kölgə sala bilmədi. Məsələn, bazarda qoçuların davası, Rüstəm bəyin evindəki qalmaqal, hamam səhnəsi və s. Əsassız olaraq nöqsan kimi göstərilirdi. Amma buna baxmayaraq, film bütün dünyanı dolaşdı və rejissora böyük şöhrət gətirdi.
“Koroğlu” ilə o, bədii kinomuzda ilk genişekranlı film yaratdı. Film Moskvada ciddi dəyişiklərə məruz qalsa da, ekranlara yol tapa bildi.
Hüseyn Seyidzadənin yaradıcılıq həyatında
ciddi münaqişələr də olub. Məsələn, onlardan biri “Var olun, qızlar” filminin
ssenarisi ilə bağlı idi. Novruz Gəncəli bu filmin
ssenarisinin ona məxsus olduğunu
bildirirdi. Əslində isə,
ssenarini Alla Axundova ilə
Hüseyn Seyidzadə
yazmışdı. Uzun məhkəmə çəkişmələrindən sonra
A. Axundova və H. Seyidzadənin müəllifliyi təsdiq olundu. Ancaq filmin
rejissor işi H. Seyidzadəyə
deyil, Eldar Quliyevə həvalə
olundu. Müstəqil rejissor
kimi sonrakı illərdə də o, öz mübarizəsini
davam etdirdi.
“Yenilməz
batalyon” filmini çəkdi. Bu
film tarixi hadisələr əsasında çəkilmişdi və
dövrün hadisələrini
real formada əks etdirirdi.
Elə milli kinomuzun qiymətli nümunələrindən
olan “Dəli Kür” də
İsmayıl Şıxlının tarixi hadisələrə söykənən eyniadlı romanının ekran variantı idi. Bu film də onun
mübarizələrlə zəngin
yaradıcılığının qiymətli
nümunəsi idi. 1970 -ci ildə film ekranlara
çıxarıldı. Film Moskvada senzuranın qəzəbinə
tuş oldu. Filmdən bir çox epizodlar çıxarıldı. Doğrudur, həmin epizodlardan
bəziləri xalq
yazıçısı İsa Hüseynovun səyi
nəticəsində bərpa
edildi. Amma Ümumittifaq
ekranlarında film həmin
epizodlarsız nümayiş olundu.
Bu filmdən
düz 9 il sonra ona yeni film çəkmək qismət
oldu.1978-ci ildə o, sonuncu filmi “Qaynana”nı çəkdi. Həm ilk, həm də
son bədii tammetrajlı filmi ilə Hüseyn Seyidzadə
adını Azərbaycanın kino tarixinə həkk edib.
Qarşısına çıxan, maneələrə,
haqsızlıqlara rəğmən. Bu 9 il ərzində
Hüseyn Seyidzadə bir neçə dəfə böyük
haqsızlığa düçar olur. Xüsusən də
“Qatır Məmməd” filmi ilə
bağlı yaranan problem ona mənən böyük zərbə
vurur. İlkin variantda “Gəncəbasarlı
qisasçı” adlanan bu film
studiyanın 25 oktyabr 1970 -ci il tarixli əmri ilə Hüseyn
Seyidzadəyə verilir. Filmi çəkilməyə
başlayanda H.Seyidzadə açıq demişdi ki, bizim
ssenarini niyə ruslar yazmalıdır. Çünki 1970-ci ildə
rejissorluğu H.Seyidzadəyə verilən bu filmin ssenarisi
moskvalı kinodramaturqlar Mixail Maklyarski və Kirill Rapoporta həvalə
olunmuşdu.
Hüseyn
Seyidzadə ssenariyə öz əlavələrini etməklə
çəkilişi başa çatdırır. Hətta film
barədə o dövrün mətbuatında da məlumatlar
yer alıb. Lakin kimlərinsə
oyunu nəticəsində film 1974-cü ildə Hüseyn
Seyidzadədən alınır. Səbəb kimi “ssenari üzərində
öz bildiyi əməlləri həyata keçirib, filmi istədiyi
kimi lentə alması, 1973 -cü il dövlət
planını pozub, filmi vaxtında təhvil verilməsi”
göstərilir. Beləcə, 4 illik əziyyətdən sonra
filmi yenidən çəkmək üçün
başqa rejissora verirlər.
Bu,
Hüseyn Seyidzadənin kino taleyində aldığı ən
böyük zərbə idi. Növbəti zərbə “Dərviş
Parisi partladır” filmilə bağlıdır. Bu kinolent də
bizə məlum olmayan səbəblərdən Hüseyn
Seyidzadənin əlindən alınıb, başqa rejissora
verilib. Beləcə, Hüseyn
Seyidzadənin mübarizələrlə dolu həyatı 1979-cu ildə sona yetdi.
Amansız
ölüm onun çox
arzularını yarımçıq
qoydu. Hüsen Seyidzadə
xan qızı Natəvan
haqqında film çəkmək istəyirdi. Özü
deyirdi ki, insan dünyaya ona görə gəlir ki,
yaşasın, çalışsın, nəyinsə naminə
mübarizə aparsın. Xoşbəxt olsun. Amma mən anadan
olandan taleyimlə əlbəyaxayam.
O, həqiqətən
də, bütün qəlbi ilə sənətinə,
xalqına bağlı idi. Belə olmasaydı, Rac Kapurun dəvətini qəbul edib
Hindistana gedər, vəd edildiyi
kimi, filmləri dünyaya çıxarılardı. O, bu təklifi
qəbul etmir. Doğma Vətənini, Azərbaycanını
başqa ölkəyə dəyişmir. Burada
qarşılaşdığı haqsızlıqlara, ədalətsizliklərə,
maneələrə, ağrılara baxmayaraq, millətinə, xalqına, vətəninə
bağlı bir sənətkar kimi yaşadı və həyatını
bu cür başa vurdu.
M.
MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 18 oktyabr.- S.6.