Kitab, kitabxanalar

görkəmli alimin xeyirxah əməli

 

Kitabları yandırmaqdan daha böyük cinayətlər vardır.

Bunlardan biri onları oxumamaqdır.

 

İ.BRODSKİ

               

Kitab bizim elmi və mənəvi inkişafımızın ən təkanverici qüvvəsi, həyatımızın ayrılmaz hissəsidir. Kitab zaman-zaman ayrı-ayrı ölkələrdə yaşayan xalqları bir-birinə  yaxınlaşdırmış, onların mədəni həyatlarının gündəlik zəruri tələbatına çevrilmişdir. İnsan ömrü on illərlə ölçüldüyü halda, yazılan kitablar əbədi olaraq qalır, növbəti nəsillər tərəfindən yenidən həyata qaytarılır, nəşr olunur. Biz ailə büdcəmizin müəyyən faizini həmişə kitab alışına sərf edirik. Bu sahədə almanlar xüsusilə fərqlənirlər. Statistik məlumata görə, orta alman ailəsi ayda məsrəfinin 0,6 %-ini təşkil edən 12 avroluq kitab alır.

1953-61-ci illərdə ABŞ prezidenti olmuş Duayt Eyzenhauer İkinci Dünya  müharibəsi zamanı Avropaya döyüşlərə gedərkən özü ilə bir  kitab - Bibliyanı, rus alimi, akademik V.Vernadski Qazaxıstana köçürüldüyü zaman HöteninFaustunu götürmüşdü.

Yaxın Şərqdə və Avropa ölkələrində də elmin inkişafı bir ölkədən digərinə kitab axını vasitəsilə keçib. Yunan elminin inkişafından əvvəl, misirlilər bu sahədə böyük nailiyyətlər əldə etmişdilər. Pifaqor, Fales, Platon, Sokrat və digər yunan alimləri Misirə səfərləri zamanı misirlilərin əsərləri ilə tanış olmuş, sonra bunu öz ölkələrində yaymışlar. Nəticədə bu ölkədə böyük astronomlar, riyaziyyatçılar, fiziklər nəsilləri yetişmişdir. IX əsrdən başlayaraq qüvvətlənən Xilafətin ilk başçıları Yunanıstandan, Bizansdan gətirilən kitabların tərcüməsinə böyük vəsaitlər sərf etdilər. Bu, Bağdadda yeni elmi mərkəzin, kitabxanaların açılmasına geniş şərait yaratdı. Avropalıların Şərqə səlib yürüşləri və ərəb dilində yazılmış kitabların latın dilinə tərcüməsi Avropa elminin əsasını qoydu. Yalnız XII əsrdən sonra qitədə elm inkişaf etməyə başladı.

Dünyanın müxtəlif ölkələrinin banklarında, xəzinələrində dəyəri milyonlarla dollar qiymətində olan qızıl külçələri almazlar və digər  qiymətli daşlar saxlanılır. Lakin hər bir ölkənin ən böyük xəzinəsi onun kitabxanalarında saxlanılan kitablardır. Bu kitabların hər sətrində alim, yazıçı, şair, tarixçi qəlbinin döyüntüləri yaşayır. Bu gün Amerika Birləşmiş Ştatlarında yerləşən, 3300-dən çox əməkdaşı olan ABŞ Konqresinin kitabxanası 153 milyondan çox kitab fonduna malikdir. Bu, dünyanın ən nəhəng kitabxanasıdır. Kitabxananın illik büdcəsi 630 milyon dollardır. Rusiya Federasiyasının ən böyük kitab fonduna malik Dövlət kitabxanasında 45 milyon kitab saxlanılır. ABŞ Konqresi kitabxanasının əsasını “Azadlıq Bəyannaməsinin” müəllifi, Amerikanın üçüncü prezidenti Tomas Cefferson qoymuşdur. O, kitabxananın ilk kitab fondunun 6500 cilddən ibarət külliyatını bura hədiyyə etmişdir. Cefferson böyük kitab həvəskarı idi. O, sutkada vaxtının 15 saatını kitab oxumağa həsr edirdi.

Bizim də zəngin kitab fonduna malik M.F.Axundov adına Respublika Dövlət Kitabxanamız var. Lakin Azərbaycana və dünya elminə böyük xidmətlər göstərmiş görkəmli alimlərimizin şəxsi kitabxanalarına mənsub kitabların böyük bir qismi ya ayrı-ayrı şəxslərdə toplanmış, ya da (çox ehtimal ki) artıq itirilmişdir. Bu vəziyyəti aradan qaldırmaq üçün həmin əsərlərin toplanması, sistemləşdirilməsi və qorunub saxlanması üçün yeni istiqamətli kitabxananın təsisi zəruridir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanası zəngin kitab fonduna malikdir. Uzun illər bu elm ocağında çalışmış alimlərimiz də öz kitablarını bura hədiyyə etmək istəyirlər. Belə hörmətli alimlərdən biri də Azərbaycan geologiya elminin və təhsilinin inkişafında dəyərli xidmətləri olan professor Şəfiq Abbas oğlu Pənahidir. Onun indiyə kimi minlərlə geoloq nəslinin yetişməsində müstəsna xidməti olmuşdur. Anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 65 illiyini bu yaxınlarda qeyd etdiyimiz Şəfiq müəllim tələbələr üçün hazırladığı 9 dərsliyin, 20-dən çox dərs vəsaitinin, 3 monoqrafiyanın və 200-ə yaxın elmi məqalənin müəllifidir. Professor Ş.Pənahinin Azərbaycanın neftqaz yataqlarının genezisi, geologiyası və tektonikasına həsr olunmuş yeni orijinal baxışlı tədqiqatları onu yalnız Azərbaycanda deyil, bütün keçmiş SSRİ məkanında tanıtmışdır. 2012-ci ildə Moskvanın “HİKA-D” nəşriyyatı tərəfindən buraxılmış 1004 səhifəlik “Ensiklopediçeskiy albom nefti i qaza Rossiiensiklopedik məlumat kitabında alimin elmi fəaliyyəti - kəşfləri, neft geologiyasına və hidrogeologiya elmlərinə gətirdiyi yeniliklər haqqında geniş məlumat verilir.

Bu yaxınlarda professor Şəfiq Pənahi 70 ildən çox bir müddətdə topladığı şəxsi  kitabxanasını universitetin əsaslı kitabxanasına hədiyyə etmişdir. Universitet rəhbərliyi, eləcə də kitabxananın müdiri Səlahət Mahmudova alimin bu dəyərli təşəbbüsünü çox yüksək qiymətləndirdi. Hədiyyə olunan Azərbaycan və rus dillərində 450-yə yaxın kitab artıq çeşidlənib və tələbə və müəllimlərin istifadəsinə verilib. Bunlar dərs vəsaitləri, geologiya elminin müxtəlif sahələrinə aid kitablardır. Şəfiq müəllimin hədiyyələri arasında geologiya elminin İ.Qubkin, E.Xain kimi klassiklərinin əsərləri, Azərbaycanı dünyada tanıdan Ə.Əlizadə, Ə.Yaqubov, Ş.Mehdiyev kimi görkəmli alimlərimizin kitabları, dörd cildlik “Neftyanıe mestorojdeniya miraensiklopedik külliyyatı da var.

 

Paşa ƏMİRCANOV

 

Xalq qəzeti.- 2015.- 18 oktyabr.- S.7.