İMİŞLİ – Muğanla

Milin qovuşduğu məkan

 

Vətənimizi yaxından tanıyaq

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərinin dərindən öyrənilməsi məqsədilə müxtəlif rayonlarda yaşayan məktəbli – gənclərin başqa bölgələrə səfər etmələri ənənə şəklini alıb. “Vətənimizi yaxından tanıyaq” devizi altında keçirilən bu aksiyalar zamanı məktəbli gənclər çox şey öyrənir, Vətənimizin ayrı-ayrı yaşayış məskənləri haqqında ətraflı məlumat alırlar.

 

Dövlətimizin rəhbərinin istəyini reallaşdıran bu layihə ilə indi hamı maraqlanır. Bunu nəzərə alanXalq qəzeti” Azərbaycanın şəhər və rayonları haqqında ətraflı məlumatlar dərc etməyi vacib sayır. Növbəti material  İmişli rayonu haqqındadır.

Azərbaycan torpağı milli xalçalarımız kimi əlvan və rəngarəngdir. Hər guşəsinin öz gözəlliyi, öz ətri, öz rəng çalarları var. Yayda dağların qarı əriyib qeybə çəkiləndə Aranda  torpaq  sac kimi qızır. Yaylaqda çiçəklər açanda isə Muğan düzü təzə bişmiş təndir çörəyi ətrini verir.

Sözümüz Muğanla Milin qovuşduğu yer - Araz çayının hər iki sahilində qərar tutmuş İmişli rayonu haqqındadır. Ümumi sahəsi 1826 kvadratkilometrdir. Rayonun şimalında ləngər vura-vura Kür çayı, cənubunda isə Mil düzü ilə Muğanı ayıran, xalqımızın tarixi dərdinə şərik olan başı bəlalı Araz çayı axır. Məhz İmişliyə çatanda Araz sanki  rahatlığa çıxır, genişlənib böyük bir sahəyə yayılır, kiçik adalar əmələ gətirir. Araz çayının hər iki sahili boyu bitən Toğay meşələri qədim və nadir ağaclarla zəngindir. Burada hətta nadir dəmirağacına da rast gəlmək olar.

İmişli ərazisinin Muğan sahəsini İran Muğanından dövlət sərhədi ayırır. Rayon ərazisi düzənlik olduğundan müxtəlif dövrlərdə sərkərdələr, hökmdarlar  bu yerlərdən düşərgə kimi istifadə ediblər. İmişli torpağı Manna, Urartu, Midiya, Atropatena, Qafqaz Albaniyası kimi qədim ölkələrin, xəzərlərin, farsların, ərəblərin, səlçuqların, monqolların, rusların, Makedoniyalı İsgəndərin, Əmir Teymurun, Nadir şahın, Qacarın və başqa sərkərdələrin döyüş meydanı və hakimiyyətinin şahidi olub. Tarixi sənədlərə əsasən, 1220-1221-ci illərdə monqolların Azərbaycana birinci yürüşü zamanı onlar məhz Muğanda, indiki İmişli şəhəri ərazisində məskən salmışlar.

Kür-Araz ovalığında yerləşən rayonun ərazisində tarixi keçmişimizlə bağlı maddi-mədəniyyət abidələrinin izləri çoxdur. Arxeoloji qazıntılar zamanı tapılmış Kür-Araz mədəniyyətinə aid saxsı məişət əşyalarının, ən azı, üç min ildən çox yaşı var. Bu isə Aran torpaqlarının hələ qədim zamanlardan yaşayış məskəni olduğundan xəbər verir. Tarixi məlumatlara əsasən rayonun Bəcirəvan kəndi ərəb əsarətinə qarşı çıxıb. Yeri gəlmişkən qeyd edək ki, Bəcirəvan kəndində yetişdirilən çiyələk məhsulu saflığına, tamına görə bütün ölkədə məşhurdur. Kür-Araz ovalığında yerləşən rayonun ərazisində həmçinin XII-XIV əsrlərə aid Qızıl Təpə, Muxor Təpə, Qara Təpə, Yeddi Kurqan, Dəyirman yeri, Qalaça yeris. tarixi abidələr mövcuddur. Lakin sözü gedən yerlərdə əsaslı arxeoloji qazıntılar aparılmadığı üçün həmin abidələr barəsində ətraflı məlumat almaq, demək olar ki, yox dərəcəsindədir.

Müasir tariximizdə indiki İmişlinin ərazisi 1930-cu ilin avqust ayından Qaradonlu kəndi mərkəz olmaqla, Qaradonlu rayonu adlandırılıb. Rayon mərkəzi olana kimi isə Qaradonlu kəndi  Salyan qəzasının tabeliyində idi.

1938-ci ilin avqust ayında rayonun mərkəzi Bakı-Naxçıvan dəmir yolunun Qaradonlu stansiyası yaxınlığında yerləşən İmişli kəndinə köçürüldü. Həmin vaxtdan etibarən Qaradonlu rayonunun adı dəyişdirilib İmişli rayonuna çevrildi. Hazırda İmişli rayonu respublikamızın abad, səliqəli və cazibədar rayonlarından biri hesab edilir.

Nəzərə çatdıraq ki, İmişli kəndi Qaradonlu stansiyasına yaxın kiçik bir yaşayış məntəqəsi olub. Bəzi fərziyyələrə görə, kənddə vaxtı ilə  dadlı yemiş yetişdirildiyindən el arasında burayaYemişli” deyərmişlər. Başqa bir  fərziyyəyə görə isə kənddə qalayçılıq sənəti yüksək səviyyədə inkişaf etdiyi üçün bu kəndin adı məhz “Gümüşlüolub. Sonralar bu sözdeformasiyaya uğrayaraq İmişliyə çevrilib.

Rayonda ilk orta təhsil məktəbi 1906-cı ildə Qaradonlu kəndində  açılıb. Həmin məktəbin hazırki binası 1922-1923-cü illərdə tikilib istifadəyə verilib. Burada ilk tibb ocağı isə 1913-cü ildə Qaradonluda tikilmiş Tauna qarşı mübarizə stansiyasıdır. Rayon mərkəzi statusu alandan sonra İmişlidə tikilən ilk inzibati bina - “Qırmızı bina” (hörgü qırmızı kərpiclə aparıldığı üçün belə adlanıb) 1937-1938-ci illərdə inşa edilmişdir.

1906-cı ildə Rus çarının fərmanına əsasən, baş nazir Stolipinının apardığı aqrar islahatlar nəticəsində QaradonludaMuğanstroy” qəsəbəsi salınmışdır. Muğanda o vaxt analoqu olmayan geniş suvarma şəbəkəsi yaradılmışdır. İslahatı bəhanə gətirən imperiya hakimiyyəti tezliklə Qaradonluya rusların köçürülməsi siyasətinə başlamışdır. Yeni rus kəndləri – İvanovka, Poltavkasair yaradılmışdır. Beləliklə, yerli camaat öz doğma torpaqlarında yadellilər tərəfindən sıxışdırılmaya məruz qalmışdır.

1951-1955-ci illərdə tikilib istifadəyə verilmiş nəhəng Bəhrəmtəpə hidroqovşağı  MilMuğan torpaqlarının suvarılması sahəsindəki problemləri aradan qaldırdı, bölgədə kənd təsərrüfatı məhsullarının sürətli inkişafına əlverişli şərait yaradıldı. Bəhrəmtəpə su qovşağı hidrotexniki qurğular içərisində özünün unikallığı, zahiri gözəlliyi ilə adamı valeh edir. Beton bəndlər burada suyu zərgər dəqiqliyi ilə kanallara ayırır. Mənbəyini Mingəçevir su anbarından alan Yuxarı Qarabağ kanalı Bəhrəmtəpə qəsəbəsinədək gələrək Araz çayına qarışır.

Ümumiyyətlə, İmişli rayonunun həyatı Araz çayı ilə sıx bağlıdır. Bəhrəmtəpə qəsəbəsindən bir az aralıda yerləşən qum-çınqıl karxanalarının məhsulları Azərbaycanın hər yerinə daşınır. Demək olar ki, respublikada ucalan bütün evlər, binalar, çöllərdə salınaraq uzanan beton kanalların 90 faizi bu karxanaların qum-çınqılı ilə ərsəyə gəlmişdir. İmişlidə kənd təsərrüfatı ilə yanaşı, sənayenin müxtəlif sahələri, elmi-texniki tərəqqi yüksək səviyyədə inkişaf edib. Hələ qədim zamanlardan burada torpağı uca tutmaq, onu bara-bəhərə gətirmək əsl hünər göstəricisi hesab edilmişdir. Elə yəqin bu səbəbdən də  İmişlidə meliorator peşəsi ən hörmətli peşə sayılır. Uzun illər boyu əkinə yararsız torpağı minillik duzlardan təmizləmək burada yaşayan insanların fədakarlığından xəbər verir. Fərəhli haldır ki, qatılaşmış torpaq duzu ilə mübarizədə İmişli əməkçiləri həmişə qalib çıxıblar. Belə ki, respublikada  ən böyük suvarma şəbəkəsinə və bərəkətli torpaqlara malik olan İmişli rayonunda  hər il yüzlərlə hektar əkin sahəsi duzdan yuyulub təmizlənərək yararlı vəziyyətə salınır.

Torpağın vaxtı-vaxtında yuyulması əkilən bitkilərin məhsuldarlığını, demək olar ki, ikiqat yüksəldir. Vaxtı ilə xalq şairimiz Səməd Vurğun yazmışdı: “Muğan Muğan olsa, biri üç eylər, Muğan tufan olsa, üçü heç eylər”. Artıq Muğanın tufan eyləyən vaxtları keçib. Sonsuz çöllərdə uzanıb gedən su kanalları, yaraşıqlı tarla düşərgələri, hər cür meyvənin yetişdiyi bağ-bağatlar, göz oxşayan meşə zolaqları - müasir İmişli rayonunun simasını  təşkil edir.

Bu yerlərin sərvəti, var-dövləti hesab edilən taxıl, pambıq və heyvandarlıq məhsulları istehsalı ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərində özünün ən yüksək zirvəsinə çatmışdı. Rayonun iqtisadi qüdrəti gücləndikcə tikinti-abadlıq işləri geniş vüsət alırdı. İstehsal olunan kənd təsərrüfatı məhsullarını emal etmək üçün burada yağ

-pendir, ət kombinatları, pambıqtəmizləmə zavodu, quşçuluq fabriki yaradılmışdı. Mal-qaraya xidmət edən qarışıq yem hazırlayan zavod fəaliyyət göstərirdi.

Ötən əsrin sonlarına yaxın ikinci dəfə müstəqillik qazanan Azərbaycan öz taleyini sərbəst şəkildə özü müəyyənləşdirəndə ilk növbədə xalqa lazım olan vacib ərzaq məhsullarının istehsalını qaydaya salmaq məqsədilə yeni müəssisələr yaratmağa başladı. Həmin müəssisələrdən biri – Şəkər zavodu İmişli rayonunda tikilib istifadəyə verildi. Bununla da rayonun kənd təsərrüfatı sahəsində şəkər çuğunduru əkini əsas yer aldı.

Müstəqillik illərində, respublikanın hər yerində olduğu kimi, İmişlidə də iqtisadiyyatla yanaşı tikinti-abadlıq işlərinə xüsusi diqqət yetirildi, yeni istifadəyə verilən sosial-mədəni obyektlər rayonun görünüşünü daha da zənginləşdirdi. Möhtəşəm Olimpiya İdman Kompleksi, müasir tələblərə cavab verən yaraşıqlı mehmanxana, ulu öndərimizin adına layiq mədəniyyət və istirahət parkı, Heydər Əliyev Mərkəzi, dövlət bayrağı meydanı, Gənclər Mərkəzi buraya gələn turistləri, müsafirləri heyran edir.

Hazırda İmişli rayonunda 108 min nəfər əhali yaşayır. Onların 50 min nəfərə yaxını Ermənistan Respublikasının  işğalçılıq siyasəti nəticəsində ata-baba yurdundan qovulan qaçqınlardır. Rayon əhalisinin 31500 nəfəri İmişli şəhərinin, 4100 nəfəri isə  Bəhrəmtəpə  qəsəbəsinin  sakinidir. Rayonun 93 min hektar əkinə yararlı torpaq sahəsi, 62 min hektar otlaq sahəsi var.  31 min hektar suvarılan sahənin 29 min  hektarında əkin-biçin işləri aparılır.

Rayonda 50 yaşayış məntəqəsi mövcuddur. 49 bələdiyyə fəaliyyət göstərir. İmişli şəhər, Bəhrəmtəpə qəsəbə və 47 kənd 451 nəfər bələdiyyə üzvünü özündə birləşdirir.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2015.- 18 oktyabr.- S.6.