Kənd təsərrüfatının aktual problemlərinə

həsr olunmuş İQTİSADİ FORUM

 

Azərbaycan ali təhsil müəssisələri arasında ilk sıralarda yer alan Qafqaz Universitetinin hər il təşkil etdiyi yerli və beynəlxalq səviyyəli mötəbər tədbirlərdən biri də Qafqaz İqtisadi Forumudur. Forum hər il ölkə iqtisadiyyatı üçün müəyyənləşdirilən əsas prioritet istiqamətə həsr edilməklə elmi tədqiqatların təqdimatı və maraqlı fikir mübadiləsi şəraitində keçir. Birinci Qafqaz İqtisadi Forumu 2012-ci ilin aprel ayında Şamaxıda reallaşmışdır. Ölkənin müxtəlif ali təhsil və tədqiqat müəssisələri və adamlarının fəal iştirakı ilə keçən tədbirdə qlobal iqtisadi problemlərə yanaşmalar, müasir iqtisadiyyatda institutsional məsələlər və bunların həlli ilə bağlı təkliflər, həmçinin iqtisadi inkişafda sahibkarlığın rolu ilə bağlı təqdimatlar maraqla qarşılanmışdır.

 

Bir il sonra, 2013-cü il may ayında isə ikinci Qafqaz İqtisadi Forumu   Xaçmaz rayonunun Nabran qəsəbəsində keçirilmişdir.   Bu dəfə də diqqət mərkəzində olan və ictimaiyyətin maraqla izlədiyi qlobal yeniliklər, iqtisadi inkişafa müsbət təsir göstərən  innovasiya və sahibkarlıq və s. məsələlər müzakirə obyekti olmuşdur. Forum zamanı müzakirələr iki əsas istiqamətdə aparılmışdır. Birinci istiqamət qlobal  iqtisadi  problemlər və onlara müasir baxışları əhatə etmişdir. Burada qlobal  iqtisadi  problemlərin həllinə alternativ yanaşmalar, müasir istehlak cəmiyyəti və onun  iqtisadi böhranın yaranmasına təsiri, eləcə də müasir  iqtisadiyyatın institutsional  məsələləri müzakirə olunmuşdur. İkinci istiqamətdə isə sahibkarlığın  iqtisadi inkişafdakı rolu innovasiyalar, istehsalmarketinq münasibətlərinə yeni baxışlar, həmçinin maliyyə münasibətləri kontekstində diskussiya  şəklində keçirilmişdir. Ümumiyyətlə, forum Azərbaycanın müxtəlif akademik, dövlət və özəl qurumlarından, eləcə də Türkiyə Respublikasından dəvət olunmuş iqtisadçı alimlərin  maraqlı təqdimat və müzakirələri ilə yadda qalmışdır.

Qafqaz Universitetində Sosial İqtisadi Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə III Qafqaz İqtisadi Forumu 2014-cü ilin may ayında təşkil edilmişdir. Azərbaycan Prezidenti  İlham Əliyevin müvafiq sərəncamı ilə həmin ilin “Sənaye ilielan edildiyini nəzərə alaraq, bu istiqamətdə töhfə vermək məqsədilə forum sənaye mövzusuna həsr olunmuşdur. Forum zamanı sənayeləşmə prosesinə müsbət təsir göstərən istiqamətlərdə -   milli sənaye strategiyasının formalaşması, innovasiya, sənayeləşmədə maliyyə institutlarının rolu və sənaye müəssisələrində istehsal-marketinq fəaliyyətləri kimi  mövzularda elmi müzakirələr keçirilmişdir. 

“Kənd təsərrüfatı ili”nə  həsr olunmuş dördüncü Qafqaz İqtisadi Forumu isə oktyabrın 17-18-də Kənd Təsərrüfatı Nazirliyi, Qafqaz Universiteti və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə İsmayıllı rayonunda keçirildi.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov tədbiri açaraq iştirakçıları salamladı və qonaqlara təşəkkürünü bildirdi. Qeyd etdi ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2015-ci ilin “Kənd təsərrüfatı ilielan edilməsi, bununla bağlı müxtəlif tədbirlər planının hazırlanması dövlətin aqrar sahəyə diqqət və qayğısının göstəricisidir. Təsadüfi deyil ki, bugünkü tədbirdə ölkəmizin tanınmış alim və kənd təsərrüfatı mütəxəssisləri iştirak edirlər. Hər bir sahənin elmi inkişafını təmin etmək dövlətin gələcək inkişafına zəmin yaradan amillərdəndir.

Hazırda  Azərbaycan Prezidenti cənab İlham Əliyev qeyri-neft sektorunun inkişafına daha böyük diqqət yetirir. Yeraltı təbii sərvətlərimizin nə vaxtsa tükənməsi reallıqdır. Hazırda neftin dünya bazarında ucuzlaşması ölkə iqtisdiyyatına təsirsiz ötüşmür. Bu baxımdan Azərbaycanda qeyri-neft sektorunun, sahibkarlığın, xüsusilə kənd təsərrüfatı sahəsinin inkişafı böyük əhəmiyyət kəsb edir.

Mirdamət Sadıqov daha sonra bildirdi ki, Azərbaycan iqtisadiyyatında İsmayıllının xüsusi çəkisi vardır.  Rayonun ərazisi 2070 kvadratkilometrdir. İsmayıllı Azərbaycanda ən böyük ərazisi olan rayonlardan biri kimi, təbii-coğrafi şəraitinə görə də olduqca zəngindir. Rayonda kənd təsərrüfatının inkişafı diqqət mərkəzindədir. Təkcə onu demək kifayətdir ki, rayon iqtisadiyyatının 70 faizə qədəri kənd təsərrüfatının payına düşür. Rayonun bundan səmərəli istifadə etməsi üçün bölgənin xarakterik sahələrinin inkişafına qayğı göstərilir.

İsmayıllı rayonu 2013-cü ildə 62 min ton taxıl tədarük etmişdirsə, 2014-cü ildə bu rəqəm 83 min tona, cari ildə isə 103 min tona çatmışdır. Bu fermerlərin fədakar əməyinin və dövlətimizin onlara göstərdiyi qayğının nəticəsidir. Təkcə subsidiyaların alınması nəticəsində bu ay İsmayıllıya 1 milyon 640 min manat dövlət büdcəsindən vəsait daxil olmuşdur. Kənd təsərrüfatı sahəsinə edilən güzəştlər və onların istifadəsində yaradılan şəffaflıq məhsuldarlığın artırılmasına təsir göstərən amillərdəndir.

İsmayıllı ekoloji cəhətdən ən az çirklənmiş torpaq sahələrinə malik rayonlardandır. Ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsullarının elektron ticarətini təmin etmək məqsədilə bu il rayonda yaşıl market elektron ticarət mərkəzi yaradılmışdır. Beynəlxalq standartlara uyğun elektron ticarət qurmaqla internet vasitəsilə qəbul edilən sifarişləri şəhər üzrə ünvanına çatdırmaq mümkün olur. Bu sistemin əhatə dairəsinin genişlənməsi hazırda dünyada mövcud olan urbanizasiya probleminin həllinə kömək edəcək.

Başçı forum iştirakçıları adından İsmayıllı rayonuna göstərdiyi maddi və mənəvi köməyə görə dövlət başçısı İlham Əliyevə təşəkkürünü bildirərək dedi: “İvanovka kəndindəki kolxoz son illər dağılmaq təhülkəsi ilə üz-üzə qalmışdı. 5154 hektar əkin sahəsi olan təsərrüfatın, hətta nizamnaməsi belə yox idi. Belə bir kollektiv təsərrüfatı yenidən yaratmaq, onun nizamnaməsini təsdiq etmək bu il mümkün olmuşdur. Bir neçə gün bundan əvvəl cənab Prezidentin tapşırığı ilə Baş nazir Artur Rasizadə kolxozun 1 milyon manata yaxın borcunun silinməsi haqda sərəncam vermişdir. Ölkə iqtisdiyyatının bugünkü durumunda İvanovka kolxozuna göstərilən maliyyə yardımı dövlətin, ümumilikdə, kənd təsərrüfatı sahəsinə göstərdiyi qayğının təzahürüdür.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov daha sonra dedi: “Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru olduğum dövrdə FAO-nun Romada keçirilən beynəlxalq konfransında iştirak etmişəm. Burada  ölkəmizlə bağlı problemlərin müzakirəsinə qoşulmuşam. Bilirəm ki, İsmayıllı və onun kimi iqtisadiyyata malik bölgələrin potensialı böyükdür. Həmin potensialı üzə çıxarıb inkişaf etdirmək üçün isə belə tədbirlərin rolu əvəzsizdir. Forumun rayonumuzda təşkilinə görə, ölkə rəhbərliyinə, kənd təsərrüfatı naziri Heydər Əsədova, Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniçə İsmayıllı ziyalıları adından təşəkkürümüzü bildirirəm.

Qafqaz Universitetinin rektoru, professor Əhməd Saniç forumun İsmayıllıda keçirilməsindən məmnun olduğunu vurğuladı. Diqqətə çatdırdı ki, ilk vaxtlar kiçik bir qrupla başladığımız Qafqaz İqtisadi Forumu ailəsi gündən-günə böyümüş, ildən-ilə daha geniş miqyas almışdır.

Əhməd Saniç qeyd etdi ki, Qafqaz İqtisadi Forumu ilk dəfədir ki, Kənd Təsərrüfatı Nazirliyirayon icra hakimiyyəti ilə birlikdə təşkil edilmişdir. Bu, çox əhəmiyyətlidir. Çünki Qafqaz Universitetinin başladığı bu ənənənin dövlət tərəfindən dəstəklənməsi ümumi işimizə fayda verəcəkdir. Gələcəkdə Azərbaycan Dövlət İqtisad Universitetininbu tədbirlərdə yaxından iştirak etməsini arzulayıram.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin tapşırığı ilə hər il ölkə iqtisadiyyatının bir sahəsini inkişaf etdirmək üçün dövlət proqramı hazırlanaraq imzalanır. Həmin proqramların icrası istiqamətində dövlət qurumlarının üzərinə mühüm vəzifələr düşür. Fərdi təşəbbüslə həyata keçirilən bu cür tədbirlər isə qeyd olunan sahələrin inkişafını sürətləndirmək, mövcud problemləri aidiyyatı qurumların diqqətinə çatdırmaq baxımından çox önəmlidir.

Professor Əhməd Saniç çıxışının sonunda forumun işinə uğurlar arzuladı və bütün iştirakçılara təşəkkürünü bildirdi.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Rəsul Balayev bildirdi ki, ümummilli lider Heydər Əliyev həmişə kənd təsərrüfatına xüsusi diqqət və qayğı göstərmişdir. Bu qayğı Heydər Əliyev ideyalarının layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən daha geniş miqyasda hazırda da davam etdirilir. Bu gün Azərbaycanın kənd təsərrüfatı sistemində hərtərəfli modernləşdirmə, təkmilləşdirmə prosesləri uğurla gedir.

Sonra natiq kənd təsərrüfatı nazirinin forum iştirakçılarına təbrik məktubunu oxudu.

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin  üzvü Saki Kosuqi tədbir iştirakçılarını salamlayaraq dedi:

“Artıq neçə ildir Azərbaycanla əlaqələrim var. İsmayıllının böyük turizm potensialı olduğuna inanıram. Azərbaycan dövləti neftdən asılı olmayan bir iqtisadiyyat qurur. Bura gəlməzdən öncə İsmayıllıda orta məktəb şagirdləri ilə görüşdüm. Onların parlaq gələcəyi olduğunu düşünürəm. Ən çox sevindiyim isə şagirdlərin Azərbaycanın gələcəyi üçün ürəklə çalışmaları oldu. Yaponiyaya qayıtdıqdan sonra  bütün Azərbaycanı orada təmsil etmək istəyirəm. Məqsədim Azərbaycan və Yaponiya arasında iqtisadi əlaqələri möhkəmləndirməkdir. İsmayıllını bütün dünyada tanıtmaq yönündə mən də üzərimə düşən vəzifələri Yaponiyada yerinə yetirmək niytindəyəm.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxışında təşkilatçılara foruma dəvətə görə minnətdarlıq etdi: “Forumun İsmayıllıda keçirilməsi təsadüfi deyil. Son dövrlər İsmayıllıda  böyük quruculuq işləri həyata keçirilib. Sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib.  Rayon hazırda həm də kənd təsərrüfatı ilə bağlı forumların keçirildiyi məkana çevrilib…”.

Ədalət Muradov vurğuladı ki, neftin dünya bazarında qiymətinin azalması Azərbaycan iqtisadiyyatında çağırışlara səbəb olub. Ölkəmiz bu çağırışlara tam hazırdır.  Ulu öndərimiz Heydər Əliyev tərəfindən hazırlanan strategiyanın hazırda Prezident İlham Əliyev tərəfindən uğurla  həyata keçirilməsi bu  çağırışlara hələ bir neçə il öncədən hazır olduğumuzu  göstərir. Azərbaycan  Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul edilməsi dünya bazarında baş verən neqativ halların öncədən aşkarlanması və müvafiq tədbirlərin  görülməsini təmin etmişdir.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru daha sonra dedi: “Cənab İlham Əliyevin  biz iqtisadçılar qarşısında qoyduğu vəzifələrdən biri qeyri-neft sektorunun inkişafının təmin edilməsi üçün müvafiq təkliflərin hazırlanmasıdır. Aqrar sektor da bu baxımdan olduqca önəmlidir. Ölkəmizdə kənd təsərrüfatı sektorunun ölkə iqtisadiyyatında payı 7 faiz, qeyri-neft sektorunda isə 15 faiz təşkil edir. Məşğul əhalinin üçdə biri kənd təsərrüfatında çalışır. Buna görə də ölkə iqtisadiyyatının gələcək inkişafında kənd təsərrüfatının   xüsusi payı vardır. Fikrimcə,    ölkəmizdə həyata keçirilən dəyişikliklər fonunda İsmayıllı rayonunda görülmüş işlər qeyri-neft sektorunda xüsusi çəkiyə malik aqrar sahənin inkişaf modelinin formalaşması baxımından mühüm önəm daşıyacaq. İnanıram ki, bir neçə ildən sonra kənd təsərrüfatının inkişafından söhbət düşəndə ölkənin hər yerində İsmayıllı modelinin tətbiq edilməsini fəxrlə söyləyəcəklər. Bəli, İsmayıllının belə bir potensialı var.

Türkiyənin Ege Universitetinin kənd təsərrüfatı kafedrasının professoru Uygun Aksoy foruma dəvət  edildiyinə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi: “Kənd təsərrüfatının inkişaf etdirilməsi ərzaq təhlükəsizliyi üçün vacibdir. Eyni zamanda, ətraf mühitin qorunmasını da düşünməliyik. Doğulub boya-başa çatdığımız torpaqları biz bu gün qoruya bilsək, gələcək nəsillər də həmin sahələrdən istifadə edəcək. Bir tərəfdən biz ərzaq məhsulları istehsal etməliyik, digər tərəfdən isə torpağımızı, suyumuzu ekolji cəhətdən  qorumalıyıq. Yalnız belə olan halda torpaqlarımız gələcəkdə də eyni keyfiyyətlə məhsul verəcək… Biz kənd təsərrüfatı mövzusunda 2011-ci ildən etibarən İqtisadi İnkişaf İnstitutu, indi də FAO nəzdində Kənd Təsərrüfatı Nazirliyi ilə layihələr həyata keçiririk. Bu layihələrin təməlində ekoloji təmiz məhsul,  hüquqi bazanın formalaşdırılması kimi vacib məsələlər  dayanır. Türkiyə təcrübəsini Azərbaycanla bölüşməklə ölkənizi ərzaq idxalından ixrac edən dövlətə çevirməyi nəzərdə tutmuşuq.  Azərbaycanın Türkiyənin  keçdiyi yolu qısa bir zamanda keçməsi üçün əlimizdən gələn köməyi əsirgəmirik…”.

Sonra İqtisadiyyat və Sənaye Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyevin “Azərbaycanın strateji inkişafında kənd təsərrüfatının rolumövzusunda məruzəsi dinlənildi. O dedi: “Kənd təsərrüfatının inkişafı ilə bağlı hədəflər “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Bu konsepsiyada yeni inkişaf mərhələsinin prioritetləri müəyyən olunub. Əsas hədəf kimi region potensialından səmərəli istifadə və rəqabətqabiliyyətli məhsul istehsalı ön plana çəkilib...”.

V. Vəliyev inkişaf konsepsiyasında nəzərdə tutulan vacib məsələlərə toxunaraq qeyd etdi ki, regionun potensialından tam və səmərəli istifadə olunması və onların inkişafının tarazlaşdırılması, optimal iqtisadi strukturun təmin edilməsi, regional ixtisaslaşmanın aparılması, regional ixtisaslaşdırma baxımından kiçikorta sahibkarlığın hədəf olaraq seçilməsi və dəstəklənməsi, regional potensial nəzərə alınmaqla sənayeləşdirmənin reallaşdırılması, iqtisadiyyatın bütün sahələrində investisiya, innovasiya və modernləşdirmənin təşviq edilməsi kimi mühüm işlər həllini tapacaq.

Daha sonra kənd təsərrüfatı elmləri doktoru, professor, Əməkdar elm xadimi, Əməkdar müəllim Amin Babayev  “Azərbaycanda ekoloji kənd təsərrüfatının inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış etdi. Alim vurğuladı ki, ekoloji kənd təsərrüfatı-torpağın, ekosistemin və insanların sağlamlığını dəstəkləyən bir istehsal sistemidir. Ekoloji kənd təsərrüfatının əsas məqsədi  ümumi evimiz olan ətraf mühiti qorumaq naminə ənənələri, yenilikləri və elmi bir arada birləşdirməklə ədalətli münasibətlər və həyat tərzinin keyfiyyətinin yüksəldilməsidir. Proqnozlara görə, 2050-ci ildə dünya əhalisinin sayı 9,2 milyarda çatacaqdır (2010-cu ildə bu rəqəm 6,9 milyard olub). Həmin dövrdə əhalinin 70 faizinin şəhərlərdə yaşayacağı planlaşdırılır (hazırda bu rəqəm 50 faizi təşkil edir). Bu gün dünyada 500 milyon əhali aclıq keçirir, 1 milyard insan isə yarımac vəziyyətdə yaşayır. İndi dünyada əkin sahələrinin ərazisini yalnız 6-8 faiz genişləndirmək olarbu halda istehsal olunan ərzağı 40-50 faiz artırmaq mümkündür.

Qafqaz Universiteti maliyyə kafedrasının müdiri, “Journal of Qafqaz University” nəşrinin redaktoru,  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının eksperti Elçin Süleymanov “Azərbaycanda aqrar sektorun maliyyələşmə məsələləri: problemlər və təkliflər” adlı məruzəsində qeyd etdi ki,  ölkəmizdə  neft-qaz sektoru məhsullarının hasilatının artımı və bu sahədən daxil olan valyuta gəlirləri ilə əlaqədar dövlətin maliyyə imkanlarının genişlənməsi kənd təsərrüfatı istehsalçılarının xərclərinə kömək siyasətinin həyata keçirilməsinə şərait yaratmışdır. Bu imkanlardan səmərəli istifadə edilməsi kənd təsərrüfatında istehsalın ümumi iqtisadi şəraitini yaxşılaşdırmış, ixrac məhsullarının xarici bazarlarda  rəqabət qabiliyyətinin yüksəldilməsinə də səbəb olmuşdur. Azərbaycanda kənd təsərrüfatı məhsullarına olan daxili tələbatın böyük  hissəsini yerli istehsalın qarşılaması bu istiqamətdə əhəmiyyətli uğurdur.

Azərbaycanın kənd təsərrüfatı sektorunun müstəqillik illərindəki göstəricilərinə baxdıqda, 1990-cı ilin ümumi istehsal səviyyəsinin ancaq 2008-ci ildə əldə edildiyini, 2014-cü il istehsalının isə baza ilindən 22,7 faiz çox olduğunu görürük. 2015-ci ilin ilk yarımillik göstəricilərinə görə isə ötən ilin yanvar-iyul ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı 2,4 faiz, kənd təsərrüfatının ümumi məhsulu 8,9 faiz artmısdır.

Bank kreditləri üzrə mütəxəsis Niyaməddin Bayramov   çıxış edərək kənd təsərrüfatının kreditləşməsi mexanizmi probleminə toxundu. Bildirdi ki, hazırda Azərbaycanda ölkə əhalisinin 46,8 faizi kənd yerlərində yaşayır. İqtisadi fəal əhalinin 35 faizi kənd təsərrüfatı sahəsində çalışır. Əhalinin məşğulluğunun təmin olunması baxımından kənd təsərrüfatı ölkədə birinci yerdə qərarlaşır. Lakin buna baxmayaraq, kənd təsərrüfatı ölkədə istehsal olunan ÜDM-in cəmi 5,3 faizini istehsal etməklə iqtisadiyyatın digər bütün sahələrindən böyük bir fərqlə geri qalır. Ölkə iqtisadiyyatinda istehsal olunan ÜDM-in iqtisadiyyatda məşgul əhalinin adam başına düşən həcmi 12, 817 manat olduğu halda,  kənd təsərrüfatinda istehsal olunan ÜDM-in kənd təsərrüfatında  məşgul olan əhalinin adam başına düşən həcmi cəmi 1,839 manat təşkil etmişdir. Kənd təsərrüfatında kreditləşmə mexanizmini sadələşdirmək və bu sahənin kredit resurslarina artan tələbatını təmin etmək məqsədilə ölkədə ya ixtisaslaşmış Kənd Təsərrüfatı İnkişafı Bankı, ya da dövlətin ayırdığı vəsaiti birbaşa müvəkkil bankların sərəncamına verməklə birmərhələli kreditləşmə sistemi yaradılmalıdır. Bu bank  ya movcud ixtisaslaşmış qurumlar əsasında təsisçisi dövlət və ya xaricdə bu sahədə ixtisaslaşmış banklar olmaqla yeni bir bank kimi formalaşdırılmalıdır. Bu bankın əsas missiyası fərdi fermer təsərrüfatları və kiçik həcmli kənd təsərrüfatı istehsalı və emalı müəssisələrinə tam həcmli maliyyə xidmətlərinin təqdim edilməsi və əhalinin güzəştli kreditlərə çıxış imkanlarının artırılması olmalıdır. Bank dövlətin müəyyənləşdirdiyi strategiyaya uygun olaraq sahələrin güzəştli və uzunmüddətlı kredit tələblərini ödəməli, kreditləşmə prosesini çevik və sadə şəkildə həyata keçirməli, prosesin şəffaflıgını təmin etməlidir.  Kreditlərin faizi və təklif olunacaq güzəşt müddəti kreditin məqsədinə uygun olaraq müəyyənləşdirilməlidir. Kreditlər ayrılarkən  müraciət edənin mövcüd durumu, onun krediti nece istifadə edəcəyi və gözlədiyi nəticə diqqətlə təhlil olunaraq ümumi starategiyaya uygunlugu aydınlaşdırılmalıdır.

Türkiyə Respublikası Ankara Universiteti kənd təsərrüfatı kafedrasının professoru Emine Olhan Türkiyədə kənd təsərrüfatı məhsullarının daşınma siyasəti və dəstəkləmə mexanizmindən danışdı.

Yerli İqtisadi İnkişaf Mərkəzinin rəhbəri Vaqif Rüstəmov, Azərbaycan Texnologiya Universitetinin professoru  Elşad  Məmmədov, Azərbaycan Texnologiya Universitetinin dosenti  Qalibə Məmmədova, Kənd İnvestisiya Layihəsinin Azərbaycan üzrə direktoru Subhan Əsgərov  və başqaları kənd təsərrüfatının inkişaf etdirilməsi ilə bağlı təkliflərini diqqətə çatdırdılar.

 Dördüncü Qafqaz İqtisadi Forumu “Azərbaycanda kənd təsərrüfatının inkişafının potensial imkanları” adlı təqqdimatla başa çatdı.

Ənənəvi olaraq davam edəcək iqtisadi forumun gələcək illərdə də Azərbaycanın müxtəlif regionlarında aktual iqtisadi məsələlərin müzakirəsi ilə davam etdirilməsi qərara alındı.

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2015.- 21 oktyabr.- S.6.