Sabitlik, iqtisadi
inkişaf
və sosial rifah strategiyası
Tarixboyu gələcək
inkişafı önə çəkən ideyalar ətrafında
sıx birləşən xalqlar qarşıya qoyduqları məqsədlərə
doğru inamla irəliləmiş, uğurlu nəticələr
əldə etmişlər. Fəqət, hər
hansı mütərəqqi ideyanın irəli sürülməsi
özlüyündə hələ onun uğuruna təminat
vermir. Gələcəklə bağlı istənilən
ideya o vaxt həyati və cəlbedici təsir
bağışlayır ki, onun reallaşdırılması
mexanizmləri barədə aydın təsəvvürlər
mövcud olsun. Bu isə ilk növbədə
dövlətə rəhbərlik edən liderin şəxsi
idarəçilik keyfiyyətlərindən, gələcəklə
bağlı doğru qərarlar qəbul etmək məharətindən
asılıdır.
Xalqının maraqlarını uca tutan liderlər
zamanın çağırışlarına cavab verən
realist siyasət yürüdür, uğurlu gələcək
naminə dövlətin güc və imkanlarını cəmləşdirərək
vahid milli ideyanın gerçəkləşdirilməsi naminə
səfərbər edirlər. Ulu öndər Heydər Əliyevin
siyasi kursunu 2003-cü il oktyabrın 15-dən
bütün sahələrdə inamla davam etdirən Azərbaycan
Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi kimi,
hazırda qarşıda duran başlıca məqsəd Azərbaycanı
inkişaf etmiş dövlətlər səviyyəsinə
çatdırmaqdır.
Ümumilikdə
müstəqil Azərbaycanın çağdaş tarixinə
əlamətdar hadisə kimi daxil olaraq bütün həyati əhəmiyyətli
sahələrdə dinamik inkişafa yol açan 2003-cü
ilin 15 oktyabr prezident seçkilərindən ötən 12 il cəmiyyətin bütün təbəqələrinin
mənafelərini özündə ehtiva edən Heydər
Əliyev siyasi kursunun davamlılığını və
alternativsizliyini şərtləndirən amillərin sosial
sifarişə əsaslandığını sübuta
yetirmişdir. Məhz həmin seçkilərdə
xalqın böyük etimadını qazanaraq dövlət
başçısı seçilmiş cənab İlham
Əliyevin 12 illik fəaliyyəti mövcud siyasi
strategiyanın varisliyinin təmin olunmasında yeni mərhələ
kimi dəyərləndirilə bilər.
Xatırlatmaq
yerinə düşər ki, ulu öndər Heydər
Əliyev xalqa 2003-cü il 1 oktyabr tarixli müraciətində
haqlı olaraq cənab İlham Əliyevi yeni mərhələdə
ölkəyə rəhbərlik etməyə qadir şəxsiyyət
kimi gördüyünü bildirmiş, respublikanın gələcək
taleyi baxımından vacib olan bir çox işlərin onun tərəfindən
uğurla başa çatdırılacağına
inamını ifadə etmişdir: “Üzümü Sizə - həmvətənlərimə
tutaraq, qarşıdan gələn prezident seçkilərində
prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan
Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə
çağırıram. O, yüksək intellektli, praqmatik
düşüncəli, müasir dünya siyasətini və
iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar
bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm
İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası
bundan sonra da xalqımızın ən layiqli
övladlarını öz ətrafında sıx birləşdirərək
Azərbaycan dövlətinin inkişafı və
xalqımızın firavanlığı yolunda çox
işlər görəcəklər. İnanıram
ki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işləri
sizin köməyiniz və dəstəyinizlə İlham
Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm”.
Müdrik və qədirbilən xalqımızın Heydər
Əliyev dühasına sonsuz sevgisi, cənab İlham
Əliyevin şəxsiyyətinə və siyasi liderlik keyfiyyətlərinə
dərin inamı 2003-cü ilin 15 oktyabr seçkilərində
qəti sözünü demişdir. Xalqın xeyir-duası
ilə prezident seçilən cənab İlham Əliyev
oktyabrın 31-də keçirilmiş andiçmə mərasimində
demişdir ki, “Azərbaycanı qüdrətli dövlətə
çevirmək üçün ən başlıcası
ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir”.
Cənab İlham Əliyevin ötən 12 illik
prezidentlik fəaliyyəti də ölkə həyatı
üçün strateji əhəmiyyət kəsb edən
inkişaf proqramlarının hazırlanması və işlək
mexanizmlər əsasında həyata keçirilməsi, ən
müxtəlif sahələrdə tərəqqi prosesinin
geniş vüsət alması ilə səciyyəvidir.
“Mən hər bir azərbaycanlının prezidenti
olacağam” - deyən dövlət
başçısının ötən dövrdəki
çoxşaxəli fəaliyyəti ilə bu nəcib niyyətini
bütünlüklə doğrultmuş, sistemli və
düzgün koordinasiya olunmuş fəaliyyəti ilə xalq
qarşısında verdiyi vədlərə sadiqliyini sübut
etmişdir. Cənab
İlham Əliyev hər bir mərhələdə hökumətin
qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin
durduğunu aydın təsəvvür edir və onların həlli
üçün konkret planlara, proqramlara, mobil, peşəkar,
yüksək iş qabiliyyətli komandaya malikdir. “Əsl siyasət
konkret, real iş görməkdən ibarətdir” - tezisini irəli
sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir
ölkə vətəndaşının həyatında
gerçəkliyə çevirmək üçün ciddi
siyasi iradə, qətiyyət və əzmkarlıq
nümayiş etdirmişdir. Dövlət rəhbərinin
ötən dövr ərzində vahid sistem halına
saldığı milli inkişaf modeli həm də onun
yüksək idarəçilik qabiliyyətinin və mükəmməl
iş təcrübəsinin əyani təzahürü kimi
diqqəti çəkir.
2003-cü
ilin 15 oktyabr seçkilərindən sonrakı mərhələnin
nailiyyətlərini gündəlik həyatında hiss edən,
respublikanın əldə etdiyi inanılmaz nəticələrlə
qürur duyan orta statistik azərbaycanlının “Niyə məhz
İlham Əliyevə səs verməliyik” sualına cavabı
da qəti və birmənalı olmuşdur: 2008-ci ilin 15 oktyabr
və 2013-cü ilin 9 oktyabr seçkilərində cənab
İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi
ölkədəki möhkəm ictimai-siyasi sabitliklə,
dinamik iqtisadi inkişafla, demokratikləşmə xəttinin
dönməzliyi ilə şərtlənmişdir.
Əsl siyasətçi mümkün olmayanı
reallaşdırmaq qabiliyyəti ilə seçilir. Bu mənada cənab
İlham Əliyev hər cür pafosdan, populizmdən tamamilə
uzaq olan, praqmatik, realist təfəkkürlü lider
olduğunu təsdiqləmişdir. Ölkə
başçısının elə bir vədi yoxdur ki, ötən
12 ildə bəyanat səviyyəsində
reallaşmamış qalsın. Əksinə,
cəmi 12 ildə həyata keçirilən islahatların -
real miqyasına, əhəmiyyətinə görə - ən
azından onilliklər ərzində
reallaşdırılması mümkündür. Fəqət, öz liderinin yüksək iradəsi, əzmi,
qətiyyəti sayəsində, idarəçilik keyfiyyətləri
sayəsində Azərbaycan bu dövrdə fantastik
görünə biləcək sürətli inkişaf yolu
keçmiş, bir sıra taleyüklü məsələlərin
həllinə nail olmuşdur.
Bu
müddətdə ümummilli liderin yeni neft
strategiyasının tərkib hissəsi olan
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri,
Bakı-Tbilisi-Ərzurum qaz kəməri istifadəyə
verilmiş, “Ümid”, “Abşeron” kimi perspektivli qaz yataqları
kəşf olunmuş, Şərqlə Qərbi qovuşduracaq
Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisinə
başlanılmış, TAP, TANAP kimi enerji layihələrinin
icrasına başlanılmış, yol-nəqliyyat sistemi,
infrastruktur müasirləşdirilmişdir. Xəzərin
karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli məqsədilə
boru kəmərlərinin şaxələndirilməsi
respublikamızı bütövlükdə Avropa məkanının
enerji təhlükəsizliyi sisteminin əsas təminatçılarından
birinə çevrilməsini təmin etmişdir. Bu gün Azərbaycan bütövlükdə MDB və
Avropa məkanında heç bir ölkədən enerji
asılılığı olmayan, müstəqil siyasət
yeridən azsaylı dövlətlərdən biridir. Bu fakt özlüyündə Azərbaycanın
dünya birliyi üçün önəmini daha da
artırmış, respublikamızın Avratlantik strukturlara
inteqrasiya prosesini sürətləndirmişdir.
Bunlarla yanaşı, respublikamız regional və beynəlxalq
əhəmiyyətli layihələri daxili imkanları
hesabına maliyyələşdirmək gücündə
olduğunu sübut etmişdir. Təkcə bir faktı demək
kifayətdir ki, Azərbaycan Şərqlə Qərbi birləşdirəcək
strateji əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin
maliyyələşdirilməsi üçün
Gürcüstana 25 il müddətinə 775 milyon dollar kredit
vermişdir. Azərbaycanın ildən-ilə əhəmiyyətli
dərəcədə artan maliyyə imkanları onun həm də
sərmayədar ölkəyə çevrilməsini, digər
dövlətlərin iqtisadiyyatına kapital
yatırmasını şərtləndirir. Türkiyə,
Gürcüstan, Moldova, İsveçrə və Yunanıstan ərazisində
inşa edilən nəhəng sənaye obyektləri
respublikamızın həmin ölkələrin bu məhsullara
olan təminatında həlledici rol oynaması ilə bərabər,
sərmayədar dövlət kimi dünya bazarında rəqabət
imkanlarını artırır. Şübhəsiz,
digər ölkələrin iqtisadiyyatına yatırılan
investisiyalar yaxın perspektivdə respublikamıza böyük
iqtisadi dividendlər qazandıracaqdır.
Monolit, işlək, çevik komandaya malik dövlət
başçısı keyfiyyətcə yeni mərhələdə
qarşıda duran əsas vəzifələri düzgün
müəyyənləşdirərək ilk növbədə
milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin
keyfiyyət müstəvisinə keçirilməsini təmin
etmiş, respublikamız 2009-cu ildə MDB məkanında ilk
dövlət olaraq iqtisadi sahədə keçid
dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və
sosialyönümlü mahiyyət daşıyan milli inkişaf
modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin
əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə
regionların tarazlı və davamlı inkişafının
sürətləndirilməsi, əhalinin sosial rifah
halının daha da yaxşılaşdırılması,
faydalı məşğulluğunun təmin edilməsi, yeni
iş yerlərinin açılması üçün
sahibkarlığın hərtərəfli dəstəklənməsi
kimi vacib məsələləri özündə ehtiva
etmişdir.
Yeni neft
strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın
xarici sərmayələr üçün cəlbediciliyinin
qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına
yönələn sərmayələrin qeyri-neft sektoruna,
regionların inkişafına doğru istiqamətləndirilməsi,
“qara qızıl”dan əldə olunan gəlirlərin
respublikada güclü insan kapitalının
formalaşdırılması məqsədinə yönəldilməsi
iqtisadi siyasətin əsas prioritetləri kimi diqqəti çəkir.
Bunun nəticəsidir ki, ötən 12 ildə müstəqil
Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş,
büdcə gəlirləri 10 dəfədən çox
artmış, sosial-iqtisadi yüksəliş ilk növbədə
insanların gündəlik həyatında özünü
daha qabarıq büruzə vermişdir.
İctimai rəy dövlətin işinə nəzarət
funksiyasını yerinə yetirməklə müsbət və
mənfi meyillərə obyektiv qiymət verən, hökuməti
mövcud problemlərin həllinə doğru istiqamətləndirən
mühüm mexanizmdir. Ötən 12 ildə hökumətin
vaxtaşırı olaraq xalqa hesabat verməsi də dövlətçilik
tariximizdə mütərəqqi ənənəyə
çevrilmiş, demokratik dəyərlərə hörmətin,
ictimai rəyə həssas münasibətin ifadəsi kimi diqqəti
çəkmişdir. Bu, eyni zamanda cəmiyyətdə
şəffaflığın və sosial ədalət
normalarının qorunmasını təmin etmiş, dövlət
məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini
artırmış, onları qarşıya qoyulmuş vəzifələrin
uğurla həyata keçirilməsi üçün daha səylə
çalışmağa sövq etmişdir. Artıq bir neçə ildir ki, bu cür hesabatlar həm
də konkret dövr ərzində əldə edilmiş nailiyyətlərin
qiymətləndirilməsi, müstəqil dövlətimizin
qazandığı uğurların ictimaiyyətə
çatdırılması, mövcud problemlər ətrafında
müzakirələrin aparılması, bu problemlərin həlli
yollarının tapılması üçün səmərəli
vasitəyə çevrilmişdir.
Uğurların
bir mühüm səbəbi də var: dövlət
başçısı insan və şəxsiyyət amilini
yüksəltməkdə hər bir vətəndaşın
maraqlarının dövlət üçün üstün
olduğunu nümayiş etdirmişdir. Son illər
bu məqsədlə regionlarda yeni sosial-mədəni obyektlər
- ən müasir tələblərə cavab verən məktəblər,
səhiyyə ocaqları, körpülər, yollar
tikilmişdir. Hətta sovet dövründə
də mavi yanacaq üzü görməyən
Yardımlıya, Lerikə qaz çəkilmiş, Qubanın
ucqar dağ kəndi Xınalığa yol çəkilmiş,
Quba-Şamaxı yolunun inşasına
başlanılmışdır. Bütün
bunlar regionlarda mənəvi ab-havanın
yaxşılaşmasına səbəb olmaqla Azərbaycan
insanının dövlətə, onun rəhbərinə
etimadını, sevgisini və rəğbətini daha da
artırır.
Ötən illərdə vəzifəli şəxslərə
etimadı onların xalqa xidmətinə nəzərən
müəyyənləşdirən Prezident İlham Əliyev,
eyni zamanda Prezident-vətəndaş arasındakı psixoloji səddi
aradan götürməyi də bacarmışdır. Yerlərdə
sıravi vətəndaşlarla görüşmüş,
onlarla səmimi söhbət edərək problemlərinin həlli
istiqamətində çevik qərarlar qəbul etmişdir.
Cənab İlham Əliyevin xarakter etibarilə
sadə və səmimi, praktik siyasətçi olması onun
sıravi vətəndaşlarla təmaslarında daha
qabarıq şəkildə üzə
çıxmışdır. Dövlət
rəhbəri ötən müddətdə komandasında təmsil
olunan şəxslərlə də sadə, səmimi,
qarşılıqlı hörmətə əsaslanan rəftarın
tərəfdarı olduğunu sübuta yetirmişdir. Bütün bunlar yeri gəldikcə Azərbaycan
Prezidentinin yetərincə sərt qərarlarını, qəti
addımlarını da inkar etməmişdir. Realist və ədalətli rəhbər kimi hər
bir məmura onun fəaliyyətinə, bacarığına,
xalqa, dövlətə bağlılığına görə
dəyər vermişdir. Yeni dövrün
tələblərinə uyğun çalışmayanlar,
tutduğu vəzifənin öhdəsindən gələ bilməyənlər
tutduqları postlardan uzaqlaşdırılmış, vəzifəsinin
məsuliyyətini dərindən dərk edib xalqın və
dövlət rəhbərinin etimadını qazanmaq
üçün vicdanla çalışanlar isə daha da irəli
çəkilmişlər.
Ölkə başçısı Azərbaycanı
müasir və qüdrətli dövlətə çevirmək
məqsədini sadəcə deklarativ bəyanatlarla ifadə
etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi
istiqamətində də konkret addımlar atır. Dövlət
başçısının “Azərbaycan 2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyasının təsdiq edilməsi
barədə” 30 dekabr 2012-ci il tarixli sərəncamı
bunun bariz nümunəsidir. Bu sənəd deməyə
əsas verir ki, ölkə başçısı Azərbaycanın
hazırkı uğurları ilə
arxayınlaşmağı düzgün saymayaraq uzunmuddətli
inkişaf strategiyasının dərin elmi proqnozlar əsasında
işlənib hazırlanmasını təmin etmişdir.
Konsepsiya 2020-ci ilədək Azərbaycanın
inkişaf etmiş ölkələr sırasına daxil
olmasını hədəfləyir.
Ümumilikdə son 12 ilin iqtisadi statistikası Azərbaycanda
həyata keçirilən siyasətin alternativsizliyini bir daha təsdiqləyir. Ötən
dövrün uğurlarını təmin edən mühüm
amillər sırasında konkret dövr üçün həyata
keçiriləcək tədbirləri özündə ehtiva
edən sahəvi dövlət proqramlarının
hazırlanmasını və icrasını xüsusi
vurğulamaq lazım gəlir. İqtisadiyyatın
diversifikasiyası ilə bağlı nəzərdə
tutulmuş tədbirlərin ardıcıl şəkildə
reallaşdırılması üçün dövlət
başçısının müvafiq fərman və sərəncamları
ilə “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı”, “2008-2015-ci illərdə
Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatına dair Dövlət
Proqramı”, “Azərbaycan Respublikası regionlarının
2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiq edilmişdir və onların bir qismi
hazırda uğurla icra olunur.
Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının
yekunlarına və qarşıda duran vəzifələrin
müzakirəsinə həsr olunmuş iclası
respublikamızın qlobal iqtisadi böhrana qarşı
qabaqlayıcı tədbirlər həyata keçirdiyini,
neqativ proseslərdən maksimum dərəcədə
sığortalandığını göstərir. Ölkə
başçısının iştirakı ilə
keçirilmiş iclasda səslənən rəqəmlər
göstərir ki, regional və qlobal səviyyədə
mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə
baxmayaraq, ölkə iqtisadiyyatının inkişaf
dinamikası davam edir. Hesabat dövründə ümumi
daxili məhsul 3,7 faiz artmışdır.
Aparılan şaxələndirmə siyasətinin nəticəsidir
ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olmuş, əvvəlki
dövrlərdə olduğu kimi, 9 ayda da bu sektorun
inkişafı hesabına ümumi iqtisadi artıma nail
olunmuşdur. Ümumilikdə qeyri-neft sektorunda yaradılan əlavə
dəyər 2003-cü illə müqayisədə 8 dəfədən
çox artmış, qeyri-neft sektorunun ümumi daxili məhsulda
payı 68,8 faizə
çatmışdır.
İclasda
da qeyd olunduğu kimi, sənayeləşmə siyasəti
çərçivəsində müvafiq Dövlət
Proqramına uyğun olaraq, 9 ayda müasir sənaye müəssisələrinin
yaradılmasının dəstəklənməsi, sənaye
parklarının və məhəllələrinin təşkili
işləri davam etdirilmişdir. Sumqayıt
Kimya Sənaye Parkında birinci mərhələ üzrə
infrastrukturun qurulması başa
çatdırılmışdır. Qaradağ
Sənaye Parkının və Neftçala Sənaye Məhəlləsinin
yaradılması istiqamətində də işlər davam
etdirilir.
Ölkə
başçısının 3 mart 2013-cü il
tarixli “Sahibkarlığın inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” fərmanına
uyğun olaraq sahibkarlığın inkişaf etdirilməsi və
biznes mühitinin daha da yaxşılaşdırılması
istiqamətində sistemli tədbirlər davam etdirilmiş,
qabaqcıl beynəlxalq təcrübə nəzərə
alınmaqla daha mütərəqqi normativ-hüquqi baza
formalaşdırılmışdır. Sahibkarlıq
subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının
aparılması, daşınmaz əmlaka hüquqların
qeydiyyatı sahəsində keçirilən islahatların
davamı olaraq tikintiyə icazələrin verilməsi,
korporativ idarəetmənin təkmilləşdirilməsi,
investorların maraqlarının qorunması və müflisləşmə
üzrə qanunvericiliyə zəruri dəyişikliklər
edilmişdir. Hazırda elektrik təchizatı
şəbəkəsinə qoşulma və kreditlərin
verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin
təkmilləşdirilməsi istiqamətində tədbirlər
davam etdirilir.
Dövlət
başçısı cənab İlham Əliyevin Nazirlər
Kabinetinin son iclasında sahibkarların hüquqlarının
qorunması, onlara qarşı əsassız iddiaların aradan
qaldırılması zərurəti ilə bağlı
söylədiyi fikirlər də təqdirəlayiqdir:
“Sahibkarlara problemlər yaradır, onlardan əsassız yerə
pul tələb edirlər. Sahibkar heç kimə
borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam.
Sahibkarları boğurlar, soyurlar, incidirlər.
Bu, dözülməz haldır...
...Gəlirlər,
əsassız tələblər irəli sürürlər,
sanki bunlara kimsə borcludur. Heç kim
heç kimə borclu deyil. Bu əməlləri
törədənlər ciddi şəkildə cəzalandırılacaq.
Onlar bu çirkin əməllərdən əl
çəksinlər. Bu, ilk növbədə
bizim siyasətimizə ziddir. Digər tərəfdən,
bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə
inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər”.
Ümumilikdə
özəl sektora maliyyə dəstəyinin daha da gücləndirilməsi
məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
9 ayda 4.250 sahibkara 160 milyon manat güzəştli kredit
verilmiş və bu kreditlər hesabına 9900-dək yeni
iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Kreditlərin 47 faizi büdcə, 53 faizi isə
qaytarılmış vəsaitlər hesabına verilmişdir.
Verilmiş kreditlərin 64 faizi regionların, 36
faizi Bakı şəhərinin qəsəbələrinin
payına düşür. İlin sonunadək
ümumilikdə 220 milyon manat güzəştli kreditin verilməsi
nəzərdə tutulmuşdur.
Bütün
bunların nəticəsidir ki, Ümumdünya İqtisadi
Forumunun Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan
iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə
görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşmış,
MDB məkanında 7-ci ildir ki, lider mövqeyini qorumuşdur. Avqust ayında “Fitch” beynəlxalq reytinq agentliyi
ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha
təsdiq edərək proqnozu “sabit” saxlamışdır.
Bu günlərdə həmçinin Beynəlxalq Valyuta Fondu
Azərbaycanın 2015-ci il
üçün iqtisadi artım proqnozunu 4 faizədək
yüksəltmişdir.
Ötən illərdən formalaşmış ənənənin
davamı olaraq regionların sosial-iqtisadi inkişafı istiqamətində
tədbirlər də diqqət mərkəzində
saxlanılmışdır. Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı
çərçivəsində 9 ay ərzində 170-dən
çox sənaye, kənd təsərrüfatı, xidmət
və ticarət müəssisəsi fəaliyyətə
başlamışdır. Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı çərçivəsində əhalinin
su, qaz, elektrik enerjisi və istiliklə təchizatı, rabitə
xidmətlərinin yaxşılaşdırılması,
abadlıq və quruculuq, qəsəbədaxili yolların
salınması işləri davam etdirilir.
2016-ci ilin dövlət büdcəsinin
sosialyönümlü xarakter daşıması da təsadüfi
deyildir. Son illər ölkəmizdə əhalinin etibarlı
sosial müdafiəsinin, habelə vətəndaşların
yüksək rifah halının təmini istiqamətində həyata
keçirilən ardıcıl tədbirlər
respublikamızın milli inkişaf modelinin
sosialyönümlü səciyyə
daşıdığını tam təsdiqləmişdir.
Qlobal böhrana baxmayaraq vətəndaşların
sosial müdafiəsi ilə bağlı xərclər nəinki
azaldılmamış, hətta bir sıra sahələr
üzrə artırılmışdır.
Hazırda respublikada həyata keçirilən sosial siyasətin
əsas prioritetlərindən biri bu sahədə inkişaf
indekslərinin Avropa tələblərinə
uyğunlaşdırılması, sosial hüquqların
etibarlı müdafiəsi mexanizminin
formalaşdırılmasıdır. Bu meyarlar dövlət
başçısının sərəncamı ilə təsdiq
olunmuş “2014-2020-ci illərdə Azərbaycan
Respublikasında pensiya təminatı sisteminin islahatı
Konsepsiyası”nda da öz əksini tapmışdır. Sənəddə qarşıdakı illərdə
sosial müdafiə tədbirlərinin əhatəsinin gücləndirilməsi,
aztəminatlı ailələrin maddi imkanlarının
yaxşılaşmasına yönəlik sosial layihələrin
davam etdirilməsi, sosial sistemin təkmilləşdirilməsi
məqsədilə islahatların həyata keçirilməsi,
sosial təminat və pensiya sisteminin daim yenilənən
müasir tələblərə
uyğunlaşdırılması ilə bağlı prioritetlər
müəyyənləşdirilmişdir.
Bütün
bunlar bir daha təsdiqləyir ki, son 12 ildə iqtisadi və
inkişaf göstəricilərinə görə, dünya
miqyasında lider mövqelərini qoruyub saxlamağa müvəffəq
olmuş Azərbaycanda həyata keçirilən siyasət
bütün çalarları ilə məhz insan amilinin
yüksəlişinə xidmət etmişdir. Cənab
İlham Əliyevin təşəbbüsü və rəhbərliyi
altında ölkədə işsizlik probleminin həlli, yeni
sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət,
səhiyyə, rabitə müəssisələrinin qısa
müddət ərzində tikilərək istifadəyə
verilməsi, yeni yolların, su, qaz, elektrik, rabitə xətlərinin
çəkilişi son nəticədə Azərbaycan
insanının mədəni-intellektual səviyyəsinin
yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin
cəmiyyətimizdə əsas meyara çevrilməsinə
xidmət göstərir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev sosial-iqtisadi
inkişafın keyfiyyətcə yeni mərhələsində
insan və vətəndaş mənafeyinə xidmət edən
islahatların dərinləşdirilməsini də vacib
sayır. Son illər korrupsiyaya qarşı mübarizə tədbirləri
çərçivəsində yaradılmış “ASAN xidmət”
mərkəzləri qısa müddətdə ictimaiyyətin
böyük inam və etimadını qazanaraq Azərbaycanın
milli brendinə çevrilmişdir. Bu,
dövlət idarəçiliyinə özəl sektorda
geniş yayılmış “müştəri məmnunluğu”
ideyasının geniş tətbiqinə, dövlət
qulluqçusu-vətəndaş münasibətlərinin
keyfiyyətcə yeni müstəviyə keçməsinə
təkan vermişdir. Vətəndaşlara
göstərilən xidmətlərin “vahid pəncərə” əsasında
həyata keçirilməsi ölkədə vətəndaş-dövlət
münasibətlərini yeni keyfiyyət mərhələsinə
yüksəltmişdir.
Bu təşəbbüs vətəndaşların
dövlətə olan inam və etimadını, güvənini
daha da artırmaqla yanaşı, ölkə
başçısının neqativ hallara qarşı
mübarizədə prinsipial siyasi iradə nümayişinin
bariz təcəssümü olmuş, respublikamızın beynəlxalq
arenada nüfuzu daha da yüksəlmişdir. Azərbaycan Prezidenti cənab
İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bununla
bağlı demişdir: “ASAN xidmət”in yaradılması
ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində
“ASAN xidmət”ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti
onlara göstərilən xidmətlərdən razıdır.
“ASAN xidmət”də korrupsiya, rüşvətxorluq,
bürokratiya yoxdur. Bu, nəyi göstərir?
Birincisi, onu göstərir ki, bizim korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizə
aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu
göstərir ki, korrupsiyanı, rüşvətxorluğu
aradan götürmək mümkündür. “ASAN xidmət”də bu, mümkündürsə,
başqa sahələrdə niyə mümkün deyil? Ona görə, burada hər bir dövlət qurumu nəticə
çıxarmalıdır. “ASAN xidmət”in
praktikası bütün yerlərdə tətbiq edilməlidir
və “ASAN xidmət”in funksiyaları genişləndirilməlidir”.
Dövlət başçısının söylədiyi
dəyərli fikirlər, atdığı addımlar bir daha
göstərir ki, cənab İlham Əliyev keyfiyyətcə
yeni mərhələdə ictimai münasibətlər
sisteminin sağlamlaşmasını, məmurların fəaliyyətində
müasir dövrün tələblərinin nəzərə
alınmasını, idarəçilikdə sivil normaların
qorunmasını vacib sayır. Dövlət
başçısının prinsipial siyasi idarəsi ilə
son aylar icra hakimiyyəti strukturlarında aparılmış
kadr dəyişiklikləri - yeni təyinatlar da məhz bu ali məqsəddən qaynaqlanır. Xüsusi vurğulamaq istərdim ki, bu islahatlar
Sumqayıt şəhərinin əhalisi tərəfindən də
böyük razılıq hissi ilə
qarşılanmış, insanlarda mövcud problemlərin həllində
tezliklə əsaslı dönüşə səbəb
olacağı qənaətini yəqinləşdirmişdir.
Bu, həm də ölkə
başçısının Sumqayıt şəhərinin
inkişafına, müasirləşməsinə və
mövcud problemlərinin həllinə böyük həssaslıqla,
diqqətlə yanaşdığını göstərir.
Dövlət başçısının
tapşırıqları əsasında şəhər təsərrüfatına,
ictimai həyatına dərindən bələd olan yeni rəhbərlik
tərəfindən genişmiqyaslı abadlıq və yenidənqurma
işlərinə başlanılmışdır. Sumqayıtın
girişində yolun genişləndirilməsi, binaların əsaslı
təmirinə başlanılması və digər
çoxşaxəli tədbirlər problemlərə kompleks
yanaşmanın mövcud olduğunu bir daha təsdiqləyir.
Yeni rəhbərliyin bir aylıq fəaliyyəti
göstərir ki, Sumqayıt yaxın zamanda yalnız gözəl
yaşayış məntəqəsi kimi deyil, eyni zamanda
sağlam ictimai iqlim zonası və ölkənin sosial-iqtisadi
inkişafında öz yeri olan ərazi təsərrüfat
kompleksi kimi inkişaf edəcəkdir. İş
adamı olaraq şəhərdə sahibkarlarla münasibətlərin
sağlamlaşdırılması,
qarşılıqlı-faydalı əlaqələrin
inkişafı, səmərəli layihələrin dəstəklənməsi
istiqamətində atılan addımları da razılıqla
qeyd etmək istəyirəm.
Bir sözlə, Azərbaycan Prezidenti cənab İlham
Əliyev son 12 illik fəaliyyəti ilə bir daha sübuta
yetirmişdir ki, xalq dövlət üçün yox, dövlət
xalq üçündür. Ölkə
başçısı həllini gözləyən problemlərə
obyektiv və real yanaşmaqla onların təkzib olunmasına
və ya ört-basdır edilməsinə yox, əməli fəaliyyətlə
aradan qaldırılmasına
çalışmışdır. Dövlət
başçısı qazanılmış nailiyyətlərlə
yanaşı, bir sıra problemlərin mövcudluğunu da
etiraf etmiş, hökumət üzvlərini problemləri gizlətməməyə,
əksinə, nöqsanları hər cəhətdən
öyrənməyə, təhlil etməyə, aradan
qaldırmağa çağırmışdır.
Ümumilikdə ötən dövrün təhlili bu qənaətə
gəlməyə əsas verir ki, ulu öndər Heydər
Əliyev siyasi kursunun davam etdirilməsi Azərbaycanda ictimai zərurətə
çevrilmişdir. Bu kursu layiqincə davam etdirən dövlət
başçısı cənab İlham Əliyev hər
addımında milli maraq və mənafeləri uca tutur,
ölkə vətəndaşlarının arzu və istəyini
gerçəkləşdirmək üçün
böyük əzmkarlıqla çalışır. Azərbaycan Prezidentinin fəaliyyətinin əsas qayəsi
də xalqa və dövlətə sədaqətli, layiqli xidmət
prinsipi üzərində qurulmuşdur. Əminliklə
demək olar ki, Azərbaycan xalqını uğurlu gələcəyə
aparan bu siyasət növbəti illərdə də davam
etdiriləcək, respublikamız cənab İlham Əliyevin rəhbərliyi
altında inkişaf tempini sürətləndirəcək,
qabaqcıl dövlətlər arasında layiqli yerini
tutacaqdır.
Qüdrət
KƏRİMOV,
“Xəzər”
ASC-nin sədri, iqtisad elmləri doktoru
Xalq qəzeti.- 2015.- 23 oktyabr.- S.5.