Lənkəran: Uğurlar davam edir

 

Xəzərin zümrüd boyunbağısı sayılan Lənkərana payız səfərimdə məni yolboyu müşayiət edən yağışın həzin melodiyaları unudulmaz sənətkarımız Rəşid Behbudovun bir zamanlar şövqlə oxuduğu mahnının sözlərini yadıma saldı: “Mənim qızıl Lənkəranım, arzu kimi gözəlsən...”

 

Gözü nur baxışlı, çölü-düzü yağışlı, çəməni-çiçəyi şehli, suları parlaqdır Lənkəranın. Bu diyarı əbəs yerə “cənub mirvarisi” adlandırmayıblar. Bildiyimiz kimi, Marqaruta adası Venesuelanın mirvarisi sayılır. Palmira Yaxın Şərqin, Budapeşt isə Dunayın mirvarisidir. Acman Birləşmiş Ərəb Əmirliklərinin mirvari şəhəri kimi tanınır. Lənkəran da bizim cənub bölgəmizin mirvarisi, subtropik iqlim zonasının  əsrarəngiz məkanıdır. Turistlər bu yerləri çox sevirlər. Məşhur “Nənələr” folklor ansamblının üzvləri toylarda gəlini tərif edərkən bu sözləri oxuyurlar: “Mirvaridən saçaq töküb telinə”. Cənubluların inancına görə, yuxuda mirvari görmək uğura işarədir...

Bu bölgənin özəl keyfiyyətləri az deyil. Lənkəran dedikdə, ilk növbədə, ağlımıza Lənkəran çayı və limonu gəlsə də, eyni zamanda, talışların özünəməxsus ləziz mətbəxi xüsusi qeyd edilməyə layiqdir. Müxtəlif növ ləvəngi, çox çeşidli plov və balıq yeməkləri bura gələn turistləri ən azı yerli təbiətin ecazkarlığı qədər özünə cəlb edir. Bölgənin yetirmələri arasında xeyli sayda görkəmli elm, incəsənət, ədəbiyyat adamı Azərbaycanın mədəni-ictimai həyatında mühüm rol oynayır, dövlət idarəçiliyində fəal iştirak edərək ümumi işə dəyərli töhfələr verirlər.

Lənkəranı bir görən bir də görmək istəyir. İndi gözəl cənub şəhəri beş-on il əvvəlki görkəmindən xeyli seçilir. Tərəqqi meylləri güclənib. İnfrastruktur təkmilləşir, yeni tikililər boy göstərir, əhalinin şəraiti yaxşılaşır, turizm imkanları genişlənir. Əlbəttə, hələ görüləsi işlər də varbu yöndə göstərilən səylər nəticəsiz qalmır.

İl uzunu yağışların yuyub günün qurutduğu bu gözəl məkan, təəssüf ki, bir neçə gün öncə daha güclü yağıntıya məruz qalmış, sel suları təsərrüfatlara ciddi ziyan vurmuşdu. Rayon rəhbərliyi ilə yerli camaatın fövqəladə vəziyyətdə lazım olan bütün ilkin tədbirləri gördüklərini bilirdim. İki-üç gün sonra isə cənab İlham Əliyevin Lənkərana yağan yağışlar nəticəsində dəymiş ziyanla və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması hər kəsin ürəyindən xəbər verdi. Həmin sərəncama əsasən, ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 4 milyon manat ayrıldı. Bu da Lənkəranın daim dövlətin və dövlət başçısının diqqətində olmasına dair daha bir konkret fakt! Sevindirici haldır ki, şəhər rəhbərliyi də, adi vətəndaşlar da qayğını lazımınca dəyərləndirir və əməli işlərlə cavablandırmağa çalışırlar.

Elə səfərimin ertəsi günü Lənkəran ŞİH başçısı yanında şuranın geniş tərkibdə keçirilən iclasında bu barədə ətraflı danışılıb. İcra hakimiyyətinin başçısı Taleh Qaraşov söhbətimiz zamanı bildirdi ki, son illərdə cənab İlham Əliyevin Lənkərana davamlı diqqəti və qayğısı nəticəsində rayonun sosial-iqtisadi və mədəni həyatında inkişaf davam edib, şəhərdə və bütövlükdə rayon ərazisində genişmiqyaslı abadlıq və quruculuq işləri həyata keçirilib, iri həcmli layihələrin icrası təmin olunub, yeni layihələrə start verilib.

İlin əvvəlindən rayonda ümumi məhsul buraxılışı 280,9 milyon  manat  təşkil edib. Sənayedə 16,7 milyon  manatlıq və ya ötən ilin müvafiq dövrünə  nisbətən 7,9 faiz çox məhsul istehsal olunub. Sənayenin qeyri-dövlət sektorunda  istehsalın həcmi 7,3 faiz artıb və ümumi həcmdə onun xüsusi çəkisi 66,5 faiz olub.

Cari ilin 9 ayında rayonda ümumilikdə 2044 yeni yeri açılıb, onlardan  1601-i  daimidir.  Ölkə başçısının müvafiq sərəncamına əsasən sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair əlavə tədbirlər çərçivəsində Lənkəran şəhərinin daxili avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədilə ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərin 13 küçəsində ümumilikdə 11 kilometr uzunluğunda asfaltlama işləri aparılıb. Həmçinin, həmin vəsait daxilində şəhərin küçə, bağ parklarında xeyli hasar hörülüb, tamet, səki daşları düzülüb, 45000 ədəd gül kolu, 600 ədəd dekorativ müxtəlif növdən 1200 ədəd ağac əkilib. Çoxmərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunub, fasadı yenilənib, üzlükləri dəyişdirilib. Bu ilin 9 ayı ərzində şəhər icra hakimiyyəti tərəfindən dövlət vəsaiti daxili imkanlar hesabına şəhərdaxili küçələrin sıradan çıxmış hissələrində 3424 kvadratmetr cari təmir işləri aparılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ayrılmış 5 milyon 602 min manat vəsaitə uyğun olaraq on min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən 18,8 kilometrlik Liman-Nərimanabad-Balıqçılar avtomobil yolu yüksək səviyyədə tikilərək Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.

Dövlət rəhbərinin digər sərəncamı ilə ayrılmış 3,2 milyon vəsait hesabına 12,9 min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən 11,2 kilometr uzunluğunda Aşağı Nüvədi-Kənarmeşə-Şürük avtomobil yolu əsaslı təmir olunaraq asfaltlanıb.

Qarşıdakı dövrdə rayonda turizmin daha da inkişaf etdirilməsi üçün tədbirlərin görülməsi nəzərdə tutulur. Hazırda yeni Olimpiya İdman Kompleksinin 11 mərtəbəli 5 ulduzlu otel kompleksinin tikintisi davam etdirilir. Həmçinin, ölkə başçısının sərəncamı ilə abadlıq-quruculuq işlərinin aparılması məqsədilə  ayrılmış 4 milyon manat vəsaitə uyğun olaraq şəhərdə abadlıq-quruculuq işləri aparılır. Bundan əlavə, şəhərdə izafi suların axdığı kanal arxlar tam təmizlənəcək, qəsəbə kəndlərin, yeni yaşayış məhəllələrinin daxili yolları təmir olunacaq, elektrik transformatorları dirəkləri, naqillər yenisi ilə əvəzlənəcək.

İki ay öncə Balıqçılar qəsəbəsinə mavi yanacaq verilib. Uğurlanma mərasimində icra hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, Lənkəranda artıq 62 yaşayış məntəqəsi qazlaşdırılıb, ilin sonunadək daha 6 kənd təbii qaz alacaq.

Aqrar sahədə işlərin sürətləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, çayçılığın inkişafına diqqətin artırılması, yeni istehsal obyektlərinin yaradılması  yeni yerlərinin  açılması nəzərdə tutulur. “Kənd təsərrüfatı  iliilə əlaqədar sahibkarlarla söhbətlər aparılıb ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin icrasını reallaşdırmaq, ekoloji təmiz məhsulların istehsalı üçün əkin sahələrindən səmərəli istifadə etməklə bağlı onlara tövsiyələr verilib. Rayonda yaradılmış yeni sitrus təsərrüfatında Cənubi Koreyadan gətirilənHallabongmeyvəsinin ağacları əkilib. Gələcəkdə təsərrüfat daha da genişləndirilərək 500 hektara yaxın ərazini əhatə edəcək. O, cümlədən dağətəyi ərazilərdə terras əkin üsulu ilə sitrus plantasiyaları salınacaq. Bu işlərin nəticəsində istifadəsiz qalmış torpaqlar yenidən kənd təsərrüfatı təyinatı üzrə dövriyyəyə qatılacaq bu da əlavə 2 min daimi yerinin yaranmasına imkan verəcək.

Hazırda rayon ərazisində 566 hektar çay sahəsi mövcuddur ki, bunun da 454,4 hektarı  fermerlərə məxsusdur. Ayrı-ayrı kənd qəsəbələrdə salınmış yeni plantasiyalar çayçılığın əvvəlki şöhrətinin qaytarılmasından soraq verir. İlin 9 ayının nəticəsi ürəkaçandır. Plantasiyalardan 100 tona yaxın keyfiyyətli fleş yığılaraq emal müəssisələrinə göndərilib. Məhsul yığımında fermer İlyas Əliyevin, sahibkarlar Fərman Quliyevin, Vəli Abdullayevin, Araz Yaqubovun... başçılıq etdikləri təsərrüfatlar daha çox fərqləniblər. Plantasiyalarda yığım davam etməklə yanaşı, yeni çay sahələrinin salınması davam edir.

Onu da öyrəndik ki, 14 hektarda yeni meyvə bağları salınıb, 20 hektarda bərpa işləri aparılıb. Cari ildə rayonda 108 hektar sahədə çəltik əkini keçirilib 315 ton məhsul toplanıb. Ərzaq bolluğu insanların həyatını daha da gözəlləşdirir, qonaq-qara qarşısına hər zamankı kimi üzüağ çıxmasını təmin edir.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2015.- 25 oktyabr.- S.7.