İnformasiya-kommunikasiya texnologiyaları sektorunun

dinamik inkişafı ölkə iqtisadiyyatının sürətli artımına təkan verir

 

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, ölkə iqtisadiyyatının digər sahələrinin sürətli artımına təkan verir. Təbii ki, bu inkişafın əsasında ölkə Prezidentinin  İKT-nin inkişafına xüsusi önəm verməsi, yaxından dəstəyi durur.

 

2015-ci ilin 9 ayında da bu sahədə inkişaf davam  etmişdir. Əvvəlki dövrlərdə olduğu kimi, İKT sahəsində qarşıya qoyulmuş tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi, sahənin inkişafı ilə bağlı bir sıra layihələrin icrasına başlanılması, innovativ həllərin tətbiqi, yeni texnologiyaların şəbəkədə tətbiqi, xidmət keyfiyyətinin  yüksəldilməsi ilə yadda qalıb.

Qeyd edək ki, bu dövr ərzində  Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” və dövlət proqramlarında rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması və inkişafı üzrə nəzərdə tutulmuş tədbirlər  davam etdirilib. Sektorun inkişafı istiqamətində görülən işlər öz bəhrəsini vermiş və bunun nəticəsində sektorun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz artaraq 1280,9 milyon manat olub. Eyni  zamanda, sektora 209,8 milyon manat, o cümlədən  RYTN-in tabeli müəssisələri tərəfindən 61,2 milyon manat investisiya yatırılıb. Sektor üzrə investisiya ölkə iqtisadiyyatına qoyulan investisiyanın 1,8  faizini təşkil edib və ötən ilin 9 ayı ilə müqayisədə investisiyanın həcmi 2,2 dəfə çoxdur.

Respublikanın regionlarında rayon  mərkəzləri,  şəhərlər    qəsəbələrlə  yanaşı, ucqar kənd  yaşayış  məntəqələrində    əhalinin yüksək keyfiyyətli,  genişzolaqlı  internet  xidmətlərindən  istifadəsi  məqsədilə “Multimedia  xidmətlərinin  inkişafı”  layihəsi  icra edilməkdədir. Həmçinin, Bakı şəhər telefon şəbəkəsinə aid telefon nömrələrindən regionlarda yaşayan əhalinin istifadə etməsinə imkan verən “Daşınan telefon xidməti” istifadəyə verilib və  2015-ci il oktyabrın 1-nə olan məlumata  görə bu xidmətdən istifadə  edən abunəçilərin sayı 1000-i ötüb. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən bütün sabit şəbəkə operatorlarının abunəçilərinin telefonlarını həm respublika daxilində, həm də dünyanın istənilən nöqtəsinə daşınması imkanı verən “Aztelefon” xidməti istismara verilib.

Hazırda respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon  aparatlarının  sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon  aparatlarının  sayı isə 69,01 ədəd,  100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir. Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artmışdır. İnternet və genişzolaqlı internet istifadəçiləri üzrə göstəricilərinə görə Azərbaycan üzrə dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

Respublika və regional TV və radio proqramlarının yayım əhatəsinin və keyfiyyətinin artırılması,  kənar yayımların qarşısının alınması təmin edilib. Respublika ərazisində “Mərkəzləşdirilmiş Avtomatik Radiomonitorinq Şəbəkəsi”nin Bakı və Abşeron  üzrə stansiyaları ən müasir avadanlıqlar əsasında qurulub, bu  dövrdə  5 ədəd mobil radiomonitorinq stansiyası və digər qurğular alınmış və I Avropa Oyunlarında tezliklərin ayrılması və onların maneəsiz işləməsinə nəzarət edilməsi   yüksək səviyyədə həyata keçirilmişdir.

Ötən  doqquz  ay ərzində poçt xidməti şəbəkəsinin inkişafı və genişləndirilməsi sahəsində bir sıra əməli tədbirlər həyata keçirilib. Həmin müddətdə daxili sadə və sifarişli məktub korrespondensiyalarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,7  faiz artaraq, 5 573 608 ədəd, daxil olan beynəlxalq kiçik paketlərin sayı isə 27,9  faiz artaraq, 613, 672 ədəd təşkil etmişdir.

“Azərpoçt” MMC-nin tabeliyində olan poçt filiallarının bütün lisenziyalı  poçt  şöbələri Contact, Kaspian Mani transfer (Caspian Money Transfer), Zolotaya Korona beynəlxalq pul köçürmələri sisteminə qoşulub və əhalinin istifadəsinə verilib. Maliyyə xidməti fəaliyyətinin həyata keçirilməsi üçün Mərkəzi Bankdan icazələrin alınması işi davam etdirilib.

Hazırda MMC 15 ədəd ATM və 127 ədəd POS- terminal vasitəsilə ekvayer fəaliyyətini həyata keçirir. Sözügedən POS- terminallardan 10-u ötən doqquz ay ərzində quraşdırılıb. Həmçinin, ödəniş kartının istifadəsi üzrə təhlükəsizlik səviyyəsinin yüksəldilməsi və həyata keçirilən əməliyyatlar haqqında operativ formada məlumatın əldə edilməsi məqsədilə “Mobil bankçılıq” xidməti MMC-nin kart sahiblərinin istifadəsinə verilib. Onu da qeyd edək ki, Ümumdünya Poçt İttifaqının (ÜPİ) EMS (Sürətli Poçt Xidmətləri) Korporasiyasının üzvü olan ölkələrin göstərdiyi poçt xidmətlərinin keyfiyyətini ölçmək üçün keçirilən müsabiqənin nəticələrinə görə Azərbaycan poçtu 2014-cü ildə 177 ölkə arasında 4-cü yeri tutmaqla növbəti dəfə qızıl səviyyəli sertifikata layiq görülüb. Həmçinin, “Azərpoçt” MMC ÜPİ-nin ünvanlaşma üzrə “S42 standartının xüsusi Sertifikatı”na layiq görülüb

Ölkədə çoxsaylı informasiya resurslarının və xidmətlərin yaradılması, onlardan istifadənin genişlənməsi və informasiya sistemlərinin qlobal informasiya məkanına inteqrasiyasının genişlənməsi fonunda Azərbaycanda da TİER III (99,99 faiz etibarlılıq) texniki tələblərinə uyğun “Data Mərkəzi”nin qurulması sona çatdırılıb və ABŞ-ın “UpTime İnstitute” təşkilatı tərəfindən sertifikatlaşdırılması təmin edilib.

Yüksək Texnologiyalar Parkının tikintisi məqsədilə ayrılmış ərazidə abadlıq və tikintiyə hazırlıq işləri, habelə parkın infrastrukturunun qurulması üçün layihələndirmə işləri memarlıq şirkəti ilə birlikdə həyata keçirilib. Ərazinin baş plan cizgiləri tam işlənib hazırlanmış və I faza üzrə tikiləcək binaların işçi layihələrinin bir hissəsi üzrə işlər davam etdirilir. Habelə ilkin təsərrüfat binasının layihəsi hazırlanaraq təsdiq olunub və hazırda müvafiq layihə əsasında tikintisi davam etdirilir. Yaxın müddətdə tam şəkildə başa çatdırılması nəzərdə tutulur. Doqquz ay ərzində Yüksək Texnologiyalar Parkında yaradılmış “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib, Biznes İnkubatorunun rezidenti olmaq üçün onlayn olaraq 62 ərizə qəbul edilib və onlardan 17-si inkubasiya mərkəzində fəaliyyətə başlayıb.

Eyni  zamanda,  “YT Park” MMC-nin yeni layihəsi olan “Code Academy” proqramı fəaliyyətə başlayıb. Proqrama qoşulmaq üçün keçirilmiş imtahandan yüksək nəticə göstərən 48 nəfərdən 18-i proqramı başa vurub. İkinci proqram çərçivəsində 30 nəfər müəyyən olunmuş və proqrama başlanılıb. Həmçinin, hesabat dövründə “YT Park” MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər uzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunmuş və təşkilatın müşahidəçi üzvü seçilib, MMC-nin Müşahidə Şurası haqqında Əsasnamə təsdiq olunmuş, habelə innovativ sahibkarlığın təbliği və dəstəklənməsi məqsədilə yerli və xarici tərəfdaşlarla birlikdə müxtəlif xarakterli seminar, konfrans və digər tədbirlər keçirilmişdir. Eyni zamanda, ölkə başçısının müvafiq fərmanı ilə Mingəçevir Yüksək Texnologiyalar Parkı yaradılması qərara alınıb.

“Azerspace-1  “Azersky” peykləri üzrə marketinq və satış işləri aparılıb (peyk üzərindən yerli və beynəlxalq səviyyəli 120 televiziya və 20 radio kanalı yayımlanır) və eləcə də “Azerspace-2” ikinci telekommunikasiya peyki üzrə peyk istehsalçısının seçilməsi ilə bağlı tender keçirilib və tenderin nəticəsinə görə Kanadanın MDA korporasiyasına məxsus, kommersiya peyklərinin aparıcı təchizatçısı olan  Speys Sistems Loral (“Space Systems/Loral”) şirkəti qalib elan olunub. Eyni zamanda, “Azerspace-2” peykinin resurslarının 45,9  faizinin  uzunmüddətli icarəsi ilə bağlı peyk rabitəsi üzrə dünya liderlərindən olan “İntelsat” şirkəti ilə müqavilə bağlanılıb.

Azərbaycanın paytaxtdan kənarda fəaliyyət göstərən daha bir neçə regional TV kanalının (Günəş TV, Alternativ TV, Türkel TV, Region TV) “Azerspace-1” peykindən yayımı təşkil edilib, eyni zamanda, bir neçə Gürcüstan və Türkiyə TV kanallarının yayımı üzrə yeni müqavilələr imzalanıb. Bununla yanaşı, peyk tutumlarından periodik istifadəyə dair və DATA xidmətləri məqsədilə istifadə edilməsi üzrə də bir çox yeni müqavilələr imzalanıb.

Tənzimləmə fəaliyyəti istiqamətində işlər də davam etdirilmişdir. Mobil nömrə daşınması xidməti üzrə cari ilin 9 ayı ərzində 11548 ədəd mobil nömrə daşınıb ki, bunlardan 6650-si “Bakcell” MMC-nin şəbəkəsinə qoşulub. Daşınmanın effektivliyinin daha da artırılması məqsədilə mobil operatorlarla birgə işlər davam etdirilir.

Mobil cihazların qeydiyyat sisteminin fəaliyyəti davam etdirilib və 9 ay ərzində 540 281 telefon cihazın İMEİ kodları bu sistem vasitəsi ilə qeydiyyata alınıb. Həmçinin, 9 ay ərzində dövlət orqanlarından və digər təşkilatlardan daxil olmuş müraciətlər əsasında 4 dövlət informasiya ehtiyatı və 16 fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatına alınıb. Nəticədə qeydiyyata alınmış informasiya ehtiyatlarının sayı 82-yə, informasiya sistemlərinin sayı isə 169-a çatıb.

İnformasiya cəmiyyətinin inkişafı, e-hökumət həllərinin tətbiqinin genişləndirilməsi istiqamətində görülən işlər çərçivəsində “Elektron hökumət” portalına 35 yeni e-xidmət inteqrasiya olunmaqla portalda olan xidmətlərin sayı 422-yə çatdırılıb. Bunlardan 340-ı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (455 xidmət təsdiq olunub) xidmətlərdəndir. Portala 3 yeni qurum qoşulub və inteqrasiya olunmuş qurumların sayı 50-yə çatıb.

Yerli icra hakimiyyəti orqanlarında vətəndaşların müraciətləri üzrə vahid elektron informasiya sistemi yaradılıb və portala inteqrasiya olunub. Cari ilin əvvəlində Açıq Hökumət Məlumatları - E-Göv 3 mərhələsinə start verilib.  Bundan başqa, “Elektron hökumət” portalı vasitəsilə 9 növ arayışın elektron formada verilməsinə başlanılıb .

Məlumat Hesablama Mərkəzi tərəfindən mövcud ənənəvi şəbəkəyə alternativ olaraq yaradılan və respublikanın bütün ərazisini əhatə edən, “AzDataKom” şəbəkəsinin genişləndirilməsi, ayrı-ayrı sistemlər üzrə proqram təminatının yaradılması, e-xidmətlərin təkmilləşdirilməsi və ya yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib. Hazırda “Azdatakom” şəbəkəsinin 3326 fərdi, 1484 təşkilat abunəçisi var.

Hazırda TK05-də Beynəlxalq Standartlaşdırma Təşkilatının informasiya təhlükəsizliyi üzrə 4 identik milli standart qəbul edilib,  aidiyyəti qurumlardan müsbət rəy alınıb və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində qeydə alınması üzrə işlər aparılır.     

Bundan başqa, Elektron Təhlükəsizlik Mərkəzi (ETM) tərəfindən ölkə səviyyəsində elektron təhlükələr barədə müxtəlif vasitələrlə məlumatlandırma və maarifləndirmə işləri aparılıb, informasiya təhlükəsizliyi sahəsində bir sıra qurumlarla əməkdaşlıq əlaqələri qurulub və genişləndirilib. ETM  cari ilin yanvar ayında Avropa CERT cəmiyyəti tərəfindən təsis olunmuş “Trusted İntroducer” təşkilatının akkreditə olunmuş üzvlüyünə, həmçinin, mart ayında FİRST beynəlxalq təşkilatının tamhüquqlu üzvlüyünə qəbul edilib.

Milli Nüvə Tədqiqatları Mərkəzinə (MNTM) gəlincə, MTNM üçün ayrılmış 15 hektar sahədə layihənin birinci fazası çərçivəsində ərazi hasarlanıb, yol çəkilib, inzibati və yardımçı binalar tikilib, ətraf ərazilərdə abadlıq işləri görülmüş və laboratoriyalar avadanlıqlarla təchiz edilib. “Qamma Şüalanma Kompleksi”nin yarımçıq tikililər və avadanlıqlarla birlikdə Nüvə Mərkəzinin balansına verilib və hazırda kompleksdə sterilizasiya avadanlıqlarının  quraşdırılması və şüalanma mənbəsinin gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini  öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb, avadanlıqlar gətirilib və hazırda mərkəzin laboratoriyasında quraşdırılması işləri aparılır.

QSC ilə “Frekans Teknik Cihazlar LTD” şirkəti arasında  nüvə və radioaktiv materialların müasir tələblərə cavab verən analizini həyata keçirməyə imkan verən laboratoriya avadanlıqları alınıb və hazırda həmin avadanlıq mərkəzdə quraşdırılmaqdadır.

Həmçinin, Fransanın “AREVA” şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ilkin rəyi alınıb. Mərkəz tərəfindən Azərbaycan nüvə materialları və xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə çöl-ekspedisiya və analitik tədqiqatlara başlanılıb. Mərkəzin əməkdaşları Xızı və Şamaxı rayonlarının ərazilərində axtarış ekspedisiyaları keçirmiş və nüvə materiallarının spektrometrik analizi üzrə 300-dən çox nümunə götürülmüşdür.

Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində də bir sıra nanoməhsulların prototiplərinin hazırlanması üzrə işlər davam etdirilib.

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fonduna gəldikdə, qurum  tərəfindən İKT sahəsi üzrə özəl sahibkarlığın inkişaf etdirilməsi və sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlər davam etdirilib. 2015-ci ilin dövlət büdcəsindən  layihələrin maliyyələşdirilməsi məqsədilə 5 milyon manat vəsait nəzərdə tutulub. Fondun vəsaitlərinin müvafiq maliyyələşmə istiqamətlərinə uyğun bölgüsü müəyyənləşdirilib. Fondun elan etdiyi qrant müsabiqələri və kredit maliyyəşməsi üzrə ödənişlər aparılıb.

Ötən  doqquz ay ərzində  bu sahədə  çalışan 4 nəfərə “Rabitə ustası”,  15 nəfər “Fəxri  fərman”, 27 nəfər “Əmək veteranı”, 1 nəfər “Fədakar rabitəçi”, 1 nəfər “Tərəqqi” medalı, 1 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Həmçinin, RYTN-in səlahiyyətli nümayəndələrinin təqdim etdikləri hesabatlarda bir sıra telekommunikasiya qovşaqlarında və poçt filiallarında nöqsan və çatışmazlıqların olduğu müəyyən edilib. Aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilib və icrası nəzarətdə saxlanılır.

Hesabat dövründə əhaliyə göstərilən rabitə xidmətlərinin səviyyəsi ilə yerindəcə tanış olmaq və vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək məqsədilə rabitə və yüksək texnologiyalar nazirinin respublikanın 8 bölgəsində ətraf rayonları da əhatə etməklə vətəndaşlarla görüşü keçirilib. Görüşlərdə qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub, bəzi müraciətlər qeydə alınaraq araşdırılıb həll edilməsi üçün nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Hazırda  Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da,  “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında  qarşıya qoyulmuş  vəzifələr müəyyənləşdirilib və artıq bu istiqamətdə məqsədyönlü tədbirlər görülməkdədir.

Qarşıdan Milli Məclisə seçkilər gəlir. Başlıca  vəzifələrdən biri də seçki dairələri və məntəqələrin keyfiyyətli rabitə ilə təmin edilməsi, müşahidə kameralarının quraşdırılması işinin təmin edilməsidir. Bu istiqamətdə məqsədyönlü tədbirlər görülür.

 

Vidadi ZEYNALOV,

Rabitə və Yüksək

Texnologiyalar Nazirliyinin

aparat rəhbəri, iqtisadiyyat

üzrə fəlsəfə doktoru

 

Xalq qəzeti.- 2015.- 25 oktyabr.- S.4.