Yusif Babanlı: Həqiqəti dünyaya
çatdırmaq üçün
xaricdə yaşamaq
vacib deyil. Təki istək olsun!
1news İnformasiya Agentliyi “Bizimkilər
xaricdə” rubrikasında ABŞ Azərbaycanlılar Şəbəkəsinin
(USAN - U.S. Azeris Network) həmtəsisçisi, siyasi
icmalçı və AZƏRTAC-ın Birləşmiş
Ştatlardakı xüsusi müxbiri Yusif Babanlının
müxbir Ruqiyyə Əşrəfliyə müsahibəsini
yayıb. AZƏRTAC müsahibəni təqdim edir.
–Yusif, ABŞ-a ilk dəfə necə
gəlib çıxmağınız barədə
danışardınız...
– O
vaxt mən orta məktəbdə oxuyurdum. “Azadlığı dəstəkləmə
aktı” proqramı çərçivəsində
imtahanları uğurla verdim. Bu proqrama əsasən bir il ərzində
Amerika məktəbində oxumaq və müvafiq olaraq,
amerikalılar ailəsində yaşamaq imkanı verilirdi.
Çoxları kimi mən də arzu edirdim ki, Amerikaya gedim,
orada təhsil alım, Azərbaycanda kitablar və Hollivud filmləri
vasitəsilə tanış olduğumuz mədəniyyətin
nədən ibarət olduğunu, necə deyərlər,
sınaqdan keçirim.
İmtahan
vermək məqsədilə dil öyrənmək
üçün iki ay ərzində hər gün təxminən
on saat məşğul olurdum. İngilis dilini müstəqil
şəkildə, Bonkun dərsliyi ilə məşğul
olmaq və ingilis dilində filmlərə baxmaq yolu ilə
öyrəndim. Yalnız imtahanları uğurla verəndən
sonra valideynlərim xəbər tutdular ki, Amerikaya getməyə
hazırlaşıram və ümumiyyətlə, ingilis dilində
danışıram. Hafizəm məni aldatmırsa, Azərbaycandan
olan finalçıların sayı 50 nəfər idi.
ABŞ-da məktəbdə oxuduğumuz bir ildə
qazandığımız təcrübə proqramın hər
bir iştirakçısının gələcəyinin
formalaşmasına təsir göstərdi. Yeri gəlmişkən,
həmin proqram bu gün də davam edir.
–İlk təəssüratlarınız
necə oldu?
– Bu,
bir növ mədəni şok idi. Burada ailə münasibətlərindən
başlamış ən xırda məsələlərə
qədər hər şey bizim Azərbaycanda adət etdiyimizdən
kəskin şəkildə fərqlənirdi. Mənim
qaldığım amerikalılar ailəsi Midvestdə (Orta Qərbdə)
yaşayırdı. Nyu-Yorkda, Los-Ancelesdə və ya Mayamidə
üstünlük təşkil edən beynəlmiləlçilik
ab-havası burada yox idi. Ona görə də Amerika ailəsində
və Amerika cəmiyyətində əsl mədəni şok
yaşadım.
İndi
Amerikaya mühacirət edən və ya təhsil almaq
üçün oraya gedən gənclər bu cür mədəni
şok hissi keçirmirlər. İndi internet, media vasitəsilə
hər şey barədə məlumat almaq mümkündür. İndi insan öz
otağından çıxmadan müəyyən müddətdə
virtual şəkildə ABŞ-da ola bilər.
Ona görə də bu gün ABŞ-a gələn
tələbələr mədəniyyət elementlərinin
çoxu ilə yaxşı tanışdırlar və yeni
yaşayış yerində onları nə gözlədiyini
bilirlər.
Yeri gəlmişkən, bu sözlər amerikalılara da
aiddir. Onlar öz kompüterləri vasitəsilə
bütün dünya haqqında məlumat ala bilirlər.
Uzaq 1995-ci ildə isə hər şey başqa
cür idi. Buna görə mənim
hansı ölkədən olmağımı və Azərbaycanın
nə demək olduğunu izah etmək, açıq deyirəm,
kifayət qədər çətin idi. Məsələn,
Azərbaycanın Sovet İttifaqının bir hissəsi
olduğunu deyəndə, amerikalılar dərhal
düşünürdülər ki, mən rusam və hər
dəfə onların səhvini düzəltməyə məcbur
olurdum. Mən izah edəndə ki, Azərbaycan
müsəlman ölkəsidir, onlar dərhal ölkəmin
bütün əhalisinin ərəblər kimi geyindiyini
düşünürdülər. Hətta
bir dəfə məndən tam ciddiyyətlə soruşdular
ki, biz avtomobil əvəzinə dəvələrin belində
gəzirikmi? O vaxt belə absurd vəziyyətlərlə
üzləşməli olurdum. Hamıya,
xüsusən yeniyetmələrə izah etmək olmurdu ki, Azərbaycanda
qadınlara səsvermə hüququ ABŞ Konstitusiyasına
19-cu düzəliş qəbul ediləndən xeyli əvvəl
verilib. Bununla belə, burada olduğum
dövrdə bəzi çətinliklərə baxmayaraq,
insanların bir-birinə münasibəti çox xoşuma gəldi.
Amerikalılar çox istiqanlı və səmimi
xalqdır.
– Bir il ABŞ-da
oxuyandan sonra Azərbaycana qayıtdınız. Xahiş edirəm,
ABŞ-da aldığınız ali təhsil
və bu ölkədəki Azərbaycan diasporunda fəaliyyətiniz
barədə danışın.
–Bəli,
mən Azərbaycana qayıtdım. Qərb
Universitetinin regionşünaslıq fakültəsinin
“amerikanistika” şöbəsinə daxil oldum. Orada
dörd il oxuyandan sonra təhsilimi
ABŞ-da davam etdirməyi qərara aldım. Missuri
ştatındakı Lindenvud Universitetini bitirib politologiya
üzrə ikinci bakalavr dərəcəsi aldım. Sonra Bakıya qayıtdım və bir müddət
burada işləyəndən sonra yenidən ABŞ-a yola
düşdüm - bu dəfə magistraturada təhsil almaq
üçün.
Universiteti
bitirəndən sonra mənə Hyustonda bir neçə
milyard dollarlıq neft-qaz layihəsinə xidmət edən
şirkətdə iş təklif etdilər və mən
burada qalmağa razılaşdım. Eyni vaxtda
bizim diasporun işində fəal iştirak etməyə
başladım. Əslində mən buraya
ilk səfərimdən başlayaraq, Azərbaycanın xeyrinə
fəaliyyətlə məşğul olurdum. Bu fəaliyyət yalnız məktublarla işləməkdən
və məhdud sayda amerikalılarla ünsiyyətdən ibarət
idi. İndi isə bu iş daha mütəşəkkil
xarakter alıb. Mən “Hyuston azərbaycanlıları”
təşkilatının həmtəsisçisi və
vitse-prezidenti oldum. Eyni zamanda, Birləşmiş
Millətlər Assosiasiyasının filialının (BMT Fondu
proqramı) direktorlar şurasının üzvü
seçildim. Sonradan həm də Azərbaycan-Amerika
Şurasının direktorlar şurasının üzvü və
Texas ştatında bu təşkilatın vitse-prezidenti oldum.
2007-ci ildə Adil Bağırov və Bədir Məmmədli
ilə birlikdə ABŞ Azərbaycanlılar Şəbəkəsini
(USAN - U.S. Azeris Network) təsis etdik. Təşkilat
ümumamerika miqyaslı birinci layihəmiz oldu. Bu, təşkilatın həmtəsisçilərinin,
direktorlar şurası üzvlərinin
könüllülüyünə əsaslanan çox
uğurlu layihədir. Bu üzvlər iki il
müddətinə seçilir və ən
başlıcası təşkilatın çoxsaylı
üzvləri uzun müddət çalışırlar. Buraya ABŞ Azərbaycan İcmasının nümayəndələri
ilə yanaşı, həm də məshəti türkləri,
amerikalılar, yəhudilər, ruslar, beloruslar, özbəklər,
türkmənlər, Birləşmiş Ştatların bir
sıra başqa etnik icmalarının nümayəndələri
daxildir.
Biz yazılı kampaniyalar keçirilməsi ilə fəaliyyətə
başladıq. Bu kampaniyalar indi də davam edir. Fəaliyyətimizin elə birinci ilində ilk nəticələr
göründü - ABŞ qanunvericiləri müvafiq qətnamələr
və qərarlar qəbul etdilər. Düzdür,
həmin qətnamələri qlobal qələbə
adlandıra bilmərik, lakin onlar hər halda müəyyən
nəticələr verəcək sonrakı qətnamə və
sənədlər üçün bir növ təməl
oldu. Biz qanunvericilərlə, siyasi xadimlərlə,
səfirlərlə görüşlər təşkil edirik.
Bu halda bizim nail olmağa
çalışdığımız ən başlıca məqsəd
amerikalıları, o cümlədən qərarlar qəbul
edilməsi onlardan asılı olan şəxsləri Ermənistanın
təcavüzkar siyasəti, dinc sakinlərə qarşı
törədilmiş cinayətlər, Xocalı, Malıbəyli,
Quşçular, Qaradağlı, Ağdaban
qırğınları, Azərbaycanın ədalətli
mövqeyi barədə məlumatlandırmaqdır. Lakin bizim fəaliyyətimiz
ABŞ-dakı Azərbaycan icması
üçün vacib olan başqa məsələlərə,
o cümlədən immiqrasiya, vergitutma və başqa məsələlərə
də şamil edilir.
–Hazırda USAN-a bizim neçə
həmvətənimiz daxildir? ABŞ-da bizim
diaspor nə dərəcədə inkişaf edib?
–USAN-ın
bütün ABŞ ərazisində təxminən 30 min nəfər
üzvü var. Bundan əlavə, biz ABŞ Türklər
Şəbəkəsi yaratmışıq. O vaxt məshəti
və Anadolu türklərini də cəlb etdik. Diaspor fəaliyyətini öz vəsaitimiz
hesabına həyata keçiririk, buna görə də
bütün mövcud imkanlardan istifadə edə bilmirik.
Faktiki olaraq, biz erməni diaspor təşkilatları
ilə təşviqat mübarizəsi aparırıq. Onların illik büdcəsi 7-8 milyon dollar
civarındadır. Onlar daha yaxşı təşkilatlanıb,
tam işçi ştatı, konqreslə, yerli hakimiyyət
orqanları ilə iş üzrə bölmələri
vardır. Hər halda biz ədalətin bərpası
üçün əlimizdən gələni edirik - ali məktəblərdə
çıxış edir, yazılı kampaniyalar keçirir,
administrasiyanın vəzifəli şəxsləri və
qanunvericilərlə görüşür, Qarabağda vəziyyət,
Azərbaycanda və bütün regionda siyasi şərait barədə
həqiqəti çatdırmaq üçün maksimum səy
göstəririk.
Bizim fəaliyyətimizin əsas istiqamətlərindən
biri də ABŞ-Azərbaycan münasibətlərinin
inkişafına kömək etmək, Azərbaycanın enerji
və nəqliyyat layihələri, təhlükəsizlik sahəsində
ABŞ üçün əhəmiyyəti, ölkədəki
bütün etnik azlıqlara tolerant münasibət barədə
Amerika ictimaiyyətini məlumatlandırmaqdır. Biz başqa
diaspor təşkilatları, məsələn, yəhudi
icması ilə sıx əlaqə saxlayırıq. Direktorlar Şurasının üzvləri
arasında Qarabağ müharibəsi veteranları, Azərbaycanın
Qarabağ regionundan məcburi köçkünlər,
İrandan olan etnik azərbaycanlı immiqrantlar da var.
Amerikalı siyasi xadimlərlə görüşlərdə
onlar da iştirak edirlər.
ABŞ-da diaspor barədə danışanda bir faktı
da qeyd etmək lazımdır ki, ölkənin müxtəlif
regionlarında vaxtaşırı yeni diaspor təşkilatları
yaranır. Maliyyə vəsaiti
çatışmazlığı səbəbindən bəzi
təşkilatlar tezliklə bağlanır, bir çoxu öz
üzvlərinin hesabına fəaliyyətini davam etdirir.
Lakin bu qədər təşkilatın
yaradılması faktının özü alqışa
layiqdir. Bu, həmvətənlərimizin Azərbaycan
naminə birgə regional fəaliyyətə başlamaq, yaxud
bu fəaliyyəti təşkil etmək səviyyəsini və
arzusunu bir daha təsdiq edir. Hətta bir
milli bayramı qeyd etmək üçün sadəcə
“yığıncaq” da amerikalı azərbaycanlıların
yeni nəslinin həmrəyliyi və öyrədilməsi rəmzidir.
Axı onlar gələcəkdə Amerika qanunvericiləri,
qubernatorları, prezidentləri ola bilərlər.
Vaşinqtonda, Texas, Men, Nyu-York, Florida, Kaliforniya, Minnesota,
İllinoys, Missuri ştatlarında fəal icmalarımız
var. Fikrimcə, illər keçdikcə bu fəaliyyət
başqa ştatları da əhatə edəcək.
–Ermənistan-Azərbaycan
münaqişəsinin həlli barədə ABŞ Azərbaycanlılar
Şəbəkəsinin rəhbərliyinin mövqeyi necədir?
–Hamı
kimi biz də münaqişənin dinc yolla tənzimlənməsinin
tərəfdarıyıq. Müharibə itkisiz
olmur, lakin o demək deyildir ki, tənzimləmə prosesi əbədi
davam etməlidir. Çox şey bizdən
- həm Azərbaycanın özündə, həm də
xaricdə yaşayan hər bir azərbaycanlıdan
asılıdır. Bizim işimiz regionda
baş verən hadisələr haqqında həqiqəti
dünya ictimaiyyətinə çatdırmaq, Ermənistanın
ərazi iddialarının tarixi və bu iddiaların hüquqi
əsasının olmaması barədə məlumat verməkdir.
İnformasiya müharibəsi döyüş əməliyyatlarından
heç də az əhəmiyyət kəsb
etmir. İnformasiya məkanında
uğursuzluğa düçar olanda döyüş
meydanında qalib gəlmək çətin olur. Təəssüf ki, keçən əsrin 80-ci illərinin
axırlarında biz buna hazır deyildik, buna görə də
hadisələrin ermənipərəst versiyası dünyada
yayıldı. Buna görə də
öldürülmüş “ermənilərin” sayının
32 nəfər olmasını hamı eşitdi, amma bunu
eşitmədilər ki, öldürülənlərdən
altı nəfəri əslində azərbaycanlı idi.
Sumqayıtda “azərbaycanlılar bandası”nın
qiyam etməsini hamı eşitdi, lakin heç kəs eşitmədi
ki, həmin bandanın başçısı etnik erməni
Eduard Qriqoryan idi. O, məhkum edildi, lakin Moskva həbsxanasına
köçürüləndən sonra “itkin
düşdü”. Hamı eşitdi ki,
münaqişə 1988-ci ilin fevralında Sumqayıt hadisələrindən
başlayıb. Lakin heç kəs ağlına da gətirmədi
ki, hər şey hələ 1987-ci ilin noyabr ayında Masisdə
və Quqarkda azərbaycanlılara fiziki hücumlardan və
1988-ci il yanvarın axırlarında 4 min
azərbaycanlı Ermənistandan qovulandan sonra başlayıb.
Buna görə də hər bir azərbaycanlı bu
münaqişənin tezliklə tənzimlənməsinə
yaşadıqları ölkədə ictimaiyyətin məlumatlandırılması
üçün fərdi və birgə səylər yolu ilə
təsir göstərə bilər. Xaricdəki siyasətçilərin
fəaliyyəti çox cəhətdən seçicilərlə
qarşılıqlı münasibətlərə, akademik
materiallara, etnik ictimai təşkilatların mövcudluğuna
əsaslanır. Azərbaycanlıların
yaşadıqları ölkənin universitet və kolleclərində,
media strukturlarda, forumlarda və konfranslarda iştirak etmələrini
də bu cür fəallığa aid etmək olar. Ümumiyyətlə, həqiqəti dünyaya
çatdırmaq üçün xaricdə yaşamaq vacib
deyil. Bunu virtual şəkildə, kompyuter
arxasında da etmək olar. Təki istək olsun!
Ermənilərə gəldikdə isə qeyd etmək
lazımdır ki, diaspordakı ermənilərin, elə Ermənistan
ermənilərinin özünün də çoxunda azərbaycanlılar
və onların ermənilərə münasibəti barədə
yanlış təsəvvür yaranıb. Biz ermənilərə
pislik arzulamırıq. Onlar bizim
qonşularımızdır və həmişə
qonşularımız olacaq. Soyadının
kökündə türk sözü olan R.Köçəryanın
dediyi kimi, ermənilər genetik baxımdan azərbaycanlılardan
nə qədər fərqlənsələr də, azərbaycanlılar
ermənilərə qarşı həmişə xeyirxah
olublar. Hətta indi də bizim ölkədə
təxminən 30 min etnik erməni yaşayır. Azərbaycanlılar tolerant xalqdır. Heç kəs dinc erməniləri Azərbaycanın
Qarabağ regionundan qovmağa hazırlaşmır. Başqa azlıqların nümayəndələri
kimi, onlar da Azərbaycan vətəndaşlarıdır.
Qarabağ regionunda etnik erməni əlində
yalnız o halda silah tuta bilər ki, o, Azərbaycanın
hüquq mühafizə orqanlarında işləsin və Azərbaycan
dövlətçiliyinə sədaqət andı içsin.
Əks halda işğal olunmuş ərazilərdə
hər bir qanunsuz silahlı şəxs ədalət mühakiməsinə
cəlb edilməlidir.
-Siz diasporda fəaliyyətinizi və
sizə qazanc gətirən işinizi necə əlaqələndirə
bilirsiniz?
– Uzun illər
boyu onları əlaqələndirmək çətin idi,
çünki mən özəl şirkətdə
çalışırdım. İşdən sonra ailəmə,
şəxsi məşğələlərə sərf etməli
olduğum vaxtı kəsməyə, həftədə bir
neçə saat az yatmağa məcbur
idim. Xoşbəxtlikdən, AZƏRTAC-da işləmək
təklifi alandan sonra diaspor fəaliyyəti ilə işimi əlaqələndirməyə
imkan yarandı. Çünki hər iki
istiqamət ictimaiyyətə Azərbaycan barədə məlumat
verməyi əhatə edir. İki ildən
çoxdur ki, AZƏRTAC-da işləyirəm. AZƏRTAC-da çox istedadlı adamlar
çalışır. Mən deyərdim
ki, AZƏRTAC-ın hər bir əməkdaşı öz
işinin peşəkarıdır. Agentliyin
xəbərləri və videoreportajları yeddi dildə (Azərbaycan,
ingilis, rus, fransız, alman, ərəb və Çin dillərində)
buraxılır. Qeyd etməliyəm ki, hər il innovasiyalar yaranır və bizim agentliyin
işinin səmərəsi artır. Peşəkarlıq
və ümumi işin xeyrinə əməkdaşlıq şəbəkəsinin
inkişaf etdirilməsi ilk növbədə AZƏRTAC-ın rəhbərliyinin
xidmətidir. Rəhbərlik qısa
müddətdə agentliyi yeni zirvələrə
qaldırıb. AZƏRTAC-ın xəbərləri
digər xarici agentliklər tərəfindən
yayımlanır. 2016-2019-cu illərdə
AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə sədrlik
edəcək. Onu da deməliyəm ki, AZƏRTAC-ı
ABŞ-da təmsil etməklə bu ölkədə Azərbaycanı
daha geniş təbliğ etməyə imkan yaranır. Məsələn, mən jurnalist kimi Vaşinqtonda Azərbaycanla
bağlı olmayan çoxlu tədbirlərə gedirəm,
lakin bu və ya digər tədbirdə müzakirə olunan məsələlər
çərçivəsində öz şərhlərim və
suallarımla Azərbaycanın əhəmiyyəti barədə
məlumat verirəm. Bundan əlavə, AZƏRTAC-da
işləmək müxtəlif görkəmli xadimlər, o
cümlədən prezidentlər, nazirlər, məşhur
jurnalistlər, müəlliflər, siyasi xadimlərlə tanış olmağa imkan verir.
–Ailəniz barədə
danışardınız. Siz evlənəndə
artıq ABŞ-da yaşayırdınız, elədirmi?
–Bəli,
mən 2007-ci ildə evlənmişəm. Artıq
8-ci ildir ki, ailəliyəm. İki
oğlumuz var, hər ikisi Amerikada doğulub. Böyük oğlum birinci sinfə gedir, lakin bizim
dairənin istedadlı uşaqlar üçün proqramı
çərçivəsində əlavə dərslər də
keçir. Kiçik oğlum
bağçaya gedir. Biz onları
darıxmağa qoymuruq. Məktəb məşğələlərindən
əlavə taekvondo, cüdo, futbol məşğələlərinə
gedirlər. Böyük oğlum fortepiano dərslərinə
gedir. Evdə müxtəlif fənlər,
o cümlədən coğrafiya və riyaziyyat fənləri
üzrə əlavə məşğul oluruq. Mən çalışıram ki, onlar öz Vətəni,
kökləri haqda daha çox bilsinlər. Uşaqlarım Azərbaycan dilində
danışır, bizim şerləri, milli himnimizi bilirlər.
Eyni zamanda, biz onlara ABŞ-ın tam dəyərli vətəndaşları
olmağı öyrədirik. Onlar başqa millətlərə
hörmət etmək üçün ilk növbədə
doğulduqları ölkəni sevməli və qiymətləndirməlidir.
Mən bir azərbaycanlı kimi həmişə
istəmişəm ki, Azərbaycanın hər bir vətəndaşı,
o cümlədən bütün azlıqların nümayəndələri
dövlət dilində təmiz danışsın, Azərbaycan
dövlətçiliyini sevsin və ona hörmət etsin.
Buna görə də bizim uşaqlarımız xaricdə
yaşayarkən öz ölkələrinə bu cür
münasibət bəsləməlidirlər. Əcdadlarının Vətənini isə onlar həmişə
sevəcəklər. Bu sevgi onların genlərindədir.
– Şəxsi
planlarınız necədir?
–
Konfliktologiya sahəsində tədqiqatlarımı davam etdirirəm.
Qarabağ münaqişəsini hərtərəfli öyrənmişəm.
Artıq bir neçə ildir ki, nizamlanma presedenti olan
münaqişələri də öyrənirəm və
onların vasitəsilə Qarabağ münaqişəsini
informasiya məkanına çıxarmaq istəyirəm. Təəssüf
ki, çox vaxt Ermənistan ilə Azərbaycan arasında
münaqişənin əhəmiyyəti azaldılır və
mənim fikrimcə, bu münaqişənin indiyə qədər
nizamlanmamasının əsas səbəblərindən biri məhz
bundan ibarətdir. Məsələn, Ukrayna hadisələri
başlanandan bəri bütün Qərb mətbuatı
Moldovada, Gürcüstanda mövcud münaqişələrlə
analogiya aparır, amma bu halda Azərbaycanı yada
salmırdılar. Hərçənd bu müharibə alovu məhz
erməni işğalçılarını
üçüncü tərəfin dəstəkləməsi
sayəsində baş verib. Bu vəziyyəti dəyişmək
üçün ardıcıl maarifləndirmə işi
aparmaq lazımdır. Özü də bu halda emosiyaları və
əsassız iddiaları deyil, yalnız faktları rəhbər
tutaraq hər dəfə sübut etmək lazımdır ki, həqiqət
və ədalət sənin tərəfindədir.
– Sonuncu sual. Bütün dünyaya səpələnmiş
həmvətənlərimizə nə arzu edərdiniz?
– Biz
çətin dövrdə yaşayırıq. Mənim fikrimcə
ölkəmizin ən başlıca uğuru odur ki, bu gün
Azərbaycan regionun ən sabit dövlətidir. Bizim regionun
geosiyasi reallıqlarını nəzərə alsaq, bunu
reallaşdırmaq heç də asan məsələ deyil.
Odur ki, ölkə rəhbərliyinin xidmətlərini qeyd etmək
lazımdır. Bu sözləri təkcə mən demirəm.
Bizim regiona bələd olan hər bir amerikalı bunu deyir.
Lakin bütün müsbət məqamlara baxmayaraq, suveren Azərbaycanın
ərazisinin təxminən 20 faizi hələ də Ermənistanın
işğalı altındadır. Bu dəhşətli
faktı nəzərə alaraq hər bir azərbaycanlı ərazilərimizin
azad edilməsi və Azərbaycanın ərazi
bütövlüyünün bərpa olunması
üçün nə mümkündürsə etməlidir.
Heç bir məhdudiyyət yoxdur! Bizim həmvətənlərimiz
Ermənistan missiyaları qarşısında toplaşaraq
etirazlarını bildirə, qanunvericilərin, administrasiya
üzvlərinin ofislərinə və yaşadıqları
şəhərlərdəki qəzetlərə məktublar
yaza, konfranslarda, universitetlərdə çıxış edə,
konsertlər, sərgilər, mədəni tədbirlər təşkil
edə, universitetlərdə tələbə qrupları yarada
bilərlər və s. Hətta öz evində əyləşib
Ermənistan təbliğat-təşviqat maşınına
qarşı onlayn mübarizə də aparmaq olar. İmkanlar
çoxdur. Sadəcə istək lazımdır. Artıq
çoxları bunu edir. Amma hamı etməlidir. Zənnimcə,
bizim diplomatik rütbəli səfirlərimiz
razılaşarlar ki, xaricdə yaşayan hər bir azərbaycanlı
bu cür rütbəsi olmasa da öz Vətəninin
elçisidir. Bu elçilər isə onlar üçün əlyetərli
olan bütün fəaliyyət sahələrində öz Vətənlərini
təmsil etməlidirlər.
Xalq qəzeti.- 2015.- 27 oktyabr.- S.8.