Şəmkir: İdeoloji işə diqqət
inkişafın bünövrəsidir
“Bizim milli
ideologiyamız ulu öndər Heydər Əliyev tərəfindən
formalaşdırılıbdır.
Biz bunu, bu
ideologiyanı inkişaf etdiririk, zənginləşdiririk”
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bir anlığa
təsəvvür edin ki, rayon icra hakimiyyəti
başçısının kürsüsündə orta məktəbin
üçüncü sinif şagirdi əyləşib və
“aparat işçiləri” ilə “müşavirə”
keçirir. Kimisini danlayır, kimisini nümunə göstərir,
bir başqasına konkret tapşırıqlar verir və sair.
Başçının otağında yalnız şagirdlərdir.
“Danlanılan” da onlardır, “tapşırıq” alan da, “təriflənən”
də.
Təsvir etdiyimiz bu səhnə həqqətən
baş verib və özü də Şəmkir Rayon İcra
Hakimiyyəti aparatında. Hətta bu barədə qəzetimizdə yazı da dərc olunmuşdu. Rayon
icra hakimiyyətinin təşəbbüsü ilə təşkil
olunan bu tədbir Şəmkirdə böyük əks- səda
yaratmışdı. Bir sıra idarə, müəssisə və
təşkilatların rəhbərləri də öz
kürsülərini həmin gün məktəblilərin
ixtiyarına vermişdilər. İnanırsınızmı,
aradan 5 ay vaxt keçməsinə baxmayaraq, Şəmkir məktəbliləri
hələ də “Bir günlük xəlifə” adlanan həmin
tədbirdən danışırlar. Əslində, bu gün məktəb
skamyası arxasında əyləşən gənclərə
gələcəkdə yaxşı peşə sahibi, rəhbər
işçi olmaq üçün nə etməyi mühazirə
oxumaq, dərs deməklə də yola vermək olardı. Amma fikir verin, onun təsiri
hara, bu tədbirin təsiri hara. Bax, əsl ideoloji iş budur!
...
Alimpaşa Məmmədov maraqlı həmsöhbətdir.
Onunla istənilən mövzuda danışmaq çox
asandır. Çünki bütün sahələrdən məlumatlıdır və hiss
olunur ki, çox mütaliə edir. Amma nədən
danışırsa danışsın, hər kəlməsi
Şəmkir və şəmkirlilər,
onların günü- güzaranının daha da
yaxşılaşdırılması ilə bağlı həyata
keçirilən tədbirlər barədədir. “Deyəsən,
bu işlərin başında ideoloji iş dayanır, elə
deyilmi?”— sualıma gülümsəyərək cavab verdi:
— Mən
də elə bilirdim bu iş hiss olunmur. Yaxşı ki, kənardan
bunu görürsünüz... İdeologiyası, məramı,
məqsədi olmayan iş cansız, mənasız, səmərəsizdir.
İdeoloji işə daim önəm veririk. Bizim gündəlik
fəaliyyətimizin önündə məhz bu iş dayanır.
Bu olmasa, heç bir inkişafdan, tərəqqidən söhbət
gedə bilməz. Birinci özümüzdən
başlamışıq. Aparat işçisinin geyimindən
tutmuş, davranışına kimi nümunəvi
olmalıdır. Bunun özü də bir təsir vastəsidir,
tərbiyəvi - ideoloji işdir. Ulu öndər 70- 80 - ci illərdə
respublikada ideoloji işə çox böyük diqqət
yetirib, bununla bağlı çoxlu qərarlar qəbul olunub,
iş təcrübələri öyrənilib, müxtəlif
irimiqyqslı tədbirlər keçirilib. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin regionlarda
adamlarla səmimi görüşləri, söhbətləri
özü bir nümunədir, ideoloji işin mühüm bir
qoludur...
Alimpaşa
müəllim bunları danışdıqca, onun ayrı-
ayrı kollektivlərdə, yaşayış yerlərində
keçirdiyi görüşləri xatırladım. Bu
görüşlərin bir neçəsində iştirak
etmişəm və düzü, başçının ən
müxtəlif kateqoriyadan olan adamlarla, onların necə deyərlər,
öz dilində danışmasının şahidi olmuşam.
A. Məmmədovun ölkənin daxili və xarici siyasəti,
dövlət başçımızın xalqın xoş
güzəranı üçün gördüyü misilsiz
işlər haqqında sadə dildə, özü də
konkret faktlarla danışmasının adamlarda necə
böyük coşqu və razılıq hissi
oyatdığını görmüşəm.
Rayon icra
hakimiyyəti aparatı ilə Şəmkir əhalisi
arasında yaranmış əlaqə, daha dəqiq desək,
ünsiyyət ayrıca söhbətin mövzusudur. Onun
formaları o qədər zəngin və rəngarəngdir ki,
bir yazıda hamısı haqqında danışmaq, mümkün deyil. Götürək
elə sosial şəbəkələrdən istifadə etməklə
yaradılan əlaqədən. Əvvəla, rayon rəhbəri
özü bu şəbəkədən maksimum istifadə
edir, adamların əhval- ruhiyyəsini öyrənir, problemlərdən,
təşəbbüslərdən xəbərdar olur. Rayon
icra hakimiyyətinin “Fecebook” səhifəsi, saytı
özü qarşılıqlı ünsiyyətin çox
gözəl bir nümunəsidir. Rayonun ayrı- ayrı müəssisə
və təşkilatlarının da bu cür səhifələri
var və heç biri də formal xarakter daşımır.
Ümumiyyətlə, yeri gəlmişkən, qeyd etmək istəyirəm
ki, Şəmkir Rayon İcra Hakimiyyətinin bu sahədə
qazandığı təcrübəni digər rayonlarda da
yaymaq pis olmazdı. Rayonun nəbzi bu səhifələrdə
vurur, – desək yanılmarıq. İdeoloji işdir? Əlbəttə,
ideoloji işdir! Aparat işçilərinin, digərlərinin ad günləri haqqında məlumat
verilir və bəzən təbriklərə yüzlərlə,
minlərlə adam qoşulur. İdeoloji işdirmi?
Sözsüz ideoloji işdir, özü də ən təsirli,
səmərəlilərindəndir.
İndi
aparatın digər işçiləri də xeyli fəallaşıblar.
Daha əvvəlki kimi təkcə icra hakimiyyəti
başçısı deyil, müavinlər, şöbə
müdirləri, hətta sıravi əməkdaşlar da yerlərdə
olur, görüşlər keçirir, adamları dinləyir,
vəziyyəti öyrənirlər. Bütün bunlar onlarda
özlərinə inamı artırır, bütövlükdə
dövlət qulluqçusunun yerlərdə nüfuzunu
yüksəldir. Maraqlı, həm də təqdirəlayiq
haldır ki, rayon rəhbəri aparatın hər bir
işçisini ruhlandırır, onların potensial
imkanlarını özlərinə deyir və bu məqsədlə
mübarizə aparmaqlarını tövsiyə edir.
Tədbirlər tədbir xatirinə
keçirilmir
Şəmkirin
ictimai-siyasi həyatı o qədər maraqlı, rəngarəng
olub ki, inana bilmirsən ki, bura, ilk növbədə, kənd
rayonudur. Hərçənd rayon mərkəzi heç də
bir sıra inkişaf etmiş şəhərlərdən geri
qalmır, əksinə, bəzi hallarda onları üstələyir.
Bir- birindən gözəl küçə və prospektlər,
özünəməxsus görkəmi olan park və xiyabanlar,
bərpa olunmuş tarixi abidələr, milli ornamentli binalar, fəvvarələr,
bulaqlar şəhərə xüsusi görkəm verir.
Hamısı da son vaxtlar qurulub, yaradılıb. Xidmət
obyektləri, ictimai iaşə müəssisələrində
adamlara göstərilən diqqət, yanaşma,
davranış bir sıra böyük şəhərlərə
əsl nümunədir. Bunlar gəlişi gözəl sözlər
deyil.Kimdə zərrə qədər şübhə varsa,
Şəmkirə dəvət edirəm. Qoy gəlib öz
gözləri ilə görsünlər.
Rayon icra
hakimiyyətinin başçısı Şəmkirə rəhbərlik
etdiyi ilk günlərdən başlayaraq, hər cür neqativ
hallara, ilk növbədə, rüşvətxorluğa və
korrupsiyaya qarşı ciddi mübarizə aparır. Rayonda onun
bu prinsipial və dönməz mövqeyini hamı bilir.
Büdcə vəsaitinin düzgün və təyinatı
üzrə xərclənməsinə ciddi ictimai nəzarət
var. Az qala hər qəpiyin haqq- hesabı aparılır. Belə
olmasaydı, daxili imkanlar hesabına Çaparlı və Nərimanlı
kəndlərindəki orta məktəblərdə əsaslı
təmir işləri aparılaraq ən müasir standartlara
cavab verən məktəblər istfadəyə verilməzdi.
Maraqlıdır ki, indiyədək cari təmirlər
üçün ayrılan vəsait onlarca məktəbdə
xırda- para işlərə sərf olunurdu və dərs ili
başlananda bu üzdəniraq “cari təmir” qətiyyən
görünmürdü. Amma payon rəhbərinin təşəbbüsü
və təklifi ilə bu il həmin vəsait iki məktəbin
cari deyil, əsaslı təmirinə yönəldildi və nəticə
də göz qabağındadır.
Şəmkir
artıq təşəbbüslər, rəngarəng tədbirlər
məkanına çevrilib. Başlıcası isə tədbirlər
tədbir xatirinə keçirilmir, təşəbbüslər
kağız üzərində qalmır. Hamısının
böyük təsiri var və rayonda uğurla həyata
keçirilən ideoloji işin mühüm tərkib hissələrindən
biridir. Bu tədbirlərin hamısı haqqında
danışmasaq da onların bəzilərinin adlarını
çəkməklə oxucuda təsəvvür
yaratmış olarıq.
“Əskər şöhrəti” ümumrayon tədbiri,
Bakı şəhərində “Bölgələrdən
paytaxta” layihəsinin təqdimatı, “Kitab oxuyaq”, “Ailə
bayramı” və digər tədbirlər uzun müddətdir
yaddan çıxmır və onların çoxu artıq ənənə
şəklini alacaq. Bir fakt diqqət çəkir ki,
bütün tədbirlərə rayon icra hakimiyyəti, rayon rəhbərinin
özü nəzarət edir, bu işə cəlb olunanlara dəstək
olur, onların hazırlıqları ilə maraqlanır, fərqlənənləri
maddi və mənəvi cəhətdən
mükafatlandırır. Litvanın Şəmkirlə
qardaşlaşmış şəhəri olan Şaulyaya getməzdən
əvvəl də, qayıtdıqdan sonra da nümayəndə
heyəti ilə görüşməsi, onlara dəstək
verməsi bir daha göstərdi ki, Alimpaşa Məmmədov
ideoloji işə böyük önəm verir. ”Gənc Həkimlər
birliyi", “Gənc Müəllimlər
Birliyi”, Gənclərin “Zəka” İntellektual İnkişaf və
Yaradıcılıq Mərkəzinin yaradılması və
digər işlər də bilavasitə rayon rəhbərliyinin
yaxından iştirakı və köməyi ilə ortaya-ərsəyə
gəlib. Qeyd edək ki, bu xeyirxah təşəbbüslər
əməlli-başlı səmərə verir və rayon əhalisi,
o cümlədən gənclər razılıq edirlər. Təcrübəli
həkimlərdən ibarət briqadalar ən müxtəlif kənd
və qəsəbələrə gedir, adamları təmənnasız
müayinə və müalicə edir, onlara
yardımçı olurlar. Bilirsiniz kənd camaatı nə qədər
razılıq edir?! Respublikada ilk təşəbbüs olan bu
xeyirxah iş, yəqin ki, tezliklə digər şəhər
və rayonlara da yayılacaqdır.
Eyni
sözləri “Gənc Müəllimlər Birliyi”nin fəaliyyəti
haqqında da demək mümkündür. Məhz bu birliyin
xidməti sayəsində “ağıllı lövhə” lərdən
daha səmərəli istifadə olunur. Hazırda 42 məktəb
internet şəbəkəsinə qoşulmuşdur. Məktəblərdə
1072 fərdi kompüterdən, 122 noutbukdan, 109 proyektordan istifadə
edilir. Ötən dərs ilində 5 məktəbdə elektron
lövhə quraşdırılmışdır. Bu lövhələrin
sayı yaxın vaxtlarda 70- ə
çatdırılacaqdır. Əlbəttə, bu işlər də rayon rəhbərliyinin təşəbbüsü
və köməyi ilə həyata keçirilir. Birliyin idarə
heyətinə cəlb olunmuş müəllimlər öz
bilik və bacarıqlarını pedaqoji ictimaiyyətlə
bölüşür, yığıncaqlarda yeniliklər
müzakirə edilir, qabaqcıl aparıcı müəllimlər
üçün kurslar keçirilir, açıq dərslər
təşkil olunur. Qeyd edək ki, bu dərslərdə rayon
icra hakimiyyətinin işçiləri, ictimaiyyətin
nümayəndələri iştirak edirlər. İcra hakimiyyətinin
başçısı özü açıq dərslərdə
tez- tez olur. Bütün bunlar pedaqoji kollektivlərin, müəllimlərin
məsuliyyət hissini artırır, onları daha müasir təhsil
sistemi ilə ayaqlaşmağa sövq edir.
“Şəmkir səbəti” də
bir
ideya idi, həyata keçdi...
Qeyd
etdiyimiz kimi. Şəmkirdə
bir dənə də olsun maraqlı, səmərəli
ideya elə təkcə ideya olaraq qalmır. Çox
keçmir ki, insanlar onun səmərəsini əməlli-
başlı hiss edir, görürlər. Yadımdadır,
keçən ilin sonlarında kənd təsərrüfatı
məhsullarının istehsalını, tədarükünü
və satışını təmin etmək məqsədilə
bələdiyyələrin nəzdində məhdud məsuliyyətli
cəmiyyətlərin təsis ediməsi ideyası irəli
sürüləndə bir çoxu ona o qədər də
ciddi yanaşmamış, “bələdiyyənin nə
gücü var?” – deyə işə girişməyə cəsarət
etməmişdi. Amma ideyanı irəli sürən, həm də
ona hərtərəfli dəstək verən rayon rəhbərliyi
onun səmərə verəcəyinə əmin idi. Budur, aradan cəmi bir
neçə ay keçib. Artıq bu layihələr
reallaşıb. Hazırda Sabirkənd MMC-nin tikinti
materialları bazarı fəaliyyət göstərir. “Abad
Şəmkir” MMC-nin su zavodunun inşası başa
çatmış , yarım və bir litrlik qablarda saatda 3000 ədəd
yüksək keyfiyyətli su istehsalına
başlanılmışdır. Keçili və Qaracəmirli
MMC-lərdə quşçuluq təsərrüfatları
yaradılmışdır. Çənlibel bələdiyyəsinin
təsis etdiyi Maral MMC istirahət mərkəzində tikinti
işləri davam etdirilir. Çinarlı MMC-nin nəzdində
“Şəmkir səbəti” adlanan, bütün standartlara
uyğun və geniş infrastruktura malik olan “Yaşıl
bazar”ın tikinti işlərinin cari ilin sonunadək başa
çatdırılması nəzərdə tutulur.
Ceyrançöl
MMC-nin nəzdində 2000 hektardan çox torpaq sahəsində
iri nümunəvi taxılçılıq- bitkiçilik təsərrüfatının
yaradılmasına başlanılmışdır.
“Şəmkir Aqropark” layihəsi isə bir başqa aləmdir. Ölkə Prezidentinin təşəbbüsü və köməyi ilə inşa olunan bu nəhəng layihəyə indiyədək 30 milyon 286 min 692 manat investisiya qoyulmuşdur ki, bunun da 20 milyon manatı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ayrılmışdır. Bu ilin sonunadək işlərin birinci mərhələsi başa çatdırılmalıdır. Bu kompleksdə müasir istixana, şitilçilik, tingçilik, intensiv bağçılıq, meyvə – tərəvəz emalı, loqistik və aqroservis mərkəzi, soyuducu anbar, yaşıl market və fermer mağazaları, otel və digər infrasruktur müəssisələri inşa olunacaqdır.
... Şəmkir çox uğurlu bir yoldadır. Təbii ki, bu uğur ölkə Prezidentinin Şəmkirə xüsusi diqqət və qayğısı sayəsində yaranıb. Nə yaxşı ki, Azərbaycanın bu böyük rayonunda qayğı və diqqətə əməli işlə cavab verən insanlar var: təşəbbüskar, sözlə əməli bir olanlar.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2015.- 27 oktyabr.- S.10.