Aqrar sahənin
inkişafı
prioritet istiqamətdir
Ümummilli liderimiz Heydər
Əliyev Azərbaycanda yenidən rəhbərliyə gəldikdən
sonra respublikamızın daxili imkanları hesabına əhalinin
etibarlı ərzaq təminatına böyük önəm verdi və bu istiqamətdə bir sıra məqsədyönlü
tədbirlər görüldü. Ulu öndərin təşəbbüsü
ilə MDB məkanında ilk dəfə Azərbaycanda torpaq
islahatlarının aparılması, kənd təsərrüfatı
istehsalçılarına yardım mexanizmlərinin
formalaşdırılması, beynəlxalq təşkilatlarla birgə
əhəmiyyətli layihələrin həyata keçirilməsi,
həmçinin “Azərbaycan
Respublikasının ərzaq təhlükəsizliyi
Proqramı” çərçivəsində
görülmüş işlər nəticəsində
ölkədə kənd təsərrüfatı məhsulları
istehsalı artırıldı.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin
respublikamıza rəhbərlik etdiyi illər ərzində də
bu sahənin inkişafına prioritet vəzifə kimi
yanaşılıb. Dövlət başçısının 25 avqust
2008-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı” bunun
bariz ifadəsidir. Həmin proqram ölkəmizin
ərzaq təhlükəsizliyinin təmin olunması
baxımından müstəsna əhəmiyyət kəsb
edir. Adı çəkilən sənədin
uğurlu icrası nəticəsində mühüm göstəricilər
əldə edilib. Proqramda əkinə yararlı torpaq sahələrindən
səmərəli istifadə olunması, bitkiçiliyin,
xüsusən taxılçılığın, meyvəçiliyin,
tərəvəzçiliyin,
üzümçülüyün, heyvandarlığın, o
cümlədən ət və süd məhsulları
istehsalının inkişaf etdirilməsi üzrə nəzərdə
tutulmuş tədbirlərin həyata keçirilməsi
ölkə vətəndaşlarının keyfiyyətli və
təhlükəsiz ərzaq məhsullarına tələbatının
tam ödənilməsinə əlverişli şərait
yaradıb. Elə buna görə də
hazırda əhalinin ərzaq təhlükəsizliyinin tam təmin
olunması, aqrar sahədə ixrac potensialının
artırılması üçün müasir aqroparklar və
iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair
müvafiq Dövlət Proqramı çərçivəsində
bölgələrdə müasir infrastruktur yenilənir, kəndlərarası
avtomobil yolları şəbəkəsi genişləndirilir.
Burada diqqətçəkən bir məqamı da
xatırlatmaq istərdik. Kənd təsərrüfatının
inkişafını daha da sürətləndirmək, bu sahədə
mövcud problemləri həll etmək məqsədilə cənab
İlham Əliyevin sərəncamı ilə 2015-ci il Azərbaycan Respublikasında “Kənd təsərrüfatı
ili” elan edilib. Həmin sərəncamda bildirilir ki, Azərbaycanda
reallaşdırılan aqrar islahatlar nəticəsində
kənd təsərrüfatının dinamik inkişafına əlverişli
zəmin yaradılıb. Eyni zamanda, sahənin
yüksək tərəqqisinə dövlət dəstəyinin
gücləndirilməsi, yeni çağırışlara
uyğun strateji hədəflərin və institusional dəyişikliklərin
müəyyənləşdirilməsi sayəsində bu
istiqamətdə keyfiyyətcə yeni mərhələ
başlanıb. Bu mərhələ
üçün xarakterik olan bir neçə göstəriciyə
nəzər salaq. Aqrar sahənin intensiv
metodlarla inkişafının stimullaşdırılması
hesabına əksər kənd təsərrüfatı məhsulunun
istehsal həcminin artım sürəti ölkədə kənd
əhalisinin sayının artım sürətini dəfələrlə
üstələyib. Bitkiçilikdə
istehsalın artımı əlavə əkin sahələrinin
dövriyyəyə cəlb edilməsi sürətindən
yüksək olub. Mal-qaranın baş sayı 21 faiz
artdığı halda, ət istehsalında artım 46,4 faiz, süd istehsalında isə 53 faiz olub.
Kənd təsərrüfatı
texnikasının dəyərinin 40 faizi dövlət tərəfindən
ödənilib, güzəştlə satılan mineral gübrələrin
həcmi hər hektar üzrə 50 manatdan 80 manata qədər
artırılıb. Bütün bunlar isə məhsulun maya dəyərini əhəmiyyətli
dərəcədə aşağı salmaqla bərabər,
onların gəlirlərinin artmasına və investisiya
imkanlarının genişləndirilməsinə müsbət
təsir göstərib.
Bitkiçiliyin
inkişafına birbaşa dəstək tədbirləri
çərçivəsində buğda və çəltik
səpininə, əkin sahələrinin və çoxillik
bitkilərin becərilməsində istifadə edilən yanacaq
və motor yağlarına görə yardım verilib. Bakı şəhərində hər həftə
sonları və bayram günləri təşkil edilən yarmarkaların
fəaliyyəti daha da təkmilləşdirilib.
Son illərdə fermerlərə də maliyyə dəstəyi
gücləndirilib. Təkcə bu ilin ötən ayları ərzində
4400-dən çox sahibkara 166 milyon manat güzəştli
kredit ayrılıb. Həmin kreditlərdən istifadə
etməklə investisiya layihələrinin
reallaşdırılması 10 mindən çox yeni iş
yerinin açılmasına imkan yaradıb.
Yuxarıda qeyd edilənlərlə yanaşı,
2009-2015-ci illərdə “Aqrolizinq” ASC vasitəsilə
respublikaya 16 min başa qədər damazlıq qaramal gətirilərək
istehsalçılara güzəştlə lizinqə verilib. Damazlıq
heyvanların sayı artaraq 30 min başa çatıb.
Ağcabədi, Xaçmaz, Samux, Ağdaş, Bərdə,
İsmayıllı, Qəbələ və Füzulidə iri
müasir heyvandarlıq kompleksləri yaradılıb.
Hazırda bu iş Şamaxı, Xızı, Tovuz və digər
rayonlarda da davam etdirilir.
Ağdaş,
Göyçay, Qəbələ, İsmayıllı, Siyəzən
və digər rayonlarda meyvə və üzüm emalı,
şirə istehsalı müəssisələri fəaliyyətə
başlayıb. “Samur-Abşeron” suvarma sisteminin yenidən
qurulması, Taxtakörpü və Şəmkirçay su
anbarlarının, Vəlvələçay-Taxtakörpü və
Taxtakörpü-Ceyranbatan kanallarının və digər iri layihələr
əkin dövriyyəsinə yeni torpaqlar cəlb etməyə
müsbət təsir göstərib. Nazirlər Kabinetinin bu
ilin doqquz ayının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında Prezident İlham Əliyev ölkəmizin
ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində
əldə edilən uğurlara toxunaraq demişdir: “Bu il ”Kənd
təsərrüfatı ili" elan edilmişdir. Şadam ki,
“Kənd təsərrüfatı ili”ndə kənd təsərrüfatımız
da 6,7 faiz artıb. Ölkədə
aparılan islahatlar, eyni zamanda, dövlət tərəfindən
fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı
və bütövlükdə dövlət siyasəti, bax, bu
vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının
yaradılması da, xüsusilə, taxılçılıq
sahəsində böyük dönüşə səbəb
olub". Son illərdə müasir
quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv
bağçılıq və üzümçülük təsərrüfatlarının,
logistik mərkəzlərin və taxıl anbarları
kompleksinin yaradılması da aqrar sektorda canlanmaya, istehlak
bazarının sabitləşməsinə, ixrac
potensialının artmasına, idxaldan
asılılığın azalmasına, ümumilikdə ərzaq
təhlükəsizliyinin möhkəmlənməsinə səbəb
olub. Fikrimizin təsdiqi kimi, diqqəti bir
fakta yönəltmək istərdik. Ölkə
Prezidentinin tapşırığına əsasən, 19 rayonda
40 min hektardan artıq sahədə 30 iri fermer təsərrüfatı
yaradılıb, 40 min hektar yeni
torpaq sahəsi dövriyyəyə buraxılıb. Cari mövsümdə həmin təsərrüfatlarda
məhsuldarlıq hər hektardan 58-60 sentner təşkil edib.
Nazirlər
Kabinetinin yuxarıda adı çəkilən iclasında Prezident İlham Əliyev
bununla bağlı demişdir: “Taxılçılıq
üzrə iri fermer təsərrüfatlarında hər
hektardan 50-60 sentner məhsul götürülür. Bu, çox yüksək göstəricidir. Nəzərə alsaq ki, son illərə qədər
bizdə orta məhsuldarlıq 25-26 sentner idi. Bu il isə orta məhsuldarlıq 30 sentnerdən
çoxdur. Bu da rekord göstəricidir. Ona görə ərzaq təhlükəsizliyi məsələlərinin
həlli üçün əlavə tədbirlər
görüləcək. İndi yeni əkin sahələri
dövriyyəyə
buraxılacaq. Yaradılmış iki böyük
su anbarının - Taxtakörpü və Şəmkirçay
su anbarlarının hesabına on minlərlə hektar
torpağa suyun verilməsi nəzərdə tutulur... Yeni yaradılacaq əkin sahələrində məhsullar
yetişdiriləcək və onların böyük hissəsi
ixrac edilməlidir”. Etiraf edək ki, bu gün aqrar sahədə
çətinliklər də az deyil. Məsələn, fermerlər ən çox məhsulları
yeni bazarlara çıxara bilməməkdən gileylənirlər.
Bu məsələ ilə bağlı Prezident İlham
Əliyev Nazirlər Kabinetinin son iclasında demişdir:
“...Bizim gələcəkdə iqtisadiyyatımızın
inkişafını təmin edən əsas sahə ixrac
olacaqdır. Bunu mən dəfələrlə
demişəm. Biz buna çox ciddi
hazırlaşırıq. Burada artıq
deyildi ki, biz xaricdə logistika mərkəzləri
yaradırıq. Nə üçün?
Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız
oraya - yeni bazarlara çıxsın. Bunu ona görə
edirik ki, sahibkarların gedib öz məhsullarını rahat
satmaq imkanları olsun...”.
Doğrudan da,
hazırda fermerlərin məhsul ixracı ilə bağlı
problemləri var. Azərbaycan fermerləri alternativ bazarlara
çıxmaqda çətinliklə
qarşılaşırlar. Əvvəla, onların
böyük bir qisminin başqa bazarlarla bağlı məlumatları yoxdur.
Buna görə də
fermerlərin məhsul ixrac edə biləcəyi
bazarların elektron xəritəsinin və bazasının
hazırlanmasına zəruri ehtiyac duyulur. Burada əsas
diqqət daxili bazarların və məhsulların, eyni zamanda,
dünya bazarlarının Azərbyacan şəraitinə
uyğun elektronlaşdırılmasına yönəldilməlidir. İkincisi, fermerlərin ixrac imkanları sadələşdirilməlidir
və süni baryerlər aradan qaldırılmalıdır.
Fermerlərin xarici bazarlarda rəqabət apara
bilmələri üçün ixrac zamanı nəzərə
çarpan əlavə xərclər də ləğv edilməlidir.
Yeri gəlmişkən, yuxarıda qeyd edilən məsələlərlə
bağlı aqrar sektorda ciddi addımlar atılır. Yerli məhsulların
ixracı məqsədilə regionlarda logistik mərkəzlər
yaradılır. Qazaxıstanın Aktau şəhərində
kənd təsərrüfatı və digər qida məhsullarının
saxlanmasını və satışını təmin edəcək
logistik mərkəzin tikilməsi bunun bariz nümunəsidir. Bu ilin noyabr ayından etibarən həmin logistik mərkəz
vasitəsilə Azərbaycanda istehsal olunan meyvə, tərəvəz
və digər qida məhsulları Qazaxıstanın qərb
regionlarına ixrac olunacaq. Hazırda digər
regionlarda da belə logistik mərkəzlərin
yaradılması istiqamətində tədbirlər
reallaşdırılır.
Yuxarıda sadalananlarla yanaşı, hazırda ölkənin
bütün kateqoriyalı torpaqlarının elektron
uçotu, xəritələşməsi və məlumat
bankının yaradılması istiqamətində
mühüm işlər aparılır. Torpaqların
elektron informasiya sisteminin hazırlanması ilə bağlı
müasir beynəlxalq təcrübə öyrənilir və
bu prosesə beynəlxalq ekspertlər cəlb olunur.
Torpaq sahələrindən əsassız və
qeyri-qanuni istifadə hallarının qarşısının
alınması istiqamətində də tədbirlər
gücləndirilib. Torpaq sahələrinin dəqiq sərhədlərinin
təyin edilməsi, koordinat uyğunsuzluqlarının aradan
qaldırılması yönündə daha səmərəli
tədbirlərin həyata keçirilməsinə
başlanılıb. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin sözügedən iclasında qeyd etdiyimiz bu
mühüm məsələyə də toxunmuşdur: “Kənd
təsərrüfatının inkişafı
üçün çox ciddi tədbirlər
görülür, islahatlar aparılır. Torpaqların
elektron uçotu, qeydiyyatı indiki mərhələ
üçün çox önəmli məsələdir.
Biz buna nail ola bilsək, onda həm şəffaflıq
olar, həm də biz dəqiq biləcəyik ki, nəyimiz var.
Çünki bəzi hallarda tərtib olunan xəritələr
həqiqətlə uzlaşmır. İndi bu məsələ
aydınlaşdırılır, təftiş edilir. Verilən
pay torpaqları, ayrılan sahələr bunlar həqiqəti əks
etdirmir. Peykdən əldə edilən
görüntülər xəritədə göstərilən
görüntülərlə üst-üstə
düşmür. Bu, çox ciddi məsələdir.
Vaxtilə bu sahədə böyük səhvlər
buraxılmışdır. Ona görə
biz indi hər şeyi yenidən tənzimləməliyik.
Elektron uçot ona görə lazımdır
ki, sahibkarlar hansı torpağın sahibi olduqlarını
bilsinlər. Eyni zamanda, dövlət də bilməlidir
ki, kimin hansı torpağı var, o torpaqlarda nə
yetişdirilir və ya yetişdirilmir... Mən
bilirəm, indi Kənd Təsərrüfatı Nazirliyi bu
işlərlə çox ciddi məşğuldur. Gərək bütün aidiyyəti qurumlar da buna
qoşulsunlar ki, biz torpaqların elektron uçotunu tərtib
edək. Burada uyğunsuzluq aradan
götürülməlidir”.
Prezident İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, etibarlı ərzaq təminatı
hər bir ölkənin iqtisadi sabitliyinin və sosial
dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan, dövlət
başçısının respublikada əhalinin ərzaq məhsulları
ilə etibarlı təminatı məqsədilə
vaxtaşırı verdiyi tapşırıqlar, tövsiyələr,
imzaladığı fərman və sərəncamlar, dövlət
proqramları bundan sonra da Azərbaycanın
ərzaq təhlükəsizliyinin təmin edilməsində
müstəsna əhəmiyyət kəsb edəcək və
qarşıya qoyulmuş vəzifələr uğurla icra
olunacaqdır.
Vaqif BAYRAMOV
Kənd Təsərrüfatı
Nazirliyi tərəfindən jurnalistlər arasında elan
edilmiş yaradıcılıq müsabiqəsinə təqdim
olunur.
Xalq qəzeti.- 2015.- 31 oktyabr.- S.8.