Azərbaycan “Doing
Business 2016”
hesabatında 17 pillə irəliləyib
Hazırda dünyanın nüfuzlu
iqtisadi və maliyyə institutlarının rəyləri və
proqnozları, ən əsası, uğurlarımızın
real mənzərəsi bir daha təsdiq edir ki, Prezident
İlham Əliyevin ölkəyə rəhbərliyə
başladığı ilk gündən bəyan etdiyi strateji hədəflər,
qarşıya qoyduğu vəzifələr artıq reallığa çevrilib. Təsadüfi
deyil ki, Azərbaycan artıq 2009-cu ildə iqtisadi keçid
dövrünü başa çatdırıb və hazırda
dünyanın inkişaf etmiş ölkələri ilə
müqayisə olunur. Respublikamız öz tərəfdaşları
ilə mühüm transmilli enerji və kommunikasiya layihələrini
uğurla reallaşdırmaqla regionun və Avropanın iqtisadi
xəritəsini dəyişdirməkdə, onu zənginləşdirməkdə
davam edir. Bu gün Cənubi Qafqaz
iqtisadiyyatının təxminən 80 faizi Azərbaycanın
payına düşür. Öz enerji təhlükəsizliyini
təmin edən
ölkəmiz Avropanın enerji bazarında
mühüm aktora çevrilir, həm də onun təhlükəsizliyinə
öz töhfələrini verir. Hesablamalara görə,
hazırda bir sıra Avropa ölkələrinin enerji
bazarında Azərbaycanın payı 30-40 faiz təşkil
edir.
Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının
davamlı inkişafı və yüksəliş prosesinin
dövlətimizin daha da qüdrətlənməsi, əhalinin
sosial rifah halının artması ilə müşayiət
olunması son onilliyin əsas nailiyyət göstəricisidir. Əvvəlki illərdə
qazanılan bu uğur tendensiyası bu ilin ötən aylarında
da ardıcıl davam edib, makroiqtisadi sabitlik qorunub
saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft
sektorunun və regionların inkişafı sürətlənib,
valyuta ehtiyatlarının səmərəli idarə edilməsi
təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib,
biznes mühiti daha da yaxşılaşıb. Bütün
bunlar Azərbaycan dövlətinin böyük inamla həyata
keçirdiyi uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir.
“Güclü dövlət, yüksək rifah” prinsipinə
əsaslanan, uğurları dünyada yüksək qiymətləndirilən
Azərbaycan dövlətinin düşünülmüş və
uzaqgörən siyasəti gələcəkdə də
ölkəmizin davamlı inkişafını təmin edəcəkdir. Heç
şübhəsiz ki, əvvəlki illərdə olduğu
kimi, bu siyasətin ana xətti yenə də vətəndaşlarımızın
həyat səviyyəsinin daha da yüksəldilməsi
olacaqdır. Bütün bunlar isə
ölkənin gələcək sosial-iqtisadi inkişafına
yeni yanaşma tələb edir. Bu baxımdan Azərbaycanın
perspektiv inkişafının hədəf və istiqamətlərini
müəyyənləşdirən “Azərbaycan-2020: gələcəyə
baxış” İnkişaf Konsepsiyası müstəsna əhəmiyyət
kəsb edir. Konsepsiyada nəzərdə tutulmuş hədəflər
bir daha göstərir ki, bütün sahələri əhatə
edən irimiqyaslı tədbirlərin həyata keçirilməsi
bundan sonra da ölkəmizin davamlı inkişafını,
onun dünyada mövqeyinin daha da möhkəmlənməsini və
xalqımızın rifahının yaxşılaşmasını
təmin edəcək və 2015-ci il də
əvvəlki illər kimi, milli inkişaf strategiyasının
ən uğurlu dövrlərindən olacaqdır. Bir sözlə,
bu gün
inkişafın yeni mərhələsinin əsas hədəfi
milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə
və dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə Azərbaycanda
dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir.
Son illərdə sahibkarlığa dövlət dəstəyinin
gücləndirilməsi, biznes mühitinin daha da
yaxşılaşdırılması Azərbaycanda mövcud
qanunvericilik çərçivəsində investorların sərmayələrinin
lazımi səviyyədə qorunması ilə müşahidə
olunur. Xarici
investorların ölkəmizə marağının getdikcə
artması da vergi
və gömrük qanunvericiliyi sahəsində etibarlı
hüquqi bazanın yaradılması ilə əlaqədardır.
Məhz elə buna görə də Azərbaycanın
enerji sektoru ilə yanaşı, digər sahələr də
bu gün xarici investorlar üçün cəlbedici olaraq
qalır. Potensial investorlar isə Azərbaycanda maliyyə,
inşaat (xüsusilə də iri biznes komplekslərinin
yaradılması), kənd təsərrüfatı, alternativ
enerji, turizm, informasiya texnologiyaları, qida və s. sektorlara
böyük maraq göstərirlər.
Dünyanın aparıcı investisiya şirkətləri,
maliyyə qurumları ölkəmizə irihəcmli sərmayə
yatırır, kreditlər ayırırlar. Xarici ölkələr
və beynəlxalq təşkilatlar tərəfindən əsas
kapitala yönəldilmiş xarici investisiyanın çox hissəsi
Böyük Britaniya, ABŞ, Yaponiya, Fransa, Norveç,
Çexiya, Türkiyə və Koreyaya məxsusdur. Yeri gəlmişkən, Böyük
Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya
yatıran ölkələrdən biridir. Hazırda
bir sıra Böyük Britaniya şirkətləri ölkəmizdə
fəaliyyət göstərir. Bu günə
qədər Böyük Britaniya şirkətləri tərəfindən
Azərbaycana 21 milyard dollar vəsait yatırılıb.
Bunun böyük hissəsi neft-qaz sektorunu əhatə
edir. Azərbaycan neft-qaz sahəsində
Böyük Britaniya şirkətləri ilə sıx əməkdaşlıq
edir və gələcəkdə iki ölkənin şirkətləri
arasında müştərək layihələrin təşkil
olunacağı gözlənilir.
Ümumiyyətlə, respublikamızın güclü
maliyyə resurslarına malik olması, bölgədə ən
iri kommunikasiya - infrastruktur layihələrinin
reallaşmasının təşəbbüskarı kimi
iştirak etməsi xarici investorları ölkə
iqtisadiyyatına daha böyük maraqla cəlb edir. Ölkəyə
qoyulan investisiyaların həcminin ildən-ilə artması
dövlətimizin bu sahəyə göstərdiyi diqqət və
qayğının bariz nümunəsidir. Bütün
bu amillər onu deməyə əsas verir ki, dünyada
etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanda
əlverişli biznes mühiti formalaşmışdır.
Əldə olunan nəticələr
iqtisadiyyatın daha da güclənəcəyinə əlverişli
zəmin yaradır.
Özəl
investisiyalar sahəsində həyata keçirilən siyasətin
əsas istiqamətlərini müəssisələrin yenidənqurulması
məqsədilə müasir texnoloji avadanlıqların Azərbaycana
gətirilməsi və bunun üçün xarici ticarət
rejiminin təkmilləşdirilməsi, daxili investisiyalarla
yanaşı, birbaşa xarici investisiyaların
ixracyönümlü və əlavə dəyərin
xüsusi çəkisi yüksək olan sahələrə
yönəldilməsi kimi məsələlər təşkil
edir.
İqtisadiyyatın bir çox sahələrində
olduğu kimi, xaricə investisiya qoyuluşu sahəsində də
ölkəmiz uğurlar qazanır. Azərbaycan şirkətlərinin
xarici bazarlara çıxması dövlət siyasətinin əsasını
təşkil edir. İqtisadi
potensialımızın güclənməsi xarici dövlətlərə
investisiya qoyuluşuna əlverişli şərait yaradır.
Türkiyə, Gürcüstan, Ukrayna, Belarus,
Moldova, Polşa kimi ölkələr Azərbaycan
investisiyalarının potensial hədəfləri
sırasında yer alır.
Dünyada
biznes mühitinin qiymətləndirilməsi istiqamətində
ənənəvi olaraq hər il dərc olunan hesabatlar da Azərbaycanda
reallaşdırılan iqtisadi islahatların uğurlu nəticələrindən,
sahibkarlığa dövlət dəstəyinin getdikcə gücləndirilməsindən, biznes mühitinin daha da
yaxşılaşdırılmasından xəbər verir. Belə
hesabatlardan biri də Dünya Bankı tərəfindən
hazırlanaraq bu il oktyabrın 27-də
açıqlanan biznes mühitinin əlverişliliyi üzrə
qiymətləndirməni özündə əks etdirən
“Doing Business 2016" hesabatıdır.
Ötən
il ərzində həyata
keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan
189 ölkənin biznes mühitinin qiymətləndirildiyi
hesabatda mövqeyini 17 pillə yaxşılaşdıraraq
80-ci pillədən 63-cü pilləyə yüksəlib.
Azərbaycanda biznes mühitinin belə qiymətləndirilməsi
təsadüfi deyil. Belə ki, sahibkarlıq fəaliyyətindən və
mülkiyyətdən gələn gəlirlərin sürətlə
artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması
və özəl mülkiyyətin əsaslarının
möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb
qanunvericilik bazasının təkmilləşdirilməsi,
müxtəlif dövlət proqramları həyata keçirilərək
iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət
qayğısının artırılması və iqtisadiyyatın idarə edilməsinə
müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin
artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi
həm son istehlaka,
həm də yığıma yönəldilən
vəsaitlərin effektiv artımına gətirib
çıxarıb.
İqtisadiyyat
və Sənaye Nazirliyinin mətbuat xidmətindən
aldığımız məlumatda
bildirilir ki, “Doing Business 2016” hesabatında 3 göstərici
(”Biznesə başlama", “Tikinti üçün icazələrin
alınması” və “Kiçik investorların
maraqlarının qorunması”) üzrə biznes mühitinin
yaxşılaşdırılması sahəsində
aparılan islahatlar xüsusi qeyd edilib.
Hesabatda əksər göstəricilər üzrə
ölkəmizin mövqeyi yaxşılaşıb. Belə ki, Azərbaycan
“Biznesə başlama” göstəricisi üzrə 5 pillə,
“Tikinti üçün icazələrin alınması”
göstəricisi üzrə 36 pillə, “Kiçik investorların
maraqlarının qorunması” göstəricisi üzrə 15
pillə, “Elektrik təchizatı şəbəkələrinə
qoşulma” göstəricisi üzrə 49 pillə, “Xarici ticarətin
aparılması” göstəricisi üzrə 72 pillə və
sair irəliləyib.
“Doing
Business 2016" hesabatında Azərbaycan iqtisadiyyatı 189
ölkə iqtisadiyyatı arasında ”Biznesə
başlama" göstəricisi üzrə 7-ci,
“Əmlakın qeydiyyatı” göstəricisi üzrə 22-ci,
“Vergilərin ödənişi” göstəricisi üzrə
34-cü, “Kiçik investorların maraqlarının
qorunması” göstəricisi üzrə 36-cı, “Müqavilələrin
icrasının təmin edilməsi” göstəricisi üzrə
40-cı yerdədir. Bununla da Azərbaycan “Doing
Business 2016” hesabatında dünyada 3 və daha çox islahat
aparan 24 ölkədən biri olub.
Hesabatda “Biznesə başlama” göstəricisi üzrə
Azərbaycan biznesin qeydiyyatını sadələşdirməklə
dünyanın ilk onluğuna daxil olub və Almaniya,
İsveç, Estoniya, Slovakiya ilə yanaşı, dünyada ən
yaxşı təcrübəyə malik ölkə kimi qeyd
olunub. Həmçinin
ölkəmizdə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin qəbul edilməsi, tikintiyə icazələrin
alınması sahəsində “bir pəncərə” prinsipinin
tətbiqi, aidiyyəti şəxslərlə əqdlər
bağlanılarkən prosedurların təkmilləşdirilməsi
kimi islahatlar nümunə kimi göstərilib.
Qeyd edilməlidir
ki, hesabatda ölkəmizin mövqeyinin yüksəlməsinə
əsas səbəb Azərbaycan Respublikası Prezidentinin
“Sahibkarlığın inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında” 3 mart 2014-cü il tarixli Fərmanı
ilə verilmiş tapşırıqlara uyğun olaraq,
sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət
əməliyyatlarının aparılması, daşınmaz əmlaka
hüquqların qeydiyyatı, tikintiyə icazələrin
verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi,
investorların maraqlarının qorunması və müflisləşmə
üzrə qanunvericiliyə müvafiq dəyişikliklərin
edilməsi sayəsində mümkün olub.
Ötən
ilki hesabatla müqayisədə “Doing Business 2016"
hesabatına ”Tikinti üçün icazələrin
alınması", “Elektrik təchizatı şəbəkələrinə
qoşulma”, “Müqavilələrin icrası”, “Əmlakın
qeydiyyatı” göstəriciləri üzrə biznes
mühitinin qiymətləndirilməsində zaman, xərc və
prosedurlarla yanaşı, müvafiq olaraq tikintinin keyfiyyətinə
nəzarət, elektrik təchizatının
etibarlılığı, tariflərin şəffaflığı,
məhkəmə proseslərinin keyfiyyəti və ərazi
idarəetməsi keyfiyyəti indeksləri də əlavə
edilib.
“Doing
Business” hesabatının mühüm elementi olan “Etalon
Qanunvericiliyə Yaxınlıq” (DTF) indeksi üzrə ölkəmiz
67.8 balla qiymətləndirilib ki, (əvvəlki hesabatda 64.08)
bu da Azərbaycanda dövlət başçısının
rəhbərliyi ilə biznes mühitinin təkmilləşdirilməsi
istiqamətində həyata keçirilmiş islahatların
daha bir göstəricisidir.
Sonda bir məqamı da xatırlatmaq istərdik. Dünya Bankı və Beynəlxalq
Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi
illik “Doing Business 2016” hesabatında Azərbaycan, həmçinin əmlakın qeydiyyatı sisteminin
səmərəliliyinə görə, dünyada ilk yerlərdən
birini tutub.
2016-cı
il üçün tərtib edilən
hesabatda bildirilir ki, Azərbaycan mülkiyyət hüququnun
qeydiyyatı ilə bağlı prosedurların sayının
azlığına, müddətin qısalığına və
qeydiyyat xərclərinə görə, dünyanın və
MDB-nin əksər ölkələrini qabaqlayır. “Doing Business 2016"
hesabatına əsasən, Azərbaycanda əmlakın
qeydiyyatı üçün cəmi 3 prosedurdan keçmək
tələb olunur. Bu göstəriciyə
görə, ölkəmiz ABŞ, Almaniya, Finlandiya,
İsveçrə, Hollandiya, Yaponiya və İspaniya kimi
inkişaf etmiş ölkələri, o cümlədən
qonşu Türkiyəni qabaqlayır. Qeyd edək ki,
dünya üzrə bu göstərici 4,7
prosedur, Azərbaycan da daxil olduğu Avropa və Mərkəzi
Asiya regionunda isə 5,4 prosedur təşkil edir.
Digər
tərəfdən “Doing Business 2016” hesabatına əsasən
ölkəmizdə qeydiyyat müddəti cəmi 8,5 gün davam edir. Müqayisə
üçün bildirək ki, İqtisadi Əməkdaşlıq
və İnkişaf Təşkilatına (İƏİT)
daxil olan ölkələr üzrə bu müddət 21,8 gün, Avropa və Mərkəzi Asiya regionu
üçün isə 22 gün təşkil edir. Başqa sözlə, Azərbaycanda əmlakın
qeydiyyatı müddəti Avropa üzrə ümumi göstəricidən
3 dəfə daha sürətlidir.
Azərbaycan əmlakın qeydiyyatı zamanı tələb
olunan xərclərin azlığına görə də,
dünya və Avropa ölkələrinin əksəriyyətini
qabaqlayır.
Hesabata əsasən, Azərbaycanda əmlakın qeydiyyatı
üçün tələb olunan məbləğ əmlakın
dəyərinin cəmi 0,2 faizini təşkil edir. Qeyd edək
ki, İƏİT ölkələri üzrə bu göstərici
əmlakın dəyərinin 4,2 faizi qədər, Avropa və
Mərkəzi Asiya regionu üçün isə 2,6 faiz təşkil
edir.
Hesabatda
Azərbaycanın əldə etdiyi yüksək göstəricilər
son illər ölkədə əmlakın qeydiyyatının
sadələşdirilməsi və müasir standartlara
çatdırılması sahəsində görülən
işlərin nəticəsidir. Bu sahədə elektron xidmətlərin,
“Kütləvi çıxarış” kampaniyası və
mobil ofis xidmətlərinin tətbiqi əmlakın
qeydiyyatını sadələşdirib və onu əhalinin
bütün təbəqələri üçün əlçatan
edib. Eyni zamanda, daşınmaz əmlakın qeydiyyatı və
torpaq idarəçiliyində “bir pəncərə” sisteminin
tətbiqi də bu sahədə şəffaflıq və
operativliyi kifayət dərəcədə artırıb.
Üstəlik bu sahədə informasiya-kommunikasiya
texnologiyalarının və “Elektron hökumət”in
imkanlarından səmərəli istifadə nəticəsində
əmlakın qeydiyyatı prosedurları və tələb
olunan müddət, eləcə də, sərf edilən
qeydiyyat xərcləri kəskin azalıb.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 31 oktyabr.- S.1.