Milli musiqimizlə yanaşı, kino sənətimiz də Üzeyir dühasından güc alıb

Üzeyir Hacıbəyli – 130

 

Azərbaycan xalqı dahi  bəstəkar, böyük  mütəfəkkir Üzeyir Hacıbəylinin  130 illik  yubileyini keçirməyə hazırlaşır. Onun  sənəti və şəxsiyyəti haqqında  yüzlərlə  tədqiqat əsərləri, kitablar, məqalələr  yazılıb,  filmlər  çəkilib. İstədik ki, yubiley ərəfəsində  bu  böyük  sənət korifeyini  bir  daha  xatırlayaq, onun haqqında  və əsərləri  əsasında  çəkilmiş  filmləri yenidən  nəzərdən keçirək.

 

 Anarın  Üzeyir Hacıbəyov: Uzun ömrün akkordları” filmi  dahi Üzeyir  bəyin  həyat yoluna bədii-publisist  baxışdır. Amma bu  filmdə  çox  qiymətli tarixi faktlar var. Film Azərbaycan milli mədəniyyətinin  Üzeyir  Hacıbəyli ilə başlanan tarixinə  çox realist bir nəzərdir. Üzeyir  sənətinin Azərbaycan xalqının mədəni  yüksəlişindəki  rolu misilsizdir  zaman keçdikcə  onun əsərlərinin əhəmiyyəti  daha aydın  hiss olunmaqdadır.

 

 Üzeyir  bəy  xalqımızın tarixində, bütövlükdə Şərqdə ilk operanın müəllifidir. O, həm də  Azərbaycanda musiqili komediya janrının əsasını qoydu. Milli kinomuzun inkişafında da yaradıcılığı təsirsiz ötüşmədi. İşıqlı dühasından kino sənətinə də nur payı düşdü.

 

Üzeyir Hacıbəyli  1913-cü ildə Sankt-Peterburqda musiqi təhsili alarkən “Arşın mal alanmusiqili komediyasını yazmışdı. Səhnə üçün yazdığı bu əsərin ekranda yeni sənət ömrü yaşayacağını tələbə- bəstəkar təsəvvürünə belə gətirmirdi.

 

“Arşın mal alan”ın ilk səhnə uğuru Bakıda fəaliyyət göstərən “Filma” Səhmdar Cəmiyyətinin rəhbərliyini əsərin ekran variantı ilə böyük qazanc əldə etməyə həvəsləndirmişdi. 1916-cı ildə şirkət “Arşın mal alanfilmini çəkdi və 3 yanvar 1917-ci ildə Bakıda “Forum” kinoteatrında ilk dəfə nümayiş etdirildi. Ekran əsərində Hüseynqulu Sarabski (Əsgər), Əhməd Ağdamski (Gülçöhrə), Mirzağa Əliyev (Süleyman) rolunu ifa edir. Lakin qüvvətli aktyor ansamblı belə filmi uğursuzluqdan qurtara bilmədi. Rejissor Boris Svetlov Azərbaycan mədəniyyətinə dərindən bələd olmadığından əsərin ekran həyatı uğurlu alınmamışdı. Çəkilişlərdən narazı qalan Üzeyir bəy filmin ekrandan çıxarılmasını tələb etdi. İkinci dəfə Q.Beyyatov adlı şəxs Üzeyir Hacıbəylinin razılığını almadan “Arşın mal alan”ı yenidən çəksə də, birinci  ekran variantına xas olan səhvlər Q.Beyyatovun da quruluşunda özünü göstərdi. Film ikinci nümayişindən sonra Üzeyir Hacıbəylinin təkidi ilə ekrandan çıxarıldı. 1937-ci ildə ABŞ-da bəstəkarla razılaşdırılmadan film üçüncü dəfə ekranlaşdırıldı.

 

1945-ci ildə Rza Təhmasib və Nikolay Leşşenkonun quruluşunda dördüncü dəfə ekranlaşdırılan “Arşın mal alan” tamaşaçıların böyük sevgisilə qarşılandı.  Böyük Vətən müharibəsinin  ağır illərində  çətinliklərə baxmayaraq əsər yüksək səviyyədə ekranlaşdırılmışdı. O vaxt  Moskva senzurası  filmi ekranlara buraxmaq istəmirdi. Səbəb də bu idi ki, adi bir tacirin həyatından bəhs edən film gərəksiz hesab olunurdu. Amma görkəmli rejissor  Sergey Eyzenşteyn   filmə tamaşa edəndən sonra  onun  qəbul edilməsini inadla tələb etdi və beləliklə,  film ümumittifaq  ekranlarına  vəsiqə aldı. “Arşın mal alan” 136 ölkədə göstərilib, 86 dilə tərcümə olunub.

 

“Arşın mal alan” müğənni Rəşid Behbudovunböyük yumor ustası Lütfəli Abdulayevin kino sənətində ilk addımıdır. “Səbuhi” filmində (1941) Leyla xanım Bədirbəylinin Tubu rolunun ifasından razı qalan Təhmasib Gülçöhrəni ona həvalə edir.  Filmdə Rza Təhmasibin peşəkar rejissor üslubu aydın görünür. Aktyorların yüksək ifa tərzi, zamanın filmdə bədii təcəssümü, milli kolorit ustad rejissorun düzgün şərhindən irəli gəlir. Rejissorun yüksək ekran sənətkarlığını səciyyələndirən mühüm xüsusiyyətlər film boyu tamaşaçının diqqətindən yayınmır. Rza Təhmasibin “Arşın mal alan”ı Azərbaycan kino sənətində musiqili komediya janrında çəkilən ekran əsərlərinin sənət öncüllərindən biri kimi yer tutur.  Diqqətçəkən mühüm cəhətlərdən biri də filmdə butaforiyanın olmamasıdır. Mebel, müxtəlif bəzək və zinət əşyaları təbiidir.

 

1946-cı ildə Üzeyir Hacıbəyov, Rza Təhmasib, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, Münəvvər Kələntərli, Lütfəli Abdullayev “Arşın mal alan” filminə görə Stalin mükafatına layiq görülüb.

 

Rusiya kinosunun 100 illiyi münasibətilə aparılan sorğuda 100 film “qızıl”, “gümüş” və “bürünc” siyahıları  müəyyənləşdiridi. Seçilən filmlər  arasında “Arşın mal alankino mütəxəssislərinin yekdil rəyilə “qızıl siyahı”ya yazıldı. 2013-cü ildə bu qiymətli ekran əsərinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə rəngli variantı hazırlandı.  Görkəmli kinorejissor Tofiq Tağızadə 1965-ci ildə Üzeyir Hacıbəylinin 80 illiyi ilə əlaqədar “Arşın mal alana yenidən quruluş verdi.  T.Tağızadə filmin ssenarisini rejissor Muxtar Dadaşovla birgə yazmışdı. Bu filmdə Həsən Məmmədov Əsgər bəy, Nəcibə Məlikova Cahan xala, Leyla Şıxlinskaya Gülçöhrə, Ağadadaş Qurbanov Soltan bəy, Xuraman Hacıyeva Asya, Tələt Rəhmanov Vəli rollarını ifa edirlər.

 

Qeyd edək ki, Tofiq Tağızadə  yüksək inkişaf etmiş kinotexnikadan bacarıqla bəhrələnib. 1945-ci ildə lentə alınan filmin ilk variantı kinotexnika ilə əlaqədar əsasən interyerlərdə lentə alınmışdı. Bu variant həm rəngli, həm də genişekranlı  idi. Novatorluğu ilə səciyyələnən sənətkarın rejissurasında aktyor oyunu, dövrün təcəssümü, müxtəlif bədii tapıntılar diqqəti cəlb edir. Rejissor qayəsinin ifadəsinə çevrilən dolğun təsvirlər bədii fikrin açılmasında xüsusi rol oynayır.

 

Tofiq Tağızadənin quruluşunda səhnələr ekran kompozisiyası baxımından bitkinliyilə seçilir. Filmdə rejissor Üzeyir Hacıbəylinin nəfəsini qorumağa çalışır.

 

 Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasının ekranlaşdırılmasına ilk cəhd isə 1918-ci ildə Yalta kinostudiyasında edilmişdi. Lakin filmin taleyi uğurlu alınmamışdı.

 

1956-cı ildə Hüseyn Seyidzadə Azərbaycan kinosunda ilk rəngli film olan “O olmasın, bu olsunmusiqili komediyasının çəkilişlərinə başlayır. Hamı Məşədi İbad rolunun klassik ifaçısı Mirzəaağa Əliyevin bu rola çəkiləcəyini gözləyirdi. Lakin Hüseyn Seyidzadə heç kimin gözləmədiyi halda bu rola Əliağa Ağayevin namizədliyi üzərində dayandı. Rejissorun seçimi ciddi mübahisələrə səbəb olsa da, nəticə  çox uğurlu  oldu.

 

Əliağa Ağayevin bu rolun öhdəsindən layiqli gələ bilməyəcəyi barədə bədii şurada fikirlər səslənmişdi. Ancaq  özünəməxsus inadla bədii şurada Hüseyn Seyidzadə Əliağa Ağayevin bu rola təsdiqinə nail ola bildi. Bədii şurada rejissorun hambal roluna Əhməd Əhmədovu çəkmək təklifi də razılıqla qarşılanmır. Lakin Hüseyn Seyidzadə mövqeyində dayanır, fikrindən dönmür.

 

Film tezliklə keçmiş SSRİ-nin sərhədlərini aşır. Amerika Birləşmiş Ştatları, İsveçrə, Macarıstan, Yuqoslaviya, İran, İraq – ümumilikdə 40-dək ölkədə uğurla nümayiş olunur.

 

Filmdə  həkim Arif Mirzəquliyev Sərvəri, Tamara Gözəlova Gülnazı, Barat Şəkinskaya Sənəmi ifa edib. Sənətsevərlər bu gün də Əliağa Ağayevin Məşədi İbadını, Ağasadıq Gəraybəylinin Rüstəm bəyini, İsmayıl Osmanlının Rza bəyini, Mustafa Mərdanovun Həsən bəyini, Möhsün Sənaninin qoçu Əsgərini, Adil İsgəndərovun qoçu  rolunu  sevgi dolu təbəssümlə izləyirlər.

 

Yenə qayıdıram Anarın  Uzun ömrün akkordları” bədii televiziya filminə. Bu ekran əsəri kino  estetikası baxımından tamamilə yeni ruhlu, yeni nəfəsli filmdir.

 

Bir sıra rəngarəng ifadə vasitələri milli kinomuzda ilk dəfə obrazlı əksini Xalq yazıçısı Anarın quruluşunda tapır. Rejissor şərhindən irəli gələrək filmdə tarixilik prinsipi qorunur. İstər natura, istərsə də dekorasiya çəkilişlərində dövrün, zamanın nəbzi aydın duyulur. Üzeyir bəy, Cabbar Qaryağdıoğlu, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Zərdabi kimi onlarla tarixi şəxsiyyətin dolğun ekran təsviri filmin bədii məziyyətlərindən biridir.

 

Tarixi obrazlarla aktyorların zahiri görünüşünün son dərəcə oxşar olması bioqrafik janrın estetikası çərçivəsindədir. Zaman kontekstində canlanan real hadisələr filmin dramaturji xəttilə üzvi şəkildə birləşir. 10 yanvar 1982-ci ildə filmin ilk premyerası baş tutub. Uzun illər keçməsinə baxmayaq, “Uzun ömrün akkordları” qüvvətli ssenarist, rejissor akkordları ilə bu gün də hamını sənət cazibəsində, sənət sehrində saxlayır.

 

Üzeyir  Hacıbəyli haqqında bir neçə sənədli film  çəkilib. Bu  filmlərin hər birində Üzeyir bəyin canlı obrazı ilə qarşılaşmaq mümkündür. Onlarda  dahi sənətkarın həyat və yaradıcılıq yolunun ən qiymətli anları əbədiləşdirilib.

 

İnanırıq ki, böyük sənət korifeyinin  130 illik yubileyi ərəfəsində  tamaşaçılar yenidən bu  filmlərə baxmaq imkanı əldə edəcək və  Üzeyir bəyi  dərin hörmət və minnətdarlıqla yad edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,

Xalq qəzeti.-2015.-2 sentyabr.-S.7.