Tanınmış yazıçı-
publisist,
vətənpərvər
ziyalı
Azərbaycan ədəbiyyatının
tanınmış nümayəndələrindən biri–
şair, publisist, nasir, dramaturq Hidayətin rəngarəng
mövzulu, müxtəlif janrlı
yaradıcılığı həmişə milli
ideallarımızla sıx bağlı olmuş, dərin
ictimai mənası və yüksək vətəndaşlıq
mövqeyi ilə seçilmişdir. Milli
istiqlalımıza yönəlik həyat və
yaradıcılığı, məktəbdə, mətbuatda
və ədəbi- bədii qurumlarda çoxillik səmərəli
fəaliyyəti onu torpaqlarımızın
bütövlüyü uğrunda ümumxalq mübarizəsinin
və milli azadlıq hərəkatının ön
mövqeyinə çıxarmışdır.
Bütün bunlar istedadlı və məhsuldar ədibi həm
də ictimai- siyasi xadim kimi yetkinləşdirmiş, müstəqilliyimizin
ilk günlərindən dövlət idarəçiliyi sahəsində
məsul vəzifələr tutmasına zəmin olmuşdur.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə qədim yurd yerlərimiz, zaman- zaman ermənilərin qəsb etdikləri, nəhayət Qarabağ münaqişəsinin başlanğıcında min bir hiylə və vəhşiliklə azərbaycanlılarsız ərazilərə çevirdikləri Qərbi Azərbaycanın Muğru mahalının Maralzəmi kəndində dünyaya göz açmışdır. Uşaqlıq- yeniyetməlik illərində doğma yerlərin gözəlliyindən və tarixin dərinliklərindən qaynaqlanan adət- ənənələr ağuşunda duyduğu şirinliyə sovet dövründə hakim mövqe qazanmış erməni millətçilərinin açıq- gizli basqıları acılar qatmışdır. Belə bir mühitdə tərbiyələnib böyüməsi onun dərin hissiyyatlı və iti zəkalı bir gənc, şair xəyallı və yurd sevgili bir azərbaycanlı kimi formalaşmasına önəmli təsir göstərmişdir.
Orta məktəbi bitirib ali filoloji təhsil almaq üçün Bakıya gələndə də məqsədi xalqımızın milli varlığının əbədiyaşarlıq iksiri olan dilimizi, ədəbiyyatımızı, ötənlərimizin izlərini qoruyub saxlayan tariximizi dərindən öyrənib doğma yerlərə dönmək olmuşdu. O, bununla “dost” cildində gizlənmiş azğın, qaraniyyətli düşmənin qabağında getdikcə köməksizləşən doğma el- obalara bir az da ayıq- sayıq xidmət etmək, ulu yurd yerlərimizin keşiyində daha möhkəm dayanmaq istəmişdi. Hidayət Orucovun bütün sonrakı ömür yolu, mübarizəsi və uğurları bu arzu- istəklə mayalanmış, bu amalla mənalanmış, bu çevrədə zirvəyə çatmışdır.
Bakı Dövlət Universitetinin filologiya fakültəsində milli yetkinlik dərsi keçən Hidayət qarşısıalınmaz bir mübarizə əzmi ilə doğmalarının yanına dönüb əvvəl kənd məktəbində balaca soydaşlarımıza ana dilimizin, milli ədəbiyyatımızın cazibə dairəsində təlim- tərbiyə və bilik vermişdi. Ədəbi istedadı, vətənsevərliyi ilə qısa müddətdə Qərbi Azərbaycanda yaşayan ziyalılar arasında böy göstərən, tanınan Hidayətin ana Vətəndən aralı salınmış soydaşlarımızın həyatına güzgü tutan “Sovet Ermənistanı” kimi mərkəzi qəzetlə əməkdaşlığa irəli çəkilməsi isə ona geniş fəaliyyət meydanı açmışdı.
Şair o illərdə ulu yurd sevgisini belə bəyan etmişdi:
Babamın atamdan
sonrakı yaşı,
Çiçəkli,
meşəli, qayalı
Zəngəzur
torpağı,
Bir aran
çeşməsinin su daşı.
...Qədimdən-
qədiməm,
Uludan uluyam,
Bir ovuc,
Bir içim xan Araz suyuyam.
Xalq
şairi, millət vəkili Sabir Rüstəmxanlı Hidayətin
yaradıcılığında aparıcı mövzu
olmuş yurd sevgisi, itkisi və həsrətini illər
keçəndən sonra, ötən il belə
ifadə etmişdir: “Azərbaycanın görkəmli qələm
ustalarından biri, şair, dramaturq, nasir, publisist, ictimai-siyasi
xadim kimi yaxşı tanınan və sevilən gənclik
dostum Hidayət yetmişi haqlayıb. Həyatın
çox sınaqlarından keçib, sevinc də
görüb, dərd də; ancaq ilk
tanışlığımızda gözlərinin dərinliyində
və sözündə gördüyüm kədər
heç vaxt silinib getməyib. Hidayət
bütöv Vətənin nəğməkarıdır, lakin
Zəngəzur öz acı taleyi ilə həmişə onun
oxuduğu nəğmələrin şah bəndidir.” On illər əvvəl isə gənc ədibin yurd
sevgisi, xalqa qələmi, sözü ilə xidmət etmək
təşnəliyi qonşu respublika ilə yanaşı, Azərbaycanda
da səlahiyyət sahiblərinin diqqətini cəlb
etmişdi. Elə buna görə də türk şəhəri, indi
isə erməni siyasi mərkəzi olmuş qədim İrəvan
şəhərində xalqımızın teatr fəaliyyətini
davam etdirən
C.
Cabbarlı adına Azərbaycan Dövlət
Dram Teatrının işini yaxşılaşdırmağa
çalışan Azərbaycan rəhbərliyinin seçimi
və səyi ilə 1968-ci ildə Hidayət Orucov bu sənət
ocağının direktoru təyin olunmuş, 16 il bu cəfakeş
kollektivə rəhbərlik etmişdi.
İrəvan
Dövlət Azərbaycan Dram Teatrının direktoru
İftixar Piriyev Hidayət müəllimin İrəvan
Teatrının inkişafındakı xidmətindən belə
söz açmışdır: “Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin görkəmli nümayəndəsi,
şair, dramaturq, ədəbiyyatşünas, teatr tənqidçisi,
tərcüməçi, ictimai-siyasi xadim Hidayət Orucov
ömrünün hər anını xalq və Vətən
yolunda xidmətdə bulunmuş dəyərli
ziyalımızdır. Mən 2000-ci il iyun
ayının 18-də İrəvan Dövlət Azərbaycan
Dram Teatrına rəhbər təyin olunarkən, orada direktor
kimi fəaliyyətə başlayarkən kollektivə ilk
sözüm bu oldu: Biz gərək bu teatrı Hidayət
müəllimin dövründəki səviyyəyə
çatdıraq. Əgər buna nail ola
bilsək, onda İrəvan Teatrı ən nüfuzlu teatrlar
sırasına çıxa biləcək. Bu belə
də oldu. Az müddət ərzində
İrəvan Teatrı bütün göstəricilərinə
görə respublikanın öndə gedən teatrları
sırasına çıxdı. Əlbəttə,
bu işdə Hidayət müəllimin bizə verdiyi dəyərli
məsləhətlər və tövsiyələr çox
böyük rol oynadı.”
İrəvanda
yaşadığı illərdə Hidayət müəllim
bütün istedadını və sevgisini “Xalqlar
dostluğu”nun saxta məngənəsində sıxılmaqda
olan “Ermənistan azərbaycanlıları”nın
milli– mədəni yüksəlişinə, öz
yurdlarına daha möhkəm bağlanmaqlarına həsr
etmişdi.
Bioqrafiyasının
sonrakı səhifələrində göstərildiyi kimi, Azərbaycan–Ermənistan
ədəbi mühitlərində Hidayət adı ilə
tanınan yazıçı o vaxt Ermənistan
Yazıçılar İttifaqında Azərbaycan Ədəbiyyatı
Şurasına da rəhbərlik etmiş, İrəvan Pedaqoji
İnstitutunun Azərbaycan şöbəsində XIX-XX əsr
Azərbaycan ədəbiyyatından dərs demişdi. Onun təşəbbüsü və bilavasitə rəhbərliyi
ilə həmin dövrdə təkcə İrəvanın
deyil, indi Ermənistan adlandırılan oğuz ellərinin
milli ədəbi-mədəni mühitində canlanma
yaranmışdı. Qərbi Azərbaycanda
onlarla şair və nasirlərin kitabları İrəvanda
işıq üzü görmüş, “Ədəbi Ermənistan”
məcmuəsi nəşr olunmuşdu.
Hidayət Orucov İrəvanda yaşadığı
dövrdə onun bir sıra şeir, publisistika, nəsr, tərcümə
kitabları nəşr edilmiş, pyesləri İrəvan və
Azərbaycan teatrlarında səhnəyə qoyulmuşdu. Ədəbiyyatın
və incəsənətin inkişafındakı xidmətlərinə
görə ona 1978-ci ildə Ermənistan SSR Əməkdar mədəniyyət
xadimi fəxri adı verilmişdi. Uzun illər
erməni basqılarına qarşı bacardığı qədər
dirəniş göstərən, onlardan hədsiz
riyakarlıq, pislik görən Hidayət müəllim 1989-cu
ildə xəyanətkar xalqın Azərbaycana növbəti təcavüzdən
əl çəkməməsinə etiraz əlaməti olaraq
bu fəxri adından imtina etmişdi.
1984-cü
ildə Bakıya köçərək “Gənclik” nəşriyyatında
çalışan – 1986-cı ilədək baş redaktor
müavini, sonra isə 6 il baş redaktor vəzifələrində
işləyən soydaşımız bu illərdə
böyüməkdə olan nəsillər üçün dəyərli
kitablar buraxmağa nail olmuş, o cümlədən Azərbaycan
klassik ədəbi irsi, flokloru, tarixi keçmişi ilə
bağlı mənbələri sistemli şəkildə nəşr
etmişdir. “Gənclik” nəşriyyatında onun təşəbbüsü
və rəhbərliyi ilə 50 cildlik “Dünya uşaq ədəbiyyatı
kitabxanası” seriyasının nəşri Azərbaycanın
kitab mədəniyyəti tarixində seçilən hadisə
olmuşdu. 15 cildlik “Azərbaycan folkloru”, 25 cildlik “Macəra və
fantastika”, 17 cildlik “SSRİ xalqları ədəbiyyatı”,
digər önəmli seriyaların nəşrinə də həmin
illərdə başlanmışdı.
Ötən illərdə Hidayət müəllimin
çap olunmuş əsərləri və kitablarının
özü də bütöv bir kitabxana təşkil edir. İrəvanda və
Bakıda işıq üzü görmüş “Məni səsləyəndə”,
“Məhəbbət qocalmır”, “Bir az gözləyin məni”,
“Zirvə çağırır”, “Dənizi harayladım”,
“Eviniz analı olsun”, “Qaynaq”, “Doxsanıncı il”, “ Hərdən
xatırla məni”, “Ömrümün çəhlimləri”
kimi şeir və poema topluları, “İrəvanda xal
qalmadı”, “Qatardan məktub”, “Sabaha çox var”,
“Sözün vaxtı”, “Burdan min atlı keçdi” kimi nəsr,
publisistika, pyes kitabları, “Əziz Əliyev. Odlar yurdunun
iftixarı”, “Mir Cəlal dünyasından sətirlər”,"Muxtar
Avşarov", “Özüm yazmaq istərdim” adlı digər
nəşrlər Hidayət Orucovu müasir ədəbiyyatımızın
istedadlı və məhsuldar ədibi, yetkin söz sahibi,
günün nəbzini tutan naşir olaraq
tanıtmışdır.
Yazıçının,
ümumiyyətlə, otuzdan çox poeziya, nəsr, tərcümə
və s. kitabı nəşr olunmuşdur. “Heydər
Əliyev və Azərbaycanda milli siyasət” monoqrafiyası
rus, ingilis, gürcü dillərində də işıq
üzü görmüşdür. Hidayət Orucovun “Azərbaycanda
din: ən qədim dövrdən bu günədək” adlı
sanballı əsəri araya-ərsəyə gətirməsi də
təsadüfi deyil. Çünki onun dövlət
xadimi kimi uzun illər daşıdığı məsul vəzifələr
bilavasitə din sahəsi ilə bağlı olmuşdur.
Dövlət- din münasibətlərinin qurulması və tənzimlənməsi
prosesində toplanmış zəngin nəzəri bilik və
praktik təcrübə öz bəhrəsini verməli idi. Bu əsər Azərbaycan
dinşünaslığında dinlərin tarixini özündə
əks etdirən ilk fundamental monoqrafiyadır.
Hidayətin
xarici dillərdə nəşr olunmuş “Mən belə
yaşayıram” (rus dilində), “Axtarış”, “Sənsiz”
(gürcü dilində), “Sabaha çox var” (Dağıstan
dillərində) və s. kitabları ölkəmizdən kənarda
maraqla qarşılanmışdır. Onun əsərləri
iyiyrmidən çox dilə çevrilmişdir. “İrəvan və irəvanlılar” filminin baş
məsləhətçisi olmuşdur.
Hidayətin yaradıcılığının diqqətçəkən
istiqamətlərindən biri də tərcüməçilik
fəaliyyətidir. Onun rus, ingilis və s. dillərdən dilimizə
çevirdiyi poeziya, nəsr, dram nümunələri XX əsrin
80-90-cı illərində çap olunmuş ayrı-ayrı
kitablarda, antologiyalarda, dövri mətbuatda işıq
üzü görmüş və böyük maraq
doğurmuşdur. U. Şekspirin “Sonu
yaxşı bitən hər şey yaxşıdır” pyesini,
H. B. Stounun “Tom dayının daxması” romanını, XIX əsrin
ingilis, island poeziyasından nümunələri və bir
sıra görkəmli xarici yazıçının əsərlərini
Azərbaycan dilinə Hidayət Orucov çevirmişdir.
Qarabağ
münaqişəsi başlanan gündən qələmə
sarılan Hidayət müəllim xəstə təxəyyüllü
ermənilərin xisləti, xalqımıza qarşı tarixi
xəyanətləri, saxta erməni tarixi, onların əsassız
və ədalətsiz iddiaları, törətdikləri
qanlı faciələrlə bağlı bir sıra elmi, bədii,
publisistik əsər yazmış, erməni yalanlarına
qarşı informasiya mübarizəsinin təşkilinə
böyük kömək göstərmişdir.
Hidayət Orucov ədəbiyyat, incəsənət, kitab
mədəniyyəti məsələləri, millətlərarası
münasibətlər, din, milli-mədəni dəyərlərimiz
barədə, tarixi keçmişimizə, türk
xalqlarının deportasiyası və soyqırımına,
yaşadığımız günlərin problemlərinə
həsr olunmuş 150-dən çox məqalənin, publisist
qeydlərin müəllifidir. Pyesləri Azərbaycan Dövlət
Akademik Milli Dram, Səməd Vurğun adına
Azərbaycan Dövlət Rus Dram, Sumqayıt, İrəvan
teatrlarında və başqa səhnələrdə uğurla
oynanılır. Ötən illərdə davamlı olaraq ədəbi-
bədii proseslərin mərkəzində olan Hidhayət
müəllim Azərbaycan Yazıçılar Birliyi Məclisinin
və “Ədəbiyyat qəzeti”nin redaksiya
heyətinin üzvüdür.
Milli dövlətçiliyimizin bərpa olunmasına qələmi
və təşkilatçılğı ilə
bacardığı qədər kömək göstərən
Hidayət Xuduş oğlu Orucov 1992–1993-cü illərdə Azərbaycan
Respublikası Prezidentinin millətlərarası münasibətlər
üzrə müşaviri olmuş, 1993-cü ildə
ümummilli lider Heydər Əliyev hakimiyyətə
qayıdandan sonra isə onun etimadı ilə 2005-ci ilədək
Azərbaycan Respublikası Prezidenti Administrasiyasında milli
siyasət məsələləri üzrə dövlət
müşaviri işləmişdir. 2005—2006-cı illərdə
Hidayət Orucov Milli Azlıqlarla və Dini Qurumlarla İş
üzrə dövlət müşaviri vəzifəsində
çalışmışdır.
Bu mühüm dövlət postlarında yüksək səriştə
və məsuliyyətlə işləmiş
tanınmış ədib 2006-cı ildə Azərbaycan
Respublikası Prezidenti İlham Əliyevin sərəncamı
ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
sədri vəzifəsinə təyin edilmişdir. O bu yüksək etimadı 6
illik müddətdə bacarıqla doğrultmuşdur. Dövlət
siyasətinin bu incə və həssas sahələrində
ulu öndər Heydər Əliyevin müəyyən etdiyi
strateji xəttə, Prezident İlham Əliyevin uğurla davam
etdirdiyi kursa milli maraqlara və dövlətçiliyin tələblərinə
uyğun xidmət etmiş Hidayət Orucovun bu gün Azərbaycanın
dünyada tolerant, multikultural ölkə kimi önə
çıxmasında sanballı zəhməti olmuşdur. Onun vaxtilə tez- tez səsləndirdiyi “Azərbaycan
dünyaya yalnız neft deyil, özünün milli-dini
tolerantlıq nümunəsini də ixrac edə bilər”
sözləri artıq həqiqətə çevrilmişdir.
Ədəbi- bədii yaradıcılıq sahələrində ciddi uğurlarını, dövlət idarəçiliyi sistemindəki çoxillik fəaliyyətində qazandığı nüfuzla tamamlayan Hidayət Orucov bu gün xalqımıza və dövlətimizə xidmətini diplomatik sahədə davam etdirir. Ona 27 dekabr 2012-ci ildə fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi verilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkəmizin Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Hidayət Orucovun yaradıcılıq uğurları və ictimai fəaliyyəti ötən illərdə yüksək qiymətləndirilmişdir. O, “Əməkdə igidliyə görə” medalı, Azərbaycanın “Şöhrət”, Gürcüstanın “Şərəf” ordenləri, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Dağıstan Respublikasının fəxri fərmanları ilə təltif edilmişdir. Yazıçı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına, bir sıra ədəbi mükafatlara layiq görülmüşdür. Hidayət Orucov bu yaxınlarda türk yaradıcılıq dünyasında böyük roluna, Qırğızıstan— Azərbaycan ədəbi-mədəni əlaqələrinin möhkəmləndirilməsində töhfələrinə və danılmaz xidmətlərinə görə Aytmatov İctimai Akademiyasının həqiqi üzvü seçilmişdir.
Artıq bir ildir ki, ömrünün səkkizinci onilliyinə qədəm qoymuş Hidayət Orucov yenə gənclik həvəsi ilə yazıb- yaradır. Yazıçı, publisist, dövlət xadimi xalqına övladlıq, dövlətinə vətəndaşlıq borcunu şərəflə davam etdirir. Anadan olduğu günün tamamında sevimli ədib, yetkin ictimai– siyasi xadim Hidayət Orucova möhkəm cansağlığı, yeni uğurlar arzulayırıq.
Tahir AYDINOĞLU,
Əməkdar
jurnalist
Xalq qəzeti.- 2015.- 5 sentyabr.- S.7.