Sabirabad: daha böyük uğurlar
naminə qətiyyətli addımlarla irəli...
Son illər
Sabirabad rayonundan yazı yazmaq daha da asanlaşıb. Çünki burada
adamın ürəyini açan işlər
görülür və bu
da mövzu
seçimində, necə deyərlər, bolluq
yaradır. Cari ilin birinci yarısı da Sabirabad üçün uğurlu olmuşdur. Bütün sahələrdə inkişaf təmin olunmuş,
infrastruktur layihələrin həyata
keçirilməsi davam etdirilmişdir.
Bu faktı birinci qeyd edim ki, altı ayda 39 yeni müəssisə fəaliyyətə başlamış, 522-si daimi olmaqla 578 yeni iş yeri açılmışdır.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 46 sahibkara 623 min manat məbləğində güzəştli kreditlər verilmiş, bunun da nəticəsində 116 yeni iş yeri açılmışdır.
Rayonda aparılan abadlıq və quruculuq işləri ilin birinci yarısında da davam etdirilmişdir. Şəhərin İlham İsgəndərov küçəsində yerləşən üç beşmərtəbəli yaşayış binasının dam örtüyü, pəncərələri dəyişdirilmiş, fasad hissələri üzlük daşla üzlənmiş, balkonları müasir üslubda yenidən qurulmuşdur. Heydər Əliyev prospektində yerləşən beş beşmərtəbəli, bir dördmərtəbəli, dörd ikimərtəbəli, 20 Yanvar küçəsində yerləşən bir beşmərtəbəli, iki üçmərtəbəli, bir ikimərtəbəli yaşayış binasının fasadı sökülərək əsaslı təmir olunmuşdur. Dövlət başçısının tapşırığı ilə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Heydər Əliyev adına istirahət parkında yerləşən Gənclər Mərkəzi hazırda yenidən qurulur.
Məcburi köçkünlərin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Güdəcühür kəndində bütün infrastruktura malik olan iki qəsəbə salınır. Həmin qəsəbədə Güdəcühür köçkün düşərgəsində məskunlaşmış 234 ailə və Şəhriyar köçkün düşərgəsində məskunlaşmış 206 ailə, ümumilikdə 440 ailə yeni mənzillərlə təmin olunacaqdır. Qeyd edək ki, payıza kimi işlərinin başa çatdırılması və məcburi köçkünlərin yeni evlərə köçürülməsi nəzərdə tutulmuşdur.
Sabirabad rayonunun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Qeyd etmək lazımdır ki, Prezidentin 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməsi ilə əlaqədar olaraq kənd təsərrüfatının inkişafına xidmət edən müəssisələrin bazası daha da möhkəmləndirilir. Buna misal olaraq rayonda tikilən kənd təsərrüfatı idarəsinin inzibati binasını göstərmək olar. Xatırladaq ki, binada son tamamlama işləri aparılır və Dövlət Toxum Müfəttişliyinin rayon şöbəsi, eləcə də aqrokimya laboratoriyası da bu binada yerləşəcək.
Söz kənd təsərrüfatından düşmüşkən məlumat üçün qeyd edək ki, 22.964 hektar əkin sahəsindən 85.316 ton (47.390 tonu buğda, 37.926 tonu arpa olmaqla) taxıl istehsal edilmişdir. Ötən illə müqayisədə fərq belədir: taxıl istehsalı 3.083 ton, hər hektardan məhsuldarlıq 37,2 sentner olmaqla 2,7 sentner çoxdur.
Müvafiq dövrdə 3.295 hektar tərəvəz, 4.146 hektar bostan, 1.327 hektar kartof, 5.468 hektar sahədə təzə yonca və digər əkinlər aparılmış, iyun ayının sonuna kimi 10.742 ton kartof, 17.046 ton tərəvəz, 6.189 ton bostan, 788 ton meyvə istehsal edilmişdir. Hazırda məhsul yığımı davam etdirilir.
Eyni zamanda, heyvandarlığın inkişafına da diqqətin artırılması nəticəsində iri buynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2006 baş artaraq 115.914 baş, xırda buynuzlu mal-qaranın sayı 5.945 baş artaraq 20.5711 baş olmuşdur. Həmçinin 2014-cü ilin eyni dövrü ilə müqayisədə ət istehsalı (diri çəkidə) 400 ton və ya 5,5 faiz, süd istehsalı 2.412 ton və ya 5,2 faiz, yun istehsalı 20 ton və ya 4,3 faiz, yumurta istehsalı 1 milyon 609 min ədəd və ya 5,1 faiz artmışdır.
Son vaxtlar xüsusi əhəmiyyət kəsb edən bir məsələni də vurğulamaq lazımdır ki, Dövlət Torpaq Fondu hesabına yaradılacaq özəl iri taxılçılıq təsərrüfatlarının ərazisini və eyni zamanda, Bala Həşimxanlı, Sarxanbəyli və digər kəndlərin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Azadkənd kəndində Kür çayı üzərində nasos stansiyası qurulacaq və 12 kilometr uzunluğunda kanalın çəkilişinə başlanılacaqdır. Xatırladaq ki, bu işlər İnvestisiya Proqramı vasitəsilə həyata keçiriləcəkdir.
İlin ilk yarısında sabirabadlıların elektrik enerjisi ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə görülən işlərdən danışarkən qeyd etmək olar ki, Muradbəyli, Nizami, Şəhriyar, Xəlfəli, Qaratəpə və Əhmədabad kəndlərində 10/04 kv-luq yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur, “SİP” kabel çəkilir və “Smart” kart tipli sayğaclar quraşdırılır. 2015-ci ilin birinci yarısında 982 ədəd “Smart” kart tipli sayğac quraşdırılmışdır. Hazırda 14.924 abonent “Smart” kart tipli sayğacdan istifadə edir. Həmçinin təbii qazla təminatı yaxşılaşdırmaq məqsədilə də müəyyən işlər görülmüşdür. Hazırda rayon mərkəzinə və 32 kəndə təbii qaz verilir. 18 kənddə qazlaşdırma işləri aparılır, bunun 7-də son tamamlama işləri görülür. 10 kənddə isə layihələndirmə işlərinə başlanılmışdır. İlin ötən dövründə 15 kənd – Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Güdəcühür, Axtaçı Muğan, Dadaşbəyli, Osmanlı, Azadkənd, Qəzli, Qəfərli, Qaralı, Balvar, Bulaqlı və Qaratuğay kəndləri mavi yanacaqla təmin olunmuşdur.Nəticədə abonentlərin sayı 19 minə çatmışdır.
Rayon mərkəzinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndindəki Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xətti çəkilmişdir. Bununla yanaşı, əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarından birinin tikintisi başa çatdırılmış, digərində isə son tamamlama işləri aparılır.
Kəndlərdə də bu sahədə müəyyən tədbirlər həyata keçirilir. Əhmədabad kəndində modul tipli sudurulducu qurğunun tikintisi başa çatdırılmış, Xəlfəli və Nərimankənd kəndlərində isə son tamamlama işləri aparılır. Cari ildə 16 kənddə bu tipli qurğuların tikintisi nəzərdə tutulmuş, 6-sının tikintisinə başlanılmışdır.
Ədalət naminə qeyd etmək yerinə düşər ki, son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli iş görülmüşdür. Hazırda iyirmi min əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən və 43 kilometr uzunluğunda Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılmış, Şəhriyar və Axtaçı kəndlərində yolun əsaslı təmiri başa çatdırılmaqla Xəlfəli, Nərimankənd kəndlərində bu işlərə başlanılmışdır.
Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən də 9 kənddə kəndarası yollarda cari təmir işləri aparılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin və təlim-tərbiyənin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Yolçubəyli kənd ibtidai məktəbində 5 əlavə sinif otağı tikilir. 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbində təmir işlərinin başa çatdırılması, 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək tam orta məktəblərinin tikintisi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Nazirlər Kabineti bu yaxınlarda müvafiq sərəncam vermişdir.
Axısxa kəndinin uşaq bağçası əsaslı təmir olunmuş, rayon mərkəzində yerləşən 1 saylı 140 yerlik körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlıq işləri görülür.
Məlumdur ki, ölkə rəhbərinin tapşırığına əsasən, 2015-ci il fevralın 2- dən mayın 1- dək əhali tibbi müayinədən keçirilmişdir.
Bu müddət ərzində 109.224 nəfər sabirabadlı tibbi müayinədən keçirilmişdir. 3.167 nəfər ambulator müalicəyə, 821 nəfər isə Mərkəzi Rayon Xəstəxanasının müvafiq şöbələrində stasionar müalicəyə cəlb edilmiş, müayinələr nəticəsində ciddi xəstəliyi aşkar edilmiş 218 nəfər isə Bakı şəhərinə göndərilmişdir.
Nazirlər Kabinetinin 28 aprel 2015-ci il tarixli qərarı ilə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidir. Bu məqsədlə “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı”, “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” və “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Qərarın təsdiq edildiyi vaxtdan keçən müddət ərzində 24 nəfər tibbi müayinədən keçərək nikaha daxil olmuşdur.
Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda bir sıra işlər görülür. Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Bulaqlı və Qaralar kəndlərində tibb, Məmişlər kəndində isə həkim məntəqələri tikilib istifadəyə verilmişdir.
Mədəniyyət və turizm şöbəsi rayon tədbirlərində fəal iştirak etmiş, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsinə, kitabxana və muzey xidmətinin təşkilinə, incəsənət sahəsində gənc istedadların aşkar olunmasına səy göstərmişdir.
Sevindirici haldır ki, bədii özfəaliyyətin inkişaf etdirilməsinə, gənc istedadların aşkar olunmasına diqqət daha da artırılmışdır. Bunun nəticəsidir ki, ANS TV-nin efirində yayımlanan “Xalqın artisti” mahnı yarışmasında Üzeyir Hacıbəyov adına Uşaq Musiqi Məktəbinin yetirməsi Sarxan Baxşiyevin ifası həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilmiş, o, müsabiqənin qalibi olmuşdur.
Bundan əlavə, Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən beşinci “Muğam televiziya müsabiqəsi”ndə Üzeyir Hacıbəyov adına Uşaq Musiqi Məktəbinin yetirməsi, Səməd Səmədov 20 iştirakçı arasında 8- ci olmuşdur.
İlin birinci yarısında da aztəminatlı əhalinin, pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının və bu qismdən olan bütün təbəqələrin həyat səviyyəsinin yaxşılaşdırılması diqqət mərkəzində olmuşdur. Bu dövrdə 2.074 ailəyə (9.107 nəfər) 1 milyon 748 min manat ünvanlı sosial yardım verilmiş, həmçinin 897 ailəyə (4.036 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir.
Bu gün Sabirabadda 170 nəfər tənha-ahıla evlərdə sosial məişət xidmətləri göstərmək üçün 20 işçi təhkim edilmişdir. 33 əlil sanatoriyaya və pansionatlara göndərilmişdir.
Bu il 10 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə müasir tələblərə cavab verən mənzillər tikilmişdir.
Rayonun Olimpiya İdman Kompleksində əlamətdar günlərə həsr olunmuş müxtəlif idman yarışlarının təşkil edilməsi, qaliblərə diplom və mükafatlar verilməsi də təqdirəlayiq haldır. Xatırladaq ki, Bakıda keçirilən Avropa Oyunlarına dəstək məqsədi ilə bu ilin 14-15 mayında voleybol və basketbol üzrə 13 rayonu təmsil edən məktəblilərin zona yarışları da məhz bu ünvanda keçirilmişdir.
Builki son zənglərdən birində rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovun gənclərə müraciətlə dediyi bir fikri xatırlatmaq istəyirəm. Rayon rəhbəri xüsusi vurğuladı ki, ölkə başçısı İlham Əliyevin düşüncələrinin bəhrəsi olan bugünkü nəhəng quruculuq prosesi yeni və müstəqil həyatın astanasında dayanan və gələcəyin təminatçısı roluna sahib gənclərə də xüsusi örnək və nümunə olmalıdır. Onlar mövcud vəziyyətdən daha da səmərəli şəkildə istifadə etməyi və bəhrələnməyi bacarmalıdırlar.Çünki bu, həm onların, həm də ölkəmizin gələcəyi üçün faydalı olar.
Bu gün Sabirabad sürətli sosial- iqtisadi inkişaf yolundadır və bu inkişafın fonunda bir anlıq tərəddüdün, yaxud da “dincini almaq” istəyinin heç yeri yoxdur. Çünki bunun hansı arzuolunmaz nəticələr doğura biləcəyini bu inkişafın gerçəkləşməsinə alınlarının təri, gözlərinin nuru ilə nail olanlar hamıdan yaxşı bilirlər. Ona görə də onların məhz bir amalı və bir devizi var: yorulmaq yox, dayanmaq yox, qətiyyətli addımlarla irəli, yalnız irəli!
Səməd
HÜSEYNOĞLU
Xalq qəzeti.- 2015.- 6
sentyabr.- S.6.