Yaradıcılığı da, fədakarlığı da alqışlanan sənətkar

 

Biz onu  təkcə teatrdakı yaradıcılığına görə deyil, həm də teatrı yaşatdığına görə sevirik. Belə ki, indi haqqında söz açdığımız sənətkar uzun illərdir ki, öz ata-baba yurdundan didərgin salınmış İrəvan Dövlət Azərbaycan Dram Teatrını, sözün həqiqi mənasında, qoruyur və yaşadır. Aktyor, şair, dramaturq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi İftixar Fəhrat oğlu Piriyev  mədəniyyət tariximizə bax, belə düşəcək. Daha doğrusu, düşüb.

 

  O, 1981-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyorluğu fakültəsində görkəmli səhnə ustası Rza Təhmasibin kursunu  bitirmiş və təyinatla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyorluq fəaliyyətinə başlamışdır. Həmin teatrın səhnəsində İlyas  Əfəndiyevin “Şeyx Xiyabani” pyesində Ayaz, “Büllur sarayda” əsərində Bayandur, “Tənha iydə ağacı”nda Eyvaz,  Nəbi Xəzrinin “Mirzə Şəfi Vazeh” əsərində Əkbər, “Gecə döyülən qapılar”da Xəzər, “Torpağa sancılan qılınc” dramında Poladgüc, Anarın “Sizi deyib gəlmişəm” pyesində Vəliqulu, “Şəhərin yay günləri”ndə Namiq, Jan AnuyunMedeya” faciəsində Oğlan, Nahid Hacıyevin “Məhəbbət yaşadır” pyesində Elcan, Səməd VurğununVaqif” dramında Əli bəy, Əbdürrəhimbəy Haqverdiyevin “Bəxtsiz cavan” faciəsində Çingiz, Rəhman Əlizadənin “Günah”ında Fərhad, Vaqif Səmədoğlunun “Yayda qartopu oyununda Niftalı, ŞekspirinKral Lir” faciəsində Edqar, Eldar Baxışın “Qədr gecəsi”ndə Aşıq İftixar, “Məlikməmməd” xalq nağılında Məlikməmməd, Çingiz AytmatovM.Şaxanovun “Sokratı anma gecəsi”ndə Talap, Nəriman Həsənzadənin “Pompeyin Qafqaza yürüşü” pyesində Çar Uruz kimi müxtəlif səpkili obrazlar yaratmışdır.

 

Görkəmli teatrşünas alim  Cəfər Cəfərov bu fikirdə idi ki, aktyor da yazıçı, rəssam və bəstəkar kimi fərdi xüsusiyyətlərə malik olan bir yaradıcıdır. Onun da özünə görə fıkir və obraz aləmi vardır. Ancaq burasındadır ki, aktyorların yaradıcılığı pərdə qapanan kimi görünməz olur. Buna görə də onlara qarşı daha diqqətli, daha qayğıkeş olmalı, onların  sənətini və irsini daha çox təbliğ  etməliyik.  Bu yazı da həmin  mərama xidmət edir.

 

Dəyərli sənətkarımız  teatr səhnəsi ilə yanaşı televiziyada da maraqlı rollarla sevilmişdir. Məmməd Muradın “Təkan”, Saday Budaqlının “Közərən evin işıqları”, Əkrəm Əylislinin “Ürək yaman şeydir”, DilsuzunOğulla görüş” əsərlərində tutarlı rollar oynamışdır. Onun teleseriallarda  yaratdığı obrazları da uğurlu sənət nümunələridir. Əlibala Hacızadənin “İtkin gəlin” əsəri əsasında çəkilmiş teleserialında Əbdül, Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” əsəri əsasında çəkilmiş “Taleyin qisməti beləymiş” serialında Vədad, Bəxtiyar Vahabzadənin “Yağışdan sonra” teleserialında Aslan, Ağarəhim Rəhimovun ssenariləri əsasında çəkilmiş “Canavar balası” filmində Nofəl, “Qırmızı qar” filmində Şef kimi xarakterik tipajlarla aktyor ustalığını nümayiş etdirmişdir.

 

Ancaq o, aktyorluq fəaliyyəti ilə kifayətlənməmiş, müxtəlif təşəbbüslərlə də çıxış etmişdir. Belə ki, İftixar Piriyev 1991-1993-cü illər arası özünün yaratdığı Azərbaycan MilliDastan” Teatrının təsisçisi və rəhbəri olmuşdur. Bundan başqa, 1998-ci ildə ulu öndər Heydər Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin göndərişi ilə Tbilisi Azərbaycan Dram Teatrının bərpa rəhbəri təyin olunmuş, teatrın bərpasında müstəsna xidmət göstırmişdir.

 

Əhatəli bədii yaradıcılıqla da məşğul olan İftixar Piriyevin “Yaşadığım bu ömür”, “Nə qəribə yuxuymuş”, “Sevgilim” şeirlər, üç kitabdan ibarət “Pyeslər”, ümummilli liderimiz Heydər Əliyevə həsr olunmuşBöyük Turanın Himni”, türk, rus, ingilis, alman, fransız, italyan, ispan, ərəb, fars dillərinə tərcümə olunmuş “Müstəqil Vətənin Memarı” poemaları, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anadan olmasının 50 illiyi münasibəti ilə yazdığı və tamaşaya hazırladığı “İşıqlı, nurlu sabah” və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində yazdığı və tamaşaya hazırladığı “Soyqırımı tarixinin dastanı” mənzum pyesləri və ayrıca olaraq türk dilində “Bağımsız Vatanın Mimarı” poeması kitab şəklində oxuculara təqdim olunmuşdur.

 

O, 2000-ci ildən Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktorudur. Həmin vaxtdan bu günə qədər İrəvan Teatrında yaranmış dönüş, dinamik inkişaf, əldə olunan uğurlar teatrın yeni inkişaf mərhələsinə çatması və nüfuz dairəsinin genişlənməsi İftixar Piriyevin də həyatında əhəmiyyətli bir faktora çevrildi. Az zaman kəsiyində sürətlə inkişaf edən İrəvan Teatrının uğurlu fəaliyyəti ölkə başçısının sərəncamları ilə yüksək dəyərləndirildi.  Teatrın 125 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, həmin ərəfədə kollektivin bir neçə üzvünün fəxri adlarla təltif olunması, teatrın bina ilə təmin olunması qazanılmış uğurlara Prezidentimiz tərəfindən verilən yüksək qiymət idi. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinin təşəbbüsü ilə yubiley tədbirlərinin Türkiyə Cümhuriyyətində də təntənə ilə davam etdirilməsi və dövlət sifarişlərinin verilməsi, dəfələrlə xarici ölkələrə genişmiqyaslı qastrol səfərlərinin həyata keçirilməsinə yaradılan şərait həmin qiymətin məntiqi davamı kimi İrəvan teatrının daha da inkişaf etməsinə stimul verir. Həmin diqqət və qayğı bu gündavam etdirilməkdədir.  Onun rəhbərliyi altında İrəvan Teatrı  dəfələrlə  bir sıra beynəlxalq layihələrə imza atmış, Türkiyə Cümhuriyyətində, Gürcüstan, Dağıstan respublikalarında qastrol səfərləri uğurla reallaşmışdır.

 

Bütün bunlarla yanaşı, elmi yaradıcılıqla da məşğul olan İftixar Piriyev 2012-ci ildə “Müstəqillik dövrü teatrımızın inkişafında Elçin dramaturgiyasının mövqeyi” adlı dissertasiyasını müdafiə etməklə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almış,  tədqiq  etdiyi mövzu elmi monoqrafiya şəklində çap olunaraq müasir teatrşünaslığımızda özünə layiqli yer tuta bilmişdir. 

 

2009-cu ildə İrəvan Teatrının səhnəsində oynanılan dramaturq Aqşin BabayevinXilaskar” və 2013-cü ildə özünün müəllifi olduğuQurtuluş dastanı”, 2014-cü ildə Hidayətin “Burdan min atlı keçdi” əsərlərinin tamaşalarında ümummilli liderimiz Heydər Əliyevin bədii obrazını ustalıqla yaratmışdır. Bu tamaşalarda Heydər Əliyev obrazı İftixar Piriyevin  mükəmməl və əvəzsiz ifası ilə yadda qalmışdır.

 

Aqşin BabayevinXilaskar” tamaşası Türkiyə Cümhuriyyətində, Gürcüstan və Dağıstan respublikalarında nüfuzlu salonlarda mötəbər tamaşaçılar qarşısında uğurla oynanılmışdır. Dünya şöhrətli siyasətçi Eduard Şevardnadze tamaşaya baxdıqdan sonra səhnə arxasına keçmiş, aktyorlarla görüşərək öz heyranlığını dilə gətirmişdir. Kollekivin üzvlərini öz iqamətgahında qəbul edərkən tamaşadan aldığı təəssüratları bölüşmüş, Heydər Əliyevin fenomenal cəhətlərindən danışmış, ulu öndərin bədii obrazının mükəmməl təqdimatını alqışlamışdır.

 

İrəvan Teatrının hazırladığı – İftixarın müəllifi və rejissoru olduğu “Soyqırımı tarixinin dastanı” tamaşası   2013-cü ildə  Türkiyənin Qars, İqdır, Manisa, Quş adası və Uşak şəhərlərində qastrol səfərində böyük uğur əldə etmişmükafata layiq görülmüşdür. İftixarın “Eşqin tikan dairəsi” pyesi  Tiflis Azərbaycan Dram Teatrında  tamaşaya qoyulmuş, tamaşa 2013-cü illdə Bakıda keçirilən teatr festivalında, 2015-ci ildə isə Türkiyə Cümhuriyyətinin Amator Teatr Festivalında mükafatlara layiq görülmüşdür.  Qurtuluş dastanı” epik-tarixi dramı isə bu ilin 15 iyun tarixində C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında da uğurla tamaşaya qoyulmuşdur. Tamaşaya baxan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yaradıcı heyyətlə səhnə arxası görüşü zamanı əsərin yüksək bədii keyfiyyətə malik olduğunu vurğulamış, tamaşanın uğurlu cəhətləri barədə dəyərli fikirlər söyləmişdir.

 

Qeyd etdiyimiz kimi, bu qısa yazının qəhrəmanı sentyabrın 7-də dünyaya gəlib. Odur ki, sevimli sənətkarımızı anadan olmasının növbəti ildönümü  münasibətilə təbrik edir, ona sənət üfüqlərində  zirvələr, yeni-yeni  uğurlar diləyirik!

 

Rafiq SALMANOV,

Xalq qəzeti.-2015.-4 sentyabr.-S.7.