“Əsrin müqaviləsi”nin təntənəsi

 

(əvvəli linkdə)

 

“SOCAR – Türkey Enerji A.Ş.”-nin baş  icraçı direktoru Kənan Yavuz  görüşdə  şirkətin özəlləşdirdiyi  nəhəng “Petkim Petrokimya Holdinq”i    onun  nəzdində olan  müəssisələrin  mövcud durumu, perspektivləri barədə  nümayiş  etdirilən  videoçarxların  və əyani  vasitələrin köməyi ilə ətraflı  məlumat verdi,  habelə  jurnalistləri maraqlandıran sualları  cavablandırdı. Bütün  bunları dinlədikcə gözlərimiz  qarşısında  nəinki  Azərbaycan  və Türkiyənin,  eləcə də dünyanın ən  nəhəng neft-kimya  sənayesi komplekslərindən birinin  yaranışından  başlamış,  indiki  mərhələsinə  qədər gəlib çatması    eyni zamanda,  hazırda  sürətlə aparılan  quruculuq-genişləndirmə işləri  canlanırdı.

 

Kənan  bəy  məlumat verdi ki, SOCAR 2008-ci ildə “Petkim”in 51 faizlik hissəsini 2 milyard 40 milyon dollar müqabilində Türkiyə dövlətindən blok halında almışdır. 2012-ci ildə isə dövlətdə qalan 10 faizlik hissəni də 168 milyon dollara özəlləşdirmişdir. Beləliklə, SOCAR-ın “Petkim”in alınması üçün bu vaxtadək ödədiyi məbləğ 2,2 milyard dollar təşkil edir. Bunun təxminən 900 milyon dolları “SOCAR — Turkiyə” şirkətinin Türkiyədə formalaşdırdığı maliyyə resursları hesabına ödənilmişdir. Beləliklə, SOCAR Türkiyədə yaradılan resurs hesabına “Petkim”in özəlləşdirilməsindən qalan borcunu da tamamilə ödəmişdir.

 

Görülən  tədbirlər nəticəsində “Petkim”in nəzdindəki etilen zavodunun istehsal gücü 13 faiz,  PTA zavodunun istehsal gücü isə 50 faiz artırılmışdır. Nəticədə “Petkim”in illik istehsal gücü 3,2 milyon tondan 3,6 milyon tona yüksəlmişdir.

 

Holdinqə  məxsus “Star” neft emalı zavodu barədə məlumat verən “SOCAR – Türkiyə”nin  rəhbəri qeyd etdi ki, aparılan işlərlə bərabər bu müəssisənin ümumi investisiya dəyəri 5 milyard 600 milyon dollar təşkil edir. Bunun  2 milyard 400 milyon dolları SOCAR-ın öz resurslarından təmin edilib. Qalan 3 milyard 200 milyon dollar dəyərindəki investisiya isə banklar tərəfindən maliyyələşdirilməkdədir". “Star” neft emalı zavodu üçün 23 bankdan ümumilikdə 3,2 milyard dollarlıq maliyyə resursu təmin edilmişdir. On səkkiz illik müddətə  nəzərdə tutulmuş Türkiyə real sektor tarixinin ən böyük maliyyələşdirməsi olan bu layihə 23 beynəlxalq bankın və ABŞ, Yaponiya, Koreya, İspaniya və İtaliya “Eximbank”larının da daxil olduğu konsorsium tərəfindən reallaşdırılmışdır.

 

“Star” neft emalı zavodunun inşasının 2018-ci ildə bitəcəyini deyən K.Yavuz bildirdi ki, bu müəssisə Türkiyə Respublikasının bir nömrəli strateji investisiyaya təşviq sənədinə malikdir.

 

Qeyd olundu ki, zavodun istehsal edəcəyi bütün məhsullar, hazırda Türkiyəyə xaricdən idxal edilir. Yəni, Türkiyəyə başqa ölkələrdən gətirilən məhsullar artıq bu zavodda istehsal olunacaqdır. “Star” Avropanın ən müasir texnologiyaları ilə təchiz  edildiyinə görə burada həm məhsuldarlıq, həm də keyfiyyət yüksək standartlara cavab verəcəkdir.

 

İndiyədək zavodda tikinti işlərinin təqribən  29 faizi  görülmüş və  bu məqsədlə  2 milyard dollar vəsait xərclənmişdir. Obyektin tikintisində təxminən 10 min nəfər çalışacaq. 2018-ci ilin martında istehsala başlanılması nəzərdə tutulan “Star” zavodu işə düşdükdən sonra isə burada 1000 nəfər daimi işlə təmin ediləcəkdir.

 

Petkim yarımadasında inşa edilən digər bir obyekt “Petlim” konteyner limanıdır. Bu, Türkiyənin üçüncü, Egey dənizinin isə ən böyük konteyner limanı olacaq. “Petlim” keyfiyyət  baxımından da Türkiyənin  və bölgənin ən yüksək standartlara sahib limanı olacaqdır.

 

Dünyanın ən böyük investisiya banklarından olan “Goldman Sachs” “Petkim”in liman şirkəti “Petlim”ə ortaqdır. Daha doğrusu, bank  Petlim”in səhmlərinin 30 faizini 250 milyon dollar müqabilində almışdır. Bu səhmlərin satışı nəticəsində konteyner limanının bazar dəyəri bir milyard dollara çatıb. “Petlim”in üstünlüyü dünyanın 11 mindən çox konteyneri daşıyan ən böyük gəmilərinin limana yanaşa bilməsidir. Bunun üçün dənizin dərinliyi 16 metrə çatdırılmış və 700 metr uzunluğunda liman sahil xətti inşa edilmişdir.

 

Ümumi investisiya dəyəri 400 milyon dollar olan “Petlim”in səhmlərinin 300 milyon dollarlıq hissəsini “Petkim” maliyyələşdirib. Limanın  28 il müddətinə menecmenti dünyanın ən böyük konteyner terminalı idarəetmə şirkəti olan “APM Terminals” şirkətidlir.

 

Şirkət rəhbəri bildirdi ki, “Petlim”in rəsmi açılışının 2016-cı ildə Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə həyata keçirilməsi planlaşdırılmışdır.

 

Petkim yarımadasında enerji istehsalının şaxələndirilməsi çərçivəsində inşa ediləcək digər müəssisə ümumi gücü 51 meqavat olacaq külək elektrik stansiyasıdır  Təxminən 55 milyon avro məbləğində investisiya ilə “Petkim” tərəfindən inşa edilən külək elektrik stansiyasının tikintisinin də  2016-cı ilin sonunda tamamlanması nəzərdə tutulur. “SOCAR POWER Enerji Sərmayələri A.Ş.” şirkətinin “Petkim”in ərazisində qarşıdakı 10 illik planında təxminən 1500 meqavat gücə malik layihəsi var. Hazırda 300 meqavatlıq gücə malik olacaq kömür stansiyası üçün “SOCAR Power” şirkəti vasitəsilə dövlətdən  lazımi icazələr alınıb. Tender prosesi və layihənin maliyyələşdirilməsi üçün banklarla danışıqlar aparılır.

 

300 meqavatlıq “Petkim Kojenerasyon Təsisinin” (Petkojen) birinci mərhələsinin gələn ildə tamamlanması planlaşdırılır. Beləliklə də enerji xərclərinə təxminən 30 faiz qənaət təmin edilməsi nəzərdə tutulur. Planlaşdırılan sərmayələr 2023-cü ildə Petkim yarımadasının elektrik və buxar gücü ehtiyacı təxminən 4 qat artacaq. STEP enerji stansiyası layihəsinin ümumilikdə 1,4 milyard dollarlıq investisiya xərclərinin 300 milyon dolları ətraf mühitin çirklənməsinin qarşısını alacaq investisiya məbləği olaraq hesablanıb. Həyata keçirilən enerji investisiyaları ilə həm Petkim yarımadasındakı enerji ehtiyaclarının ödənilməsi, həm də Türkiyə dövlətinə elektrik enerjisi satılması nəzərdə tutulmuşdur.

 

Qeyd edildi ki, Trans-Anadolu qaz boru kəməri - TANAP layihəsi Türkiyə və Azərbaycanın bu günə qədər müvəffəqiyyətlə icra etdikləri layihələrin enerji sahəsindəki ən əhəmiyyətli nümunələrindən biridir. TANAP Azərbaycanın “Şahdəniz-2” yatağından və əlavə mənbələrdən əldə edəcəyi təbii qaz ilə Türkiyənin və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verəcək. Trans-Anadolu qaz-boru kəməri Türkiyənin Gürcüstan sərhədindən başlayaraq, Ərdahan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşəhər, Kırıqqala, Ankara, Əskişəhir, Biləcik, Kütahya, Bursa, Balıkəsir, Çanaqqala, Təkirdağ və Ədirnə olmaqla, 20 vilayətdən keçəcək və Yunanıstan sərhədində Ədirnənin İpsala mahalınadək uzanacaqdır. Burada isə boru kəməri Avropa ölkələrinə təbii qaz nəqlini həyata keçirəcək “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşəcək. Boru kəmərinin Türkiyə daxilində çıxış nöqtələri isə Əskişəhər və Trakya bölgələri olacaq. TANAP layihəsi çərçivəsində ilk qaz nəqli 2018-ci ildə reallaşdırılacaq. İlkin olaraq, illik daşıma həcmi 16 milyard kubmetr olacaq, sonra tədricən  24 milyard kubmetrə və daha sonra 31 milyard kubmetrə yüksəldiləcəkdir. TANAP Türkiyə sərhədləri daxilində bu vaxtadək həyata keçirilən ən böyük həcmə və uzunluğa sahib təbii qaz boru kəməri layihəsi olacaqdır...

 

Rəqəmlərlə yüklənmiş bu  məlumatların əzəmətini biz Petkim yarımadasının  üzərindən  təyyarə ilə uçarkən və  “Petkim Petrokimya Holdinq”  şirkətinin  baş direktoru Sadettin Korkutla Əliağa  qonaq  evindəki görüşdən sonra onun  müşayiəti ilə yarımadaya  səyahətimiz  zamanı  daha yaxından duyub, hiss etdik. Bir  daha əmin olduq ki,  qardaş ölkədə yerləşən bu nəhəng yarımadada XXI əsrin əsl  möcüzəsi yaradılır və  bizim  üçün ikiqat xoş oldu ki, bu fövqəladə neft-kimya sənaye  kompleksinin  sahibi Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR-dır.

 

Sahəni  gəzdik,  ayrı-ayrı  müəssisələrin sexlərində,  tikinti  meydançalarında olduq. Gəzdik  deyəndə,  bura o  qədər nəhəngdir ki, iki saat ərzində bizə ayrılmış maşınla onun  heç üçdə birinə  baş  çəkə  bilmədik.

 

Olduğumuz  müəssisələrin  rəhbərləri,  sıravi  işçiləri ilə söhbətlərdə tez-tez 25  oktyabr 2011-ci il tarixi  xatırlanırdı.  Həmin  gün  burada — Petkim yarımadasında “Star” neft emalı zavodunun  və 720  tələbənin  təhsil alması nəzərdə tutulan Heydər Əliyev  adına Peşə Təhsili Liseyinin təməlqoyma, habelə AYPE-T  zavodunun  açılış  mərasimləri keçirilmişdi. Həmin  günü  əlamətdar  edən,  heç  şübhəsiz, Azərbaycan  Prezidenti  İlham Əliyevin  və Türkiyənin o zamankı  Baş  naziri Rəcəb Tayyib Ərdoğanın  bu  mərasimlərdə iştirakı idi.

 

Bu tarix  mənim  də xatirimdə idi, amma, sözün doğrusu, xırdalıqlarına qədər yox. Səfərdən  qayıdandan sonra  “Xalq  qəzeti”nin  həmin  mərasimlərdən  bəhs edən  materiallarına  bir  daha  nəzər yetirməli oldum. Doğrudan da, orada  çox dəyərli  fikirlər səslənmişdi...

 

Baş nazir Rəcəb Tayyib Ərdoğan  Azərbaycan Prezidentinə    onun  rəhbərlik etdiyi nümayəndə heyətinə “Xoş gəldiniz!”  dedikdən sonra iki  gün əvvəl Van  vilayətində baş vermiş  ağır  zəlzələ ilə əlaqədar  dərhal qardaşlıq  əlini  uzatmış Azərbaycan  xalqına  dərin  təşəkkürünü bildirmişdi:

 

— Vanda baş verən zəlzələ ilə bağlı qonşularımız başda olmaqla, bir çox ölkə fəlakət bölgəsinə öz yardımlarını çox sürətlə çatdırdı. Hamısına minnətdarıq. Buradan hamısına ayrı-ayrılıqda təşəkkürümü bildirirəm. Ancaq bizim Van vilayətinə çox yaxın olan Bakının yardım əli bu soyuq qış günündə daxilimizi bir başqa cür qızdırdı. Azərbaycanın xilasedici dəstələri zəlzələ bölgəsində sürətlə işə başlayaraq üç vətəndaşımızı dağıntılar altından sağ çıxarmışlar. Üç təyyarə ilə Vana yetişən Azərbaycan yardımları zəlzələdən zərər çəkən vətəndaşlarımıza paylandı. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin “Siz tək deyilsiniz” devizi ilə türk bacı və qardaşlara kömək məqsədi ilə kampaniyaya başladığını böyük məmnunluqla öyrəndim. Hörmətli dövlət başçımıza, onun şəxsində qardaş Azərbaycan xalqına bir daha çox təşəkkür edirəm. Allah Azərbaycanı da, Türkiyəni də belə təbii fəlakətlərdən qorusun, qardaşlığımızı, həmrəyliyimizi daimi etsin, deyirəm....

 

Biz iki dövlət, bir millət olduğumuz kimi, eyni zamanda da, tək ürəyik. Elə buna görə də, Dağlıq Qarabağda torpaqlar işğaldan azad edilənə qədər Azərbaycan ilə çiyin-çiyinə mübarizə aparmağa davam edəcəyik. Terrorizmlə mübarizəmizdə dost, qardaş ölkə Azərbaycanın səmimi dəstəyinə görə hər zaman minnətdar olacağıq...

 

Burada görürsünüz, Azərbaycan və Türkiyə əl-ələ verir, qardaşlıq şəraitində çox böyük ortaq sərmayələr qoyurlar. İnşaat müddətində burada 10 min nəfər işlə təmin olunacaqdır. Neft emalı zavodu işə düşəndən sonra min nəfər buradan evinə çörək aparacaqdır. İnşallah, İlham Əliyev qardaşımla bizim aramızdakı bu həmrəyliyi, bu qardaşlığı bütün dünyaya bir nümunə olaraq qoruyacağıq və bir nümunə olaraq göstərməyə davam edəcəyik. Əl-ələ, çiyin-çiyinə, ən mühümü də, qəlb-qəlbə bu regionda sabitliyi və rifahı, inşallah, yaradacağıq.

 

Prezident İlham Əliyev xoş sözlərə görə  təşəkkür etdikdən sonra demişdir:

 

– Hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar. Biz bir dildə danışırıq. Biz bir millətə mənsubuq və bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edərkən yenə də öz yanında Türkiyəni görür. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı, bu qədər yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətlərinə sadiqik... Bugünkü mərasim, bugünkü təməlqoyma, əslində, birliyimizi göstərir. Onu göstərir ki, biz çox işləri birlikdə görmüşük və görəcəyik. Bizim gücümüz də birliyimizdədir. Mən çox şadam ki, Türkiyə və Azərbaycan, eyni zamanda, türkdilli dövlətlərin əməkdaşlığı üçün də öz dəyərli töhfələrini verirlər. Bizim birliyimiz və əməkdaşlığımız bütün türk dünyası üçün vacibdir. Tam əminliklə deyə bilərəm ki, Türkiyə və Azərbaycan türkdilli dövlətlərin əməkdaşlığı üçün əvəzolunmaz töhfələr verirlər. Beləliklə, bütün türk dünyasının birləşməsi üçün bizim səylərimiz nəticə verir...

 

Bugünkü təməlqoyma mərasimi rəmzi xarakter daşıyır. Çünki cəmi 20 illik müstəqillikdən sonra Azərbaycan qardaş ölkəyə böyük həcmdə yatırımları qoymağa başlamışdır. Ancaq dost, qardaş ölkəyə bu qədər yatırımlar qoyula bilər. Mən çox şadam ki, Türkiyə şirkətləri Azərbaycana, Azərbaycan şirkətləri isə öz növbəsində artıq Türkiyəyə investisiyalar qoyurlar. Bu, bizim birgə layihələrimizdir. Petkimdə, burada gələcəkdə yaradılacaq yeni müəssisələr həm türk xalqına, həm Azərbaycan xalqına xidmət göstərəcəkdir....  Güclü siyasi iradə, ölkələrin arasında səmimi münasibətlər olduğu halda biz bütün məsələləri həll edə bilərik. Biz, doğrudan da, dünya çapında çox böyük və önəmli layihələri icra edirik. Bu layihələrin icrası, ilk növbədə, dostluğumuza, qardaşlığımıza söykənir. Bizim bütün uğurlarımızın təməlində dostluğumuz və qardaşlığımızdır.

 

(ardı linkdə)

 

Qüdrət PİRİYEV,

Xalq qəzeti.-2015.-4 sentyabr.-S.5.