Prezident İlham
ƏLİYEV: Azərbaycanda
sabitlik, inkişaf, normal
həyat davam edir
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin yanında iqtisadi məsələlərə
və 2016-cı ilin dövlət büdcəsinin
hazırlığı işlərinə həsr olunmuş
müşavirədə çıxış edən dövlətimizin
başçısı bildirib ki, dünyada dərin iqtisadi və
maliyyə böhranı davam edir. Xüsusilə, Avrasiya məkanında
bu böhran daha da ciddi vəziyyət alıb. Hazırda həm
Avropada, həm də Asiyada iqtisadi tənəzzül
müşahidə olunur. Bunun müxtəlif obyektiv və subyektiv
səbəbləri var. Bunları yəqin ki, təhlilçilər
araşdırırlar. Bu, bizim işimiz deyil. Bizim işimiz
ondan ibarətdir ki, ölkə iqtisadiyyatını dünyada
gedən mənfi proseslərdən maksimum dərəcədə
qoruyaq. Biz bunu uğurla bacarırıq, ölkəmizin təhlükəsizliyini,
sabitliyini, iqtisadi inkişafını təmin edirik.
Bu gün
dünyada neftin qiyməti kəskin şəkildə
aşağı düşüb. Ancaq bu, ölkəmizin
dinamik inkişafına öz mənfi təsirini gəstərə
bilməyib. Çünki qeyri-neft sektorunun yüksəlişinə
xüsusi önəm verilməsi, şaxələndirmə
siyasəti, bununla bağlı həyata keçirilən tədbirlər Azərbaycanın bu vəziyyətdən
minimum itkilərlə çıxmasına münbit şərait
yaradıb. Şübhəsiz ki,
dünyada neftin qiymətinin kəskin şəkildə
aşağı düşməsi gəlirləri də
azaldıb. Bununla bağlı Prezident İlham Əliyev
müşavirədə deyib: “Keçən il neftin qiyməti
100 dollardan yuxarı idisə, bu gün 50 dollardan
aşağıdır, iki dəfədən çox
düşübdür. Ancaq biz çalışırıq və
çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət
çəkməsin. Bütün sosial proqramlar, sosial infrastruktur
layihələri icra edilir və insanların təhlükəsizliyi,
sosial müdafiəsi təmin olunur”.
Ümumiyyətlə,
Azərbaycan iqtisadiyyatının bir çox sahələrində,
xüsusilə də qeyri-neft sektorunda son illər nəzərə
çarpan yüksəliş bir tərəfdən ölkəmizin
geniş inkişaf potensialını əks etdirir, digər tərəfdən
isə bu potensialdan tam istifadə olunması məqsədilə
əlavə tədbirlərin həyata keçirilməsi zərurətini
ortaya qoyur. Yaxın illərdə qarşıda duran əsas məsələlərdən
biri də iqtisadiyyatda karbohidrogen ehtiyatlarından
asılılığı aradan qaldırmaq və iqtisadi
artımı qeyri-neft sektorunun, o cümlədən onun
aparıcı tərkib hissəsi olan sənaye sektorunun
hesabına təmin etməkdir. Sənayenin
inkişafının innovasiyalar əsasında təmin
olunması, texnoparkların sənayeləşmədə
strateji layihələr kimi yer alması Prezident İlham
Əliyevin təsdiqlədiyi “Azərbaycan 2020 – gələcəyə
baxış” İnkişaf Konsepsiyasında da başlıca hədəflər
sırasındadır.
Qeyri-neft
sektorunun dinamik inkişafı bu ilin ötən aylarında
da diqqət mərkəzində
saxlanılıb. Ölkəmizin gələcək inkişaf
dinamikasını müəyyən edən sənaye sahəsinə
xüsusi önəm verilib. Texnoparkların, yeni sənaye
müəssisələrinin yaradılması davam etdirilib,
ixrac yönümlü sənaye məhsullarının
istehsalı genişləndirilib, emal müəssisələrinin,
böyük sənaye komplekslərinin yaranması xüsusi
diqqətdə saxlanılıb. Bütün bunlar şübhəsiz
ki, ölkəmizin gələcək inkişafını
sürətləndirəcək, neft-qaz amilindən
asılılığı daha da azaldacaq və ölkə
iqtisadiyyatının dayanıqlı şəkildə
inkişafını müəyyən edəcək.
Dövlətimizin
başçısı İlham Əliyev müşavirədə
son illər Azərbaycanın sosial – iqtisadi inkişafında əldə
edilən uğurlardan da bəhs edib: “Bu ilin ilk
yarısının yekunları deməyə əsas verir ki,
biz cari ili çox yüksək nəticələrlə
başa vuracağıq. Ümumi daxili məhsul, təxminən,
6 faiz artmışdır. Qeyri-neft iqtisadiyyatı 9 faizdən
çox artmışdır. İnflyasiya çox
aşağı səviyyədədir. Kənd təsərrüfatı
7,3 faiz artmışdır. Qeyri-neft sənayesi 14 faiz
artmışdır. Yəni, bu, böhranlı ildə əldə
edilən nailiyyətlərdir və dünya miqyasında buna bənzər
yüksək nəticələr görmək çox çətindir.
Yenə də nəyə görə? İlk növbədə,
bizim güclü siyasi iradəmiz var və biz öz siyasətimizi
ancaq Azərbaycan xalqının maraqları üzərində
qurmuşuq. İkincisi, biz uzun illər
düşünülmüş iqtisadi siyasət əsasında
islahatlar aparmışıq. Bu islahatlar bu gün beynəlxalq
maliyyə qurumları tərəfindən də yüksək
qiymətləndirilir. Onu da qeyd etməliyəm ki, bu il “Fitch”
reytinq agentliyi Azərbaycanın sabit reytinqini bir daha təsdiqləyib.
Bizim “BBB” səviyyəsində reytinqimiz var. Bu da çox
böyük nailiyyətdir...”.
Əlbəttə,
bütün bu uğurlar Prezident İlham Əliyevin müdrik
siyasətinin məntiqi nəticəsidir. Eyni zamanda, bu,
xalqın birmənalı şəkildə Prezident İlham
Əliyevin arxasında dayanması,
taleyini bu müdrik dövlət başçısına
bağlaması ilə bağlıdır. Bu da təsadüfi
deyil. Çünki Prezident İlham Əliyev ölkəmizin bugünkü
inkişafını təmin etmək, xoşbəxt gələcəyini
qurmaq yolunda göstərdiyi xidmətlərinə görə
xalqımızın dərin rəğbət
və məhəbbətini qazanıb. Ötən 12 ildə
möhtərəm dövlət başçımız ulu
öndər Heydər Əliyevin uzaqgörən siyasətini
yeni çağırışlar şəraitində
yaradıcı şəkildə məharətlə inkişaf
və davam etdirib. Cənab
İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi
strategiya Azərbaycanı dünyanın ən dinamik
inkişaf edən dövlətləri sırasına
çıxarıb.
Müasir
dünyada dövləti lazımi səviyyədə idarə
etmək, geosiyasi təlatümlərdən, iqtisadi
böhranlardan çıxarmaq üçün çox
yüksək səriştə və siyasi iradə
lazımdır. Azərbaycan xalqı üçün tarixi bir
şansdır ki, bu gün ölkəmizə cənab İlham
Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə
malik olan, dünyada gedən siyasi- iqtisadi prosesləri
yaxşı bilən siyasətçi və dövlət
xadimi rəhbərlik edir. Cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq
amalını qəlbində daşıyan bir rəhbərdir.
Son 12 ildə
neft gəlirləri əsasında yaradılmış möhkəm
maliyyə-iqtisadi baza hesabına qeyri-neft sektorunun dinamik
inkişafı və ölkə iqtisadiyyatının
diversifikasiyası, özəl sektorun inkişafına hərtərəfli
dövlət dəstəyi, regionların tarazlı
inkişafı, keyfiyyətli insan kapitalının
formalaşdırılması, səmərəli beynəlxalq
iqtisadi əməkdaşlıq, dünya iqtisadiyyatına
inteqrasiya və son nəticədə ölkəmizin hər
bir vətəndaşının rifahının yüksəldilməsi
ilə bağlı müsbət
dəyişikliklər baş verib. Azərbaycan iqtisadiyyatı
bu dövr ərzində öz dinamik inkişafını
qoruyub saxlayıb. İqtisadi inkişaf tempinə görə,
hazırda dünyanın 10 aparıcı ölkəsi
sırasındayıq. Azərbaycan artıq keçid
dövrünü tamamilə başa vurub. Orta gəlirli
dövlətlər siyahısında öz mövqeyini daha da
möhkəmləndirib.
Minilliyin İnkişaf Məqsədləri
üçün dünyanın 128 ölkəsi
sırasında yoxsulluğun 5 faizdən aşağı
endirilməsi öhdəliyini götürən və bunu
reallaşdıran 18 dövlətdən biriyik.
Prezident
İlham Əliyevin rəhbərliyi ilə ötən müddət
ərzində regionlarda infrastrukturun yenidən qurulması və
inkişafı, səhiyyə və təhsil müəssisələrinin
tikintisi, əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində
mühüm əhəmiyyətli tədbirlər həyata
keçirilib. Bəli, bu, Azərbaycanın
öz iqtisadiyyatını sadəcə neft amili üzərində
qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə
qeyri-neft sektorunun mühüm paya malik olduğunu təsdiqləyib.
İqtisadiyyatın şaxələndirilməsi,
sahibkarlığın inkişafı, investisiya mühitinin
daha da yaxşılaşdırılması nəticəsində
ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam
edib.
Qeyri-neft
sektorunun sürətli yüksəlişi həm də daxili
investisiyaların həcminin artımında özünü
göstərib. Bir sıra dövlətlərin təcrübəsində
uğurla sınaqdan çıxan, özünü
doğruldan bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin
qeyri-neft sektoruna, istehsal sahibkarlığının
inkişafına yönəldilməsini, özəl sektorun
ümumi daxili məhsulda xüsusi çəkisinin
artırılmasını nəzərdə tutur.
İqtisadiyyatın bütün sahələrinin
inkişafı həm də makroiqtisadi sabitliyin qorunub
saxlanılması və maliyyə təhlükəsizliyinin təmini
baxımından vacib əhəmiyyət kəsb edir.
Azərbaycan
Prezidenti sözügedən müşavirədə gələn
ilin büdcəsi ilə bağlı məsələyə də
münasibət bildirib: “Bir neçə gün bundan əvvəl
hökumətin iclasında gələn ilin büdcəsi
müzakirə edilmişdir. Mənə artıq məruzə
edilib. Biz bu məsələni daha da geniş müzakirə edəcəyik.
Demək istəyirəm ki, gələn ilin büdcəsi real
vəziyyəti nəzərə almalıdır. Gələn
ilin büdcəsi daha çox sosialyönümlü büdcə
olmalıdır”.
Yeri gəlmişkən,
“Büdcə sistemi haqqında” Qanuna, habelə
respublikamızın 2015-2018-ci illəri əhatə edən
sosial-iqtisadi inkişaf konsepsiyasına uyğun olaraq
hazırlanan son illərin dövlət büdcələri
sosial mahiyyət daşıması ilə daha çox diqqət
çəkir.
Son 12 il ərzində
Azərbaycanın dövlət büdcəsi gəlirlərinin
strukturu real inkişaf dinamikası barədə dolğun mənzərə
yaradır. Səmərəli iqtisadi islahatların nəticəsi
olaraq dövlət büdcəsi gəlirlərinin illik
artım tempi dünya üzrə ən yaxşı göstəricilərdən
sayılır. Beynəlxalq Valyuta Fondunun hesablamalarına
görə, 2003-cü ildən Azərbaycanda büdcə gəlirlərinin
orta illik artımı 20-30 faiz təşkil edib və bu da
regionda ən yüksək göstəricilərdən
sayılır.
Son illərin dövlət büdcələri
respublikamızın qarşıya qoyduğu strateji hədəflərə
doğru inamla irəliləyən ölkə olduğunu bir
daha təsdiqləyir. Büdcə hazırlanarkən qeyri-neft
sektorunun inkişafı, makroiqtisadi sabitliyin təmini,
iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi,
ixrac qabiliyyətinin artırılması, regionların
davamlı və tarazlı inkişafının təmin edilməsi,
sosialyönümlü siyasətin prioritetliyinin qorunub
saxlanılması, maliyyə intizamının gücləndirilməsi,
şəffaflığın artırılması kimi məsələlərə
daha çox önəm verilir.
Gələn
ilin dövlət büdcəsinin də sosialyönümlü
xarakterdə olacağı təsadüfi deyil. Çünki
son illər ölkəmizdə əhalinin etibarlı sosial
müdafiəsinin, habelə vətəndaşların yüksək
rifah halının təmini istiqamətində həyata
keçirilən ardıcıl tədbirlər
respublikamızın milli inkişaf modelinin
sosialyönümlü səciyyə
daşıdığını tam təsdiqləyib. Qeyri-neft
sektorunun və sahibkarlığın inkişafı, yeni
müəssisələrin işə salınması məqsədilə
reallaşdırılan islahatlar yoxsulluğun səviyyəsinin
azaldılmasına, əmək qabiliyyətli əhalinin
iqtisadi fəallığının yüksəlməsinə,
eləcə də ölkənin məşğulluq strategiyasının
səmərəliliyinə imkan verib.
Hökumətin
müxtəlif kateqoriyaları əhatə edən vətəndaşların
sosial ehtiyaclarının dolğun şəkildə ödənilməsinə
xidmət edən iqtisadi siyasəti ümumən insan amilinin
inkişafına təkan verir. Respublikanın dövlət
büdcəsinin strukturuna əsasən, obyektiv səbəblərdən
çalışmaq və zəhmətdən gəlir əldə
etmək imkanından məhrum olmuş vətəndaşların
problemləri xüsusi diqqət mərkəzində
saxlanılır. Hökumət azad iqtisadi münasibətlərə,
azad rəqabətə, özəl mülkiyyətçiliyə
və sahibkarlığın inkişafına zəruri kömək
göstərməklə yanaşı, cəmiyyətdə
himayəyə, dəstəyə ehtiyacı olan təbəqəni
də nəzərdən qaçırmır.
Azərbaycan
Prezidenti müşavirədə gələn ilin büdcəsi
ilə bağlı məsələ barədə fikir bildirərkən,
mühüm bir məqama da münasibət bildirib: “Əlbəttə
ki, ən böyük prioritet təşkil edən investisiya
layihələri də icra edilməlidir. Ancaq prioritet olmayan, o
qədər də vacib xarakter daşımayan layihələri
biz büdcə proqramına, investisiya proqramına
salmamalıyıq. İsrafçılığa yol verilməməlidir.
Maliyyə nizam-intizamı daha da gücləndirilməlidir və
çalışmalıyıq ki, vəsaitə qənaət
edək. Bütün ölkələr indi bu siyasəti
aparır və biz də bu siyasəti daha da ciddi şəkildə
aparmalıyıq.
Əvvəlki
illərdə biz daha çox çalışırdıq ki,
ölkə qarşısında duran bütün sosial-iqtisadi
məsələləri tezliklə həll edək. Məhz ona
görə biz bəzi hallarda o qədər də böyük
prioritet təşkil etməyən layihələrə də
vəsait ayırırdıq ki, inkişaf daha da sürətlə
getsin. Çünki görüləsi işlər kifayət
qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur
layihələrini icra etmişik, bəziləri davam edir. Ancaq
burada köklü şəkildə çox ciddi
dönüş yaranıbdır. Sosial infrastruktur layihələrinin
bir çoxunu icra etmişik. Ölkədə
sahibkarlığın, biznesin inkişafı üçün
möhkəm zəmin yaradılıbdır – infrastruktur layihələri,
kreditləşmə və əlbəttə ki, dövlət
siyasəti. Ona görə biz gələn ilin büdcəsinə
çox diqqətlə baxmalıyıq. Yenə də demək
istəyirəm ki, orada ən əsas məsələlər
öz həllini tapacaq.
İlk
növbədə, qeyd etməliyəm ki, bütün sosial
proqramlar ixtisarsız icra ediləcəkdir. Azərbaycan vətəndaşları
əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz.
Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur layihələri
icra olunacaqdır. Məktəb tikintisi, uşaq
bağçalarının, xəstəxanaların tikintisi
davam edəcək. Eyni zamanda, sosial siyasətlə
bağlı institusional islahatlar davam etdiriləcək. Onu da
deməliyəm ki, dərman preparatları bazarının tənzimlənməsi
işində biz çox ciddi dönüşə nail olduq və
sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşı
bunu hiss edəcək. Dərmanların qiymətinin orta hesabla
2-3 dəfə aşağı salınması təmin
edilibdir".
Azərbaycan
Prezidenti müşavirədə ölkədə idarəetmə
sahəsində islahatların daha da
dərinləşməsinin zəruriliyinə də
toxunub: “Korrupsiyaya, rüşvətxorluğa qarşı daha
da ciddi mübarizə aparılmalıdır. Bu yaxınlarda
imzaladığım fərman əsasında “ASAN xidmət”ə
yeni funksiyalar verilibdir. Mənzil-kommunal təsərrüfatının
vəziyyətini hər bir Azərbaycan vətəndaşı
bilir: nə qədər qanunsuz tələblər irəli
sürülür, insanları nə qədər incidirlər.
İndi “ASAN xidmət”də hər şey asan olacaq”.
Bəli,
bu bir həqiqətdir ki, Azərbaycanda dövlət
qurumlarının fəaliyyətində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqi istiqamətində son illərdə
əhəmiyyətli işlər görülüb, müvafiq
hüquqi baza formalaşdırılıb. Əksər dövlət
orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi
təmin edilib. Bu xidmətlər bürokratik əngəllərin
və korrupsiya hallarının aradan qaldırılmasına
öz müsbət təsirini göstərib. 2012-ci il iyul
ayının 13-də Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) yaradılması ilə bu sahədə
mühüm islahata imza atılıb.
Xatırladaq
ki, hazırda “ASAN xidmət”ın
adı vətəndaşla
dialoq göstəricisinə görə dünyanın lider mərkəzləri
sırasında çəkilir. Bir müddət bundan əvvəl
“ASAN xidmət”ın yaydığı məlumatda bildirilirdi ki, tanınmış
konsaltinq və audit şirkəti “Pricewaterhouse Coopers” (PwC) dünyanın 18 iri şəhərində
yerləşən və “bir pəncərə” prinsipi ilə
dövlət xidmətlərinin göstərildiyi
çoxfunksiyalı mərkəzlərin (ÇFM) işini təhlil
edərək “ASAN xidmət”in fəaliyyətini
növbələrin idarə olunmasına, vətəndaşla
dialoq göstəricisinə görə yüksək qiymətləndirib.
Dövlətimizin başçısı çıxışında nəqliyyat sektorunda da ciddi pozuntuların olduğunu, insanların incidildiyini, onların qarşısına əsassız tələblər qoyulduğunu xatırladaraq artıq bu sahənin bir hissəsinin “ASAN xidmət”ə verildiyini diqqətə çatdırıb. Eyni zamanda, gələcəkdə hər bir sahədə “ASAN xidmət”in standartlarının olması zəruriliyini vurğulayıb.
Ölkə Prezidenti çıxışının sonunda deyib ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Azərbaycan 2016-cı ildə də uğurla inkişaf edəcək, ölkə qarşısında duran bütün vəzifələr gerçəkləşəcək. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyəti ilə bağlı daha da ciddi işləməli, yeni təkliflər verməlidir. Ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılan, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 11 sentyabr.- S.5.