Tanınmış
iqtisadçı, bank-
maliyyə işinin mahir
bilicisi
Vəfadar Əziz oğlu Rzayev Azərbaycanın
tanınmış iqtisadçılarından, bank-maliyyə
işinin mükəmməl bilicilərindən, yüksək
idarəçilik qabiliyyətinə malik simalarından biri
idi. O, 1933-cü il mart ayının 20-də dağlar
diyarı Xızıda sadə bir kəndli ailəsində
dünyaya göz açmışdır.
Vəfadar
hələ kiçik yaşlarından meylini kitab-dəftərə,
yazıb-oxumağa salmışdır. Təhsilə olan
marağı, çalışqanlığı onu
yaşıdlarından fərqləndirirdi. Hələ
kiçik yaşlarından onda iqtisadiyyat sahəsinə dərin
maraq oyanmışdı. Daim iqtisadi biliklərini
artırmağa səy göstərir, bununla bağlı əldə
etdiyi kitabları həvəslə
mütaliə edərdi. Məhz bu keyfiyyətlərinə
görə müəllimləri Vəfadara böyük ümidlər bəsləyir,
onu gələcəyin tanınmış iqtisadçısı
kimi görmək istəyirdilər.
Nəhayət,
1952-ci ildə Vəfadar Rzayev ona bəslənilən ümidləri
doğrultmaq məqsədilə paytaxta üz tutur. Öncə
Bakı Maliyyə-Kredit Texnikumunda təhsil alır. Sonradan
istehsalatdan ayrılmamaq şərtilə o zamankı Azərbaycan
Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsilini
davam etdirir. 1956-cı ildə oranı müvəffəqiyyətlə
bitirdikdən sonra əmək fəaliyyətinə başlayan
V.Rzayev özünü savadlı, bacarıqlı kadr kimi
göstərməyə nail olur,
çalışdığı kollektivlərin dərin rəğbətini
qazanır. Bütün bunlara baxmayaraq, o, respublikamızın
iqtisadi həyatına, xüsusən də bank-maliyyə sahəsinə
daha çox fayda vermək məqsədilə Moskvadakı
dövlət iqtisadi orqanları üçün milli
kadrların hazırlanması üzrə SSRİ Xalq Təsərrüfatının
İdarə Olunması Akademiyasına daxil olur. 1972-ci ildə
keçmiş İttifaqın bu nüfuzlu ali təhsil
ocağını fərqlənmə diplomu ilə bitirir.
Heç
şübhəsiz, gənclik illərindən maraq göstərdiyi
sahə üzrə aldığı mükəmməl təhsil,
iqtisadi biliklərə dərindən yiyələnməsi,
bank-maliyyə işinin incəliklərinə yaxından bələd
olması ona respublikamızın bacarıqlı, peşəkar
bir mütəxəssisi kimi hörmət və nüfuz gətirir.
Məhz bu keyfiyyətlərinə görə o, bir sıra
idarə və təşkilatlarda məsul vəzifələrə
irəli çəkilir. Ona göstərilən etimadı hər
zaman layiqincə doğruldan V. Rzayev
çalışdığı idarə və təşkilatlarda,
rəhbərlik etdiyi kollektivlərdə əmək
intizamının gücləndirilməsinə, bank-maliyyə
sektorunda mütərəqqi iş üslubunun tətbiqinə,
bu sahədə səmərəliliyin artırılmasına
nail olur.
O, əmək
fəaliyyətinə 19 yaşından başlamışdır.
50 ilə yaxın bir müddətdə respublikanın
bank-maliyyə orqanlarında çalışmış
V.Rzayev 1952-ci ildə Bakı Maliyyə Şöbəsində
inspektor, 1954-1957-ci illərdə Siyəzən rayon və
Bakı şəhər maliyyə şöbələrində
baş büdcə inspektoru vəzifələrində işləmişdir.
Bank-maliyyə sahəsindəki uğurlu fəaliyyəti diqqəti
cəlb etdiyindən ona daha yüksək etimad göstərilir,
24 yaşında Azərbaycan Respublikası Maliyyə Nazirliyində
məsul vəzifəyə irəli çəkilir. O,
1957-1962-ci illərdə nazirliyin büdcə idarəsinin
inspektoru, sonralar şöbə rəisi, 1962-1971-ci illərdə
isə mədəniyyət, səhiyyə və sosial təminat
sahələrinin maliyyələşdirilməsi idarəsinin rəisi
və kollegiya üzvü vəzifələrində
çalışmışdır.
Xalqımızın
ümummilli lideri Heydər Əliyevin respublika rəhbərliyinə
gəlişi həyatın bir çox sahələrində
olduğu kimi, bank-maliyyə sektorunda da ciddi dönüşə
səbəb olur. Respublikanın inkişafının
bacarıqlı, səriştəli mütəxəssislərdən
asılı olduğunu bilən ulu öndər kadrların
düzgün seçilib yerləşdirilməsinə
xüsusi diqqət və həssaslıqla yanaşırdı.
Həmin dövrdə respublika rəhbərinin yüksək
etimad göstərdiyi kadrlardan biri də Vəfadar Əziz
oğlu Rzayev olmuşdur. O, 1971-ci ildə respublika maliyyə
nazirinin birinci müavini təyin edilmişdir. 1987-ci ilədək
bu məsul vəzifədə çox səmərəli və
məhsuldar fəaliyyəti ilə diqqəti cəlb
etmişdir. Uzun illər boyu maliyyə-iqtisad işi sahəsində
topladığı zəngin təcrübə və biliyi onun
bu vəzifəyə təyin edilməsinin heç də təsadüfi
olmadığını tam sübuta yetirmişdir. Yeri gəlmişkən,
Azərbaycanın sürətli inkişaf yoluna qədəm
qoyduğu həmin illərdə dövlət
nizam-intizamının möhkəmləndirilməsi ilə
yanaşı, maliyyə-iqtisad sahəsində
sağlamlaşdırma və maliyyə intizamının
gücləndirilməsi işləri də
görülürdü. Belə bir şəraitdə o, maliyyə-iqtisad
sahəsində həyata keçirilən tədbirlərin əsas
icraçılarından biri kimi seçilir, üzərinə
düşən vəzifəni şərəflə və
vicdanla yerinə yetirirdi.
V.Rzayev 1987-ci ilin oktyabr ayında yeni təşkil olunmuş Azərbaycan Respublikası Dövlət Aqrar-Sənaye Bankı İdarə Heyətinin sədri təyin olunur və bu vəzifədə 1992-ci ilin avqust ayınadək işləyir. Özünün yetişdirdiyi, tanıdığı bacarıqlı və savadlı kadrların bankın mərkəzi aparatının tərkibinə cəlb etməsi ümumi işin xeyrinə olur və qısa müddətdə bankın səmərəli fəaliyyəti təmin olunur. Bundan əlavə o, respublikanın 65 bölgəsində bankın şöbələrini yaratmağa nail olur. Məhz bütün bunların nəticəsində Aqrar-Sənaye-Bankı qısa bir müddətdə respublikamızın aparıcı dövlət banklarından birinə çevrilir.
V.Rzayev uzunmüddətli əmək fəaliyyəti dövründə maliyyə işinin əsas sahələrini mənimsəməklə pillə-pillə ucalmış, yüksək savadı, peşəkarlığı, ən başlıcası isə səmimiyyəti və mehribanlığı ona yüksək ad-san və nüfuz gətirmişdir. Tam mübaliğəsiz demək olar ki, o, çalışdığı bütün sahələrdə üzərinə düşən vəzifələri şərəf və vicdanla icra etmiş, özünə və tabeliyində olan əməkdaşlara qarşı çox ciddi və tələbkar olmuşdur.
Vəfadar Rzayevin mühüm dövlət işi ilə yanaşı, maliyyə-kredit orqanları üçün ixtisaslı kadrların hazırlanması sahəsində də layiqli əməyi olmuşdur. O, 15 ilə yaxın bir müddətdə Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə və dövlət büdcəsi fənləri üzrə baş müəllim və dövlət buraxılış imtahan komissiyasının sədri kimi səmərəli fəaliyyət göstərmişdir.
Ömrünün son illərində V.Rzayev bir sıra yeni yaradılmış özəl bank-maliyyə təşkilatlarında müşavir vəzifələrində çalışmış, uzun illər ərzində idarəetmə sahəsində əldə etdiyi zəngin təcrübə, bilik və bacarığını bir daha nümayiş etdirmişdir. Həmin müddətdə o, bir ağsaqqal maliyyəçi kimi keçmiş tələbələrini faydalı məsləhətləri ilə istiqamətləndirmiş, bank-maliyyə işinin incəliklərini onlardan əsirgəməmişdir.
Vəfadar Rzayevin respublikamızın maliyyə sahəsində göstərdiyi müstəsna xidmətləri diqqətdən kənarda qalmamış, layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı, “Azərbaycan Respublikasının Əməkdar iqtisadçısı” fəxri adı, “SSRİ-nin əlaçı maliyyə işçisi” medalı və digər mükafatlarla təltif olunmuşdur. V.Rzayev, həm də üç çağırış Bakı Şəhər Sovetinin deputatı olmuşdur.
Tanınmış maliyyəçi, alicənab insan, sədaqətli və səmimi dost, qayğıkeş ailə başçısı Vəfadar Əziz oğlu Rzayev bu yaxınlarda dünyasını dəyişmişdir. Onun əziz xatirəsi doğmalarının, tanıyanların qəlbində əbədi yaşayacaqdır.
Mirbağır
YAQUBZADƏ
Xalq qəzeti.- 2015.- 13 sentyabr.- S.7.