Multikulturalizm Azərbaycan dövlətinin
milli-mənəvi
dəyərlərə
söykənən davamlı siyasi kursudur
Multikulturalizm Azərbaycanda həyat
tərzidir. Düzdür, bu termin nisbətən yenidir.
Ancaq əsrlər boyu Azərbaycanda
multimədəniyyətli cəmiyyətlər mövcud olub.
Xalqlar arasındakı dostluq və
həmrəylik bunun bariz nümunəsidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Azərbaycanda ictimai-siyasi sabitliyin tam
təmin olunması və iqtisadi qüdrətimizin getdikcə
artması regional əməkdaşlığı
gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi
və mədəni əlaqələrin uğurla davam etdirilməsi
Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq tədbirlərin
keçirildiyi məkana çevirib. Beynəlxalq təşkilatlarla
əməkdaşlığın genişləndirilməsi məsələlərinə
xüsusi diqqət yetirən Azərbaycan Respublikası
İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı
(ISESCO) ilə qarşılıqlı faydalı münasibətlər
qurmuşdur. Əlaqələrin daim yüksələn xətt
boyunca uğurla inkişaf etdiyi ötən müddət ərzində
respublikada İslam ölkələrinin qlobal əhəmiyyətli
bir sıra mühüm mədəni forumları
keçirilmişdir.
Qeyd edək
ki, Azərbaycanın humanitar sahədə keçirdiyi beynəlxalq
tədbirlər həmin toplantıların
iştirakçıları tərəfindən yüksək
dəyərləndirilir. Respublikamızın gündəlik həyatı
sülh, sabitlik və qarşılıqlı anlaşma ilə
yaşanan ölkələrdən biri olması belə mötəbər
tədbirlərin keçirilməsi üçün
böyük zəmin yaradıb, çünki bir sıra
ölkələrdə müşahidə edilən millətlərarası
və dini münaqişələrin artan gərginliyi fonunda Azərbaycan
öz sabitliyini qoruyub saxlayır. Bu gün Azərbaycan tolerantlığı
ilə dünyaya nümunədir. UNESCO tərəfindən qəbul
edilən “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə
qeyd edilir ki, tolerantlıq dünya mədəniyyətinin zəngin
müxtəlifliyinə, özünüifadə formalarına
və insan fərdiliyinin təzahür üsullarına
hörmət edilməsini, onların qəbul olunmasını
və düzgün anlaşılmasını ifadə edir. Ona
bilik, açıqlıq, ünsiyyət və fikir, vicdan,
etiqad azadlığı imkan yaradır. Tolerantlıq müxtəliflikdə
harmoniyadır. O, təkcə mənəvi borc deyil, həm də
siyasi və hüquqi tələbatdır. Tolerantlıq
sülhün əldə olunmasına, müharibənin
sülh mədəniyyəti ilə əvəzlənməsinə
kömək edən məziyyətdir, güzəşt,
yumşaqlıq və ya görməməzlik deyildir,
insanın universal hüquqlarının, əsas
azadlıqlarının tanınması əsasında
formalaşan fəal münasibətdir. Tolerantlıq insan
hüquqlarının, plüralizmin, demokratiya və hüquq
qaydalarının təsdiq edilməsinə köməketmə
öhdəliyi olmaqla yanaşı, doqmatizmdən, həqiqətin
mütləqləşdirilməsindən imtina
olunmasını ifadə edən, insan hüquqlarına dair
beynəlxalq hüquqi aktlarda müəyyən olunmuş
normaları təsdiq edən anlayışdır.
Müstəqil
Azərbaycanda etnik azlıqların hüquqlarının
müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və
xarici siyasətin prioritet vəzifələrindəndir.
Çoxmillətli və çoxfunksiyalı respublika olan Azərbaycanın
milli siyasəti bütün etnik qruplar, o cümlədən,
milli azlıqlar üçün şəraitin təmin edilməsi
və yaradılmasıdır. Respublikada multikulturalizm Azərbaycan
dövlətinin milli-mənəvi, ümumbəşəri,
humanist dəyərlərə söykənən davamlı və
ardıcıl siyasi kursudur. Multikulturalizm bir ideya və termin
kimi ilk dəfə Avropada yaransa da, Azərbaycan mühitində
artıq cəmiyyətin əxlaq kateqoriyasına çevrilib.
Ötən ilin mart ayında Bakıda “Dini etiqad
azadlığı, missionerlik fəaliyyəti və media”
mövzusunda keçirilən konfransda qeyd olunmuşdur ki,
müasir dünya ictimaiyyətinin ən mütərəqqi dəyərlərindən
biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi
birgəyaşayış normasına çevrilib. Ölkəmiz
bütün dinlərin, mədəniyyətlərin, fərqli
baxışların bir ailə kimi yaşadığı
tolerantlıq məkanıdır. Bu gün dünyada çoxmədəniyyətli
ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi
dostluq və qardaşlıq münasibətlərinin,
tolerantlığın hökm sürməsi tarixi nailiyyətimizdir.
Tarixən tolerant ölkə olan Azərbaycanda müsəlmanlarla
yanaşı, katoliklər, provoslavlar, yəhudilər və
digər dinlərə etiqad edən insanlar da yaşayırlar.
Ulu öndər Heydər Əliyev bu barədə demişdir:
“Azərbaycanın ən başlıca sərvətlərindən
biri, bəlkə də, ən başlıcası qədimlərdən
bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu
torpağa bağlayan müxtəlif dinlərə etiqad edən
adamlardır”. Ölkəmizdə yaşayan müxtəlif
xalqlara öz milli-mənəvi dəyərlərini, dini
etiqadını, adət-ənənələrini qoruyub
saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək
üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı
dünya ölkələri üçün tolerantlıq
örnəyinə çevirib. Qürurverici haldır ki, bir
sıra dövlətlər bizim təcrübəmizdən
yararlanmağa çalışırlar. İndi dünyada
multikulturalizm sahəsində ən optimal model kimi Azərbaycan
nümunəsi öyrənilir. Yeri gəlmişkən,
2013-cü ildə 70-dən çox ölkədən 800-ə
yaxın tanınmış elm, mədəniyyət xadiminin,
Nobel mükafatı laureatlarının
toplaşdığı III Bakı Beynəlxalq Humanitar
Forumunda qeyd olunmuşdur ki, bu sahədə məsələlərin
müzakirəsi üçün Bakıda mütəmadi
olaraq unikal tribuna, platforma imkanı yaradılır və
multikulturalizm nümunəsi olan Azərbaycan
ziyalılarının mülahizələri də
böyük marağa səbəb olub. Ümumiyyətlə,
ölkəmizdə
keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə
dünyada milli və dini tolerantlığın gücləndirilməsi,
multikulturalist dəyərlərin təbliği, dini zəmində
ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə
mübarizə yollarının araşdırılması, fərqli
dinlərin və mədəniyyətlərin
daşıyıcısı olan insanlar arasında dialoq və
qarşılıqlı anlaşmanın bərqərar edilməsi
və digər aktual problemlər geniş müzakirə
olunmuşdur. Bütün bunların nəticəsi olaraq, Azərbaycan
dövləti ölkədəki dini ibadət
azadlığından və multikulturalist mühitindən
sui-istifadə etməyə cəhd edən müxtəlif təriqətlərin,
missioner təşkilatların
antimilli fəaliyyətinə qarşı qəti və
barışmaz mövqe nümayiş etdirir. Qeyd edək ki, IV
Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində
Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin
inkişafını yüksək qiymətləndirmişdir:
“Multikulturalizm Azərbaycanda həyat tərzidir. Düzdür,
bu termin nisbətən yenidir. Ancaq əsrlər boyu Azərbaycanda
multimədəniyyətli cəmiyyətlər mövcud olub.
Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz
nümunəsidir”.
Ölkəmizin
multikulturalizm mərkəzinə çevrilməsində Heydər
Əliyev Fondunun yorulmaz fəaliyyəti xüsusi qeyd
olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif
xalqlar arasında humanizm, həmrəylik və
dözümlülük kimi bəşəri dəyərlərin
bərqərar olmasına öz töhfəsini verməyə
çalışır. Uğurla həyata keçirilən
“Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi
çərçivəsində ölkədəki məscidlərdə,
kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri
aparılır. Bakıda yəhudi uşaqları
üçün təhsil kompleksinin istifadəyə verilməsi,
Fransa regionlarında kilsələrin, müqəddəs Roma
katakombalarının bərpasında iştirakımız, Həştərxanda
Müqəddəs Knyaz Vladimirə abidənin
ucaldılması da məhz ayrı-ayrı xalqların və
konfessiyaların qarşılıqlı hörmət və
dostluq münasibətlərinin genişləndirilməsinə
xidmət edir.
Qafqaz
Müsəlmanları İdarəsinin sədri, şeyxülislam
A.Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə
açdıgı iftar məclisində ölkə Prezidenti
İlham Əliyev Azərbaycanda dinlərarası münasibətlərin
gələcəkdə də sağlam şəkildə
inkişaf etməsinə yaradılacaq şəraitdən və
İslam dini ilə bağlı bugünkü Azərbaycanın
reallığından söz açmışdır. Bu
gün bir sıra ölkələrdə dinlərarası
münasibətlərdə böhran
yaşandığını qeyd edən ölkə Prezidenti
islamafobiya, ksenofobiya və antisemitizm meyillərinin gücləndiyini də diqqətə
çatdırmış və “Multikulturalizm iflasa
uğrayıb, multikulturalizm işləmir və onun gələcəyi
yoxdur” kimi fikirlər səsləndirənlərə cavab
olaraq, Azərbaycandan nümunə götürməyi
tövsiyə etmişdir: “Gəlsinlər, Azərbaycana
baxsınlar. Azərbaycanda multikulturalizm yaşayır, möhkəmlənir.
Heydər Məscidinin açılışında mən,
şeyx həzrətləri, Aleksandr ata, Milix Yevdayev
çıxış etmişik. Budur, bizim
reallıqlarımız. Bu, bizim üçün adi
qaydadır. Ancaq, eyni zamanda, bizim xristian, yəhudi
qardaşlarımızın orada çıxışı bir
mesaj, siqnal idi, həm Azərbaycan cəmiyyətinə, həm
bölgəyə, həm də dünyaya. Bax, belə
olmalıdır. Budur normal həyat tərzi, budur normal siyasət”.
Qeyd etmək
lazımdır ki, son 10 il ərzində dövlət
başçısının göstərişi və
qayğısı nəticəsində ölkədə 216 məsciddə
inşa, əsaslı təmir və yenidənqurma işləri
aparılmış, o cümlədən dövlət vəsaiti
hesabına 10 məscid tikilmiş və ya əsaslı bərpa
olunmuşdur. Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına
və tapşırığına uyğun olaraq Bibiheybət
məscid-ziyarətgah kompleksində, Təzəpir məscidində,
İçərişəhər Cümə və Həzrət
Məhəmməd məscidlərində, Əjdərbəy məscidində,
Şamaxı Cümə məscidində əsaslı təmir,
bərpa və yenidənqurma işləri başa
çatdırılmışdır. Hazırda dövlət
başçımızın müvafiq sərəncamına əsasən
Gəncə şəhər İmamzadə ziyarətgahında
müvafiq işlər davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən,
Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü
ilə 7 məscid və ziyarətgah – Daşkəsən şəhər
Cümə məscidi, Gəncə şəhər Şah
Abbas və Həzrət Zeynəb məscidləri, Xəzər
rayonu Buzovna qəsəbəsi Cümə məscidi, Mərdəkan
qəsəbəsi Pirhəsən ziyarətgahı, Binə qəsəbəsi
Möhsün Səlim və İmam Rza məscidləri
inşa və ya əsaslı təmir olunmuşdur.
ATƏT-in
Demokratik Təsisatlar və İnsan Hüquqları
Bürosunun direktoru Jerar Ştudman demişdir: “Azərbaycanda
dini tolerantlılıq heç də yeni konsepsiya deyildir. Bu
ölkə yüzillər boyunca müxtəlif mədəniyyətlərin
yanaşı yaşamasına, tolerantlığa bariz nümunə
ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə
nümunə kimi göstərə bilərik”. İsraildəki
“İC Public Research” İnstitutunun direktoru, “İsrail -Azərbaycan”
Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivakın
fikrincə isə, “Tolerantlıq Azərbaycan xalqının səciyyəvi
cəhətidir və bu fikrə yalnız obyektiv informasiyaya
malik olmayan adam etiraz edə bilər. Azərbaycan haqqında mənfi
imic yaratmağa çalışsalar da, Azərbaycan Yer
üzündə yeganə dövlətdir ki, bir antisemitizm fakt
belə qeydə alınmamışdır. Əsrlər boyu
etnik azərbaycanlılarla yanaşı yaşayan xalqlar
assimilyasiyaya məruz qalmamışdır, onların hər
biri öz dilini, ənənələrini, mədəniyyətini
qoruyub saxlamışdır”.
Mədəniyyətlərarası
dialoqun və dinlərarası əməkdaşlığın
inkişaf etdirilməsi sahəsində görülən
işlərin nəticəsidir ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril tərəfindən
Birinci dərəcəli “Şərəf və şöhrət”
ordeni ilə, Vatikan dövlətinin ən yüksək
mükafatlarından sayılan “Medalla Sede Vacante” medalı ilə
təltif edilmişdir. Azərbaycanın birinci xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən
də mədəniyyətlərarası dialoqun və dinlərarası
əməkdaşlığın inkişaf etdirilməsi sahəsində
xeyli iş görülmüşdür. 2012-ci il iyunun 22-də
Romada Mehriban xanım Əliyeva və Vatikanın mədəniyyət
naziri, Roma Papasının Müqəddəs Arxeologiya üzrə
Şurasının sədri kardinal Can Franko Ravazinin iştirakı
ilə Heydər Əliyev Fondu ilə Müqəddəs
Taxt-Tac arasında “Roma katakombalarının bərpasına
dair ikitərəfli saziş” imzalanmışdır. Bu ilin
iyunun 2-də Mehriban xanım Əliyeva Roma Papası Fransis ilə
görüşü zamanı, o, Heydər Əliyev Fondunun dəstəyi
ilə Müqəddəs Roma katakombalarının bərpasını
yüksək qiymətləndirmişdir.
Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
sentyabrın 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda
birgə yaşamaq mədəniyyəti” mövzusunda
keçirilən konfransda Azərbaycanın birinci
xanımı Mehriban Əliyeva çıxış edərək
ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin
qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa
arasında körpü olduğunu və bu amillərin mədəniyyət
müxtəlifliyinin yaranmasında mühüm rol
oynadığını bildirmişdir. “Azərbaycan nadir ölkələrdən
biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının,
həm də Avropa Şurasının üzvüdür. Azərbaycan
dünyəvi müsəlman ölkəsidir. İslam bizim
müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə,
öz köklərimizə böyük hörmətlə
yanaşırıq. Biz öz mədəni, dini və tarixi
irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən
biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın
Şamaxı şəhərində yerləşir.
Dünyanın ən qədim kilsələrindən biri olan
Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik
tarixi olan Şəki şəhərinin
yaxınlığında yerləşir. Pravoslav və katolik
kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi
- bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir.
Biz öz ənənələrimizə, öz köklərimizə,
öz tariximizə çox böyük hörmətlə
yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və
bütün ölkələrlə əməkdaşlıq
qurmağa çalışan bir ölkəyik”—deyən
Mehriban Əliyeva diqqətə çatdırmışdır
ki, ölkəmizdə tolerantlıq ənənələrinin
qorunmasında dövlət-din münasibətləri
mühüm rol oynayır və Azərbaycanda yaradılan
şərait onu deməyə əsas verir ki, multikulturalizmin
alternativi yoxdur.
Multikulturalizm bu gün də Azərbaycan dövlətinin, siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycanın Pravoslav xristian icmasına təbrikində deyildiyi kimi, “Yüz illər boyu yüksək mənəvi-əxlaqi dəyərlərin və etnik-dini tolerantlıq ənənələrinin qorunub saxlandığı Azərbaycan cəmiyyətində ayrı-ayrı xalqlar, dinlər və etiqadlar arasında qarşılıqlı hörmət, etimad və qardaşlıq münasibətləri mövcud olmuşdur. Biz bunu milli dövlətçiliyimizin böyük uğuru kimi qiymətləndirir, tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunmasını, multikulturalist ənənələrə söykənən ictimai münasibətlərin təbliğini və təşviq edilməsini fəaliyyətimizin başlıca istiqamətlərindən biri hesab edirik”.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2015.- 16 sentyabr.- S.10.