Beynəlxalq kitab sərgiləri

Azərbaycan həqiqətlərinin

təbliğində əhəmiyyətli rol oynayır

 

Müdriklər “Kitab böyük qüvvədir”, “Kitab həyatın aynasıdır” deyiblər. Doğrudan da, bəşəriyyətin ən mütərəqqi kəşfi olan kitab insanları mənən zənginləşdirir, əqidəsini və həyat yolunu formalaşdırır. Bu gün internetin və müxtəlif sosial şəbəkələrin “at oynatdığı” bir zamanda kitab strateji əhəmiyyət daşımağa başlamışdır və buna görə də kitaba diqqət xeyli artmışdır.

 

Əgər 15-20 il bundan öncə dünya miqyasında cəmi 3-4 geniş əhatəli beynəlxalq kitab sərgisi təşkil olunurdusa, indi artıq onların sayı onlarladır. 10-15 il bundan əvvəl Azərbaycan hər il 2-3 beynəlxalq kitab sərgisində iştirak edə bilirdisə, bu gün ölkəmiz hər il 12-15 beynəlxalq kitab sərgisində uğurla təmsil olunur. Artıq 10 ildən çoxdur ki, Azərbaycan hər il Frankfurt, İstanbul, London, Moskva, Tehran, Budapeşt, Praqa, və s. beynəlxalq kitab sərgilərinin iştirakçısı olur.

Beynəlxalq kitab sərgilərində iştirakya təmsil olunmaq təkcə Azərbaycan kitablarının bu sərgilərdə nümayişi ilə məhdudlaşmır və kompleks təbliğat xarakteri daşıyır. Belə ki,  bu sərgilərdə yerli ziyalıların, alimlərin, xarici ölkə səfirlərinin, diaspor təşkilatlarının və sərgi ziyarətçilərinin iştirakı ilə müxtəlif kitab təqdimatları, yubiley tədbirləri, tanıtım mərasimləri təşkil olunur, poeziya saatları və s. tədbirlər də keçirilir.

Digər tərəfdən, bu sərgilər Azərbaycan həqiqətlərinin beynəlxalq miqyasda təbliğində də əhəmiyyətli rol oynayır. Belə ki, bu gün ölkəmizdə kitab nəşri xeyli genişlənmişdir və həmin kitabların əksəriyyəti Azərbaycanın real həyatından, sürətli iqtisadi inkişafından, ölkədə həyata keçirilən məqsədyönlü sosial siyasətdən, milli- mənəvi sərvətlərimizin mühafizəsi və zənginləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edir. Nəzərə alaq ki, beynəlxalq kitab sərgilərində nümayiş etdirilən bütün kitablar sərgilər bitdikdən sonra, ya sərgi ziyarətçilərinə pulsuz paylanılır, ya həmin şəhərlərdə yerləşən universitetlərin kitabxanalarına, ya da ölkəmizin həmin şəhərlərdəki səfirliklərinə və konsulluqlarına, diaspor təşkilatlarına hədiyyə olunur.

Beynəlxalq kitab sərgiləri çərçivəsində əlamətdar və tarixi günlərə, yubileylərə həsr olunmuş təqdimatlar, digər tədbirlər keçirilirburaya Milli Məclisin deputatları, ziyalılar, görkəmli yazıçı və şairlər də cəlb olunurlar. 2013-cü ildə Frankfurt Beynəlxalq Kitab Sərgisində ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunan “Heydər Əliyev adına” fundamental kitab-albomun təqdimat mərasimi keçirilmişdir. Tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, Milli Məclisin üzvləri, Almaniyadakı diaspor təşkilatının rəhbərləri iştirak etmişlər. 2015-ci ilin aprelində Londonda keçirilən beynəlxalq kitab sərgisi çərçivəsində Azərbaycan günü keçirilmişburada birinci Avropa Oyunlarının təqdimatı mərasimi keçirilmişdir. Ziyarətçilərə çoxlu sayda Avropa Oyunlarına,  Azərbaycana və  Qarabağ məsələsinə dair materiallar paylanmışdır.

Bu ilin may ayında Azərbaycan ilk dəfə olaraq İtaliyanın Turin şəhərində keçirilən ənənəvi Beynəlxalq Kitab Sərgisində qonaq ölkə kimi iştirak etmişdir. Sərgi-yarmarka çərçivəsində Azərbaycan günü keçirilmiş və həmin gün İtaliyanın keçmiş baş nazirinin, Turin sərgi-yarmarkasının prezidentinin, Turin əyalətinin mədəniyyət nazirinin, həmçinin, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin, Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun, alimlərin və ziyalıların iştirakı ilə Azərbaycana dair italyan dilində nəşr olunan 10-dan artıq  kitabın təqdimat mərasimi keçirilmişdir.

Beynəlxalq kitab sərgiləri həm də işgüzar görüşlərin keçirildiyi, qarşılıqlı beynəlxalq layihələrin müzakirə olunduğu məkana çevrilir. Burada mühüm layihələr müzakirə olunur, beynəlxalq əməkdaşlığın ilkin konturları cızılır. Belə ki, 2011-ci ildə Frankfurt sərgisində Nəsiminin divanının alman dilində nəşrinə dair Humbolt Universitetinin professoru ilə ilkin müzakirələr aparılmış və 2012-ci ildə həmin sərgi çərçivəsində Nəsiminin divanının təqdimat mərasimi keçirilmişdir.

2015-ci ildə Turin sərgi-yarmarkasında  mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bir sıra İtaliya nəşriyyatlarının rəhbərləri ilə ikitərəfli görüşlərdə Azərbaycan kitablarının italyan dilində nəşri məsələlərini müzakirə etmiş,  Frankfurt sərgisinin prezidenti və Turin əyalətinin mədəniyyət naziri ilə görüşlər keçirmiş, bir sıra layihələri müzakirə etmişdir. Elə həmin il London kitab sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası ilə bir Britaniya şirkətinin rəhbərliyi arasında milli kitabxana haqqında kitabın ingilis dilinə tərcüməsi və Londonda nəfis şəkildə nəşrinə dair layihə müzakirə olunmuş və razılıq əldə edilmişdir.

Artıq ölkəmizin beynəlxalq kitab sərgilərinin təşkilində  böyük təcrübəsi vardır. Azərbaycanda beynəlxalq kitab sərgilərinin keçirilməsi təcrübəsinin əsası 2006-cı ildə qoyulmuşdur. Həmin ilin sentyabrında Bakıda “Beynəlxalq rus kitabı  sərgisi” keçirilmişdir. İki gün davam edən bu sərgi – yarmarkada Rusiya Federasiyasının və Azərbaycanın 50-yə yaxın kitab ticarəti müəssisəsi və nəşriyyatı iştirak etmişdi.

Azərbaycanda I Bakı Beynəlxalq Kitab Sərgisi 2009-cu ildə Muzey Mərkəzinin  binasında  keçirilmişdir. Bu sərgidə ölkəmizin 30-dan artıq nəşriyyatı və 15-ə yaxın xarici ölkənin nəşriyyatları və kitab ticarəti müəssisələri, milli kitabxanaları öz ekspozisiyaları ilə iştirak etmişlər. Bu beynəlxalq kitab sərgisinin bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Beynəlxalq Kitab Sərgisini ənənəvi elan etmişonun hər iki ildən bir keçirilməsi barədə qərar qəbul olunduğunu bildirmişdir.

Bu qərara müvafiq olaraq, II Bakı Beynəlxalq Kitab Sərgisi 2011-ci ildə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutmuşdur. II Beynəlxalq Kitab Sərgisində artıq ölkəmizin 50-dən artıq yerli nəıriyyatı və 20-dən artıq xarici ölkə nəşriyyatı və milli kitabxanası öz ekspozisiyalarını qurmuşdular. Bu kitab sərgisində 30 mindən artıq ziyarətçi iştirak etmişdir ki, onların əksəriyyəti gənclər və uşaqlar olmuşdur.

2013-cü ildə keçirilən III Bakı  Beynəlxalq Kitab Sərgisi əvvəlki sərgilərin təcrübəsi və burada ziyarətçilərin rəy və təklifləri nəzərə alınaraq  III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası adlandırıldı. Yəni müvafiq təşkilatlardan razılıq alınaraq burada kitab satışı da təşkil olunmağa başlandı. Ölkəmizin nəşriyyatları və xarici ölkələrdən gələn nəşriyyatlar və poliqrafiya müəssisələri kifayət qədər kitab satışını həyata keçirmişdilər. Məhz sərginin sərgi-yarmarka statusu alması nəşriyyatların diqqətini daha çox çəkmiş oldu və III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 80-dən artıq yerli və 24 xarici nəşriyyat və milli kitabxana iştirak etmişdi. Bu kitab sərgi-yarmarkanın açıq havadadaha geniş məkanda keçirilməsi ona marağı daha da artırmış oldu və sərgi ziyarətçilərinin kütləviliyini təmin etdi. Təqribi hesablamalara görə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 50 min nəfərdən artıq ziyarətçi iştirak edib.

III Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkası, həm ziyarətçilərin çoxluğu, həm də onların sırasında uşaqların və gənclərin əksəriyyət təşkil etməsi ilə fərqlənmişdir. Azərbaycan Milli Kitabxanasının 90 illik yubileyində iştirak etmək üçün Bakıya gələn və III Sərgi - Yarmarkada qonaq kimi iştirak edən Fransa Milli Kitabxanasının baş direktoru Bruno Rassino və İsveçrə Milli Kitabxanasının direktoru xanım Mariye Kristina Dofley Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbulunda olarkən sərgi-yarmarkada çoxlu sayda uşağın fəal  iştirakından heyrətləndiklərini söyləmişdilər.

Bakıda   IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası öz işinə başlayıb. I Avropa Oyunları zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi əsasında əsaslı şəkildə təmir olunmuş və yenidən qurulmuş, Bakı Əl Oyunları Sarayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək IV Bakı Beynəlxalq Kitab Sərgi -Yarmarkasında iştirak etmək üçün 100-dən artıq yerli nəşriyyat, 32 xarici nəşriyyat və o cümlədən 11  xarici milli kitabxana qeydiyyatdan keçmişdir. Bu sərginin daha möhtəşəm olacağı və böyük layihələrin müzakirə olunacağı gözlənilir. Sərgi-yarmarkada iştirak edəcək ölkələrin coğrafiyası rəngarəngdir. Builki sərgidə ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, Özbəkistan, İran, Misir, Nigeriya, BosniyaHerseqovina, Almaniya, Albaniya, Slovakiya, Serbiya, Moldova, Ukrayna, Belarus, Estoniya, Yunanıstan və başqa ölkələrdən nəşriyyat və poliqrafiya müəssisələri, digər müvafiq qurumlar iştirak edəcəklər.

Bakıda keçirilən beynəlxalq kitab sərgilərinin əsas məziyyətlərindən biriondan ibarətdir ki, hər il bu tədbirlərdə 10 xarici ölkə milli kitabxanası öz ölkələrinin mədəniyyətini, incəsənətini, ədəbiyyatını, tarixini, coğrafiyasını və ictimai həyatını əks etdirən hər biri 100-140 nüsxə kitabdan ibarət ekspozisiyalarla iştirak edirlər. Sərgidə iştirakın şərtlərinə görə, həmin kitabxanalar sərgi bağlandıqdan sonra nümayiş etdirdikləri bütün kitabları Azərbaycan Milli Kitabxanasına hədiyyə edirlər. Son nəticədə Azərbaycan oxucusu və ziyalısı, biz hamımız qazanırıq, Milli Kitabxanamızın fondu zənginləşir.

Bakıda keçirilən beynəlxalq kitab sərgilərinin digər bir əhəmiyyətli yekunu ondan ibarətdir ki, sərgiyə gələn xarici milli kitabxanalar öz fondlarında mühafizə olunan Azərbaycana dair qiymətli materialların surətlərini və yaxud elektron versiyalarını da Azərbaycana hədiyyə edirlər. 2013-cü ildə keçirilən III Beynəlxalq Kitab Sərgisinin sonunda Rusiya Federasiyasının Sankt-Peterburqdakı Prezident Kitabxanası öz fondunda mühafizə olunan Çar Rusiyası Dəftərxanası Arxivində Azərbaycana dair qiymətli materialların tam komplektinin elektron versiyasını Milli Kitabxanaya hədiyyə etmişdir. Həmin ildə Çexiya Milli Kitabxanasının direktoru həmin kitabxananın fondunda saxlanılan Nizami Gəncəvinin və Məhəmməd Füzulinin  AMEA-nın Əlyazmalar İnstitutunun fondunda olmayan əlyazmalarının faksimilesini bizim kitabxanaya hədiyyə etmişdir.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində Milli Kitabxanada “Azərbaycan inciləri dünya kitabxanalarında” mövzusunda geniş kitab sərgisinin təşkili nəzərdə tutulmuşdur. Bu sərgidə nümayiş olunmaq üçün Rusiya Milli Kitabxanası öz fondunda mühafizə olunan Azərbaycana dair qiymətli xəritələrin, şəkillərin, açıqçaların, ayrı-ayrı kitabların faksimilelərini bizə təqdim etmişdir. Sərgi zamanı  Rusiya Milli Kitabxanasının direktoru həmin materialların və fondlarında olan digər kitab və əlyazmaların elektron versiyasından ibarət diskləri Azərbaycan Milli Kitabxanasına hədiyyə edəcəkdir.

Beynəlxalq kitab sərgilərinin əhəmiyyətli cəhətlərindən biriondan ibarətdir ki, bu sərgilər Azərbaycan Milli Kitabxanası  ilə xarici ölkələrin milli kitabxanaları arasında qarşılıqlı əlaqələrin genişlənməsinə imkan yaradır. Belə ki, hər bir sərgi çərçivəsində xarici ölkə milli kitabxana diroktorları ilə görüşlər keçirilir, ikitərəfli və çoxtərəfli layihələr müzakirə olunur, müvafiq qərarlar qəbul olunur, təcrübə mübadiləsi həyata keçirilir. Əksər hallarda isə bu görüşlər və müzakirələr qarşılıqlı əməkdaşlığa dair ikitərəfli müqavilələrin, niyyət protokolların, memorandumların imzalanması ilə başa çatır. Hər sərginin yekununda 2-3 xarici ölkə milli kitabxanası ilə Azərbaycan Milli Kitabxanasında qarşılıqlı əməkdaşlığa dair memorandumlar imzalanmışdır. 2013-cü ildə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası  çərçivəsində Rusiya Federasiyasının B.Yeltsin adına Prezident Kitabxanası və  Qazaxıstan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanmışdır.

IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası  çərçivəsində isə BosniyaHersoqovina Mili Kitabxanası və Tacikstan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlığa dair memorandumun  imzalanması nəzərdə tutulmuşdur.

Göründüyü kimi, ölkəmizdə keçirilən beynəlxalq kitab sərgilərinin əhəmiyyəti  təkcə kitab nümayişikitab satışı ilə məhdudlaşmır. Sərgi həm də kitabxana işi sahəsində beynəlxalq əməkdaşlığa geniş üfüqlər açır, faydalı  təcrübə mübadiləsinə imkan yaradır, Milli Kitabxananın fondunun zənginləşməsinə kömək edir və beynəlxalq miqyasda inteqrasiyanı gücləndirir.

Xalqımız, söz yox ki, bu sərgi-yarmarkada da fəal iştirak edəcək.

 

Kərim TAHİROV,

M. F. Axundzadə adına

Milli Kitabxananın direktoru,

Əməkdar mədəniyyət işçisi, professor

 

Xalq qəzeti.- 2015.- 17 sentyabr.- S.9.