Üzeyir bəy Hacıbəyli –

milli mədəniyyət mücahidi

 

Üzeyir Hacıbəyli – 130

 

Həsən bəy Zərdabi: “Ey elm təhsil edən cavanlarımız!.. Ləzzəti-dünyaya tamah etməyib öz qardaşlarımızı əməli-xeyrə vadar edin. Qoy şüəralar sizi həcv etsin, mollalar lənət oxusun, avamünnas daşa bassın, siz millət üçün zəhmət çəkirsiniz və bişəkk, gələcəkdə millətin gözü açılanda sizi şəhid hesab edib, sizə rəhmət oxuyacaq”.

 

“Əkinçi” qəzeti, 11 iyun 1876-cı il, ¹11

 

Üzeyir bəy Hacıbəyli: “Ey millət mücahidləri! Yatmış millətin yaxasından yapışıb silkələyin ki, oyansın. Əgər əfradi-millət öz cəhaləti hərəkətindən sizi dinləmək istəmirsə, siz ondan əl çəkməyiniz və o sözlərə müvafiq dolanmağa məcbur ediniz, sonra onun özü sizə minnətdar olacaqdır”.

 

“İrşad” qəzeti, 3 dekabr 1906-cı il, ¹ 277

 

I. Milli oyanış estafeti

 

Zərdabi müstəsna bir fəhm və zəka ilə milli oyanış və gələcək istiqlalın sivil mədəni quruculuq üzərində yüksələcəyini anlayıb misilsiz əzm, cəsarət və dönməzliklə bu zəruri prosesi hərəkətə gətirdi. Onun milli məktəb, milli teatr və milli mətbuat sacayağı üstünə qoyduğu əməli-məfkurəvi hazırlıq Azərbaycanı XIX əsrdən XX əsrə keçirdi.

Böyük maarifçi, əməlpərvər Həsən bəyin milli oyanışa yuxarıdakı çağırışı yeni əsrdə kəmiyyət göstəricilərinin artımı ilə növbəti keyfiyyət mərhələsi başlananda da eyni aktuallıqla səsləndi. Bu dəfə həmin tarixi bəyanat XX əsr mədəni yüksəlişinin estafetini milli talenin hökmü kimi qəbul etmiş Üzeyir bəy Hacıbəylinin dili ilə səsləndi. Həsən bəy öz mübarizəsinə beş-on maarifçini qoşmaq umudunda idisə, Üzeyir bəy artıq bu çağırışdan oyanıb-tərbiyələnmiş onlarla, yüzlərlə huşyarı səsləyirdi.

Artıq yeni əsrin birinci onilliyinin ortaları - 1905-1906-cı illər idi. “I Rus inqilabı” deyilən fırtına başlayanda yeni nəsil tale gəmisinin göyərtəsində tufanı aşmağa müntəzir idi.

Üzeyir bəy Hacıbəylinin 1905-ci ildən başlayan ictimai-siyasi, ədəbi-mədəni mübarizəsi sonrakı 43 ildə fasiləsiz davam etdi, iki mürəkkəb, bir-birindən ağır və məşəqqətli mərhələdən keçdi. 1905-1920-ci illəri əhatə edən birinci dövrdə gənc pedaqoq-publisist və musiqiçi Üzeyir bəy Hacıbəyli milli oyanış prosesinin milli istiqlal uğrunda mübarizəyə çevrilməsinin önündə getdi; peşəkar musiqinin əsaslarını yaratmaqla, xalqın ölgünləşdirilmiş mənəviyyatını dirçəldib yeni tipli mədəniyyətə yönəltməklə milli özünüdərk prosesinə misilsiz qida və enerji verdi. Milli dövlətçiliyin bərpası, 1918-ci ilin 28 mayında müsəlman Şərqində ilk respublikanın - Azərbaycan Xalq Cümruhiyyətinin elan olunması bu məfkurə mücadiləsinin yetirməsi oldu.

1920-ci ilin 28 aprelində Cümhuriyyət zorla devrilib Azərbaycan sovetləşdiriləndən sonra da Üzeyir bəy repressiya dalğasına boy verməyərək, mühacirət xəyalına düşməyərək, ideoloji basqılar və milli xəyanətkar mühitə  tablayaraq xalqına xidmət imkanlarından sonadək yararlandı. “Sovet mədəni quruculuğu” Azərbaycanda Üzeyir bəy Hacıbəylinin dərin və genişmiqyaslı fəaliyyəti ilə milli məzmun və bəşəri formalarla zənginləşib tarixi köklər üzərində çağdaş mədəni dəyərlərin boy atıb çoxalması baxımından əlamətdar oldu. Çağdaş musiqi mədəniyyətimizin çoxşaxəli orqanizmi bu dövrdə ətə-qana doldu, forma və məzmun bitkinliyinə çatdı, məktəbə çevrildi.

Quzey Azərbaycanın Rusiya işğalı nəticəsində dövlətçilik qurumlarını itirdiyi vaxtlardan başlayaraq gizli qata keçmiş milli özəllik məfkurəsi yox olmadı. İctimai-siyasi düşüncə axarları ilə hərəkətdə olub XIX əsrin sonu - XX əsrin əvvəllərində məfkurəvi mübarizənin üç mühüm qolunun - Türklük, İslamçılıq, Müasirlik dəyərlərinin qovuşuğu kimi biçimlənən azərbaycançılığın mahiyyətcə yeni dövlətçiliyinin  milli bayrağın rəngləri səviyyəsinə çatdırılması Üzeyir bəy Hacıbəylinin də fədakar, mükəmməl fəaliyyəti ilə tarixi bir hadisə kimi xalqın geniş dairələrindən kütləvi təkan aldı.

1948-ci ildə milli varlığın xalis materialından yoğrulmuş, zəkasını və ruhunu millət xəmirinə qatmış, nadir dühaların sırasında ölməz  abidəsini qoymuş Üzeyir bəy Hacıbəyli əbədiyyətə qovuşanda milli istiqlal ideoluqu Məhəmmədəmin Rəsulzadə xaricdə çıxan “Azərbaycan” qəzetində  yazmışdı: “Başda bir həvəs olaraq işə başlayan Hacıbəyli sonra kəndi-kəndini yetişdirmiş, musiqi təhsilini tamamlamış, nəticədə sözün Avropayi mənasıyla otoritesini (nüfuzunu - T.A.) hər kəsə tanıtmış bir kompozitor olmuşdur.

Fəqət beyhuda, dəmir pərdənin arxasında kəndinə süni marşlar yazdırılsa da, Moskvada çiyni diktatorun əli ilə oxşadılsa da, tabutu başında Azərbaycan mənəviyyatı ilə ilgiləri olmayan komissarlar növbədə dursalar da Hacıbəyli Üzeyiri Azərbaycan kültüründən və Azəri-Türk tarixindən kimsə ayıramaz! O, milli Azərbaycan varlığının məsnədləri arasında qalacaq ayrılmaz bir dəyərdir!”.

 

II. Zərurətdən doğulan insan

 

ÇağdaşAzərbaycan musiqisinin banisi, korifey bəstəkar, qüdrətli söz adamı, istiqlalçı publisist... Bunlardan əlavə, misilsiz mədəniyyət qurucusu, parçalanmış Vətənini, bölünmüş xalqını ümummədəni məcrada birləşdirən nadir ictimai xadim, milli mədəniyyətimizi dünyaca yüksəkliyə qaldıran nəhəng şəxsiyyət... Bunlar Üzeyir bəy Hacıbəylinin ilk xatırlamada yada düşən keyfiyyətləri və xidmətləridir. Bu qədər çoxtərəfli, tarixi qaynaqlara və gələcək hədəflərə bağlı, milli-məfkurəvi, ictimai-mədəni yük daşımış bu insan bir ailənin və nəslin qismətinə deyil, bütün xalqının taleyinə doğulmuşdu.

Bu oğlan uşağı 1885-ci il sentyabrın 18-də şuşalı məmur Əbdülhüseyn bəyin və onun evdar həyat yoldaşı Şirinxanımın ailəsində 5 uşağın ortancılı kimi dünyaya gələndə, əslində, Azərbaycanın mədəniyyət tarixində yeni bir səhifə açılmış, milli təqvimdə həmin günün yeni taleyi də müəyyən olunmuşdu. Bir neçə onillik keçəcək, 18 Sentyabr tariximizin Milli Musiqi Günü, təqvimimizin Üzeyir bəy Günü kimi mənalanacaqdı. Hələliksə bir ailəni və onun yaxınlarını sevindirən adi bir hadisə baş vermişdi.

Balaca Üzeyir özünü və ətrafındakıları Şuşanın mədəni zadəganlığı ilə xalq həyatının sərt gerçəklikləri arasında tanıdı, dəyərləndirdi. Vaxtilə  Qarabağ xanlığının paytaxtı, indisə Rusiya imperiyası müstəmləkə əyalətinin qəza mərkəzi olan Şuşa qalası nadir etnik-mədəni mühitin daşıyıcısı idi. Orta əsr Qafqaz Albaniyasının əsas etnosu olan xristian qıpçaqların son nəslindən olan bu vilayətdə böyük bir mədəni irsin daşıyıcıları idi. Nadir şahın qəzəbinə düçar olaraq Qarabağdan sürgün edilmiş bu tərəkəmə-elat camaatının zirək, imkanlı və geri dönə bilmiş qisminin seçmə adamları da Azərbaycanın ən mötəbər qala - şəhərində məskunlaşmışdılar.

Yeni xanlıq qüvvətlənmək, yüksəlmək üçün qala öz qapılarını o tay-bu taylı Azərbaycanın hər yerindən bacarıqlı, istedadlı insanların üzünə açıq saxlamışdı. Başqa yerlərdə qədri bilinməyən, incidilən, azad ruhlu sənətkarlar, başı bəlaya düşən cəngavərlər də Şuşada əmin-amanlıq və məşğuliyyət tapmışdı. Xanlığın yüksəlişi dövründə İbrahimxəlil xan təmizləmə aparıb fiziki, əqli və mədəni naqisliyi olanları qaladan uzaqlaşdırmışdı.

Bütün bunlar Azərbaycanın əksər bölgələrini təmsil edən seçmə adamların timsalında milli-mədəni birliyin nadir xəlitəsini yaratmışdı. Xanlığın süqutundan sonra İran və Türkiyədən Qarabağa köçürülmüş ermənilərin tacir və sənətkar zümrəsi - rus hökumətinin himayəsi, zirəkliyi, gizli xəyanətkarlığı ilə təhlükə yarandı, şəhərin türk əhalisini ayıq-sayıqlığa sövq etdi, milli kimliyi gündəmə gətirərək özünütəsdiqə güclü təkan verdi. 1831-ci ildə hakim dairənin Şuşada açdığı qəza hökumət məktəbinin yetirmələri Avropa tipli mədəniyyətin əsaslarından xəbərdar olmaqla, milli ziyalılığı çağdaş tələbatla ayaqlaşdırmağa çalışırdılar. Sayı və şagirdləri artmaqda olan yeni tipli belə məktəbləri bitirib Rusiya və Avropa şəhərlərində təhsil alanlar şəhərə yeni ab-hava, zəruri dəyərlər gətirirdilər.

Gör-götürə, özünü və ətrafı anlamağa mədəni bir mühitdə, kübar ailə tərbiyəsində göz açan balaca Üzeyir ibtidai təhsili Camal bəy Fətəlibəyovun ikisinifli məktəbində almış, Şuşanın açıq fikirli və millətsevər ziyalısı, sonralar tanınmış publisist və naşir kimi Bakının mətbuat aləmində seçilən nüfuz sahibinə çevrilmiş Haşım bəy Vəzirovun “rus-tatar” məktəbində davam etdirmişdi. Bütövlükdə isə onun dünyagörüşü böyük bir məktəb kimi şəhərin qaynar, dünya ilə təmasda olan zəngin mədəni mühitində formalaşmışdı. Bu misilsiz  məktəbin ayağı xalqın qədimlərdən gələn milli-mənəvi dəyərlərində - başı dünyanın sürətlə irəli gedən elm-mədəniyyət aləmində idi. Şuşa bir əyalət şəhəri olsa da, buradan Şərqin də, Qərbin də gərəkli olan elmi-mədəni xəzinəsinə yollar uzanırdı, buraya hər yandan bilgilər gəlib çatırdı.

Sonralar “Şərqin konservatoriyası” tərifini almış Şuşanın musiqi aləmi yuxarıda söz açılan milli-mədəni nadirliyin və çoxqatlığın üzərində boy atıb yaxın-uzaqlara səs salmışdı. Gələcək bəstəkarın, peşəkar musiqimizin səs qavrayışı, sənət zövqü, fantaziyası, bax, bu konservatoriyada yoğrulmuş, qəliblənmişdi.

Mir Möhsün Nəvvabın özünəməxsus musiqi təlimi, Sadıqcanın təcrübi novatorluğu, Cabbar Qaryağdıoğlunun virtuoz ifaçılığı, xalqın çoxəsrlik musiqi irsinin seçmə toxumları Üzeyirin qəlbində cücərib şaxələnirdi. Onun ruhu və zəkası belə bir bənzərsiz mühitin məfkurəvi iksiri ilə mayalanır, çağdaş, milli-mədəni kodlarla proqramlaşırdı.

Yerli ziyalıların təşkil etdiyi Şərq konsertləri, xalq teatrının musiqili süjetləri gələcək peşəkar musiqinin ilk opera və operettalarının rüşeymləri kimi Üzeyirin ruhuna və yaddaşına hopurdu. O vaxt Peterburqdan yay tətilinə gəlmiş mühəndis-tələbə (yaxın gələcəkdə ilk milli dirijorumuz) Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə oynanılmış “Məcnun Leylinin qəbri üstündə” səhnəciyi bu baxımdan təsirli və unudulmaz olmuşdu. Yaxın qohumu Xan qızı Natəvanın evindəki şeir-musiqi məclisləri də yeniyetmə Üzeyirin sonrakı sənət  taleyinə ciddi yön vermişdi.

Beləliklə, genetik bir kamillik timsalı olan  Hacıbəylilər ailəsinin ikinci oğlu Üzeyir tarixi bir zərurəti gerçəkləşdirəcək Vətən övladı kimi ikinci dəfə doğuldu, millətin taleyinə göz açdı. Bu mənəvi doğulmanın 14 ili başa çatanda – 1899-cu ilin yayında yeniyetmə Üzeyir Şuşadan Zaqafqaziya xalqları üçün kiçik bir universitet rolu oynayan Qori Müəllimlər Seminariyasına oxumağa yollandı. Azərbaycanın yeni mədəniyyətinin sənət peyğəmbərinin, belə demək mümkünsə, xalqımızın yaxınlaşmaqda olan istiqlal savaşı dünyasına “hicrəti  belə başlandı.

 

III. Üzeyir bəy Hacıbəylinin ömür yoluna yeni baxış

 

Üzeyir bəy Hacıbəylinin zəngin və çoxcəhətli həyatı və fəaliyyəti onun mükəmməl ömür, mübarizə və sənət salnaməsinin yaradılması üçün son dərəcə çox və maraqlı material verir. Qulam Məmmədlinin “Üzeyir Hacıbəyov” salnaməsində (1984), bəstəkarın anadan olmasının 100 illiyində buraxılmış “Üzeyir Hacıbəyov” bioqrafiyasında, dövlət müstəqilliyi illərində 110 illiyi münasibətilə hazırlanmış “Üzeyir Hacıbəyov ensiklopediyası”nda, Mirzə İbrahimovun “Tufanlara kömək edən bir qələm” məruzələr və məqalələr toplusunda (1987), Mirabbas Aslanovun “Üzeyir Hacıbəyov - jurnalist” (1985) və “Üzeyir Hacıbəyov gündəlik yazmış olsaydı” (1994) kitablarında, bir sıra monoqrafiya və digər nəşrlərdə bu şəxsiyyətin həyatını və yaradıcılığını əhatə edən kifayət qədər material toplanmışdır. Lakin keçmiş sovet dövrünün yasaqları bəstəkarın həyat və fəaliyyəti ilə bağlı materialların hamısını aşkar etməyə, əldə olanları doğru-düzgün dəyərləndirməyə imkan verməmişdir.

Bəstəkar özü də bu işə o qədər məhəl qoymamış, necə deyərlər, şəxsi tarixçə yazmaqla deyil, onu yaratmaqla məşğul olmuşdur. Üzeyir bəy 1939-cu ildə Moskvada hazırlanan “Musiqi lüğəti” üçün və 1945-ci ildə SSRİ Bəstəkarlar İttifaqının tərtib etdiyi “SSRİ Xalq artistləri özləri barədə” toplusu üçün yazdığı avtobioqrafik yazılarda bir çox mətləblərin üstündən sükutla keçməli olmuşdur. Eyni natamamlıq böyük sənətkarın tələbə dostlarının, müasirlərinin, yetirmələrinin xatirə yazılarında da özünü göstərir. 1920-ci ildən əvvəlki və sonrakı dövri nəşrlərdəki saysız-hesabsız materiallar, bəstəkarın publisist əsərlərindəki xatirə və ötənlərə istinadlar, bu yazıların yaratdığı  xronikal silsilə Üzeyir bəyin real bioqrafıyasında hələ də layiqli yerini tutmamışdır.

Sayı heç də az olmayan dissertasiya və tədqiqatlarda da Üzeyir bəy Hacıbəylinin sözü, musiqini, öyrətməni, məramı bir məcrada birləşdirən yaradıcılığı kiçik mövzulara parçalanmış, onun bütöv kimliyi ifadə olunmamışdır.

Üzeyir bəy Hacıbəylinin vəfatından sonra əsərlərinin on cildçiliyinin akademik nəşrini hazırlamaq barədə hökumət qərarı olsa da onun publisistik, bədii və elmi irsinin bir hissəsini əhatə edən dörd cild çap olunmuş, lakin musiqi irsindən ibarət sonrakı cildlər nəinki işıq üzü görməmiş, hətta tərtib belə edilməmişdir. Dövlət müstəqilliyi illərində arxivşünas Aslan Kənan Üzeyir bəyin “Azərbaycan” qəzetində dərc olunmuş  məqalələrini, professor Şirməmməd Hüseynov isə əsasən bolşevik inqilabınadək olan dövrdə çap olunmuş, lakin sonralar onun kitablarına salınmamış yazıları 2 cilddə oxuculara təqdim etmişlər.

Əslində, bu dahi sənətkar sənədli və bədii sözü, irili-xırdalı musiqi əsərləri, şəxsiyyətinin nuru və əməlpərvərliyi ilə oyanan, özünü tanıyan, bütövləşən Azərbaycanın qarşıda duran məramını, ehtiyac duyduğu estetik- məfkurəvi tələbatı  cavablandırmışdır. Beləliklə, kiçik bir yazıda Üzeyir bəyin mükəmməl bioqrafiyasındakı boşluqları və yanlışlıqları əhatə etmək mümkünsüz olsa da, zəruri məqamları gündəmə gətirməyə ehtiyac var.

Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli 1885-ci il sentyabrın 18-də (köhnə təqvimlə sentyabrın 5-də) ovaxtkı Yelizavetpol quberniyasının Şuşa qəzasında anadan olmuşdur. Doğulduğu ünvan müxtəlif səbəblərdən gah Şuşa şəhəri, gah da Şuşa qəzasının Ağcabədi kəndi göstərilmişdir. Son illərdə bu məsələ şuşalılar və ağcabədililər arasında dinc bir müharibəyə çevrilmişdir. Məsələ burasındadır ki, Üzeyir bəyin babaları Şuşa şəhəri salındığı, Qarabağ xanlığının paytaxtı kimi formalaşdığı dövrdən burada məskunlaşmışlar. Sonralar böyük bir ailəyə çevrilən Hacıbəylilərin əksəriyyəti bu şəhərdə doğulub böyümüşdür. Üzeyir Hacıbəylinin də doğum yeri XX əsrin 30-cu illərinədək Şuşa şəhəri göstərilmişdir. Əslində, o, 1899-cu ildə Qori seminariyasında oxumağa gedənədək yalnız burada yaşamış, ibtidai təhsilini də burada almışdır.

Gələcək bəstəkarın atası Əbdülhüseyn bəy Molla Məhəmməd oğlu (1842-1901) Xan qızı Natəvanın sarayında mirzə işləmiş, sonra onun Ağcabədi kəndindəki mülkünü idarə etmişdir. İndiki anlamda Ağcabədi dəki mülk təsərrüfat müdiri  kimi onun mövsümi iş yeri olmuş, ailəsini də ilin müəyyən vaxtlarında bura gətirmişdir. 1936-cı ildə Üzeyir Hacıbəylini görkəmli sovet bəstəkarı kimi fəhlə-kəndli hakimiyyətinin parlamentinə deputatlığa hazırlayanda yerli kommunist rəhbərliyi onu burjua mühiti Şuşadan qoparıb Ağcabədi  proletariatına bağlamaq üçün bu saxtakarlığa əl atmışdır.

Başqa bir mülahizəyə görə, erməni millətçiləri Üzeyir bəyin Şuşadan deputat seçilməsinə müxtəlif yollarla mane olduqlarından Azərbaycan rəhbərləri “Ağcabədi variantı”na əl atmalı olmuşlar. Bundan sonra bəzi mənbələrdə ciddi əsas olmadan Hacıbəylilərin Ağcabədidə yaşadığı, sonradan Şuşaya köçdüyü, Üzeyirin də burada doğulduğu qeyd olunmuşdur. Bir başqa mənbədə isə, guya, Üzeyir doğularkən ailənin Ağcabədidə qohumlarının evində qonaq olduğu, uşağın da burada dünyaya göz açdığı göstərilmişdir.

Üzeyir bəy Hacıbəylinin irsinin qorunmasında, tədqiqində və təbliğində dəyərli işlər görmüş baldızı oğlu, şəxsi katibi Ramazan Xəlilov və bacanağı, tarix elmləri namizədi Qubad Qasımov bu saxtakarlığı heç vaxt qəbul etməmiş, lakin dövrün hökmünə qarşı da çıxa bilməmişlər. Üzeyir bəyin publisistika irsinin tədqiqatçısı Mirabbas Aslanov Sankt-Peterburq Dövlət Arxivindən aşkar etdiyi doğum şəhadətnaməsinə əsasən, bəstəkarın Şuşada dünyaya gəldiyini bildirmişdir.1897-ci ildə Tiflisdə Qafqaz şeyxülislamı Əbdüssalam Axundzadənin təsdiqlədiyi həmin şəhadətnamə Üzeyir bəyə “Şuşa şəhərinin sakini” olaraq verilmişdir. Burada  məxsusi doğum yeri qeyd olunmasa da Şuşadan özgə bir məkanın adı göstərilməmişdir. Bu dolaşıqlığın açılması və həqiqətin təsdiq olunması bugünədək həllini tapmamışdır.

Böyük sənətkarın mənsub olduğu ailənin soyadının yazılışındakı ikilik də onun sağlığında və sonrakı illərdə davam etmiş, sabitləşməmişdir. Çar Rusiyası dövründə xalqımızın soyadı ruslaşdırıldığından Üzeyir bəyin də familiyası “Hacıbəyov” olmuş, bütün  mənbələrdə belə getmişdir.

Bu yerdə qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Üzeyir bəyin soyadı bir qayda olaraq “Hacıbəyli” kimi tarixə düşmüşdür. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyi qazandıqdan sonra millətsevər , üzeyirsevər müəlliflər bəstəkarın ad və  soyadını bir qayda olaraq “Üzeyir bəy Hacıbəyli” formasında yazıb-söyləyirlər. Bunun fərqində olmayanlar isə “Üzeyir Hacıbəyov”la kifayətlənirlər.

“Bəy” titulunun da buna bənzər tarixçəsi var. Doğum şəhadətnaməsində uşağın adı “Üzeyir bəy” yazılmışdır. Bir il sonra -1897-ci ildə Xurşidbanu Natəvan başda olmaqla bir neçə Şuşa əsilzadəsinin imzası ilə Üzeyirin bəy nəslindən olması təsdiqlənmiş, ona “bəylik şəhadətnaməsi” verilmişdir. Sovet dövrünədək sənətkar “Üzeyir bəy” kimi tanınmış, 1920-ci ildən “bəy” titulu da rəsmən ixtisara salınmış, yalnız qeyri-rəsmi müraciətlərdə yaxın dost-tanışlarına “Üzeyir bəy” deyə müraciət etmişlər.

Dahi bəstəkarın ömür yolu ilə bağlı bir arzuolunmaz yanlışlıq da ötən əsrin 90-cı illərinin əvvəlində ortaya atılmışdı. O vaxt mətbuatda Ramazan Xəlilov Üzeyir bəyin ulu babasının, guya, Şuşaya Dağıstandan gəldiyi barədə mülahizə səsləndirmişdi. Bu əsassız iddia cəmiyyətdə ciddi narazılıqla qarşılandığından, R.Xəlilov dediyinin yanlışlığını etiraf etməyə məcbur olmuşdu.

 

Tahir AYDINOĞLU

 

Xalq qəzeti.- 2015.- 18 sentyabr.- S.10.