Prezident İlham ƏLİYEV: Gələn
ilin büdcəsi
daha çox
sosialyönümlü büdcə olmalıdır
İlk növbədə,
qeyd etməliyəm ki, bütün sosial proqramlar ixtisarsız
icra ediləcəkdir.
Azərbaycan vətəndaşları
əmin ola bilərlər ki, burada heç bir ixtisar ola bilməz.
Mən onu da qeyd
etməliyəm ki, sosial infrastruktur layihələri icra
olunacaqdır.
Məktəb
tikintisi, uşaq bağçalarının, xəstəxanaların
tikintisi davam edəcək.
Eyni zamanda, sosial siyasətlə
bağlı institusional islahatlar davam etdiriləcək.
İlham
ƏLİYEV
Azərbaycan
Respublikasının Prezidenti
Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi
siyasəti bir tərəfdən ölkənin zəngin enerji
resurslarının dünya bazarlarına nəqlinə imkan verən
layihələrin reallaşdırılmasına və ölkənin
gəlirlərinin artmasına, digər tərəfdən isə
gəlirlərin idarə edilməsinə, islahatların həyata
keçirilməsinə və qısa müddətdə
ölkə vətəndaşlarının rifah səviyyəsinin
əsaslı surətdə yüksəlməsinə gətirib
çıxarıb.
Sosial sahədə bütün proqramlar vaxtında icra
edilir və bu da dövlət siyasətimizin əlamətidir. Azərbaycan
Prezidenti dəfələrlə bəyan etmişdir ki, bizim
siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı
dayanır və heç bir sosial proqram heç vaxt ixtisar
olunmayacaq, əksinə, biz yeni təşəbbüslər
haqqında fikirləşirik. Ölkədə
davamlı olaraq sosial layihələrin uğurla həyata
keçirilməsi sosial infrastruktur yaradılmasını, yeni
məktəblərin, xəstəxanaların, müxtəlif
sosial obyektlərin tikntisini sürətləndirir. İndi təxminən 20-dən çox məktəb,
30-dan çox tibb müəssisəsi təmir olunur, tikilir.
Ölkədə bu sahədə əsaslı
dönüş yaranmışdır və əsas məqsəd
ondan ibarətdir ki, qarşıdakı illərdə hər
bir yerdə, hər bir kənddə insanlar normal tibbi xidmətə
malik olsunlar.
Azərbaycan Prezidenti İlham Əliyevin yanında
iqtisadi məsələlərə və 2016-cı ilin
dövlət büdcəsinin hazırlığı işlərinə
həsr edilmiş müşavirədə dövlət
başçısı hazırda bütün dünyada dərin
iqtisadi və maliyyə böhranının davam etdiyini qeyd
etmiş və xüsusilə Avrasiya məkanında bu
böhranın daha da ciddi formalar aldığını diqqətə
çatdırmışdır. Həm Avropada, həm də Asiyada
iqtisadi tənəzzülün müşahidə olunduğunu
vurğulayan ölkə rəhbəri bunun müxtəlif
obyektiv və subyektiv səbəbləri olduğunu demiş və
bildirmişdir ki, bizim işimiz ondan ibarətdir ki, ölkəmizi,
ölkə iqtisadiyyatını dünyada gedən mənfi
proseslərdən maksimum dərəcədə qoruyaq. Biz bunu bacarırıq və uğurla
bacarırıq, ölkəmizi qoruyuruq. Ölkəmizin
təhlükəsizliyini, sabitliyini, iqtisadi
inkişafını təmin edirik.
Bu böhranlara baxmayaraq Azərbaycanda sabitlik, inkişaf,
normal həyat davam edir. Ölkəmizi bu bəlalardan Azərbaycan
Prezidentinin düzgün istiqamətlənmiş siyasəti və
qəbul edilən inkişaf proqramlarının yerinə
yetirilməsi qorumuşdur. Dövlət
başçısı müşavirədə demişdir: “Bu
müddət ərzində neftin qiyməti kəskin şəkildə
aşağı düşüb. Əlbəttə,
mütəxəssislər, təhlilçilər bunun səbəblərini
araşdırmalıdırlar. Ancaq istisna
edilmir ki, bu da siyasi sifarişin nəticəsidir. Ancaq buna baxmayaraq, biz bu vəziyyətə də
hazır olmalı idik. Şaxələndirmə,
qeyri-neft sektorunun inkişafı ilə bağlı bu günə
qədər atılan addımlar bizə kömək etdi ki, bu
vəziyyətdən minimum itkilərlə çıxaq.
Təbii ki, bizim gəlirlərimiz böyük dərəcədə
azalıb. Keçən il neftin qiyməti
100 dollardan yuxarı idisə, bu gün 50 dollardan
aşağıdır, iki dəfədən çox
düşübdür. Ancaq biz
çalışırıq və
çalışacağıq ki, Azərbaycan xalqı bundan əziyyət
çəkməsin. Bütün sosial
proqramlar, sosial infrastruktur layihələri icra edilir və
insanların təhlükəsizliyi, sosial müdafiəsi təmin
olunur. Bax, biz bu xoşagəlməz mənzərə
ilə üzləşmişik və
çalışmalıyıq ki, 2016-cı ildə iqtisadi
inkişafı təmin edək. Bu il
Azərbaycanda iqtisadi inkişaf çox sürətlidir. Gələn ay biz ənənəvi olaraq hökumətin
geniş iclasında 9 ayın yekunlarını və bu
inkişafı müzakirə edəcəyik. Ancaq 6 ayın yekunları deməyə əsas verir
ki, biz bu ili çox yüksək nəticələrlə
başa vuracağıq”.
Dövlət
başçısının fikrincə, hökumət daha fəal,
çevik işləməlidir ki, bizim iqtisadiyyatımız gələn
il də artsın. Azərbaycan
Prezidenti demişdir ki, gələn ilin büdcəsi real vəziyyəti
nəzərə almalı, daha çox sosialyönümlü
olmalıdır. Azərbaycanda uğurla
reallaşdırılan sürətli islahatlar
strategiyasından danışanda öncə onu qeyd etmək
lazımdır ki, ötən aylar ərzində ölkəmizin
həyatının bütün sahələrində
mühüm nailiyyətlər qazanılmış, davamlı
tərəqqi və dayanıqlı iqtisadiyyat təmin
edilmişdir. Azərbaycan Respublikasının
Prezidentinin ümumxalq mənafeyinə xidmət edən
düşünülmüş siyasətinə uyğun olaraq
respublikamızda əldə olunan iqtisadi potensialın məqsədyönlü
şəkildə vətəndaşların həyat səviyyəsinin
yüksəldilməsinə yönəldilməsi bu siyasətin
prioritet istiqamətlərindən biri kimi əhalinin sosial
müdafiəsini əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışdır. Xüsusi
olaraq deməliyik ki, vətəndaşların sosial müdafiəsinin
gücləndirilməsi məsələsi daim dövlət
başçımızın diqqətində və nəzarətindədir.
Əhalinin güzəranının
yaxşılaşması, onların rifah halının
artırılması, aztəminatlı ailələrin maddi vəziyyətinin
yüksəldilməsi ölkə Prezidentinin qarşıda
qoyduğu vacib məsələlərdəndir. Sosial
müdafiənin gücləndirilməsi məqsədilə Azərbaycan
Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən
2015-ci ilin yanvarın 1-dən bütün növ əmək
pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub. 1 iyul 2015-ci il
tarixinə əmək pensiyalarının orta aylıq məbləği
175,1 manat olub. Ölkə üzrə
yaşa görə əmək pensiyalarının orta
aylıq məbləğinin əməkhaqlarının orta
aylıq məbləğinə nisbəti 43 faizdən
yuxarı təşkil edib ki, bu da Avropa Sosial
Xartiyasının tələblərinə tam cavab verir.
Bundan əlavə yeni proqram təminatı istifadəyə
verildikdən sonra hər hansı vətəndaş ailəsinə
ünvanlı dövlət sosial yardımı almaq
üçün internet vasitəsilə elektron qaydada
müraciət edə bilər. Müraciət qəbul
edildikdən sonra proqram təminatı tərəfindən təyin
olunmuş qrafik əsasında müraciətin edildiyi ailənin
maddi-məişət şəraitinin müayinəsi
aparılacaq. Ailənin maddi-məişət
şəraitinin müayinəsi, təyin olunmuş müddət
ərzində və müvafiq proqram təminatı ilə təchiz
edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə
həyata keçirilir. Eyni zamanda, ünvanlı dövlət
sosial yardımı üçün edilən müraciətə
baxılması üçün müvafiq məlumatların
“Elektron hökumət” portalı üzərindən aidiyyəti
dövlət qurumlarının informasiya resurslarından real
vaxt rejimində əldə edilməsi təmin olunacaq. Beləliklə də, ünvanlı dövlət
sosial yardımı sisteminin avtomatlaşdırılması
innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı
ailələrin bu yardım sistemi üzrə çevik, rahat və
şəffaf xidmətlərlə təmin olunmasına şərait
yaradacaq. Dövlətin
düşünülmüş siyasəti, qəbul edilən
proqramların reallıq üzərində qurulması, hər
bir sahə ilə bağlı konkret fəaliyyətin
olması onu deməyə imkan verir ki, Azərbaycan hər
zaman, hətta, böhranlı illərdə də sürətlə
inkişaf edir, uğurlar qazanır.
Azərbaycan Prezidenti həmin müşavirədə
bildirmişdir ki, ən böyük prioritet təşkil edən
investisiya layihələri də icra edilməlidir. Ancaq prioritet
olmayan, o qədər də vacib xarakter daşımayan layihələr
büdcə proqramına, investisiya proqramına
salınmamalıdır. İsrafçılığa
yol verilməməlidir. Maliyyə
nizam-intizamı daha da gücləndirilməli və vəsaitə
qənaət edilməlidir. Bütün
ölkələr indi bu siyasəti aparır və Azərbaycanda
da bu siyasəti daha da ciddi şəkildə
aparılmalıdır. Dövlət
başçısı demişdir: “Əvvəlki illərdə
biz daha çox çalışırdıq ki, ölkə
qarşısında duran bütün sosial-iqtisadi məsələləri
tezliklə həll edək. Məhz ona görə
biz bəzi hallarda o qədər də böyük prioritet təşkil
etməyən layihələrə də vəsait
ayırırdıq ki, inkişaf daha da sürətlə
getsin. Çünki görüləsi
işlər kifayət qədər çox idi. Ancaq bu gün biz əsas infrastruktur layihələrini
icra etmişik, bəziləri davam edir. Ancaq
burada köklü şəkildə çox ciddi
dönüş yaranıbdır. Sosial
infrastruktur layihələrinin bir çoxunu icra etmişik.
Ölkədə sahibkarlığın, biznesin
inkişafı üçün möhkəm zəmin
yaradılıbdır — infrastruktur layihələri, kreditləşmə
və əlbəttə ki, dövlət siyasəti. Ona görə biz gələn ilin büdcəsinə
çox diqqətlə baxmalıyıq. Yenə
də demək istəyirəm ki, orada ən əsas məsələlər
öz həllini tapacaq”. Sosial infrastruktur layihələrindən
danışarkən diqqət yetirməliyik ki, Prezident
İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarında dəmir yolu, hava, su nəqliyyatı və
avtomobil yolları ilə bağlı 64 tədbir nəzərdə
tutulub. Artıq nəzərdə tutulan layihələrin
bir çoxu yüksək səviyyədə tamamlanıb.
Belə ki, ilk iki Dövlət Proqramının həyata
keçirildiyi 2004—2013-cü illərdə respublikada yeni tikilən,
yenidən qurulan, əsaslı təmir olunan yolların
uzunluğu 9 min kilometrdən çoxdur, bu müddətdə
250 yeni körpü, tunel və yol ötürücüsü
inşa edilib.
Azərbaycanda
yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturu yeniləşdirmək,
müasir müəssisələr, yeni iş yerləri yaratmaq
istiqamətində sistemli tədbirlərin həyata
keçirilməsi vəzifəsini irəli sürən
regional dövlət proqramları ölkəmizin uzunmüddətli
və hərtərəfli inkişaf konsepsiyasını reallaşdırmışdır.
Regional proqramlar respublikamızın
inkişafında yeni mərhələnin
başlanğıcını qoymuş, bölgələrin tərəqqisini
dövlət siyasətinin prioritet istiqamətlərindən
biri səviyyəsinə qaldırmışdır. Azərbaycanda,
ümumiyyətlə, son 12 il ərzində 1 milyon 400 min
iş yeri açılmışdır ki, onlardan 1 milyonu daimi
iş yeridir. Bunun hesabına Azərbaycanda
işsizlik keçən ilin yekunlarına görə 5 faiz səviyyəsində
olmuşdur. Bütün mötəbər
beynəlxalq maliyyə qurumları haqlı olaraq Azərbaycanda
işsizliklə, yoxsulluqla bağlı mübarizəni
çox yüksək qiymətləndirir. Ölkə rəhbəri
hesab edir ki, iş yerlərinin
açılması daimi proses olmalıdır, çünki əhali
artır və potensial kifayət qədər
böyükdür. Dövlət başçısı
demişdir: “İlk növbədə, qeyd etməliyəm ki,
bütün sosial proqramlar ixtisarsız icra ediləcəkdir.
Azərbaycan vətəndaşları əmin ola
bilərlər ki, burada heç bir ixtisar ola bilməz. Mən onu da qeyd etməliyəm ki, sosial infrastruktur
layihələri icra olunacaqdır. Məktəb
tikintisi, uşaq bağçalarının, xəstəxanaların
tikintisi davam edəcək. Eyni zamanda, sosial
siyasətlə bağlı institusional islahatlar davam etdiriləcək”.
Respublikada regionların inkişafına hesablanmış dövlət proqramlarının həyata keçirilməsi, siyasi, iqtisadi, sosial sahədə qazanılan uğurlar əhalinin rifah halının yüksəlməsinə xidmət etməklə yanaşı, həm də Azərbaycanı xoşbəxt gələcəyə aparır. Azərbaycan Pezidenti müşavirədə, həmçinin dərman pereparatları bazarının tənzimlənməsi məsələsinə də toxunmuş, bu işdə çox ciddi dönüşə nail olunduğunu və sentyabrın 15-dən sonra hər bir Azərbaycan vətəndaşının bunu hiss edəcəyini, dərmanların qiymətinin orta hesabla 2-3 dəfə aşağı salınmasının təmin edildiyini bildirmişdir. Qeyd edək ki, ilk növbədə əhalinin maraqlarını əsas tutaraq ölkəmizdə dərmanların qiymətinin tənzimlənməsi üçün ən optimal modelin tətbiqi məqsədilə qabaqcıl ölkələrin ən müasir təcrübəsi yerində araşdırılaraq Azərbaycan üçün ən uyğun tənzimləmə mexanizmi hazırlanıb. Elan olunmuş 25 təsiredici maddə üzrə 1057 dərman vasitəsinin qiymətləri tənzimlənmişdir ki, bunun nəticəsində hazırda satışda olan dərman vasitələrinin qiymətləri ilə müqayisədə 46 faiz dərman vasitəsinin qiyməti 2 dəfədən çox, 24 faiz dərman vasitəsinin qiyməti 3 dəfədən çox cuzlaşdırılmış, bütövlükdə isə, həmin tərkib üzrə satışda olan dərman vasitələrinin 94 faizi üzrə qiymətlər aşağı salınmışdır. Bununla da, dövlət qeydiyyatına alınmış dərman vasitələrinin təqribən 15 faizinin hazırkı qiymətlərlə müqayisədə əhəmiyyətli dərəcədə aşağı olan satış qiymətləri təsdiqlənmişdir. Böyük sosial əhəmiyyət kəsb edən bu proses bütün dərman vasitələrinin qiymətləri tənzimlənənədək intensiv şəkildə davam etdiriləcək və bu ilin sonunadək əksər dərman vasitələri üzrə qiymətlərin tənzimlənməsi başa çatdırılacaqdır. Azərbaycan Prezidenti həmin müşavirəni bu sözlərlə yekunlaşdırmışdır: “Bax, biz bütün işləri bu səpkidə görürük. Bir daha demək istəyirəm ki, mən Azərbaycanın uğurlu inkişafı ilə bağlı heç bir problem görmürəm. Biz 2016-cı ildə də uğurla inkişaf edəcəyik, ölkə qarşısında duran bütün vəzifələri icra edəcəyik. Sadəcə olaraq, hökumət ilin sonuna qədər, xüsusilə, gələn ilin xərcləri, investisiya proqramı, maliyyə vəziyyətimiz ilə bağlı daha da ciddi işləməlidir, yeni təkliflər verilməlidir. Bir daha demək istəyirəm, ən əsas məsələ ondan ibarətdir ki, gələn ilin büdcəsi balanslaşdırılmış, reallığı əks etdirən və lazımsız xərclərə yol verməyən bir büdcə olmalıdır”.
Zərifə
BƏŞİRQIZI
Xalq qəzeti.- 2015.- 18 sentyabr.- S.8.