Gəncədə işlər bir

gün də dayanmır...

 

Gəncə sakinləri elə öyrəşiblər ki, şəhərdə bircə gün getmədi, o dəqiqə hamı bir-birindən soruşur: görəsən nə baş verib? Halbuki əlverişsiz hava şəraiti ola bilər, istirahət və ya bayram gününə təsadüf edər və sair. Amma bütün bunlar sakinləri bir o qədər də maraqlandırmır. Çünki onlar beş ilə yaxındır ki, belə görüblər, belə işləyirlər və belə istəyirlər. Şəhər rəhbərliyi ilə sakinlərin istəyi, arzusu və məqsədi üst- üstə düşdüyündən Gəncə hər gün öz qədimliyini saxlamaqla müasirləşir, gözəlləşir və inkişaf edir. Şəhərin hər tərəfində abadlıq, quruculuq işləri aparılır.

 

Ən əsası isə müasirmilli memarlıq elementləri əsasında aparılan abadlıq-quruculuq işlərində şəhərin tarixiliyi  qorunur.

Bəli, Gəncə əsl intibah dövrünü yaşayır.

Şəhəri iki hissəyə ayıran Gəncə çayının sağ sahilində 1,2 kilometr ərazidə salınan Park-bulvar kompleksinin tikintisi sürətlə davam edir. Çayın məcrası yenidən bərpa olunur, su hövzəsinin yaradılması üçün bənd vurulur, körpülər yenidən qurulur. Mirzə Abbas Abbaszadə küçəsindən Nizami Gəncəvi prospektinə kimi olan ərazinin 1500 metrində bəndlər vurulub. Bulvarı əhatə edən ərazidə şəhər sakinlərinin istirahətini yüksək səviyyədə təmin etmək məqsədi ilə iaşə obyektləri, əyləncə mərkəzləri, fəvvarələr, velosiped yolu inşa edilir, uşaqlar üçün atraksionlar quraşdırılır,yaşıllıq zolağı salınır. Əraziyə müasir gecə işıqlandırma dirəkləri basdırılacaq, skamyalar quraşdırılacaq və məişət tullantıları üçün qutular  qoyulacaqdır. Azərbaycanlı gənc və gürcü qızının saf eşqinin tərənnümünü əks etdirən “Əli və Nino” abidəsi Park-bulvara xüsusi yaraşıq verəcək. 3,5 metr hündürlüyündə quraşdırılan “Əli və Nino” heykəl-kompleksinin iki ay ərzində başa çatdırılması nəzərdə tutulub. İndiki vaxtda, gənclərin bir çoxunun kitabdan aralı düşdüyü  bir dövdə “Kitab evi”,"Kitab Satış Mərkəzi" də məhz Park-bulvar ərazisində şəhər sakinlərinin ixtiyarına veriləcək.Park-bulvarın ərazisindən keçən yüksəkgərginlikli elektrik xətləri yerin alıtına salınır, köhnə yarımstansiya üçün yeni bina tikilir.

“İmamzadə” Dini Memarlıq Kompleksində də işlər sürətlə davam etdirilir. Kompleksdə yerləşən ziyarətgahın üstündə, eyni ilə əvvəlkinə bənzəyən 28 metrlik günbəzin, 42 metr hündürlüyündə 2 minarənin və mehmanxananın tikintisi artıq başa çatdırılıb. Əsas ziyarətgahın ətrafında “İmamzadə”nin qədimliyini və tarixi atributlarını qoruyub saxlayan, hündürlüyü 100 metrə yaxın  olan bina inşa edilib.

Şəhərin “Cavad xan” qəsəbəsində yollar genişləndirilir, səkilər yenidən qurulur, yüksək gərginlikli xətlər yerin altına salınır, qaz, işıq, su və telekommunikasıya xətləri yenisi ilə əvəzlənir. Qəsəbəyə gedən ana yolda yerləşən evlərin fasadları süuvanır, hasarlar memarlıq elementləri ilə bəzədilir. Həmçinin yol boyunca ağaclar əkilib, gül kolları basdırılıb.  Uşaqlarin istirahəti də yaddan çıxmır. Onlar üçün mini futbol meydançası salınır və atraksionlar quraşdırılır. Nəqliyyatın intensiv hərəkəti üçün yol ayrıcları və dairələr hazırlanır. Cavad xan” qəsəbəsində, Atatürk prospektində, Adilxan Ziyadxanov və Dədə Qorduq küçələrində də  binaların fasadları yenilənir, dam  örtükləri dəyişdirilir, yaşıllıq zolaqları salınır, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə 1200 nəfərlik tədris binasının son tamamlama işləri aparılır, ətrafı hasarlanır. Şəhərdə yerləşən 4 yataqxana binası yenidən qurulur.

 

Hamlet  QASIMOV

 

Xalq qəzeti.- 2015.- 20 sentyabr.- S.7.