Bu gün ölkə neftçilərinin
peşə bayramıdır
Dəniz neftçilərinin bayram əhval-ruhiyyəsi
yüksəkdir
Azərbaycanda
neftçilər bütün dövrlərdə böyük
hörmətə malik adamlar olmuşlar,
bu
gün də belədir. Neftçi peşəsi çox şərəfli
peşədir və neftçilər həmişə dövlət
tərəfindən
yüksək qiymətləndirilir və bundan sonra da belə
olacaqdır. Çox vacibdir ki,
neftçilərin
məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti
daim diqqət mərkəzində olsun.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycanın yeni neft strategiyasının
müəllifi, xalqımızın ümummilli lideri Heydər
Əliyevin “Neftçilər Günü” peşə
bayramının təsis edilməsi haqqında 2001-ci il avqust
ayının 16-da imzaladığı tarixi fərman, ötən
illər ərzində neft sənayesindəki fədakar əməklərinə
görə fərqlənənlərin orden, medal və fəxri adlarla təltif
olunması bu şərəfli peşə sahiblərinə
göstərilən dövlət qayğısının
parlaq təzahürüdür. Artıq ölkə
neftçiləri peşə bayramlarını on beşinci dəfədir
ki, qeyd edirlər. Hazırda əsl ümumxalq bayramına
çevrilmiş “Neftçilər Günü” ölkəmizdə neftçi
peşəsinə hörmət və ehtiramı bir qədər
də artırmışdır. Əslində isə gecəni
gündüzə qatıb yorulmaq bilmədən
çalışan bu qəhrəman insanlar hər cür
ehtirama layiqdirlər. Elə yüksək dövlət
qayğısına əməli işlə cavab verən şərəfli
peşə sahibləri də, əvvəlki illərdə
olduğu kimi, builki bayramı da uğurlu nəticələrlə,
yüksək iqtisadi göstəricilərlə
qarşılayırlar.
“Azneft” İstehsalat Birliyinin qabaqcıl neftçıxarma müəssisələrindən sayılan “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin kollektivi hər il olduğu kimi, bu dəfə də “Neftçilər Günü” peşə bayramıın xoş ovqatla, yüksək texniki-iqtisadi göstəricilərlə qeyd edirlər. 2015-ci ilin yanvar-ayqust aylarında neftçilər 629 min 408 ton “qara qızıl” hasil etmişlər ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 3528 ton çoxdur. Bundan əlavə, “möcüzələr adası”nın sakinləri neftin təhvili planına da artıqlaması ilə əməl etməyə müvəffəq olmuşlar. Belə ki, cari ilin səkkiz ayında idarə üzrə 623 min 559 tondan artıq “qara qızıl” təhvil verilmişdir. Bu isə 2014-cü ilin eyni dövrü ilə müqayisədə müqayisədə 3434 ton artıqdır.
“Neft Daşları” NQÇİ-nin kollektivi qaz hasilatı üzrə də qənaətbəxş nəticəyə imza atmışdır. Belə ki, yanvar-avqust aylarında idarə üzrə 44 milyon 280 min kubmetr qaz hasil olunmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstərici ilə eynidir. Bununla yanaşı, hesabat dövründə neftçilər əmtəəlik qaz satışı planına da artıqlaması ilə əməl etmişlər.
Məlumat üçün bildiririk ki, “Neft Daşları” yatağının istismara daxil edilməsindən 66 ilə yaxın vaxt ötür. Azərbaycanın dəniz yataqları sırasında öz zənginliyi ilə seçilən bu yataqda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev “Neft Daşları” NQÇİ üzrə illik hasilatın 1,2 milyon tona çatdırılmasını neftçilərin qarşısında mühüm vəzifə kimi qoymuşdur. Elə qəhrəman neftçilər də çətin dəniz şəraitinə baxmayaraq, dövlət başçısının qarşıya qoyduğu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Hazırda idarənin istismar fondunda 471 quyu vardır. Həmin quyulardan 447-si işlək quyulardır. İstismar quyularının 392-si qazlift, 47-si fontan, 8-i isə dərinlik nasosu üsulu ilə istismar olunur. Bundan əlavə, hazırda idarənin balansında 23 fəaliyyətsiz quyu mövcuddur. Son illər fəaliyyətsiz quyuların da yenidən işlək fonda qaytarılması sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin yanvar-avqust aylarında fəaliyyətsiz fonddan 15 quyu yenidən istismara daxil edilmişdir ki, bu da əvvəlki ilin səkkiz ayına nisbətən 6 quyu çoxdur. Yeri gəlmişkən, bu tədbir həm də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, fəaliyyətsiz fonddan istismara qaytarılan həmin quyulardan 7622 ton əlavə neft alınmışdır. Hazırda daha bir quyu isə mənimsəmədədir. Bundan əlavə, “Neft Daşları” NQÇİ üzrə hasilatın artırılması üçün qazma işlərinə də xüsusi diqqət yetirilir. Cari ilin səkkiz ayında qazmadan 11 quyu alınmışdır. Həmin quyulardan 19 min 987 ton neft hasil olunması isə “Neft Daşları” yatağının ehtiyatlarla zənginliyini bir daha təsdiqləyir.
İstismar quyularında hasilatın sabit saxlanması məqsədilə geoloji və texniki tədbirlərə diqqət getdikcə artırılır. Yanvar-avqust aylarında idarə üzrə 73 geoloji tədbir həyata keçirilmiş, nəticədə 40 min 378 ton əlavə neft hasil olunmuşdur. Bu da həyata keçirilmiş geoloji tədbirlərin yüksək iqtisadi səmərə ilə müşayiət olunmasını sübut edir. Ötən səkkiz ayda quyularda 330 texniki tədbir həyata keçirilmişdir ki, bunun da hesabına 8428 ton neft çıxarılmışdır. İdarənin istismar etdiyi yataqlarda quyuların sabit rejimdə işləməsini təmin etmək məqsədilə əsaslı və yeraltı təmirlərə də xüsusi diqqət yetirilir. 2015-ci ilin yanvar-avqust aylarında quyularda aparılmış 169 əsaslı təmir işi hesabına yüksək səmərə əldə edilmiş, 57 min 547 ton əlavə neft hasil olunmuşdur. Bununla yanaşı, ötən səkkiz ayda quyularda 418 yeraltı təmir işi həyata keçirilmişdir.
Hazırda Dövlət Neft Şirkəti üzrə yeni texnika və texnologiyaların istehsalata tətbiqinə xüsusi diqqət yetirilir. Bu da neft və qaz hasilatında yüksək iqtisadi səmərənin əldə olunmasına səbəb olur. Bu baxımdan dünya üzrə ilk dəfə olaraq açıq dənizdə neftçıxarmaya başlanılmış “Neft Daşları” NQÇİ-də də mühüm işlər görülür. Təkcə onu qeyd etmək kifayətdir ki, cari ilin səkkiz ayında idarə üzrə bu istiqamətdə həyata keçirilmiş 69 tədbir hesabına 8299 ton əlavə neft alınmışdır. Bundan əlavə, qaz-kompressor stansiyasında qaz xətlərinə korroziyaya qarşı reagentin vurulması davam etdirilmiş, qazmadan alınmış 3 quyuda məftilli süzgəc, 8 quyuda isə müxtəlif tipli nasoslarla istismar üsulu tətbiq edilmişdir.
“Möcüzələr adası”nda ətraf mühitin mühafizəsinə də diqqət getdikcə artırılır. 2015-ci ilin ötən dövründə 328 min 347 kubmetr lay suyu utilizasiya olunmuş, 58 min 948 kubmetr dəniz suyu isə buradakı əks-osmos qurğularında şirinləşdirilərək fasiləsiz olaraq yataqxana korpuslarına verilmişdir. Bununla yanaşı, gündəlik 1140 min kubmetr səmt qazı kompressorlar vasitəsilə tutularaq sistemə qaytarılmış, 96 min kubmetr məişət çirkab suyu “Biomass” tipli qurğu vasitəsilə təmizlənmiş, ərazidəki bərk məişət tullantıları zərərsizləşdirilmişdir.
Çətin dəniz şəraitində yüksək fədakarlıq nümunəsi göstərərək gecə-gündüz yorulmadan çalışan neftçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqmətində lazımi tədbirlər həyata keçirilmiş, yataqxana korpuslarında cari təmir işləri aparılmış, işçilər fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Bundan əlavə, SOCAR-ın əsasnaməsinə uyğun olaraq işçilərə maddi yarım göstərilmişdir.
İdarənin rəisi
Qoçalı Mahmudov dedi: -
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə
işlənib hazırlanmış yeni neft
strategiyasının əsasını qoymuş “Əsrin
müqaviləsi” uzun illərdir ki, ölkəmizin iqtisadi
qüdrətinin artırılmasına, xalqımızın
rifah halının getdikcə yaxşılaşdırılmasına
xidmət edir. Təsadüfi deyil ki, ulu öndər həmin
tarixi müqavilənin imzalandığı həmin
günü ölkəmizdə “Neftçilər Günü”
kimi qeyd olunması ilə bağlı sərəncam
imzalamışdır. Hazırda ölkə
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla
reallaşdırılan neft strategiyası biz neftçilərin
üzərinə mühüm vəzifələr qoyur. Ölkəmizdə
neft sənayasinə, neftçilərə göstərilən
dövlət qayğısının ilbəil güçləndirilməsi
neft və qaz hasilatının artırılması kimi
çətin və şərəfli vəzifənin öhdəsindən
gəlməyə imkan yaradır. Yeri gəlmişkən,
Dövlət Neft Şirkəti, eləcə də “Azneft”
İstehsalat Birliyi rəhbərliklərinin neftçilərin
sosial qayğıları ilə maraqlanmaları, onların əmək
şəraitlərinin daha da
yaxşılaşdırılması üçün həyata
keçirdikləri tədbirlər kollektivimizi yeni-yeni nailiyyətlərə
ruhlandırır. 20 Sentyabr-"Neftçilər
Günü"nü və “Əsrin müqaviləsi”nin
imzalanmasının 21-ci ildöünümünü yüksək
nailiyyətlərlə qeyd edən
neftçilərimiz 2015-ci ili də uğurlu göstəricilərlə
başa vurmaq əzmindədirlər...
Pirallahı
neftçiləri dövlət
qayğısına əməli
işlə cavab verirlər
Ölkə neft sənayesinin
qocaman neftçıxarma müəssisələrindən olan
“Abşeronneft” Neft və Qazçıxarma İdarəsində
də bayram əhval-ruhiyyəsi olduqca yüksəkdir. Xatırladaq ki, idarə
ötən əsrin əvvəllərində “Pirallahı”
yatağının quru hissəsində ilk quyunun istismara verilməsi
ilə yaradılmışdır. 1935-ci ildə isə
adıçəkilən yatağın dəniz hissəsində
dəmir konstruksiyalar üzərindən qazılmış 157
saylı quyudan neftin çıxarılması ilə idarənin
istismar etdiyi sahələr Xəzərin mavi sularına
doğru genişlənməyə başlanmışdır. Yeri
gəlmişkən, bu həm də
dünya üzrə açıq dənizdə
qazılmış ilk hasilat quyusu olmuşdur. Hazırda isə
“Abşeronneft” NQÇİ “Qərbi
Abşeron”, “Abşeron”, “Darvin bankəsi”, “Pirallahı” və
“Gürgan” yataqlarının istismarını həyata
keçirir.
İki cəbhədə—dənizdə və quruda neft çıxaran bu çətin və şərəfli peşə sahibləri “Neftçilər Gününü və ”Əsrin müqaviləsi"nin imzalanmasının 21-ci ildönümünü yüksək nailiyyətlərlə, uğurlu iqtisadi göstəricilərlə qeyd edirlər. Belə ki, 2015-ci ilin yanvar-avqust aylarında idarə üzrə 201 min 890 ton əvəzinə 217 min 26 ton neft hasil edilərək proqnoz tapşırığı 107,5 faiz yerinə yetirilmişdir. Burada neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 34 min 737 ton və ya 19,1 faiz artıq olmuşdur. Müqayisə üçün qeyd edək ki, ötən ilin səkkiz ayı ərzində idarə üzrə orta gündəlik neft hasilatı 750 ton təşkil etdiyi halda, cari ilin eyni dövründə bu göstərici 893 ton olmuşdur. Bundan əlavə, neftçilər ilin əvvəlindən 214 min 402 ton “qara qızıl” təhvil verərək plana 107,6 faiz əməl etmişlər ki, bu da 2014-cü ilin müvafiq dövründəkindən 34 min 596 ton (19,2 faiz) çoxdur.
İdarənin qaz hasilatı və təhvili üzrə əldə etdiyi göstəricilər də uğurludur. Belə ki, yanvar-avqust ayları ərzində Pirallahı neftçiləri 29 milyon 460 min kubmetr əvəzinə 31 milyon 776 min kubmetr “mavi yanacaq” hasil edərək proqnoz tapşırığını 107,9 faiz yerinə yetirmişlər.
Hazırda “Abşeronneft” NQÇİ-nin ümumi istismar fonduna 546 quyu daxildir. Həmin quyulardan 507-si işlək fonda aiddir ki, bu da ümumi istismar fondunun 92,9 faizini təşkil edir. Ümumi fonda daxil olan 7 qaz quyusundan 2-dən hazırda “mavi yanacaq” istehsal olunur ki, onlar da məhsuldarlığı ilə seçilir. “Abşeronneft” NQÇİ-nin istismar etdiyi yataqlar ehtiyatlarla zəngin olduğundan son illər burada qazma işləri də xeyli intensivləşmişdir. Təkcə onu qeyd etmək kifayətdir ki, 2015-ci ilin səkkiz ayında qazmadan istismara 22 əvəzinə 25 quyu daxil edilmişdir. Bu da əvvəlcədən nəzərdə tutulmuş 12 min 620 ton əvəzinə 14 min 133 ton əlavə neft hasilatına imkan yaratmışdır. Yeri gəlmişkən, Azərbaycanın quru sahələrindən 165 ilə yaxındır ki, neft çıxarılır. Bununla belə, quruda balans neft ehtiyatları hələ çoxdur. “Abşeronneft” NQÇİ-nin balansında olan qurudakı mədənlər də bu baxımdan istisnalıq təşkil etmir. İdarənin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən “Pirallahı adası” quru yatağında qazılan 1178 nömrəli quyu da bunu təsdiqləyir. Geoloqların hesablamalarına əsasən, layihə dərinliyi 590 metr olan quyudan sutkada 4-5 ton neft hasil etmək mümkün olacaq.
Neft hasilatının artırılması üçün bütün imkanları səfərbər edən “Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hesab edirlər ki, əldə olunmuş uğurların başlıca səbəbi ölkənin neft sənayesinə, neftçilərə göstərilən dövlət qayğısının məntiqi nəticəsidir. Məhz bütün bunlardan ruhlanan, gün-güzəranlarının getdikcə yaxşılaşmasını hiss edən neftçilər dövlət qayğısına əməli işlə cavab verirlər. Elə idarənin rəisi Şahmar Hüseynov da söhbət əsnasında bu məsələni önə çəkərək dedi: – Son illər Dövlət Neft Şirkəti və “Azneft” İstehsalat Birliyi rəhbərliklərinin diqqət və qayğısından ruhlanan neftçilərimiz bütün bunlara əməli işlə cavab verməyə çalışırlar. Neftçilərimiz bir sadə həqiqəti də dərk edirlər ki, ölkəmizin iqtisadi qüdrətinin ilbəil artması, xalqımızın rifah halının anbaan yaxşılaşması həm də onların fədakar əməyindən çox asılıdır. Onu da qeyd etmək istəyirəm ki, qayğı və diqqət sayəsində idarəmizdə texniki-təşkilati tədbirlərin sayı getdikcə artırılır. Neft və qaz hasilatı üzrə proqnoz tapşırıqlarının artıqlaması ilə yerinə yetirilməsinin əsas səbəblərindən biri isə, heç şübhəsiz, istismar fonduna daxil olan quyuların hər birinin imkanlarının diqqətlə öyrənilməsi, işlək fondun təzələnməsi üçün məqsədyönlü tədbirlərin vaxtlı-vaxtında həyata keçirilməsi ilə bağlıdır. Müəyyən səbəblər üzündən istismarı dayandırılmış quyulardan isə daha məhsuldar hesab olunanların bərpa edilərək yenidən işlək fonda qaytarılması üçün lazımi tədbirlər görürük. Cari ilin səkkiz ayında fəaliyyətsiz fondda olan 29 quyu təmir edilərək yenidən istismara daxil edilmişdir ki, bu da nəzərdə tutulduğundan 12 quyu çoxdur. Həmin quyulardan isə 2180 ton əvəzinə 8690 ton əlavə neft alınmışdır. Bu istiqamətdə səylərimizi getdikcə artırırıq.
İdarə üzrə neft və qaz hasilatının sabit saxlanılması məqsədilə geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı təmir işlərinin vaxtlı-vaxtında aparılmasına da diqqəti getdikcə artırırıq. Bu ilin səkkiz ayı ərzində 63 əvəzinə 85 quyuda geoloji tədbirlər həyata keçirmişik ki, bunun da hesabına 8270 ton əlavə neft çıxarılmışdır. Bundan əlavə, hesabat dövründə həyata keçirilmiş texniki tədbirlər də yüksək iqtisadi səmərə ilə müşayiət olunmuşdur. Belə ki, idarə üzrə həyta keçirilmiş 792 texniki tədbir hesabına 4110 tondan çox neft çıxarılmışdır. İdarənin istismar etdiyi yataqlar üzrə işlək quyuların sabit və ahəngdar rejimdə işləməsini təmin etmək məqsədilə təmir briqadalarımız da yüksək əzmkarlıq nümayiş etdirmişlər. Belə ki, hesabat dövründə onların səyi ilə quyularda 1957 yeraltı və 151 əsaslı təmir işləri aparılmışdır...
“Abşeronneft” Neft və Qazçıxarma İdarəsində hasilatın artırılması, tapşırıqların keyfiyyətlə və qəzasız yerinə yetrilməsi üçün əməyin mühafizəsi işləri də müsbət nəticələr verib. Bu ilin ötən dövründə idarənin struktur bölmələrində işçilərin əmək şəraitinin yaxşılaşdırılması, istehsalatda baş verə biləcək qəza və yanğınların, bədbəxt hadisələrin və peşə xəstəliklərinin qarşısının alınması məqsədilə əvvəlcədən hazırlanmış tədbirlər planı əsasında mühüm işlər görülüb. Həmişə olduğu kimi, əməkçilərin iş şəraitinin yaxşılaşdırılmasına, maddi-mənəvi ehtiyaclarına, bütövlükdə sosial problemlərinin həllinə xüsusi diqqət yetirilib. Yeri gəlmişkən, hazırda idarə üzrə 792 nəfər vaxt metodu ilə dəniz stasionar platformalarında işləyir. Bu məqsədlə daxili imkanlar hesabına lazımi işlər görülüb, dəniz özüllərindəki yaşayış evcikləri məişət avadanlıqları ilə təchiz edilib. Bundan əlavə, iki mədəd məişət evciyi alınaraq 1140 və 162 nömrəli dərin dəniz özüllərində yerləşdirilib. “Qərbi Abşeron” yatağında tikilməkdə olan 20 saylı stasionar dəniz özülündəki yaşayış bloku üçün 2 mühəndis və 14 fəhlə evciyi alınıb, lazımi avadanlıqlarla təchiz edilmiş yeməkxana neftçilərin istifadəsinə verilib. Eyni zamanda, əməkçilərin istirahəti və maddi ehtiyaclarının ödənilməsinə də xüsusi diqqət göstərilib.
İdarədə ekologiya və abadlıq
işlərinə də xüsusi diqqət yetirilib. Sahələrdə
yeni inzibati binalar tikilib, köhnələri əsaslı təmir
edilib, əlavə tullantılardan, mazutlardan təmizlənmiş
mədən ərazilərində müxtəlif növ
ağac və bəzək kolları əkilib. Bir sözlə,
Pirallahı neftçiləri şanlı ənənələrinə
daim sadiq qalaraq neft və qaz hasilatının
artırılması üçün səylərini getdikcə
artırırlar.
Neft sənayesi
inşaatçılarının bayram töhfəsi
Azərbaycanın
neft sənayesinin, ölkənin qaz təsərrüfatının
bugünkü uğurlu inkişafında
inşaatçılar da böyük pay sahibidirlər. Son illər
ölkədə neft və qaz hasilatının
artırılması üçün yaradılan və hər
cür imkanlara cavab verən ən müasir infrastruktur obyektləri
məhz bu fədakar insanların gərgin əməyinin nəticəsidir.
Dövlət Neft Şirkəti “Neftqaztikinti” Trestinin ayrı-ayrı əmək kollektivləri kimi 2 saylı tikinti quraşdırma bölümünün inşaatçıları da ölkənin neft-qaz sənayesinin inkişafına mühüm töhfələr verirlər. Təsadüfi deyil ki, son illər uğurlu fəaliyyəti, dövlət sifarişlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi sahəsindəki misilsiz nailiyyətləri ilə seçilən bu tikinti təşkilatına həmişə yüksək etimad göstərilir. Dənizdə və quruda bir sıra vacib tikinti-quraşdırma işlərinin, neft-qaz sənayesi üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən layihələrin icrası məhz bu kollektivə həvalə olunur. Bu etimadı layiqincə doğruldan, adı həmişə qabaqcıllar sırasında çəkilən 2 saylı tikinti-quraşdırma bölümünün kollektivi “Əsrin müqaviləsi”nin imzalanmasının 21-ci ildönümünü və “Neftçilər Günü”nü də yüksək nailiyyətlərlə, əsl bayram ovqatı ilə qeyd edirlər.
Qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi məqsədilə nəzərdə tutulmuş tədbirlərin reallaşdırılmasında mühüm rol oynayan 2 saylı tikinti-quraşdırma bölümünün kollektivi magistral qaz kəmərlərinin, qaz anbarlarının, kompressor stansiyalarının və digər obyektlərin tikintisi ilə bağlı dövlət sifarişlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək üçün bütün imkanları səfərbər ediblər. Bununla yanaşı, SOCAR-ın dənizdə və quruda layihələndirilən sualtı və yeraltı boru kəmərlərinin çəkilişini həyata keçirən bu tikinti təşkilatı dənizdə— “Günəşli”, “Neft Daşları”, “Bulla-dəniz” və “Ümid” yataqlarında özülüstü qovşaq işlərini də uğurla yerinə yetirir. Bu baxımdan 2015-ci ilin ötən dövrünü kollektiv üçün uğurlu hesab etmək olar. Belə ki, cari ilin səkkiz ayında ölkənin neft-qaz sənayesində, sözün əsl mənasında, xariqələr yaradan inşaatçılar bir sıra dövlət əhəmiyyətli obyektlərin tikintisini müvəffəqiyyətlə davam etdirərək tapşırılan işləri vaxtında və yüksək keyfiyyətlə yerinə yetirməyə müvəffəq olublar. Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin səkkiz ayında da ölkənin qaz təsərrüfatının infrastruktur imkanlarının genişləndirilməsi istiqamətində mühüm işlər görən inşaatçılar əhalinin və iqtisadiyyatın “mavi yanacağa” olan tələbatının ödənilməsini təmin etmək məqsədilə qəbul edilmiş xüsusi proqramın icrasına mühüm töhfələr veriblər. Məhz bunun nəticəsidir ki, ölkənin qaz təsərrüfatının yaxın illər üçün əsas prioritetlərini müəyyənləşdirən həmin proqram çərçivəsində nəzərdə tutulmuş mühüm tədbirlərin xeyli hissəsi artıq reallığa çevrilib.
Hazırda Dövlət Neft Şirkəti tərəfindən ölkə regionlarının qazlaşdırılmasını nəzərdə tutan tədbirlərin reallaşdırılması sahəsində işlər sürətlə davam etdirilir. Bu baxımdan “Qazıməmməd-Qazax magistral qaz kəmərinin yenidən qurulması” layihəsini xüsusi qeyd etmək olar. Xatırladaq ki, sözügedən kəmərin 210 kilometrlik hissəsinin 1020 millimetrlik borularla dəyişdirilib yenidən qurulması işləri “Neftqaztikinti” Tresti tərəfindən məhz 2 saylı tikinti-quraşdırma bölümünə həvalə olunub. Onu da qeyd edək ki, bu, adıçəkilən tikinti təşkilatının hazırda quruda həyata keçirdiyi ən iri layihədir. Layihənin məqsədi isə magistral qaz kəməri vasitəsilə Şirvan düzünün yamaclarından başlayaraq Böyük Qafqaz sıra dağlarının cənub yamaclarına qədər yerləşən ərazilərə (Hacıqabul, Kürdəmir, Ağsu, Göyçay, Agdaş və Yevlax rayonları) qazın itkisiz və fasiləsiz ötürülməsini təmin etməkdən ibarətdir. Sözügedən layihənin icrasına isə 2013-cü ilin noyabr ayında start verilib. Boruların qaynaq olunmasında “Neftqaztikinti” Tresti tərəfindən alınmış müasir avtomat və yarımavtomat qaynaq aparatlarından istifadə edilir. Bu da iş vaxtına qənaət olunmasına, layihənin icrasının sürətləndirilməsinə və qaynaq işlərinin keyfiyyətlə aparılmasına imkan yaradır. Ötən müddətdə bu sahədə xeyli iş görən inşaatçılar kəmərin 114-138 kilometrarası (1-ci kompleks) və 138-148 kilometrarası (2-ci kompleks) hissələrində işləri uğurla başa çatdıraraq ümumi uzunluğu 34 kilometr olan boru xəttini istismara təhvil verib. Hazırda isə 3-cü kompleks üzrə (170-210 kilometrarası) işlər davam etdirilir. Artıq bu hissədə 28 kilometr uzunluğunda boru xəttinin çəkilişi başa çatdırılıb. Sözügedən obyektin isə ilin sonunadək təhvil verilməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə inşaatçılar Astara-Qazıməmməd magistral qaz kəmərləri sahəsinin Kür çayı keçidinin qurulması layihəsi üzrə işləri də uğurla tamamlayaraq sifarişçiyə təhvil veriblər. Layihə çərçivəsində 720 millimetrlik borularla 1,3 kilometr qaz xətti çəkilib. Bundan əlavə, kollektiv Astara-Qazıməmməd qaz kəmərindən Şirvan İstilik Elektrik Stansiyası üçün 5,4 kilometrlik yeni alternativ qaz kəmərinin çəkilişini də artıq yekunlaşdırıb. Obyekt bu ayın sonunda sifarişçiyə təhvil veriləcək.
“Bakı-2015” I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar quraşdırılan “Xəzər” məşəli də kollektivin reallaşdırdığı maraqlı layihələrdəndir. Xatırladaq ki, obyektin vacibliyini nəzərə alan inşaatçılar Oyunların başlanmasına qədər ən qısa müddətə —2 ay ərzində Suleyman Vəzirov borudüzən gəmisi ilə “Qum adası” ərazisindən Dənizkənarı bulvaradək 168 millimetrlik borularla 12 kilometr sualtı kəməri çəkərək məşəlin quraşdırılmasına nail olublar. Bununla yanaşı, 2 saylı bölümün kollektivi SOCAR-ın “Neft Kəmərləri” idarəsinin sifarişi ilə mart ayında “Suraxanı-Böyük Şor arası və Dübəndi- Böyük Şor arası neft kəmərlərinin təmiri” işlərinə başlayıb. Artıq hər üç istiqamət üzrə 10,8 kilometrlik boru xəttinin çəkilişi başa çatdırılıb. Obyektin sentyabr ayının sonuna təhvil verilməsi nəzərdə tutulub.
2 saylı tikinti-quraşdırma idarəsinin kollektivi ilin ötən dövründə iri layihələrin icrası ilə yanaşı, bir sıra obyektlərin təmiri ilə bağlı sifarişləri də vaxtında və keyfiyyətlə yerinə yetirməyə nail olub. Hazırda inşaatçılar “Günəşli” yatağındakı 3 və 11 saylı dərin dəniz özüllərində kompleks əsaslı təmir işləri yerinə yetirirlər. Bu ilin ötən dövründə kollektivin gücü ilə 185 ton metal konstruksiya sökülüb, 310 ton metal konstruksiya hazırlanaraq quraşdırılıb. Xatırladaq ki, 3 saylı dərin dəniz özülünün kompleks əsaslı təmiri ilin sonunadək başa çatdırılacaq. 11 saylı özülünün kompleks əsaslı təmirinin isə 2016-cı ilin iyul ayında tamamlanması nəzərdə tutulub.
2 saylı tikinti-quraşdırma
bölümünn rəisi Elxan Salmanov dedi:— Son illər
Dövlət Neft Şirkətinin, eləcə də
“Neftqaztikinti”Trestinin rəhbərlikləri tərəfindən
kollektivimizə yüksək etimad göstərilir, bir sıra
iri layihələrin icrası bizə həvalə olunur. Bu etimadı
doğrultmaq isə idarəmizin
bütün işçilərindən xüsusi məsuliyyət
tələb edir. Bundan əlavə,
həyata keçirdiyimiz tikinti-quraşdırma işlərinə
rəhbərlik tərəfindən göstərilən diqqət,
eləcə də dövlət qayğısı kollektivin məsuliyyətini
birə beş artırır. Yeri gəlmişkən,
onu da deyim ki, ulu öndər Heydər Əliyevin müəllifi
olduğu neft strategiyasının uğurları və Prezident
İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
davam edən sürətli inkişaf və tərəqqi bizi
yeni-yeni nailiyyətlərə ruhlandırır...
Mirbağır
Yaqubzadə
Xalq qəzeti.- 2015.- 20 sentyabr.- S.4.