Azərbaycan çoxaspektli
xarici siyasət
kursunu uğurla davam etdirir
Çex Respublikası ilə
imzalanmış strateji müqavilənin
əhəmiyyəti milli maraqlar
baxımından böyükdür
Azərbaycan
dövlət müstəqilliyini bərpa etdikdən sonra yürütdüyü
fəal xarici siyasət nəticəsində
bu gün beynəlxalq
aləmdə güclü aktorlardan
biri kimi
tanınır. Mərkəzində milli maraqların təmin olunması və
qarşılıqlı faydalı əlaqələrin
yaradılması prinsipləri dayanan xarici siyasətin həyata keçirilməsi
sayəsində hazırda ölkəmiz qısa zaman kəsiyində yerləşdiyi bölgədə
söz sahibinə çevrilmiş
və regional inkişafın lokomotivi kimi ön sırada yer
almışdır.
İkitərəfli əlaqələrin inkişafında maraqlı olan rəsmi Bakı bərabərhüquqlu münasibətlərin formalaşdırılmasını xarici siyasətinin əsas xətti elan etməklə dünyanın güc mərkəzləri, o cümlədən, Avropa ölkələri ilə də siyasi-iqtisadi sahələrdə əməkdaşlığını intensiv şəkildə gücləndirir. Bugünlərdə Avropa İttifaqının üzvlərindən biri olan Çex Respublikası ilə imzalanmış müqavilələr də bir daha təsdiqlədi ki, Azərbaycanın çoxaspektli xarici siyasət kursu uğurla davam edir və rəsmi Bakı ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərəcək əməkdaşlığı gücləndirməkdə maraqlıdır.
Ümumiyyətlə, Azərbaycan ilə Çex Respublikası arasında diplomatik münasibətlər 1993-cü ildə qurulmuşdur. İki ölkə arasında həyata keçirilən rəsmi səfərlərin intensivliyi belə deməyə əsas verir ki, tərəflər bir-birinin strateji əhəmiyyətini anlayır və münasibətlərin inkişafında maraqlıdır. Çex Respublikasının Prezidenti Miloş Zemanın Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış müqavilələr və hər iki dövlət başçısının səsləndirdikləri bəyanatlar da təsdiqlədi ki, tərəflər strateji dialoqun aparılmasında maraqlıdırlar. Xüsusilə də strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanmasını rəsmi Bakının xarici siyasət sahəsində əldə etdiyi növbəti uğurlu addım kimi qiymətləndirmək olar. Sənədlərin imzalanmasından sonra keçirilən mətbuat konfransında Prezident İlham Əliyevin dediyi kimi, Avropa İttifaqına üzv ölkələrlə buna bənzər 7 müqavilə, anlaşma, bəyannamə vardır və ittifaqa üzv ölkələrin 8-i ilə Azərbaycanın strateji tərəfdaşlığı haqqında sənədlər imzalanmışdır.
Bəyannamədə iki ölkə arasında əlaqələrin müxtəlif aspektlərinin qeyd olunduğunu vurğulayan ölkə başçısı əlavə etmişdir ki, Azərbaycan üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətinin və münaqişənin həlli yollarının da sənəddə göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Belə bir mövqeyə və dəstəyə görə Çex Respubikasının Prezidentinə minnətdarlıq edən Prezident İlham Əliyev xüsusi olaraq bildirmişdir ki, bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktı, ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı əsasında öz həllini tapmalı olduğu göstərilmişdir. Ölkə başçısı bir daha vurğulamışdır ki, bəyannamədə qeyd olunan bu psinsiplər münaqişənin yeganə mümkün həll variantıdır və bütün münaqişələr beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. Prezident İlham Əliyev mətbuat konfransında münaqişənin həlli ilə bağlı status-kvonun qəbuledilməz və dəyişdirilməli olduğunu bildirmiş və beynəlxalq birliyin də bunu istədiyini qeyd etmişdir: “Biz istədiyimizə nail olacağıq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və beləliklə, beynəlxalq hüquq və ədalət zəfər çalacaqdır”.
İki ölkə arasında siyasi əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlıq da uğurla inkişaf edir. Hər iki tərəf iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu anlayır. Prezident İlham Əliyev düşünür ki, tərəflərin malik olduqları potensial iqtisadi əlaqələrin daha intensiv inkişafına yol açır: “Bizim iqtisadi sahədə çox uğurlu əməkdaşlığımız var. Deyə bilərəm ki, bu gün biz həm heyətlər səviyyəsində, eyni zamanda, ikitərəfli formatda daha çox iqtisadi əməkdaşlığı müzakirə etmişik. Burada gözəl potensial var. Ölkələrimiz arasında ticarət dövriyyəsi artır”. Ölkə başçısının sözlərinə görə, Çex banklarının ayırdığı vəsaitlər Azərbaycanda müxtəlif layihələrin icra olunmasına kömək edir və rəsmi Bakı əldə olunmuş nəticələri yüksək qiymətləndirir. Qarşılıqlı investisiya qoyuluşlarının əhəmiyyətini vurğulayan ölkə başçısı xüsusi olaraq əlavə etmişdir ki, bu məsələ dövlətin diqqət mərkəzindədir və xarici sərmayələr yüksək səviyyədə qorunur. Hökumətlərarası komissiyanın fəaliyyətindən razı qalan Prezident İlham Əliyev əmin olduğunu bildirmişdir ki, gələcək illərdə iqtisadi sahədə daha da uğurlu nəticələr olacaq və bu baxımdam ticarət dövriyyəsinin səviyyəsi müəyyən dərəcədə Azərbaycanı qane edə bilər.
Azərbaycan Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Çex Respublikası da energetika sahəsində Azərbaycanla fəal əməkdaşlıq əlaqələri qurmuş Avropa ölkələrindən biridir. Hazırda ölkəmiz Çex Respublikasına xam neft ixrac edir və rəsmi Praqanın aldığı neft həcminin onun enerji balansının 30 faizinə bərabərdir. Bunun çox önəmli hadisə olduğunu açıqlayan ölkə başçısı qeyd etmişdir ki, Azərbaycan hazırda “Cənub” qaz dəhlizinin icrası ilə məşğuldur: “Bu, nəhəng enerji layihəsidir. Bu layihənin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Burada “Şahdəniz-2” qaz yatağının ikinci fazasının işlənməsi məsələsi öz həllini tapacaq. Eyni zamanda, 3 yeni qaz kəməri çəkiləcəkdir. Cənubi Qafqaz qaz kəməri - Azərbaycanı Gürcüstanla birləşdirən, TANAP - Türkiyə ərazisindən keçən və TAP - Türkiyə sərhədindən İtaliya sərhədlərinə qədər uzanan üçüncü qaz layihəsidir. “Şahdəniz-2” qaz yatağının işlənməsi ilə bərabər bu dörd nəhəng layihə “Cənub” qaz dəhlizini formalaşdırır”. Burada Azərbaycanın öz liderlik funksiyalarını uğurla yerinə yetirdiyini önə çıxaran dövlət başçısı bildirmişdir ki, ölkəmiz bütün bu layihələrdə investor kimi iştirak edir. Dünyada neftin qiymətinin son aylar kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, bu layihənin icrasında heç bir yubanmanın olmadığını qeyd edən Prezident İlham Əliyev bütün işlərin vaxtında görüldüyünü diqqətə çatdırmışdır: “Azərbaycan tam əmindir ki, beynəlxalq əməkdaşlıq nəticəsində bu layihə öz həllini tapacaq və beləliklə, Avropaya Azərbaycandan yeni qaz kəmərinin tikintisi təmin ediləcəkdir”.
Çex Respuklikasının Prezidenti Miloş Zeman da mətbuat konfransında açıqladığı fikirlərlə ölkəsinin Azərbaycana böyük əhəmiyyət verdiyini təsdiqlədi. Azərbaycanın ixrac baxımından mühüm ölkə olduğunu qeyd edən cənab Zeman bildirmişdir ki, iki ölkə arasında iqtisadi artım tempi kifayət qədər məqbuldur. Çex dövlərinin rəhbəri Azərbaycanın öhdəliklərini yerinə yetirən ölkə olduğunu xüsusi olaraq vurğuladı: “Azərbaycan öz öhdəliklərini yerinə yetirən ölkədir. Sizi əmin edə bilərəm ki, Azərbaycanda olan əla maliyyə durumu heç də bütün ölkələrdə yoxdur. Mənə bildirildi ki, Azərbaycan ərazisində apardığımız fəaliyyətin sığortalanmasına gəldikdə, heç bir işin pozulması və ya sığorta halı olmamışdır. Cənab Prezident, mən bunu yüksək dəyərləndirirəm. Bütün bunlar hamıya aydın olan, lakin adı çəkilməyən ölkələrlə müqayisədə Azərbaycana olan etimadı daha da artırır”.
Cənab Zeman Azərbaycanın təşəbbüskarı olduğu və dəstəklədiyi Bakı-Tbilisi-Qars dəmir yolunun birinci mərhələsində çex iş adamlarının da sərmayə yatırdıqlarını açıqlamış və tikintinin ikinci mərhələsinin də uğurla başa çatdırılmasında əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu söyləmişdir. Kənd təsərrüfatı sahəsində də əməkdaşlığa hazır olduqlarını deyən cənab Zeman əlavə etmişdir ki, Azərbaycan öz məhsullarının bir hissəsini ixrac edir və bu baxımdan özünü təmin edən ölkədir.
Bir sözlə, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu bildirilən görüşlərdə iqtisadi əməkdaşlığımızın inkişafının genişləndirilməsi üçün yaxşı perspektivlər var. Xüsusilə də nəqliyyat, energetika, qarşılılıqlı investisiya qoyuluşu, turizm və digər sahələrdə əməkdaşlıq perspektivlərinin olması hər iki ölkə arasında münasibətlərin strateji xarakter almasına şərait yaradır. Müstəqil xarici siyasət yürüdən və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin formalaşdırılmasını önə çıxaran Azərbaycan üçün də Avropa İttifaqının fəal üzvü olan Çex Respublikası ilə əlaqələrin intensiv şəkildə inkişaf etdirilməsi ölkəmizin milli maraqları baxımından əhəmiyyətlidir.
Səbuhi
MƏMMƏDOV
Xalq qəzeti.- 2015.- 20
sentyabr.- S.1.