Kinorejissor Hüseyn Seyidzadə
Üzeyir bəyə
layiq film yaratdı
Uzeyir Hacıbəyli
-130
“O olmasın, bu olsun” filmi
1956-cı ildə ekranlara çıxarıldı. Doğrudur,
dahi Üzeyir bəyin 1910-cu ildə yazdığı bu
operettanı ekranlaşdırmaq
cəhdi əvvəl də olmuşdu. İlk dəfə
1918-ci ildə Baqram Papazyan ilə S.Lakka filmi çəkməyə
cəhd edirlər. Çəkilişlərə Xanjonkovun o
zaman yeni təsis olunmuş Yalta studiyasında başlanır.
Lakin film uğur qazana bilmədiyi üçün tez də
sıradan çıxır.
Xalq artisti, kinorejissor Hüseyn Seyidzadə böyük həvəslə bu operettanı ekranlaşdırmağa başlamış və onu böyük uğurla başa çatdırmışdı. Filmə ssenarini Sabit Rəhman yazmışdı. Ancaq filmin yaranma prosesində bir sıra çətinliklər meydana çıxmışdı.
Ən
çətin olan aktyor ansamblının seçilməsi idi. Əvvəla,
operettanın tamaşasında məşhur aktyorlar iştirak
etmişdilər. Məsələn, elə teatrda Məşədi İbadı
Mirzəağa Əliyev ifa etmişdi. Rejissor bu rolda da onu
çəkməyi qərarlaşdırmışdı.
Lakin çəkiliş təzə başlamışdı
ki, aktyor qəflətən vəfat
etdi. Sonradan Ələsgər Ələkbərov, Mirzə
Babayev də bu rolda sınaqdan keçirildi. Filmin
quruluşçu operatoru Əlisəttar Atakişiyev Gənc
Tamaşaçılar Teatrına gəlib film
üçün aktyor seçmək istəyərkən
Əliağa Ağayevi bəy, Əhməd Əhmədovu isə
hambal rolunda görmüşdü. Elə oradaca hambal rolunu
ifaçısını qəqiqləşdirə bilmişdi,
Əliağa Ağayevi isə Məşədi İbad
roluna sınaq çəkilişlərinə
dəvət etmişdi. Doğrudur, bu rola çox aktyorlar dəvət
olunmuşdusa da, rejissor nəhayət ki, Əliağanın
üzərində dayanmışdı. Ən ciddi problem filmin
gənc qəhrəmanları üçün aktyor
seçimi idi. Sərvər
roluna ilk sınaqdan
keçirilən Rəşid Behbudov oldu. Lakin qrim ustasının məsləhəti
ilə bu rola Hüseyn müəllim
ilk dəfə
“Görüş” filmində çəkilmiş, ixtisasca həkim
olan Arif Mirzəquliyevi çəkməyi qərara aldı.
Gülnaz roluna isə uzun illər M.F.Axundzadə adına Milli
Kitabxanada çalışmış Tamara Gözəlovanı
seçdi.
Amma məsələ
bununla qurtarmadı. Film coxpersonajlı olduğundan digər qəhrəmanların
ifaçılarını da müəyyənləşdirmək
lazım idi. Haqlı olaraq
bu filmi Azərbaycanın məşhur
aktyorlarının qalereyası
da adlandırırlar. Yaxşı ki, rejissor bu qədər
görkəmli aktyorlarımızı bir filmdə toplaya
bilmişdi. Bəziləri iddia
edirlər ki, filmin bu qədər müvəffəqiyyət qazanmasının səbəbi də elə bu məşhur aktyorların filmdə iştirakıdır və müəlliflər elə buna görə belə bir yola əl
atmışlar. Ancaq burada bir məsələni
də unutmaq olmaz. Belə ki, ən yaxşı aktyorlar Üzeyir
dühasının məhsulu olan belə bir əsərdə rol almağı özlərinə şərəf bilirdilər. Digər tərəfdən
isə, rejissor bu sənət ustalarını ekranda yaşatmaq istəyirdi. Bu
gün həmin sənətçilərlə ekranda
qarşılaşanda adam həqiqətən fəxarət hissi keçirir. Bir
baxın, kimlər çəkilib
bu filmdə: Ağasadıq Gəraybəyli,
Möhsün Sənani, Adil İsgəndərov, Mustafa Mərdanov
Münəvvər xanım Kələntərli,
Barat xanım Şəkinskaya, Lütfəli Abdullayev...daha kimlər,
kimlər...
Hələ
məşhur xanəndə Xan Şuşinskinin ürəkləri riqqətə gətirən şaqraq
səsini demirəm. Onun
qonaqlıq səhnəsində “Kürd-Şahnaz”ı,
Tükəzban İsmayılovanın “Segah” muğamlarından
ifa etdikləri parçalar hər dəfə ekrandan səslənəndə adam daxili bir rahatlıq tapır.
Məlumat
üçün bildirək ki, bu kinolent Azərbaycanın ilk
rəngli bədii filmidir.
Ekranlara
çıxarıldığı ilk illərdən film
artıq dünyanın bir sıra ölkələrində
uğurla nümayiş etdirildi. Asiya və Afrika ölkələrinin
Beynəlxalq Daşkənd Kinofestivalında göstərilən
kinokomediya o vaxt yüksək qiymət almışdı. Filmin
xarici ekranlara çıxışı da uğurlu oldu.
SSRİ Xarici Ölkələrlə Mədəni Əlaqələr
İdarəsinin sədri A.Davıdov Azərbaycan
Kinematoqrafçıları İttifaqının I katibi
Hüseyn Seyidzadəyə göndərdiyi məktubunda
yazırdı: “O olmasın, bu olsun” filmi 40 ölkəyə, o
cümlədən İran, İraq , Yuqoslaviya,Yaponiya, Avstriya,
ABŞ İsveçrə və Macarıstana satılıb”.
Daha sonralar film 10 ölkəyə satıldı.
O vaxtlar Azərbaycana qastrol səfərinə gəlmiş hind kinematoqrafçıları bir neçə Azərbaycan filminə baxdıqdan sonra üstünlüyü Hüseyn Seyidzadənin filmlərinə vermişdilər. Hətta hind kinosunun böyük ustadı Rac Kapur onu Hindistana dəvət etmişdi: “Gedək Hindistana, orada film çəkərsən, səni milyonçu edərəm”.
Hüseyn Seyidzadə Hindistana getmədi, ancaq Azərbaycanda çox dəyərli filmlər yaratdı. “O olmasın, bu olsun” ona əsl mənada şöhrət gətirdi. Həmişə deyirdi ki, Üzeyir bəyin heç olmasa, bir əsərini ekrana gətirdiyimə görə özümü xoşbəxt sayıram.
Bu əsər, doğrudan da, dünyanı dolaşdı. Onu İranda da, Rusiyada da, Avropa ölkələrində də sevdilər. Bu, əslində, Üzeyir bəy sənətinin əsl mənada təntənəsi idi. Gələn il filmin 60 illik yubileyi keçiriləcək. Çox təəssüf ki, onun yaradıcılarının, demək olar ki, əksəriyyəti aramızda yoxdur.
Amma onları yaşadan, xalqın xatirəsində əbədiləşdirən Üzeyir dühasından yaranan “O olmasın, bu olsun” filmi var.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 19 sentyabr.- S.7.