Mədəniyyət milli-mənəvi dəyərlərin
inkişafının,
ölkənin tərəqqisinin prioritet istiqamətlərindəndir
Azərbaycan mədəniyyəti və incəsənəti
dünyanı fəth edir. İndi bu ifadə tez- tez işlənir. Doğrudan da,
dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan
mədəniyyəti və incəsənəti orada yüksək sevgi ilə
qarşılanmasın. Bütün bunlar Azərbaycanda
həyata keçirilən davamlı mədəniyyət siyasətinin nəticəsidir. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
gündəlik
qayğısı və
diqqəti milli
mədəniyyətimizin
gündən-günə çiçəklənməsinə,
mənəvi dəyərlərimizin qorunmasına və təbliğinə güclü stimul verir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəni həyatımızın son illər inkişafındakı xidmətlərini məxsusi olaraq qeyd etmək lazımdır. Demək olar ki, hər il müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir, rəssamlarımızın sərgiləri təşkil olunur, filmlərimiz festivallarda nümayiş etdirilir, Azərbaycan musiqisi günləri keçirilir və s. Beynəlxalq miqyasda Azərbaycan mədəniyyətini sevir, ona böyük hörmət və məhəbbət bəsləyirlər.
Son on iki il ərzində mədəni həyatımızın inkişafına dair qəbul olunan dövlət proqramları bu sahənin davamlı inkişafına güclü təkan vermişdir. Bu dövr ərzində dövlətin mədəniyyət siyasəti şərəfli inkişaf yolu keçdi. İslahatların prioritet sahələri müəyyənləşdirildi. Bunlar mədəni və tarixi irsin mühafizəsi, yaradıcılığın dəstəklənməsi, milli kinematoqrafiyanın dirçəldilməsi, mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi və s. məsələlər idi. Baxın, sonrakı illərdə nə qədər dəyərli layihələr həyata keçirildi. Mədəniyyət və Turizm Nazirliyi bu layihələrin reallaşması, milli-mənəvi dəyərlərimizin dünyaya inteqrasiyası üçün əhəmiyyətli tədbirlər həyata keçirir. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin milli mədəniyyətimizin inkişafında, mənəvi dəyərlərimizin qorunması və təbliğindəki rolunu da xüsusi olaraq vurğulamaq istərdim. Dünyanın əksər ölkələrində yayımlanan müxtəlif mədəniyyət proqramları məhz bu missiyanı şərəflə yerinə yetirmişdir. Bu proqramlar vasitəsilə dünya xalqları Azərbaycan mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olur, Azərbaycanın mənəvi sərvətləri, milli-mənəvi dəyərlərimiz haqqında ətraflı məlumat əldə edə bilirlər. İndi Azərbaycan televiziyasının Mədəniyyət kanalı, demək olar ki, dünyanın əksər ölkələrində yayımlanır, milli-mənəvi dəyərlərimizi beynəlxalq miqyasda təbliğ edir.
Azərbaycan mədəniyyəti və incəsənəti ilə bağlı beynəlxalq tədbirlərin keçirilməsi davamlı xarakter almışdır. Onların sırasında Beynəlxalq Rostropoviç festivalları, beynəlxalq muğam festivalları və müsabiqələri, Bakı beynəlxalq caz festivalları, Ü.Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Bakı Beynəlxalq Teatr Konfransı, Çexov adına Beynəlxalq Teatr Festivalının “İpək yolu” mərhələsi, Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Beynəlxalq Bakı kitab sərgi-yarmarkası kimi mötəbər tədbirləri xüsusi qeyd etmək lazımdır.
Mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən layihələr milli mədəniyyətimizin inkişafına ən yaxşı töhfədir. Bakıda və regionlarımızın mərkəzlərində teatrlarımız təmir olunmuş, müasir standartlara uyğun tamaşa müəssisələri yaradılmışdır. Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı, Milli Akademik Dram Teatrı, Musiqili Teatr əsaslı təmirdən sonra tamaşaçıların ixtiyarına verilmişdir. Bakıdakı Nizami kinoteatrında aparılan əsaslı təmir işləri onu müasir Kino Mərkəzinə çevirmişdir. Bu gün həmin Kino Mərkəzi beynəlxalq tədbirləri yüksək səviyyədə keçirməyə imkan verir. Muzeylərimiz, kitabxanalarımız, mədəniyyət evləri və sarayları da öz görkəmini dəyişmiş, tamamilə yeniləşmişdir. Muğam Mərkəzinin və Xalça Muzeyinin inşası da təqdirəlayiq layihələrdəndir. Bölgələrdə yeni mədəniyyət sarayları, kitabxanalar, muzeylər inşa edilir, yaxud da köhnələr yenidən əsaslı təmir edilib istifadəyə verilir. Bakıda və regionlarda yaradılan Heydər Əliyev parkları və muzeylər əsl mədəniyyət müəssisələrinə çevrilmişdir. Bunlar xalqımızın istirahətinin təşkilində mühüm rol oynayır.
Yeni istedadların üzə çıxarılması üçün müsabiqələr, sərgilər keçirilir. Xüsusilə gənclər təşkilatları bu işdə fəallıq göstərirlər. Məsələn, “Yarat” müasir incəsənət məkanı belə müstəqil qeyri-hökumət təşkilatıdır. Onun əsas məqsədlərindən biri də gənclərə dəstək verilməsi, gənc istedadların üzə çıxarılmasıdır.
Son dövrlər UNESCO ilə əlaqələrin genişlənməsi mədəniyyətimizin düyaya inteqrasiyası yolunda çox böyük əhəmiyyətə malikdir. Tar ifaçılıq sənətinin, muğamın, aşıq sənətinin və digər maddi-mədəniyyət abidələrimizin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi bu yolda atılan uğurlu addımlardandır.
Azərbaycan son illər beynəlxalq mədəniyyət tədbirlərinin keçirildiyi mərkəzə çevrilmişdi. Azərbaycanın təşəbbüsü ilə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Avropa və İSESCO-ya üzv bir sıra dövlətlərin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Tədbirdə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul olunmuş, beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına dair “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu prosesin davamı olaraq 7-9 aprel 2011-ci il tarixində Bakıda təşkil edilən Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, 100-dən çox ölkə nümayəndəsinin qatıldığı tədbir geniş beynəlxalq rezonans doğurmuşdur. Forum dünyada yeganə beynəlxalq tədbirdir ki, UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi kimi nüfuzlu qurumlar onun təşkilində əməkdaşlıq edir. Ölkə başçısının 27 may 2011-ci il tarixli sərəncamı ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumunun iki ildən bir Bakıda keçirilməsi qərara alınmışdır. Mədəniyyətlərarası Dialoq Forumları, Humanitar forumların Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun güclənməsinə əhəmiyyətli təsir göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Musiqi Gününün keçirilməsi haqqında” 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il dahi bəstəkarın doğum günü ölkəmizdə musiqi bayramı kimi qeyd olunur. Bu münasibətlə konsertlər, sərgilər və digər mədəni tədbirlər təşkil olunur. 2009-cu ildən başlayaraq Üzeyir Musiqi Günündə həmçinin Azərbaycan professional musiqisinin banisinə həsr olunmuş beynəlxalq musiqi festivalına start verilir. Eyni zamanda, bu il həm də Üzeyir bəyin 130 illiyi qeyd olunur.
Böyük fəxarət hissi ilə bildirmək istəyirəm ki, bəstəkarın yaradıcılığında zirvəsi olan “Koroğlu” operasında baş rolu ifa etmişəm.
Bir məsələni də qeyd etmək istəyirəm. Mədəniyyət işçilərinə göstərilən qayğı və diqqət son illər daha da artmışdır. Mədəniyyət və incəsənət xadımlərinə Prezident təqaüdü verilir, onlar fəxri adlara layiq görülürlər. Elə bu günlərdə mədəniyyət və incəsənət xadimlərinin bir qrupu fəxri adlara layiq görülmüşdü. Bu sətirlərin müəllifi də “Əməkdar artist” fəxri adı alanlar sırasındadır. Bu qayğı və diqqətə görə ölkə başçısına dərin minnətdarlığımı bildirir, Azərbaycanımızın daha da qüdrətlənməsi yolunda böyük uğurlar arzulayıram.
Ramil QASIMOV,
Əməkdar artist
Xalq qəzeti.- 2015.- 23
sentyabr.-S.7.