Sərnişinlər Bakı-Sumqayıt marşrut qatarlarının
xidmətindən
razılıqlarını bildirirlər
Bu yaxınlarda istifadəyə
verilən Bakı-Biləcəri-Sumqayıt dəmir yolunun ümumi uzunluğu 84 kilometrdir. Marşrut üzərində Bakı, Keşlə,
Biləcəri, Xırdalan, Güzdək, Sumqayıt sərnişin
stansiyaları, 6-cı və 10-cu blok
post-ayırma məntəqələri yerləşir. Stansiya və ayırma məntəqələrinin
baş yolları üzərində 106 dəst
yoldəyişən qurğu
quraşdırılıb. Xatırladaq ki,
sahədə sonuncu təmir işləri
30 il bundan əvvəl
aparılıb.
Bakı sərnişin stansiyasının yenidən qurulması işləri çərçivəsində 4 yeni platforma inşa olunub. Onların birinin uzunluğu 310, digərlərinin uzunluğu isə 254 metrdir. Stansiyada qatarların qəbulu və yola salınması üçün nəzərdə tutulan yolların dördündə əsaslı təmir işləri görülüb, kontakt şəbəkəsi və işarəvermə avadanlıqları yenilənib. Hazırda ümumi sahəsi 8 min kvadratmetr olan 17 mərtəbəli “Vağzal” mehmanxanasında və sərnişinlərin gözləmə zalında əsaslı təmir işləri aparılır. Sahəsi 10 min kvadratmetr olan beşmərtəbəli Sumqayıt vağzalının binası isə yararsız halda olduğu üçün sökülüb və yeni binanın tikintisi nəzərdə tutulub.
Biləcəri-Sumqayıt qatarına biletləri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür.
Yeri gəlmişkən, yeni qatarın ilk sərnişin bileti xatirə olaraq dövlət başçısı cənab İlham Əliyevə təqdim edilib.
Ümumilikdə, layihə üzrə 55 turniket, 10 satış köşkü quraşdırılıb. Hazırda “BakuBus” avtobusları və metropolitendə istifadə olunan vahid ödəmə kartı - “BakıKart”dan burada istifadə, ödəmə terminalları və mobil telefonla biletlərin alışı mümkündür.
Bu marşrut xətti üzrə sərnişinlərin rahat, sürətli və təhlükəsiz daşınması üçün “Stadler Rail Group” şirkətinin sürətli elektrik qatarları istismara verilib. Dörd vaqondan ibarət olan elektrik qatarlarının hər birinin ümumi sərnişin tutumu 919 nəfər, oturacaq yerlərinin sayı isə 396-dır. İkimərtəbəli elektrik qatarlarında biznes-sinfə aid 84 oturacaq da var. Sumqayıtdan Bakıya və əks istiqamətə qatarların hərəkəti müxtəlif intervallarla həyata keçirilir. Sərnişinlərin sayından asılı olaraq hərəkət cədvəlinə əlavələr ediləcəyi nəzərdə tutulur. Bakı-Sumqayıt şəhərətrafı yüksək sürət və rahatlıqla sərnişindaşımanı təmin etmək məqsədilə genişmiqyaslı tikinti-quraşdırma və təmir-bərpa işlərinə start verilib. Sahə üzrə yeraltı piyada keçidi, hündür platformalar, müasir keçid postları inşa edilib, dəmir yollarının əsaslı təmirinə başlanılıb. İndiyədək 60 kilometr yol əsaslı təmir olunub.
Xatırladaq ki, sentyabr ayının 12-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı sərnişin stansiyasında Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən ilk sərnişin qatarının yola salınması mərasimində iştirak edib. Mərasimdə möhtərəm dövlət başçımız deyib: “Belə gözəl qatarlarda çox yüksək xidmət də olmalıdır. Əminəm ki, belə də olacaq. Azərbaycan dəmir yolu öz səviyyəsini qaldırır. Daha da yüksək səviyyədə olmalıdır. Ən müasir standartlara cavab verməlidir. Bütün imkanlar var. Yeni gözəl qatarlar alınıb. Dəmir yolları tikilir, yeni xətlər açılır. Bütün bu işlər görülür. Əminəm ki, yaxın zamanlarda Azərbaycan vətəndaşları bu müsbət dəyişiklikləri görəcəklər. Azərbaycan dəmir yolu ölkəmizin ümumi tərəqqisinə uyğun şəkildə inkişaf edir. Çünki bu sahədə islahatlara böyük ehtiyac var. Bu, çox vacib sahədir. Dəmir yolu sistemində minlərlə insan işləyir. Bizim xətlərimiz yeniləşməlidir.
Bakı-Sumqayıt xətti qısa müddət ərzində tikilib, bu gün istifadəyə verilir. Həm xətt yenilənib, - indi qatarlar yüksək sürətlə işləyəcək, - həm də qatarlar da ən yüksək səviyyəyə malikdir. Dünyanın inkişaf etmiş ölkələrində olan qatarlar bu gün Azərbaycanda da var...".
Sözügedən marşrut ilə hərəkət edən sərnişin qatarında xidmətin səviyyəsini, necə deyərlər, öz gözümüzlə görmək üçün dəmir yolu vağzalından Sumqayıta getmək qərarına gəldik. Yeni Azərbaycan Partiyası (YAP) “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ərazi ilk təşkilatının sədri Xeyrulla Hümbətovla birgə vaqonları gəzib sərnişinlər üçün yaradılan şəraitlə tanış olduq. İlk baxışdan vaqonlarda nəzərə çarpan təmizlik, səliqə-sahman adamda xoş ovqat oyadır. Geniş və rahat oturacaqlar, sərnişinlərə çay və sərinləşdirici içkilər təklif edən bələdçilərin xoş və gülərüz siması, yolboyu yüksək xidmət 40 dəqiqəlik yolu vaxt hiss etmədən başa vuracağımıza bizdə əminlik yaratmışdı.
Vaqonlarda ilk gözə dəyən təhlükəsizliklə bağlı tədbirlərin görülməsi idi. Nəzarət kameralarının quraşdırıldığı vaqonlarda yanğından mühafizə sistemi, kondensioner, həmçinin insanların hər hansı hadisə baş verdiyi təqdirdə təxliyə edilməsi üçün bütün imkanlar yaradılıb. Vaqonların hər iki tərəfində quraşdırılan monitorlar diqqəti daha çox çəkir. Həmin monitorlarda günün tarixi, Bakı və Sumqayıt marşrutu üzrə stansiyaların adları, havanın temperaturu, həmçinin qatarın sürəti göstərilir. Qatarlarda sanitar qovşaqları, sərnişinlərin kiçik həcmli baqajları üçün xüsusi yerlər də mövcuddur.
Burada bir məqam da diqqət
çəkirdi. Qatar səssiz
hərəkət etdiyindən
və oturacaqlar çox rahat olduğundan sərnişin
özünü qatarda
deyil, sanki təyyarədəki kimi
hiss edir.
Qatar yerindən tərpənərək,
sürətini artırdıqca
vətəndaşlar üçün
yaradılmış yüksək
komfortu hiss etməmək,
onu qiymətləndirməmək
mümkün deyil.
Sumqayıta gedən sərnişinlər
də belə bir qatardan istifadə
etdiklərindən çox
razılıq edir, bu barədə ağız dolusu danışırdılar. Bakı
sakini Fikrət Qənbərov təəssüratlarını
bizimlə bölüşdü:- Bu marşrut işə salınan ilk gündən Sumqayıta qatarla gedib-gəlirəm. Həm vaxtıma qənaət olunur, həm də avtobusda çəkdiyim əziyyəti
burada görmürəm.
Qatarlardakı rahatlıq
desəm ki, iş yorğunluğunu aradan qaldırır, səhv etmərəm.Bələdçilərin mehribanlığına
isə söz ola bilməz.
Sumqayıt sakini Yaqub İmamverdiyev: - Bakı-Sumqayıt
xətti istifadəyə
verilənə qədər
işə avtobusla gedirdim. Etiraf edim ki, daim işə gecikirdim və bu hal idarəmizin
rəhbərliyi tərəfindən
daim narazılıqla qarşılanırdı. Heç cür gecikmədən yaxa qurtara bilmirdim.
Hətta
bəzən elə olurdu ki, işə
taksi ilə gəlmək məcburiyyətində
qalırdım. Bu isə təbii ki, ailə büdcəsinə
öz mənfi təsirini göstərirdi.
Sumqayıt dəmiryol
xətti istifadəyə
veriləndən sonra isə hər gün üzləşdiyim
problem, demək olar ki, tamamilə aradan qalxıb. İndi vaxtında işə, evə gedib gəlirəm. Rahatlığa
da söz ola bilməz.
Bakı
sakini Qulu Novruzov:- Artıq
neçə gündür
ki, sürətinə və rahatlığına görə
həmişə Sumqayıta
gedərkən bu qatarlardan istifadə edirəm və belə rahat şərait yaradıldığına
görə ölkə
rəhbəri cənab
İlham Əliyevə
və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Cavid Qurbanova minnətdarlığımı bildirirəm.
Vaqon bələdçiləri
olan qızlardan xüsusi danışmaq olar. Hamısı səliqəli və
gülərüzlülüyü ilə seçilir. Onlar da belə bir
müasir qatarda ilk dəfədir ki işləyirlər. Turanə Bayramovanın
söhbətindən məlum
oldu ki, artıq 10 aydır dəmir yolunda bələdçi kimi çalışır. Karyerasında
belə gözəl qatarda işləmək fürsəti qazandığına
görə dövlətimizin
başçısına təşəkkür
etdi. O, həmçinin
bildirdi ki, yeni qatarların gəlməsi ilə bağlı bələdçilərə
xüsusi təlimlər
keçirilib. Təlimlərdə qatarın təmizliyi, sərnişin təhlükəsizliyi,
sərnişinlərlə davranış
qaydaları haqqında
məlumat verilib.
Qatarda çalışan bələdçilərin
hamısı bu təlimlərdən keçib.
Həmsöhbətim Xeyrulla Hümbətovdan onu da öyrəndim ki,
yaxın gələcəkdə
Bakı-Sumqayıt qatarının
əhatə dairəsi
genişlənəcək. Başqa
sözlə, sərnişinlər
bu qatarlardan istifadə etməklə, paytaxt ətrafı kəndlərə də gedib-gələ biləcəklər.
Bu, Bakı-Sumqayıt dəmir
yolunun ikinci hissəsində
təmir işləri
yekunlaşandan, dairəvi
hərəkət xətti reallaşandan sonra mümkün olacaq. Fikrimi bir qədər
də dəqiqləşdirib
deyə bilərəm
ki, hazırda sərnişinlər Bakı-Keşlə-Biləcəri-Xırdalan-Güzdək-Sumqayıt
istiqamətində gedə
bilirlərsə, ikinci
yolun təmiri başa çatandan sonra Zabrat-Novxanı xəttindən də yararlana biləcəklər.
Sonda diqqəti
bir məsələyə
yönəltmək istərdik. Azərbaycanın dəmir yolu infrastrukturu bu gün öz inkişafının yeni mərhələsinə qədəm
qoyub. Ölkə rəhbəri cənab
İlham Əliyev digər sahələrlə
paralel olaraq iqtisadiyyatın və əhalinin daşımalara
olan tələbatının
daha dolğun ödənilməsi, idarəetmənin
təkmilləşdirilməsi və görülən işlərin səmərəliliyinin
daha da artırılması
məqsədi ilə dəmir yolunun tərəqqisinə də
xüsusi diqqət və qayğı göstərir.
İnamla deyə bilərik ki, Prezident İlham
Əliyev tərəfindən
göstərilən xüsusi
diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük
imkanlar yaradıb. Dövlətimizin
başçısının respublikamıza rəhbərlik
etdiyi 12 il
ərzində bu sahədə baş vermiş dəyişikliklərlə
yanaşı, mühüm
uğurlar da əldə olunub.
Xeyrulla Hümbətov söhbət
zamanı dedi: -Respublika nəqliyyat sisteminin əsas sahələrindən biri olan dəmir yolunun perspektiv inkişafı möhtərəm
Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzindədir.
Dövlət başçısının müvafiq sərəncamı ilə
bir müddət bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyində dəyişiklik
edilməsi, Cavid Qurbanovun sədr təyin olunması isə bu sahədə
islahatların daha da sürətlənməsinə, habelə dəmir yolu nəqliyyatında mövcud
infrastrukturun və dəmir yolu nəqliyyatı vasitələrinin
müasirləşdirilməsinə öz müsbət təsirini göstərib.
Hazırda beynəlxalq maliyyə
qurumları ilə QSC
arasında əlaqələr daha
da intensivləşib.
İslahatların aparılması sürətlənib.
QSC-nin vaqon
parkının yenilənməsi
istiqamətində mühüm
addımlar atılıb.
Yük daşımalarına olan tələbatın ödənilməsi,
xidmətin səviyyəsinin
daha da yüksəldilməsi,
əlavə yüklərin
cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz
şəraitdə çatdırılması
üçün texniki
vasitələrin yeniləşdirilməsi
diqqət mərkəzində
saxlanılıb. Bütün
bunlar isə əlavə
valyuta resurslarının
Azərbaycan iqtisadiyyatına
yönəldilməsi ilə
nəticələnib.
Bu gün QSC rəhbərliyi tərəfindən qurumun yeniləşdirilməsinə, tabe təşkilatların fəaliyyətinin müasir standartlara uyğunlaşdırılmasına mühüm önəm verilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli fərmanı ilə ölkənin nəqliyyat sektorunun idarə edilməsinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar çərçivəsində nəqliyyatın əsas sahələrindən biri olan dəmir yolunda müasir tələblərə cavab verən infrastrukturun yaradılmasını, yüksək keyfiyyətli nəqliyyat xidmətləri göstərilməsini və Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəmir yolu marşrutları ilə yükdaşımaların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradılması bunun bariz ifadəsidir. Sözügedən fərmanla, eyni zamanda, QSC qarşısında bir sıra mühüm vəzifələr qoyulub. Sənəddə dəmir yolunun ölkədaxili daşımalarla yanaşı, regional və beynəlxalq daşımalarda artan rolunu nəzərə alaraq, onun fəaliyyətinin səmərəli və müasir tələblərə cavab verən səviyyədə qurulması və bunun üçün lazımi həcmdə sərmayənin cəlb edilməsini təmin etmək məqsədi ilə “Azərbaycan dəmir yolunun 2016-2020-ci illərdə inkişafı Dövlət Proqramı”nın layihəsini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim olunacaq.
Yuxarıda qeyd edilən məsələ ilə yanaşı, ölkəmizin ərazisindən tranzit olaraq daşınan neft və neft məhsullarının həcminin artırılması məqsədilə mövcud yükaşırma terminallarından səmərəli istifadəsi və onların dəmir yolu ilə koordinasiyalı iş rejiminin təşkili ilə bağlı təkliflər bir ay müddətində Azərbaycan Prezidentinə təqdim ediləcək. Bundan başqa, tranzit yük daşımaları üzrə sərhəd, gömrük və vergi prosedurları da sadələşdiriləcək.
Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan Azərbaycan dəmir yolu beynəlxalq və regional layihələrdə iştirak etməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirak etməsi istənilən prizmadan yanaşanda çox gərəklidir.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2015.- 23
sentyabr.- S.6.