Qarabağ həqiqətlərini əks etdirən

daha bir sayt: “DailyKarabakh.com”

 

Müasir dövrdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha dolğunobyektiv şəkildə çatdırılmasında  internet resurslarının rolu əvəzsizdir.

Odur ki, yenicə yaradılmış  və ictimaiyyətə tədqim edilmiş “DailyKarabakh.com” saytı (dailykarabakh.com) da bu işdə mühüm rol oynayacaq.  Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Düşüncə” İctimai Birliyi tərəfindən hazırlanmış  saytın təqdimat mərasimində səsləndirildi.  Sayt haqqında videoçarx  nümayiş olundu. Qeyd edildi ki, Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək bu saytın əsas hədəfi  Qarabağ həqiqətlərini  beynəlxalq ictimaiyyətə çadırmaqdır.

Saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri,  mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, münaqişənin nizamlanması istiqamətində atılan addımlar geniş işıqlandırılacaq. Əsasən xaricidilli internet auditoriyası üçün nəzərdə tutulmuş  saytda ölkəmizin və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqların fikir və təhlili məqalələrinə yer verilməsi nəzərdə tutulur.

Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev çıxış edərək bildirdi  ki,  bu gün  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin dünyaya çatdırılmasında dövlət orqanları ilə  yanaşı, vətəndaş cəmiyyətinin fəalları olan QHT də mühüm işlər görür. Dövlətin bu sahəyə diqqətinin nəticəsidir ki, hər il bu istiqamət üzrə bir sıra əhəmiyyətli layihələr seçilərək Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilir. “ Bu gün dünya dəyişib və artıq Ermənistanda olan cinayətkar rejimi hamı tanıyır. Bunların ifşa olunmasında cənab prezident İlham Əliyevin xidmətləri böyükdür. Ölkə başçısının tapşırığına uyğun olaraq, şuranın fəaliyyətinin əsas xəttini Qarabağ münaqişəsinə dair həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması təşkil edir. Dağlıq Qarabağ probleminin həllinə vətəndaş cəmiyyətinin töhfəsi böyükdür. Mən çox sevinirəm ki, bu sayt bir neçə dildə fəaliyyət göstərəcək və bu, Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında müstəsna rol oynayacaq” – deyə şuranın sədri  bildirdi. Prezident Administrasiyası ictimai-siyasi məsələlər üzrə şöbəsinin sektor müdiri Elman Paşayev qeyd etdi ki, Ermənistan-Azərbaycan münaqişəsi başlanandan indiyədək ölkəmiz informasiya blokadasından çıxmaq üçün bir sıra əhəmiyyətli işlər görüb. O, informasiya texnologiyalarının və internetin inkişaf etdiyi dövrdə virtual məkanda Qarabağ həqiqətlərini əks etdirən belə bir saytın yaranmasını təqdirəlayiq hal hesab etdiyini vurğuladı: “ Qarabağ haqqında ayrıca bir saytın yaradılması çox sevindirici haldır. Burada yerləşdirilən materialların təsirli olması, xarici ekspertlərin məqalələrinin yer alması vacibdir. İnanıram ki, biz Azərbaycanın haqq işini dünyaya çatdırmaqda bu saytın işindən də yararlanacağıq”.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa Şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov isə Qarabağla bağlı son 10 ildə böyük işlər görüldüyünü qeyd etdi  O, Qarabağın tezliklə azad olunacağına ümid etdiyini və Ermənistan rəhbərliyinin yarıtmaz siyasəti nəticəsinə ölkənin iflasa uğradığını vurğuladı.

Sonda çıxış edən “Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli  qeyd etdi ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə daha genişobyektiv çatdırmaq və beynəlxalq arenada münaqişə ilə bağlı ədalətli rəy formalaşdırmaqdır. “Saytın fəaliyyəti zamanı Avropa ekspertlərinin məqalələri, açıqlamalarına yer veriləcək. Bu işin məsuliyyətini dərk edir  inanırıq ki,   yeni sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq”.

Milli Məclisin bir sıra  deputatlarının, QHT nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu cür saytların  Qarabağ həqiqətlərinin tanıdılmasında əhəmiyyətli vasitə olduğu  vurğulandı.

 

Əfsanə ƏLƏSGƏRLİ

 

Xalq qəzeti.- 2015.- 23 sentyabr.- S.5.