Azərbaycan Kənd İnvestisiya Layihəsi
kənd
təsərrüfatının
kompleks inkişafına öz töhfəsini verir
Əsası
xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən
qoyulan ölkənin iqtisadi inkişaf strategiyasını
hazırda onun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir. Keçən əsrin
90-cı illərinin ortalarından Azərbaycan
özünün siyasi sabitlik və iqtisadi inkişaf mərhələsinə
qədəm qoydu. Böyük neft və qaz müqavilələrinin
gerçəkləşməsi ölkəmizin iqtisadi
inkişafını sürətləndirdi.
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə qeyd etmişdir ki, hər bir vətəndaşın firavan həyat səviyyəsini təmin etməyi ali məqsəd kimi qarşıya qoyan Azərbaycan hökuməti fəaliyyətini yalnız sosial müdafiə tədbirləri ilə məhdudlaşdırmamalıdır. Hərtərəfli inkişafa nail olmaq üçün bütün sahələrdə kompleks islahatlar aparılmalı, o cümlədən infrastruktur layihələrin gerçəkləşməsinə xüsusi diqqət yetirilməlidir. Məlum məsələdir ki, bazar iqtisadiyyatı şəraitində yaşayan ölkələrdə həyata keçirilən hər bir layihə daha çox mənfəət götürülməsini nəzərdə tutur. Bir sıra inkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda belə layihələrdən götürülən mənfəət nəzərə alınmadan xalqın rifahı naminə həyata keçirilir. Son illərin dövlət büdcəsinə nəzər salsaq görərik ki, infrastruktur layihələrin gerçəkləşməsinə ayrılan vəsaitin həcmi ilbəil artır. Bütün bunlar onu göstərir ki, infrastruktur layihələri ictimai həyatın bütün sahələrinin yenidən qurulması məqsədilə Azərbaycanda həyata keçirilən sosialyönümlü layihələrin tərkib hissəsidir. Haqlı olaraq Prezidentimiz də davamlı sosial-iqtisadi inkişafın yeganə yolunu infrastrukturun yeniləşməsində, qabaqcıl texnologiyanın mənimsənilməsində görür və bu istiqamətdə əlindən gələni edir.
Son illərdə qəbul edilmiş və uğurla həyata keçirilən iqtisadi proqramlar arasında Kənd Təsərrüfatı Nazirliyi tərəfindən icra olunan Azərbaycan Kənd İnvestisiya Layihəsinin (AzKİL-in) xüsusi yeri var. Bu layihə ilkin olaraq Azərbaycan hökuməti və Dünya Bankı arasında 23 sentyabr 2004-cü ildə bağlanmış sazişə əsasən respublikanın 3 zonasında: Naxçıvan (Şərur, Ordubad, Culfa, Kəngərli, Babək, Şahbuz, Sədərək), Muğan-Salyan (Cəlilabad, Neftçala, Salyan, Saatlı, İmişli, Biləsuvar, Sabirabad), Düzən Şirvan (Hacıqabul, Kürdəmir, Zərdab, Ucar, Göyçay, Ağdaş, Yevlax) zonalarında həyata keçirilərək 2005-2008-ci illəri əhatə etmişdir. Bu illər ərzində 3 zonada 340 layihə həyata keçirilmiş və təqribən bir milyona qədər kənd əhalisinin yaşayış səviyyəsinin yaxşılaşmasına səbəb olmuşdur. Bu, sadəcə, rəqəm yox, hər üç zonada onlarca kəndin içməli və suvarma suyu ilə təmin edilməsi, kənd yollarının əsaslı təmiri və bərpası, məktəb tikintisi və təmiri, elektrik sisteminin bərpası və genişləndirilməsi, kəndlərdə drenaj kanallarının təmiri və çəkilməsi və s. işlərin görülməsi deməkdir. Dəfələrlə Dünya Bankının Nəzarət Missiyası layihələrin texniki icrası və onun keyfiyyətinin monitorinqini keçirmiş, nəticədə, Dünya Bankı və Azərbaycan hökuməti layihələrin yüksək keyfiyyətlə icra olunduğunu qeyd etmişlər.
AzKİL-in uğurlu fəaliyyəti onun əhatə dairəsinə daxil olmayan rayon rəhbərlərinin, kənd sakinlərinin və bələdiyyələrin ciddi marağına səbəb olmuş, Azərbaycan hökuməti və Kənd Təsərrüfatı Nazirliyinə layihənin həmin rayon və kəndlərdə də həyata keçirilməsi barədə çoxsaylı məktublar daxil olmuşdur. Məhz AzKİL-in uğurlu fəaliyyəti nəticəsində Azərbaycan hökuməti və Dünya Bankı arasında 20 aprel 2009-cu ildə onun fəaliyyətinin uzadılması və yeni zonaların cəlb olunması bərədə AzKİL üçün “Əlavə Maliyyələşdirmə ” Sazişi bağlandı. Layihənin fəaliyyət zonası Naxçıvan qalmaqla Şimal (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ, Oğuz, Şəki, Zaqatala, Qax, Balakən, Quba, Qusar, Xaçmaz) və Şimal-Qərb (Bərdə, Tərtər, Goranboy, Samux, Göygöl, Tovuz, Qazax, Ağstafa, Şəmkir, Daşkəsən, Gədəbəy) zonalarına qədər genişləndi.
2010-cu ilin yayında AzKİL Dünya Bankının Şərqi Avropa və Mərkəzi Asiya regionları ərazisində həyata keçirilən yüzdən artıq layihənin ən layiqli 47 layihəsi sırasında olmuş və “İnsanların həyatının yaxşılaşdırılması” müsabiqəsində qalib gələn 12 layihədən biri seçilmişdir. Əlbəttə, bütün bunlar ölkəmizdə siyasi sabitliyin və iqtisadi inkişafın qarantı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü, qətiyyətli və reallığa söykənən fəaliyyətinin nəticəsidir.
Əldə edilən uğurları və layihənin fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı müraciətləri nəzərə alan ölkə rəhbərliyi və Dünya Bankı layihənin ikinci mərhələsinə dair razılıq əldə etdilər. 19 0ktyabr 2012-ci ildə Dünya Bankı ilə Azərbaycan hökuməti arasında layihənin fəaliyyətinin bütün ölkə ərazisini (işğal altındakı ərazilərdən başqa) əhatə etməsi haqqında yeni saziş bağlandı. İkinci Kənd İnvestisiya Lahiyəsi adlandırılan yeni sazişin məqsədi icma yönümlü kənd infrastrukturuna çıxışı və istifadəni artırmaq, kənd yerlərində ailələrin iqtisadi fəaliyyətlərini gücləndirməkdir.
İkinci Kənd İnvestisiya Layihəsi 2012-2018-ci illər ərzində 650-yə qədər icma layihələrini maliyyələşdirəcəkdir ki, bunun da nəticəsində regionlarda kənd təsərrüfatı məhsullarının artımı və məhsulun bazarlara çıxışı əhəmiyyətli dərəcədə artacaqdır. Bu layihədən təqribən 2 milyona yaxın kənd sakini faydalanacaqdır. Əldə edilən nailiyyətlər biavasitə Kənd Təsərrüfatı Nazirliyi rəhbərliyinin layihələrin icrasına göstərdiyi diqqət və qayğının, eləcə də onlara keçirilən baxışların nəticəsində mümkün olmuşdur. Nazirliyin rəhbərliyinin təşəbbüsü və təkidi ilə həyata keçirilən pilot layihələri də kəndlərin daha sürətli inkişafına və əhalinin maddi durumunun yaxşılaşmasına səbəb olmuşdur.
Əməkdaşlıq etdiyimiz Balakənin Qaysa, Biləsuvarın Yuxarı Ağalı, Bərdənin Alpout, Saatlının Kamallı, Göyçayın Qaraxıdır, Ağdaşın Tofiqi kimi fəal icmalarında bu tipli layihələrin icrası yekunlaşmışdır. Bərdə, Ağcabədi və İsmayıllı rayonlarında isə bu istiqamətdə işlər davam etdirilir. Bu tipli layihələrin icrasının nazirlik rəhbərliyinin nəzarətində olması və bu sahəyə əlavə mütəxəsislərin cəlb edilməsi uğurlu nəticələr verir.
Yeri gəlmişkən onu da qeyd edək ki, kəndlərin
hərtərəfli və uzunmüddətli inkişafına
yönələn layihələr məhz
Kənd Təsərrüfatı Nazirliyinin ümumi rəhbərliyi
altında həyata keçirilir.
Nazirliyin rəhbərliyi mütəmadi olaraq layihələrin
icraçı kollektivləri ilə görüşlər
keçirir, mövcud vəziyyətlə yaxından
tanış olur, öz tövsiyə və
tapşırıqlarını verir. Kənd Təsərrüfatı
Nazirliyi sistemində son zamanlar aparılan məlum struktur dəyişiklikləri,
ümumi işə münasibət və ən əsası, kənd təsərrüfatının
kompleks inkişafına dair fundamental və elmi əsaslara
söykənən qərarların rəhbərlik tərəfindən
qəbul edilməsi bunu deməyə əsas verir. Əlbəttə, kənd təsərrüfatının
hərtərəfli inkişafının nəticələri
tədricən ölkəmizdə kənd təsərrüfatı
məhsullarının
artımında özünü göstərir. Yerlərdə
ölkə rəhbərliyinə, eləcə də Kənd Təsərrüfatı
Nazirliyinə insanların inamı durmadan artır.
Çünki açıq demək lazımdır ki, bu sistemdə
gedən struktur və kadr dəyişikliyi kəndlərin inkişafına, eyni zamanda, kənd
təsərrüfatı məhsullarının
artımına, kənddən şəhərə
axının qarşısının alınmasına öz təsirini
göstərir. Kənd təsərrüfatı naziri Heydər
Əsədovun ölkə başçısının məlum
tapşırığına əsasən yerlərdə
çoxsaylı görüşləri, iş adamları və
yerli fermerlərlə canlı təması öz nəticələrini
verir. Nazirliyin rəhbərliyi altında icra olunan layihələrin
sayı və keyfiyyətində əhəmiyyətli
dönüş yaranmışdır. Ciddi nəzarət nəticəsində
maliyyə sistemində əlavə və yersiz xərclər
aradan qaldırılmış, daha az məsrəflə daha
çox layihələr həyata keçirmək
mümkün olmuşdur.
AzKİL ilə əməkdaşlığa daha çox önəm verən Masallı, Bərdə, Gədəbəy və digər rayonların rəhbərliyi və kənd icmaları onun maliyyə dəstəyi ilə həyata keçirilən layihələrdən daha çox faydalanırlar. Hazırda layihənin davam etdirilməsi üçün III AzKİL barədə Dünya Bankı ilə ilkin razılıq əldə edilmişdir və bu istiqamətdə danışıqlar aparılır.
Fərman
HƏSƏNOV,
AzKİL-in
informasiya və
əlaqələr
üzrə mütəxəssisi
Xalq qəzeti.- 2015.- 29 sentyabr.- S.7.