Azərbaycan-Fransa
humanitar
əlaqələrinin əsas istiqamətləri
Tarixi mədəni əsaslar
Millətlərarası
mədəni-humanitar əlaqələr həmin millətlərin
bir-birinə yaxınlaşmasına səbəb olmuş,
qarşılıqlı anlaşmanın və mədəniyyətlərarası
ünsiyyətin yaranmasına səbəb olmuşdur. Üç yüz ildən
çox tarixə malik olan Azərbaycan - Fransa mədəni əlaqələri
hər iki xalqın bir-birini daha yaxından tanımasına və
yaxınlaşmasına imkan yaratmışdır.
Tarixən Şərqlə Qərb arasında
“qızıl körpü” rolunu oynaması Azərbaycanı
dünyada mədəni miras baxımından ən dəyərli
ölkələrdən biri olaraq tanıtmışdır. Bu isə beynəlxalq
mədəni əlaqələrin yaranmasında və
genişlənməsində əhəmiyyətli təsirə
malikdir. Mütərəqqi düşüncəli
ziyalılarımız daim Azərbaycan mədəniyyətini
dünyaya tanıtmaq sahəsində geniş təbliğat
işləri həyata keçirmişlər.
Azərbaycan mədəniyyəti tarixin bütün
dönəmlərində dünya sivilizasiyasının
qabaqcıl dövlətlərinin, o cümlədən Qərbin
mədəniyyət beşiyi hesab olunan Fransanın diqqət mərkəzində
olmuşdur.
Nizami Gəncəvinin “Xəmsə”sinin hələ XIV əsrə
aid (1362-1366) xəttat əlyazması Parisdə milli xalq
kitabxanasında saxlanılır. “Xəmsə”ni
ilk dəfə fransız dilinə nizamişünas alim
Klerambol tərcümə etmişdir (1741). “Avesta”nın ilk tərcüməçisi
fransız alimi Anketil de Perron idi (1771). Onun tərcüməsi
ədəbiyyat sahəsində böyük əks-səda
doğurmuş,
Fransa – Azərbaycan ədəbi əlaqələrinin
əsasının qoyulmasında müstəsna rol
oynamışdır. “Müsyö Jordan və Dərviş
Məstəli şah” komediyası Fransaya, fransız ədəbiyyatına,
Fransa inqilabına dərin hörmətin təcəssümüdür.
M.F.Axundzadənin 1874-1878-ci illərdə Brüssel
Universitetində oxuyan oğlu Rəşid Axundov fransız
dilini gözəl bildiyindən atasının məsləhəti
ilə “Müsyö Jordan və Dərviş Məstəli
şah” əsərini fransız dilinə, “Balaca Parislinin həyatı”
əsərini isə Azərbaycan dilinə tərcümə
edir. Məmməd Arif yazırdı: “Fransız tədqiqatçıları
M.F.Axundzadəni rus xalqının Qoqolu, Fransanın Molyeri
adlandırır, hətta, fəlsəfi fikirlərinə
görə onu dahi fransız filosofu Volterlə müqayisə
edirlər.”
Hələ
XIX əsrin sonları—XX əsrin əvvəllərində
Avropada təhsil alan Azərbaycan gəncləri,
ziyalıları Fransa mədəniyyəti, incəsənəti
ilə dərindən maraqlanırdılar. Avropanın
mədəni nailiyyəti kimi bu dəyərlərin Azərbaycan
mədəniyyətinə inteqrasiyası üçün
çalışırdılar. Fransanın mədəniyyət
və incəsənət tarixinin qabaqcıl ziyalıları
da Azərbaycan mədəniyyətinə biganə
qalmamış, Azərbaycanın tarixi ənənələri,
təbiəti, incəsənəti, dəyərli mütəfəkkirlərinin
əsərləri ilə tanış
olmuşlar.
Dünya ədəbiyyatı
xəzinəsinə mühüm töhfələr vermiş,
həm də səyyah kimi tanınmış məşhur
fransız yazıçısı Aleksandr Dümanın Azərbaycan
haqqında xoş xatirələri böyük maraqla
qarşılanır. Azərbaycan, onun təbiəti
və insanları yazıçının ürəyində
dərin izlər qoymuş, yazıçı “Nə
olaydı, mənə bir də o yerlərə getmək qismət
olaydı!” — demişdir. “Qafqaza səyahət” kitabında
xalqımızın təbii sərvətləri, tarixi abidələri
haqqında maraqlı məlumatlar verən yazıçı,
eyni zamanda, azərbaycanlıların həssas, mehriban, zəkalı,
qayğıkeş, qonaqpərvər, sözübütöv,
mərd, işgüzar, yaraşıqlı, gözəl
olduqlarından xüsusi bəhs edir. Dümanın
Azərbaycan haqqında müsbət fikirlərinin
formalaşmasında Xan qızı Natəvanın rolu
danılmazdır. Dümaya görə, “elə
xalqların adamları var ki, öz əli ilə imza
qoyduğu, möhür vurduğu sənəddən belə
boyun qaçırır. Azərbaycanlılarda isə kişi sözü var. Onlarla bir şey barədə
sövdələşəndə sənəd, imza,
möhür tələb etmək lazım deyil. Azərbaycanlılar
verdiyi sözdən heç vaxt dönməz”. Azərbaycan
dilinin əhəmiyyətindən söz açdıqda isə
o demişdir: “Avropada fransız dili necə əhəmiyyətlidirsə,
Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətlidir”.
Dünya şöhrətli digər bir fransız
yazıçısı Jül Vernin “Klodius Bombarnak”
kitabında müəllif qəhrəmanın dili ilə Azərbaycanın
təbii mənzərəsinə heyran
qaldığını, aşiq olduğunu söyləmişdir.
Azərbaycan – Fransa mədəni əlaqələrinin təşəkkülündə
M.Şahtaxtinski, C.Hacıbəyov və
Ə.Topçubaşovun xidmətləri xüsusi qeyd edilməlidir. Təhsilini Fransada alan M.Şahtaxtinski, C. Hacıbəyov Azərbaycan
tarixi və mədəniyyəti ilə bağlı
kitablarını məhz fransız dilində çap
etdirmişlər. 1911-ci ildə “Kaspi” qəzetində
“Azərbaycan günləri” adlı məqaləsini dərc
etdirən C.Hacıbəyov sonradan onu ayrıca kitab şəklində
fransız dilində Parisdə nəşr etdirmişdir.
1918 -ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaradılması ilə Azərbaycan – Fransa münasibətləri
rəsmi status qazandı. Azərbaycan nümayəndə heyətinin Fransaya ilk səfəri
1919-cu ildə Paris şəhərində keçirilən
Paris Sülh Konfransı zamanı baş tutdu. Paris
Sülh Konfransında əldə edilən diplomatik uğurun nəticəsi
olaraq 1920-ci ilin əvvəllərində Bakıda Fransanın
nümayəndəliyi açıldı. Azərbaycan
Xalq Cümhuriyyətinin maliyyə yardımı ilə 100 nəfərə
yaxın tələbə Avropa ölkələrinə təhsil
almağa göndərildi ki,onlardan 42 nəfəri Fransanın
müxtəlif şəhərlərində təhsil
almışdır.
AXC-nin
süqutu nəticəsində mühacirlərin çox hissəsinin
Fransaya üz tutması Azərbaycan-Fransa mədəni əlaqələrinin
inkişafına təsirsiz ötüşməmişdir. Fransada mühacirətdə olan azərbaycanlılar
mədəni əlaqələrin inkişaf etməsinə
ciddi təşəbbüskarlıqla yanaşaraq, ölkədə
Azərbaycan mədəniyyətini tanıtmağa səy
göstərirdilər.
1925-ci ildə Parisdə fransız dilində
“Arşın mal alan” komediyası
tamaşaya qoyuldu. Komediyanı fransız dilinə
Ceyhun Hacıbəyli tərcümə etmişdi. Parisdə “Azərbaycan” adlı jurnalın nəşr
edilməsi də mühüm mədəni hadisələrdən
biri idi. Jurnal “Müsavat” Partiyasının
nəşri kimi 1926-cı ilin oktyabrından çapa
başlamışdı.
1925-ci
ilin 4 iyununda Parisdə təhsil alan azərbaycanlı tələbələrin
səyi nəticəsində şəhərin Femia Teatrı səhnəsində də
fransız dilində “Arşın mal alan” komediyası təkrar
tamaşaya qoyuldu. Parisdə İren xanım kimi
tanınan Ümmül Banunun Fransa – Azərbaycan mədəni əlaqələrinin
formalaşmasında xüsusi rolu olmuşdur. Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin ticarət naziri Mirzə
Əsədullayevin qızı Ümmül Banu hələ 19
yaşında ikən (1924-cü ildə) Fransaya getmişdi.
Fransızca yazan müəllif xalqı, doğma
mədəniyyəti haqqında avropalıları məlumatlandırırdı.
Onun “Qafqaz günləri”, “Yad Fransa”, “Paris
günləri” əsərləri fransızlara çox
yaxşı məlumdur. Lakin Sovet hakimiyyətinin kapitalist dövlətlərlə
“çərçivələnmiş siyasəti” Fransa ilə
mədəni əməkdaşlıqda da özünü bariz
şəkildə göstərirdi. Sovet
hakimiyyətinin ilk çağlarında Azərbaycan - Fransa mədəni
əlaqələri sahəsində yazıçılarla
görüş, mübadilə formalarına daha çox
üstünlük verilirdi.
Məşhur fransız yazıçısı Anri
Barbüsün 1927-ci ildə Azərbaycana gəlişi Azərbaycan
– Fransa mədəni əlaqələrinin yeni kontekstdən
inkişafında mühüm rol oynadı. Bakı haqqında təəssüratlarını
görkəmli yazıçı özünün “Neft ölkəsində”
adlı məqaləsində bu şəkildə ifadə
etmişdir: “Əgər məndən sovet hakimiyyətinin həyata
keçirtdiyi, yaratdığı ən təəccüblü,
heyranedici işləri haqda soruşsalar, onda mən belə
cavab verərdim: Bakıya baxın!”.
Fransanın ictimai xadimi Andre Malro da Fransanın mədəniyyət
işləri üzrə dövlət naziri kimi Azərbaycan –
Fransa arasında mədəni əməkdaşlığın
hökumətlərarası və dövlətlərarası
səviyyədə inkişafına mühüm töhfələr
vermişdi.
Əhmədiyyə
Cəbrayılov, Mirzəxan Məmmədov, Hüseyn Rza Məmmədov
və bunlardan başqa 30-a yaxın həmyerlimizlə
fransız əsgərləri arasındakı hərbi
işgüzar münasibətlər II Dünya müharibəsindən
sonra hər iki ölkənin siyasi, iqtisadi, eləcə də
mədəni əlaqələrinin davam etdirilməsinə
çox böyük təsir göstərmişdir. II Dünya müharibəsindən sonra Fransada Azərbaycan,
onun qədim mədəniyyətinin öyrənilməsinə
maraq gücləndi. Elə bu illər
Fransanın “Vedi Kartlisa” adlı jurnalında Azərbaycan
ensiklopediyasının nəşri haqqında məlumat
yayımlanmışdı.
Tarixi faktlar Azərbaycan – Fransa mədəni əlaqə
elementlərinin qədim olduğunu sübut etsə də, bu əlaqələrin
dinamik inkişafı yeni tarixi dövrdə baş
tutmuşdur. Fransa Azərbaycanın müstəqilliyini
ilk tanıyan dövlətlərdəndir (31 dekabr 1991-ci il) və öz səfirliyini Bakıda 1992-ci ildə
açmışdır. İkitərəfli əlaqələr
çoxsaylı səfərlərlə zəngindir. Ulu öndər Heydər Əliyev və Prezident
İlham Əliyev dövlət başçısı kimi ilk
səfərlərindən birini məhz Parisə etmişlər.
Azərbaycan Fransanın Cənubi Qafqazda əsas
ticarət tərəfdaşıdır. Fransa
ilə ticarət dövriyyəmiz iki milyard dollara
yaxınlaşır. Azərbaycanın ilk
milli telekommunikasiya peykinin orbitə buraxılması Fransa ilə
Azərbaycan arasında kosmik əməkdaşlığın
da yaranmasına təkan vermişdir. “Azerspace-1” peyki Fransanın Arianespace şirkəti
tərəfindən Fransız Qvianasında yerləşən
Kuru Kosmodromundan Ariane-5 raketdaşıyıcısı ilə
orbitə çıxarılmışdır.
Heydər Əliyev Fondunun
Azərbaycan – Fransa mədəni-humanitar
əməkdaşlığına töhfəsi
Son illər Fransa ilə Azərbaycan arasında mədəni-humanitar
əlaqələr yeni səviyyəyə yüksəlib. Bu əlaqələrin
inkişafında Azərbaycanın tərəqqisi, mədəniyyətinin
inkişafı və tarixinin tanıdılması istiqamətində
misilsiz fəaliyyət göstərən Heydər Əliyev
Fondunun rolu danılmazdır. Məhz
yarandığı andan etibarən fondun məqsədyönlü
fəaliyyəti nəticəsində Azərbaycan həqiqətləri
bu gün dünya ölkələrində yayımlanır.
Ölkəmizin siyasi, ictimai, mədəni mənzərəsi
yüksək səviyyədə təbliğ edilir. Fondun “Gerçək
Azərbaycan tarixi Azərbaycan dünyəvi Azərbaycan” prinsipial
təməllərinə əsaslanmaqla
reallaşdırdığı müxtəlif səpkili fəaliyyət
qarşıya qoyulan missiyanın uğurlu tətbiqi və təsdiqi
göstəricisidir.
Bu gün
Fransanın ali məktəblərində
yüzlərlə azərbaycanlı tələbə təhsil
alır. Bir çox Fransa universitetində Azərbaycan
dili və tarixi tədris olunur. Eyni zamanda,
Azərbaycanın paytaxtı Bakıda fransız liseyi fəaliyyət
göstərir. Azərbaycan dövləti Luvr muzeyində İslam
İncəsənəti Departamentinin yaradılmasında
iştirak etmişdir. Heydər Əliyev
Fondu Luvr, Versal Sarayı, Strasburq Kafedral Kilsəsi və digər
bir çox tarixi abidələrin bərpasında xüsusi rol
oynamışdır.
Fondun Azərbaycan mədəniyyətinin Fransada
tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə
həsr etdiyi silsilə tədbirlər olduqca əhəmiyyətlidir.
Heydər Əliyev Fondunun dəstəyi ilə
Fransanın paytaxtında və iyirmidən çox şəhərində
Qafqazın mirvarisi olan Azərbaycanın mədəniyyətini
təmsil edən sərgilər, konsertlər və digər tədbirlər
keçirilib. Parisdə dahi Azərbaycan
şairləri Nizami Gəncəvi və Məhsəti Gəncəvinin
həyat və yaradıcılığına həsr
olunmuş elmi konfranslar keçirilib. Miluz
şəhərinin Yuxarı Alzas Universitetinin filologiya
fakültəsinin konfrans zalı Heydər Əliyev Fondunun dəstəyi
ilə tamamilə yenidən qurulub və zala Məhsəti Gəncəvinin
adı verilib.
Fond tərəfindən Fransanın müxtəlif
bölgələrində mədəniyyətimizi tanıdan Azərbaycan
günləri keçirilməkdədir. Bu layihə çox
böyük uğurla Reyms və Şampan şəhərlərində
başlayıb və
hər il də ənənəvi şəkildə
davam edir. 2012-ci
ildə Parisdə Azərbaycanın ilk mədəniyyət mərkəzinin
binası istifadəyə verildi. Belə bir mərkəzin ilk
dəfə məhz Parisdə açılması təsadüfi
seçilməmişdi . Çünki Paris təkcə
Fransanın yox, demək olar, bütün dünyanın mədəniyyət
paytaxtıdır. Parisin mərkəzində
- Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan
Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin
paytaxtında təbliğ olunması istiqamətində
atılan ən mühüm addımlardan biridir.
Xüsusi əhəmiyyəti ilə seçilən bu mərkəz
mədəniyyətlərarası və sivilizasiyalararası
dialoq nöqtəsi kimi seçilən Azərbaycanın ən
yüksək səviyyədə tanıdılmasına xidmət
edir. Ölkəmizin qədim və zəngin
tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda
təqdim edildiyi mərkəz Azərbaycan mədəniyyətinin
tanıdılması baxımından fəaliyyətin rəsmiləşdirilməsinə
də böyük imkanlar açır.
Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
artıq 3 ildir ki, keçirilən Azərbaycan Mədəniyyət
Günləri çərçivəsində hər il
dünyanın ən seçilən festivallarının təşkilatçısı
olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhəri
tarixi zəngin mədəniyyətimizin nümayişinə ev
sahibliyi edir. Özündə antik və
müasir dövrün sintezini yaşadan Azərbaycan incəsənəti
fransızlara təqdim olunur. Bu tədbir
dünya mədəni irsinə əvəzedilməz töhfələr
vermiş Azərbaycan mədəniyyətinin tanıdılması
və təbliği baxımından əhəmiyyətli rol
oynayır.
Dünya mədəni irsinin ayrılmaz tərkib hissəsi
olan Azərbaycan muğamı və klassik musiqilərimiz daim
Fransa musiqisevərlərinin diqqət mərkəzində
olmuşdur. 1999-cu ildə Fransada keçirilən Beynəlxalq
festivalda Azərbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər
və dirijor, Xalq artisti R.Abdullayev) ifasında Ü.Hacıbəyli,
Q.Qarayev və F.Əmirovun əsərləri uğurla ifa
edilmişdir. Fransanın İl-de Frans regionu tərəfindən
1976-cı ildən
etibarən keçirilən məşhur mahnı
festivalı ənənəvi
xarakter daşıyır.
2013-cü il sentyabrın 7-dən
oktyabrın 13-dək davam edən festivalda
muğamlarımızın və xalq
mahnılarımızın Alim Qasımov və Fərqanə
Qasımovanın ifasında tamaşaçılar tərəfindən
həvəslə dinlənilməsi mədəniyyətimizin
Fransada kifayət qədər tanınmasının, muğama
olan rəğbətin göstəricisidir.
Hər il Heydər Əliyev Fondu tərəfindən
Fransanın ayrı-ayrı şəhərlərində təşkil
olunan Azərbaycanın klassik musiqi gecələri də
böyük marağa səbəb olur. Ölkəmiz
barədə kifayət qədər, yaxud düzgün
informasiyaya malik olmayan hər bir Fransa vətəndaşı
klassik musiqimizi dinlədikdən sonra Azərbaycan mədəniyyəti
barədə tamamilə yeni və zəngin təəssüratlara
sahib olur.
Son illər ərzində Azərbaycanın və
Fransanın 12 şəhəri arasında əməkdaşlıq
və dostluq haqqında saziş imzalanıb. Belə əlaqələr
ölkələrimizi, xalqlarımızı daha yaxşı
tanımağa imkan yaradır, iqtisadi və humanitar sahələrdə
əlaqələrin inkişafı üçün yeni
imkanlar açır.
Artıq ənənə halını almış Fransa
– Azərbaycan biznes forumu, 2015-ci ilin noyabrında Gəncə
şəhərində keçiriləcək Fransa – Azərbaycan
Regionlararası Əməkdaşlıq Forumunun birinci
iclası da ölkələrimiz arasında olan əməkdaşlığın
inkişafına güclü təkan verəcək.
2011-ci ildə
keçmiş Fransa Prezidenti Nikola Sarkozinin ölkəmizə
rəsmi səfəri çərçivəsində Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın Fransa
Respublikasının “Şərəf Legionunun Zabiti” dövlət
ordeni ilə təltif olunması, bütövlükdə, Azərbaycan
– Fransa humanitar mədəni əlaqələrinin qiymətləndirilməsi
idi. 2015-ci il sentyabrın 3-də Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva Yelisey Sarayında Fransa Prezidenti Fransua Ollandla
görüşü ölkələrimiz arasında ikitərəfli
əlaqələrin uğurlu inkişafının göstəricisidir.
Fransada fəaliyyət
göstərən Ərəb Mədəni İrs Mərkəzi
və Misirin “Nefertiti media productions” şirkətinin birgə
keçirdiyi sorğunun nəticəsinə görə, Heydər
Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva 2014-cü ilin
“Ən nüfuzlu qadını” adına
layiq görülmüşdü. Bu, əslində,
Heydər Əliyev Fondunun, ümumilikdə isə Azərbaycanın
yeritdiyi humanitar-mədəni siyasətin qiymətləndirilməsidir.
Azərbaycan bütün dini etiqadları və etnik
azlıqları təşviq etməklə dinlərarası,
millətlərarası dialoqun kəsişdiyi bir məkan kimi
öz varlığını təsdiqləmişdir. Azərbaycan
daim müxtəlif din və millətlərin
qarşılıqlı anlaşma şəraitində
yaşadığı bir dövlət modelini sərgiləmişdir. Hər bir tarixi
situasiyada Azərbaycan dünyaya tolerantlıq üzərində
qurulmuş siyasi portretini nümayiş etdirə bilmişdir.
Azərbaycanda bütün dinlərə mənsub
insanların sərbəst şəkildə öz
inanclarına etiqad etməsinə, bütün millətlərin
nümayəndələrinin ölkənin bərabərhüquqlu
vətəndaşı qismində hüquq əldə etməsinə
lazımi şərait yaradılmışdır. 2005-ci ildə Heydər Əliyev Fondu
Strasburq Kafedral Kilsəsinin bərpasına maliyyə
yardımı göstərib. Fond Fransanın
müxtəlif regionlarında qədim kilsələrin bərpasında
iştirak edir. Aşağı Normandiya
regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına
fond öz dəstəyini göstərib. Bütün
bunlar sülh, dözümlülük, humanizm dəyərlərinin
təbliği və təşviqinə, xalqlararası və
dinlərarası əlaqələrin möhkəmlənməsinə
xidmət edir.
Təsadüfi
deyildir ki, bu gün Azərbaycanın adı dünyanın ən tolerant ölkələri
sırasında çəkilir, dözümlülük məkanı
olaraq xarakterizə olunur. 2015-ci il 4 sentyabr tarixində dünya
şöhrətli fotoqraf Reza
Deqatinin “Azərbaycan tolerantlıq ölkəsi” adlı
fotosərgisi, 8 sentyabr tarixində təşkil olunan Parisdə
“Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti”
mövzusunda konfrans bu sadalananların əyani şəkildə
göstərilməsinə imkan yaratdı.
Milyonlarla
ziyarətçisi olan Luvr muzeyinin qarşısındakı məşhur
“Pale Royal” meydanında “Azərbaycan şəhərciyi”nin təşkili həm Paris sakinləri, həm
də bu şəhərə gələn turistlərin ölkəmiz
haqqında dolğun məlumat ala bilməsinə imkan
yaradır. Şəhərciyin təşkilində
əsas məqsəd də Azərbaycanın xaricdə daha
yaxşı tanıdılmasını, Fransada və onun
paytaxtında bununla bağlı təbliğat xarakterli tədbirlərin
davamlılığını təmin etməkdir.
Azərbaycan – Fransa münasibətlərinin
inkişafında parlamentlərarası əlaqələrin də
mühüm rolu vardır. Fransada bu il
yanvarın 22-də Fransa və Azərbaycan mədəniyyət
mərkəzlərinin yaradılması və fəaliyyətinin
şərtləri haqqında hökumətlərarası
müqavilənin ratifikasiyası məhz parlamentlərarası
dostluq qrupunun fəaliyyətinin nəticəsidir. Müqavilə ikitərəfli mədəni əlaqələrin
möhkəmləndirilməsini daha da sürətləndirəcək.
Hər iki dövlətin mədəniyyət mərkəzləri
səfirliklərin tabeliyində fəaliyyət göstərəcək
və hüquqi statusa malik olacaqlar.
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
Heydər Əliyev Fondu tərəfindən bir sıra
genişmiqyaslı layihələrin həyata keçirilməsi
milli mədəniyyətimizin inkişafını intensivləşdirərək
mənəvi irsimizin mühafizəsinə, Azərbaycan mədəniyyətinin
özünəxas unikallığının qorunmasına və
bütün dünyada tanınmasına töhfə verir. Xüsusilə,
erməni lobbisinin üstünlük təşkil etdiyi, antiazərbaycan
təbliğatının güclü olduğu Fransada belə
mötəbər tədbirlərin həyata keçirilməsi
Azərbaycanın real və qərəzsiz
tanıdılmasına imkan yaradır. Çünki ən
yaxşı təsir vasitəsi məhz mədəni təbliğdir.
Heç bir sərhəd və çərçivəyə
sığmayan mədəniyyət müxtəlif əqidəli
və irqli insanları bir yerə toplayan ən yaxşı
ünsiyyət vasitəsidir. Ölkəmizin zəngin
mədəniyyəti və incəsənəti Azərbaycanın
dünyada layiqincə tanınmasına imkan yaradır.
Nailə MƏMMƏDOVA,
“Azerbaijan Realities”
analitik layihə qrupunun üzvü
Xalq qəzeti.- 2015.- 29 sentyabr.- S.3.