Yeni il
gülüşü
DAYAN, İZAH EDİM...
Yeni il qabağı
arvadla bazarı gəzirdik, xırda-mırda şeylər almaq
istəyirdik. Hamıya gün kimi aydındır ki, arvadla
bazara çıxdınsa, xırda-mırda şeylərdən
söhbət gedə bilməz. Gərək
cibində nə qədər pul varsa xərcləyəsən,
sonra arvadın sifarişləri bitə. Bazarı çox gəzməyə
ehtiyac qalmadı. Təsərrüfat malları satılan
köşkə yaxınlaşan kimi arvad əlini uzadıb bir
qozsındıran götürdü və satıcıdan
soruşdu ki, “bunun qiyməti neçəyədir?”
Satıcı başladı, nə başladı:
- Bacı, bir şeyi
almamışdan əvvəl fikirləş ki, nəyi
alırsan, aldığın şey harada istehsal olunub, tərkibi
nədir, keyfiyyəti necədir, başqasından nəylə
fərqlənir? Hə, baxıb görürəm bilmirsən.
Onda icazə ver, izah edim...
Satıcının
izahı çox uzun çəkdi. Sübut elədi ki,
arvadın götürdüyü qozsındıranın bir
qara qəpik də qiyməti yoxdur, o biri yaxşıdır.
Doğrudur, o biri qozsındıran baha idi, amma satıcı elə
təriflədi ki, istədik ikiqat pulunu verək. Xülasə,
aldıq. Arvad bu dəfə əlini
qazana uzatdı. Satıcı o dəqiqə dilləndi:
- Dayan, izah edim.
Yenə başladı:
- Bu qazan tez pas atır. Sən gəl, bu
biri qazan dəstini al. Düz altı ədəddir. Görürsən, necə par-par parıldayır.
Ömürlükdür. Özün
işlət, sonra qızlarına ver. Almaniyadan gətirilib.
Xeyli pul verib bu qazan dəstini də
aldıq. Bu dəfə arvad stəkan-nəlbəkiyə
tərəf baxmaq istəyirdi ki, satıcı bunu “göydə
tutub” dilləndi:
- Bacı, alma bu stəkan-nəlbəkini.
Niyə? Dayan, izah edim. Görürəm abırlı adamlarsınız.
Bunlar yerli maldır, qonaq-qara qabağına da
qoyulası deyil. Bax bacı, bunları al,
xaricdən gətirilib. O biriləri isti su dəyən
kimi sınır, bunlar isə sınan deyil. Nə
olsun, bahadır.
Stəkan-nəlbəkini də aldıq. Arvad elektrik
çaynikinə əlini toxundurmuşdu ki, satıcı tez
“qarşısını aldı”:
- Dayan, izah edim. Bacı, bu çayniklər
yaxşı deyil. Elektrik
qızdırıcısı tez paslanır. Siz bu birini götürün. Türk
malıdır. Baha da olsa, ömrü
uzundur.
“Türk malını” da aldıq. Sonra satıcı izah eləyə-eləyə bizə
bıçaq dəsti, ət baltası, küftə
kasaları - bir sözlə, evə lazım olan çox
şey satdı. Axırda arvad nəyi isə almaq istəyəndə
dedim “daha bəsdir”. Satıcı yenə dilləndi:
- Dayan, bunu da izah edim ki, sən kişi
xeylağısan, belə şeylərdən başın
çıxmaz. Qoy arvad nə istəyir,
alsın.
- Havayı satırsansa, qoy alsın.
- Havayı niyə, a qardaş?!
- Dayan, izah edim: “Pul qurtardı!”
DÜZƏLƏR,
BAXARIQ...
- Dayı, mənə bir vəzifə...
- Düzələr...
- Əmioğlunun işi cəncələ
düşüb...
- Düzələr...
- Mənim maşın məsələm...
- Baxarıq...
Dayımın bu “düzələr”,
“baxarıq” kəlmələri nəinki məni, bütün qohum-əqrəbanı
boğaza yığmışdı. Peşman olursan deyəsən,
“a, kişi, filan iş görülməlidir”,
kişi heç vecinə almayacaq, ağır-ağır dillənəcək:
“Baxarıq...”
Bir gün dayım oğlu evə gec gəldi. Başı çiynində durmur,
ayağı-ayağına dolaşırdı. Arvadı
kəsdirdi dayımın başının üstünü
ki, bəs bu gədəyə bir az
öyüd-nəsihət versin, hədə-qorxu gəlsin.
Dayım sakitcəsinə: “Baxarıq”, - dedi.
Bir dəfə belə, iki dəfə belə, axırda
arvadı xəbər verdi ki, xuliqanlıq
üstündə “uşağı” tutublar. Dayım heç
tövrünü pozmadı, oğul heç onun deyilmiş
kimi dilləndi:
- Düzələr...
Dayımın bu “təmkini” çox yerdə
bizə “baha” başa gəlib. Çox
vaxt gedəcəyimiz yerlərə gecikməli olmuşuq.
Bir də görürsən avtobusda, metroda
basabasdır. Soruşuruq: “a, kişi, bu basabasdan
canımız nə vaxt qurtaracaq? O, “basabasa” tamaşa edə-edə
dillənir:
- Düzələr...
Amma, heç nə düzəlmir. Dayım nə “baxacağına” baxırdı, nə
də “düzələri” düzəlirdi.
Heç demə, dayım iş yerində də belə
sözlərlə müdirini aldadırmış. Müdir
çağırıb bir iş tapşıran kimi
deyirmiş:
- Baxarıq... Düzələr...
Bir dəfə kişi evə
qanıqara gəldi. Səbəbini soruşanda dedi:
- İşdən çıxarıblar!
Evdəkilərin hamısı bir-birinin
üzünə baxdı. Sonra hamımız
birağızdan dilləndik:
- Düzələr...
Dayım heç nə başa düşmədi,
yazıq-yazıq soruşdu:
- Bəs, bunun axırı necə olacaq?
Yenə xorla dilləndik:
- Baxarıq...
ZƏMANƏNİN
ATA NƏSİHƏTİ
Əziz, istəkli oğlum! Mən bu
dünyada çox pis yaşayıram. Ona
görə pis yaşayıram ki, heç zaman vəzifəm
olmayıb. O vaxt Kommunist Partiyasının üzvü
deyildim. Hakim partiyanın üzvü olmayanlara
da, özün bilirsən, vəzifə verməzdilər.
Mənim bədbəxtliyimə bax ki,
bütün nəslimizdə həmin partiyanın bircə
üzvü olmayıb. Heç olmasa, nəslimizdə bir
adam vəzifədə olsaydı,
bütün nəslimizi dolandırardı. Sən
vəzifəni nə bilmisən?!
Atan qurban, indiki ağlım onda
olsaydı, bilirsən nə olardı? O vaxt elə hey
deyirdilər ki, get, Leninin əsərlərini oxu. Əlli beş cild əsərləri oxumaqdan gözlərimin
qarası getdi. Heç kim pul-para
qazanmağın yolunu göstərmədi. Pul-para
qazanan kasıb-kusuba da çox pis baxırdılar. Kimin
yaxşı evi-eşiyi vardı, deyirdilər oğrunun,
quldurun biridir! Əyninə bir kostyum alanda da
soruşurdular ki, hansı pulla almısan? Amma özlərinin
hər şeyi vardı... Ümumiyyətlə,
bu soruşanlardan bir soruşan gərək idi ki, bəs sən
özün aldıqlarını haradan almısan?
Allah kasıbı bədbəxt
yaradıb. Bir qalstuk da alanda soruşurdular: “pulu haradan
almısan?”
Mənim balam, vallah-billah, indiki dövr
yaxşıdır. Pulun varsa, get dənizin lap
ləpədöyən yerində villa tikdir. Heç kim sənə bir söz deməz. Heç deməli də deyil. Amma
belə-belə şeylərə mənim pulum çatmır.
Çünki heç zaman vəzifəm
olmayıb. İndi də mənə vəzifə
verməzlər. Deyərlər ki,
ağlın olsaydı, o zaman ölkəyə ağalıq edən
partiyanın üzvü olardın.
Oğlum, sən mənim yolumu getmə. Mütləq partiyaların birinə üzv yazıl.
Gör ölkəmizdə nə qədər partiya var! Birinə yazıla bilməsən, get o birinə
yazıl. Qorxma, heç bir çətinlik-filan
olmayacaq. Çoxu yalvarır ki, gəl, mənim partiyama
üzv ol...
Bir partiyaya ki, yazıldın, siyasətçi
olacaqsan. Gərək siyasətçi
olduğunu göstərəsən. Qulağında
qalsın, başqaları səni yıxmamış, sən
onları yıxmağa çalış. Onlar
haqqında pis rəy yaratmağa, “donos” uydurmağa, şayiə
yaymağa giriş. Müsbət nəticəsini görəcəksən...
Canım, ciyərim! Üzüyola ol.
Nə desələr de ki, baş üstə.
Sənə yaltaq desələr, vecinə alma.
Çünki heç bir zamanədə
yaltaqlara dəyib-toxunan olmur. Onların şəltəsi
hər yerdə yaxşı işləyir...
Oğlum, sən mənim yeganə balamsan. Həyatda yaxşı yaşamağın
üçün sənə çox məsləhətlər
verərdim. Amma onları yazsam, bir romandan
böyük çıxar. Bircə onu demək
istəyirəm ki, mənim kimi avam olma.
Nə eləyirsən elə - istəyirsən partiya
üzvü ol, istəyirsən partiya yarat, istəyirsən
kiminsə qabağında ikiqat əyil, istəyirsən vəzifə
tutub əliəyrilik elə, bunların heç kimə dəxli
yoxdur, təki, yaxşı yaşamağı bacar! Bir mahnı var ey, “Həyat yaşamağı
bacaranındır”.
BACIOĞLUNUN
BACIOĞLUSU
Ələmdarın dayısından əziz
adamı yox idi dünyada. Ata-ana,
qardaş-bacı, qohum-əqrəba onun üçün bir yana idi, dayısı bir yana. Niyə?
Onu bir Ələmdar bilirdi, bir də
dayısı. Ələmdar həmişə deyərdi:
- Dayımın canı sağ olsun!
Ucundan-qulağından
dayı-bacıoğlu əhvalatından bizim də xəbərimiz
var.
Ələmdar orta məktəbi fərqlənmə
diplomu ilə bitirdi - dayısına görə. İstədiyi universitetin istədiyi fakültəsinə
daxil oldu - dayısına görə. Məşğələlərə
gah gəldi, gah gəlmədi, semestrlərin axırında da
hamıdan yüksək qiymət aldı - dayısına
görə. Belə-belə kursdan-kursa
keçdi, universiteti qırmızı diplomla bitirdi -
dayısına görə.
Onu arzuladığı vəzifəyə
göndərdilər - dayısına görə.
Yedi-dağıtdı, gözün
üstündə qaşın var deyən olmadı – Ələmdara
- dayısına görə.
Vaxt oldu, öz bacısı oğluna
dayılıq eləmək istədi Ələmdar. Dayısından nə götürmüşdüsə,
yavaş-yavaş həyata tətbiq etdi.
Bacısı oğlu böyük vəzifə
sahibi olacaqdı - dayısı Ələmdara görə. Amma olmadı, ilişdi. Ələmdarı
da vəzifədən qovdular.
İndi bacısı oğlu deyir:
- Məni qovdular - dayıma görə.
Heç demə, Ələmdarı bacısı
oğlundan əvvəl qovublarmış vəzifədən...
ALLAH
BƏRƏKƏT VERSİN!
Nağaraçalan Qulunu şəhərdə
tanımayan az tapılardı. Toylarda, şənliklərdə çalanda camaat
onun barmaqlarının tamaşasına yığılar, əllərinin
gözəgörünməzliyinə heyrətlənərdilər.
Qulu son zamanlar nağara
çalmırdı. Keçmişdi balabana.
Səbəbini soruşanda deyirdi:
- Qocalmışam, daha əllərimdə güc
qalmayıb...
Bir gün Qulu küçədən
keçəndə çalğı səsi eşidir. Səs gələn tərəfə gedəndə
görür toy məclisi qurulub, musiqiçilər də
oturublar məclisin yuxarı başında. Ətrafa nəzər salır, gözünə
tanış-biliş görünmür. Keçir
oturur musiqiçilərin yanında. Şabaş
verəndə Qulunu tanıyanlardan biri on manat
çıxarıb onun döş cibinə basır.
Qulu iki barmağı ilə cibindən pulu
çıxarıb dillənir:
- Ala, mən on manata çalan cayıllardan deyiləm,
bildün?
Həmin adam deyir:
- Ay Qulu, görürsən ki, toyu çalan başqa
musiqiçilərdir. Mən səni
tanıdığım, hörmət elədiyim
üçün o pulu verdim.
Qulu bir pula baxır, bir də həmin adama:
- Hə? Onda Allah bərəkət versin! - deyib, pulu qoyur cibinə.
TƏRİFLƏ,
BAŞDAN ELƏ!
A kişilər, belə də dərd olar
mən düşmüşəm? Heç
düşmənimə də arzulamaram ki, işlədiyi idarədə
müdirinin gözündən düşsün. Mənə elə gəlir ki, dünyada ondan pis
şey yoxdur. Nə yaxşı işini
qiymətləndirir, nə də səni danlamaqdan yorulur.
Bəli, müdirin gözündən
düşdüyümə görə əlaltından iş
axtarırdım. Razı idim, azmaaşlı işə gedim, təki
onun sifətini görməyim...
Çox soraqlaşdım, axırı bir iş
tapdım. Amma qorxu canımı aldı ki, təzə iş
yerindən zəng vurub haqqımda köhnə müdirdən
soruşsalar, o ki var deyəcək, məni gözdən
salacaq. Amma qoy olsun - deyib, yeni işə girmək
üçün ərizə verdim.
Təzə direktor əmrimi verməmişdən
əvvəl söhbət üçün məni yanına
çağırtdıranda canıma üşütmə
düşdü. Qorxa-qorxa qəbula getdim.
Qapıdan içəri girəndə gözlərimə
inanmadım. Direktor məni görən
kimi gülümsədi, oturmaq üçün hörmətlə
yer göstərdi. Sonra sözə başladı:
- Müdiriniz sizdən çox razılıq edirdi...
Doğrusu, bu sözləri eşidəndə
elə bildim ki, təzə direktor məni ələ salır. O, davam etdi:
- Bacarıqlı, işgüzar adam
olduğunuzu söylədi. Bizə məhz sizin kimi
işçilər lazımdır...
O gündən təzə idarədə işləyirəm.
Direktor da mənə çox hörmət bəsləyir.
Amma ha fikirləşirdimsə, keçmiş
müdirimin məni niyə təriflədiyini başa
düşə bilmirdim. Nəhayət, əhvalatı
olduğu kimi iş yoldaşıma danışdım. O
gülümsəyib dedi:
- A kişi, bəs adamı necə
başdan eləyərlər? Bilmirsən ki, bəzi idarə rəhbərləri
başdan eləmək istədikləri işçilərdən
tərifli sözlərlə canlarını qurtarırlar!
ZƏMANƏ
DƏYİŞİB, YA BİZ?
İndiki zəmanədə sakit
yaşamaq çox çətindir. Niyə?
Ona görə ki, zəmanə yaman dəyişib.
Keçmişdə, Kommunist Partiyasının
dövrünü deyirəm ey, kimin həddi nə idi
böyük vəzifəlinin qarşısında deyəydi
ki, mən də varam. Adamın
atasını yandırardılar, ağzını
cırardılar.
İndi dünənki uşaq
demokratiyanı əldə bayraq eləyib
çatdığına çatır,
çatmadığına bir daş atır. Deyir, kefim belə istəyir. Daha
böyük-kiçik qalmayıb. Aləm
qarışıb bir-birinə. Siyasətçi
olmayan düşüb ortalığa ki, mən də siyasətçiyəm.
Ömründə beş-altı adama
başçılıq etməyənin biri
çığır-bağır salır ki,
başqalarından nəyim əskikdir, mən də prezident
olmaq istəyirəm. Ona deyirlər ki, bala, prezident olmaq istəyirsən
get, bir şirkət aç, ol həmin şirkətin
prezidenti. O qədər belə prezident var ki! Deyir,
yox ey, mən lap böyük prezident olmaq istəyirəm.
Buna döz görüm, necə dözürsən?
Az qalır, deyəsən, zalım
balası, get ol, görüm, necə olursan?
Bir də görürsən, birinə bir
vəzifə verirlər, başlayır ki, bu vəzifə mənə
layiq deyil, daha böyüyünü verin. Vermədilərsə, aləmi qatır bir-birinə.
Bilmirəm, bu vəzifədə nə
görüblər?! Adamdan soruşarlar ki,
bala, vəzifəyə xalqa xidmət üçün gedirsən?
Elə bilirsən vəzifə yaxşı
şeydir? Onun sözünü götür, bunun
sözünü götür... Görmürsən,
vəzifədən çıxandan sonra çoxlarını
infarkt vurur. Elə bilirsən ki, vəzifədə
olanda millət üçün əriyib çöpə
dönmüşdülər?
Bu qəzetlər bəzən bir adamı
o qədər tərifləyirlər ki, o da elə bilir ki,
doğrudan da dahi adamdır. Başlayır
böyük iddialara düşməyə. Deyir, mən
böyük adamam, mənə də vəzifə verin! Vəzifə
verənlərin halına yanıram ey... Bu qədər
adama vəzifəni haradan tapsınlar?!
İndi əli qələm tutan qəzet
buraxır. Daha fikirləşmir ki, bu qəzetlərin
çoxu bir çürük qoza dəymir.
Hərdən mənəvi tərbiyədən-zaddan
danışırıq. Arif Ələkbəroğlu
adlı bir qonşumuz var. Rusiyaya alverə gedib, bir rus
qızı alıb, adını da dəyişib eləyib Alik
Aleksandroviç. Özü də gedib kilsəyə
xaç suyuna çəkilib, olub xristian. Bunun
başına kül olsun, o da demokratiyadan danışır!
...Bunların hamısını yazsam, qalın-qalın
kitablara sığmaz. Görəsən, zəmanə
dəyişib, ya biz?
Xeyrəddin
QOCA,
yazıçı-jurnalist
Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.6.