Bakı Musiqi Akademiyası

illəri uğurla yola salır

 

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti və tələbələri 2014-cü ili bir sıra mühüm nailiyyətlərlə yola salır və 2015-ci ili çox gözəl ovqatla, böyük ruh yüksəkliyi ilə qarşılayırlar. 2014-cü il musiqiçilərimiz üçün olduqca uğurlu olmuşdur. Əslinə qalsa, təkcə bu il deyil, əvvəlki illərdə də uğurlarımız az olmayıb.

 

İlk növbədə bunu qeyd edim ki, “uğurlar” dedikdə təkcə musiqi təhsilindəki irəliləyişləri nəzərdə tutmuram. Şübhəsiz ki, vaxtilə Üzeyir bəyin təşəbbüsü ilə yaradılmış Şərqin ilk konservatoriyası - hazırda həmin dahi şəxsiyyətin  adını daşıyan Bakı Musiqi Akademiyası bu gün də yüksək ixtisaslı, ali savadlı  musiqiçi kadrlar hazırlayan aparıcı təhsil ocağı kimi olduqca səmərəli fəaliyyət göstərməkdədir, lakin nəzərə alsaq ki, bu gün Azərbaycanın bütün musiqiçi kollektivləri, xor və orkestrləri, teatrlarımızda çalışan musiqiçilərin böyük əksəriyyəti məhz bizim məzunlardır - həmin kollektivlərin uğurlarında bizim professor və müəllimlərimizin böyük payı olduğunu etiraf etməliyik, bunların əksəriyyətinə rəhbərlik edənlər də bizim professorlarımız və məzunlarımızdır. Dövlət Xor Kapellası, Dövlət Simfonik Orkestri, Teleradio Şirkətinin ifaçı kollektivlərinin, eləcə də OperaBalet Teatrı orkestrinin uğurlu fəaliyyətində, onların iştirakı ilə bu il keçirilən festivallarda, mühüm dövlət tədbirlərində, xüsusən də Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə təşkil edilən konsertlərdə bizim ən yaxşı tələbələrimiz və məzunlarımız müvəffəqiyyətlə çıxış etmişlər.

Biz həmişə akademiyamızda çalışan adlı-sanlı musiqiçilərimiz, dünya şöhrətli ifaçılarımız, dirijorlarımız və bəstəkarlarımızla fəxr etmişik. Onlar bizim tələbələrimiz üçün əsl örnəkdir. Bu il görkəmli sənətkar, SSRİ Xalq artisti, bəstəkarlıq kafedrasının müdiri Arif Məlikovun 80 illik yubileyini qeyd etmişik. Arif müəllimin dünya səhnələrini dolaşan “Məhəbbət əfsanəsi” baletinin Moskvanın Böyük Teatrında premyerası olmuşdur. Sentyabr ayında ənənəvi beynəlxalq Üzeyir Hacıbəyli festivalını keçirmişik. Yayda keçirdiyimiz ənənəvi Qəbələ festivalının da nüfuzu ildən-ilə artmaqdadır.

Artıq sirr deyil ki, bu gün Azərbaycan beynəlxalq aləmdə təkcə özünün maddi sərvətləri və iqtisadiyyatının güclü inkişafı ilə deyil, həm də yüksək səviyyəli musiqi mədəniyyəti ilə tanınır. Azərbaycan musiqisinin xarici ölkələrdə təbliğində akademiyamızda çalışan adlı-sanlı musiqiçi-pedaqoqlar fəal iştirak edirlər. Bir sıra professorlarımız bu il xarici ölkələrdə Azərbaycan musiqi mədəniyyətini ən yüksək səviyyədə təmsil ediblər. İtaliyanın Verona şəhərində dövlət səviyyəsində Azərbaycan musiqisinin qala-konserti keçirilirdi  ki, burada italyan orkestri Yalçın Adıgözəlovun idarəsilə çıxış edirdi. Yanvar ayında professorlarımız Yalçın Adıgözəlov və Yeganə Axundova İngiltərə və Macarıstanda çıxış etmişlər. Y.Axundova  Y.Adıgözəlovun idarə etdiyi London Kral Orkestrinin və Macarıstan Simfonik Orkestrinin  müşayiətilə çıxış etmişdir. Yeganə xanım həmçinin Rumıniyada akademiyamızın məzunu, Türkiyənin vokal ifaçısı Derya Ağca ilə birgə çıxış etmişdir. İstedadlı dirijorumuz Eyyub Quliyev Rusiyanın şəhərlərində MoskvaSankt-Peterburqun tanınmış orkestrləri ilə çıxış etmiş, V.Safonov Filarmoniyasında, Mixaylovski İmperator Opera Teatrında bir sıra tamaşalara dirijorluq etmiş, Qazaxıstanda Astana Filarmoniyasının simfonik orkestrixoru ilə çıxış etmişdir. E.Quliyevin idarəsilə ABŞ-da San Diyeqo Balet Teatrı və Qrosmont Simfonik Orkestrinin ifasında Q.QarayevinYeddi gözəl” baletinin premyerası baş tutmuşdur; Belarus Dövlət Akademik Musiqili teatrında isə F.Əmirovun “Min bir gecə” baletinin premyerası olmuşdur ki, burada da E.Quliyev dirijorluq etmişdir.

Üç il əvvəl akademiyamızın nəzdində beynəlxalq müsabiqələr laureatları və istedadlı musiqiçilərdən təşkil edilmiş kamera orkestri - “Baku Chamber Orchestrauğurla fəaliyyət göstərir. Bu ilin aprel ayında  həmin orkestr Yunanıstanın AfinaSaloniki şəhərlərində konsert proqramları ilə çıxış etmişdir. Sentyabrda isə orkestr Belçikanın BrüsselLommel şəhərlərində öz ifaçılıq məharətini göstərmişdir.

Akademiyanın rektoru kimi apardığım işin miqyasına və çətinliyinə baxmayaraq, mən də ifaçılıq fəaliyyətimi dayandırmamışam. Bu il Qəbələ festivalında Cənubi Koreyanın simfonik orkestri ilə çıxış etmiş, oktyabr ayında Daşkənddə Özbəkistan Simfonik Orkestrinin müşayiətilə çıxış edərək, F.Əmirov və E.Nəzirovanın “Ərəb mövzularında konsertini ifa etmişəm (dirijor Yalçın Adıgözəlovdur).Moskva virtuozları” orkestrinin müşayiətilə çıxış etmiş, Vyana Kamera Orkestri ilə Vaqif Mustafazadənin konsertini ifa etmişəm.  Varşavada Ukraynanın, Kişinyov şəhərində Moldovanın, Seulda Cənubi Koreyanın simfonik orkestrləri ilə çıxışlar etmişəm. Hər dəfə də Azərbaycan musiqisinin, bəstəkarlarımızın əsərlərinin necə rəğbətlə qarşılandığının və ifaçılıq sənətimizin də artıq beynəlxalq miqyasda şöhrət tapdığının şahidi olmuşam.

Sevindirici haldır ki, ildən-ilə beynəlxalq müsabiqələrdə bizim tələbələrin uğurları artmaqdadır. Bu il yetişdirmələrimiz xarici ölkələrdən sadəcə laureat adı ilə deyil, müsabiqələrin ən yüksək mükafatlarını almış qaliblər kimi qayıdıblar. Fortepiano fakültəsinin tələbəsi Tofiq Şıxıyev (professor O.Abasquliyevin sinfi) İtaliyadan Qran-Pri mükafatı ilə qayıdıb. Həmin professorumuzun digər tələbələri - Aynur Abdullayeva Türkiyədə, Fuad Əlizadə İtaliyada keçirilən müsabiqələrdə birinci mükafatlara layiq görülmüşlər. Pəri Elimbəyli İsveçdə keçirilən müsabiqədə birinci yer qazanıb. İtaliyada keçirilən müxtəlif beynəlxalq müsabiqələrdə Aslan Aslanov, Murad İbrahimov və Kənan Mayılovdan ibarət instrumental trio, eləcə də Qəmər Mahmudova, Sevinc Nəbizadə və Kənan Mayılov kimi tələbələrimiz birinci yerləri qazanaraq qalib olmuşlar. Türkiyədə tələbələrimizdən ibarət simli kvartet (Kənan Mayılov, Nəzrin Mustafazadə, Ziba Rəcəbli, Asim Xəlilov) birinci yerə çıxmışlar. 2014-cü ildə beynəlxalq müsabiqələrdə laureat adı qazanan tələbələrimizdən Asim Xəlilov,  Səbinə Orucova, Nigar Məmmədova və Aliyə Mahmudzadəni də qeyd etmək istərdim.

Əlbəttə, bu istedadlı tələbələrin belə bir səviyyəyə çatması öz-özünə baş tutmayıb. Onları yetişdirən müəllimlər - professorlarımız O.Abasquliyev, F.Qasımova, N.Abbaszadə, H.Əliyev, R.Babayeva, İ.Ağayeva, K.Neymanova, N.Rimazi, A.Rəhimova və M.Əhədzadənin böyük əməyini qeyd etməliyəm. Bu il Moskvada vokal ifaçılarının Müslüm Maqomayev adına beynəlxalq müsabiqəsi keçirilirdi. Həmin müsabiqədə akademiyamızın magistrantı Aytac Şıxəlizadə və hazırlıq kursunu bitirmiş Azər Rza üçüncü yerlaureat adını qazandılar.

Bu il dekabrın 22-də BMA-nın Böyük zalında istedadlı dirijor Fuad İbrahimovun idarəsilə kamera orkestrimiz möhtərəm Prezidentimizin ad günü şərəfinə möhtəşəm konsert proqramı ilə çıxış etmişdir. Mən də həmin konsertdə orkestrin müşayiətilə V.Mustafazadənin konsertini çalmışam. Dekabrın 25-də Opera Studiyamızın artistlərinin iştirakı ilə keçirdiyimiz böyük konsertİlham Əliyevin ad gününə həsr edilmişdi.

Mən akademiyamızın professor-müəllim heyəti adından möhtərəm Prezidentimizionun ailəsini, bütün Azərbaycan xalqını qarşıdan gələn 2015-ci il münasibətilə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edir, hamıya cansağlığı, uğurlar arzulayıram.

 

Fərhad BƏDƏLBƏYLİ,

Üzeyir Hacıbəyli adına Bakı

Musiqi Akademiyasının rektoru,

SSRİ Xalq artisti, professor

 

Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.2.