Azərbaycan: 2014-cü ilin

10 mühüm hadisəsinin işığında

 

Ölkəmizin dünya siyasətinə təsir imkanları artır

 

Hər ölkənin tarixinə cari il müxtəlif hadisələrlə düşür. Bir sıra dövlətlərdə ixtilaflar, hərbi toqquşmalar, üsyanlar və iqtisadi problemlərin kəskinləşməsi müşahidə edildi. Qlobal səviyyədə maliyyə böhranı hətta ən inkişaf etmiş dövlətləri belə silkələdi.

 

Azərbaycan isə tarixə qovuşmaqda olan ildə böyük uğurlara imza atdı. Ölkədə müxtəlif sahələr üzrə konkret proqramlar həyata keçirildi. Dövlət başçısının fəaliyyəti isə çox səmərəli oldu. Regionalqlobal xarakterli tədbirlərdə çıxışı zamanı ifadə etdiyi fikirlərlə Prezident İlham Əliyev Azərbaycan dövlətçiliyinin inkişafına çox böyük töhfələr verdi. Sosial-iqtisadi tərəqqinin davam etməsi, enerji təhlükəsizliyinin təmini istiqamətində atılan ciddi addımlar, cəmiyyətdə liberal dəyərlərin daha yüksək səviyyəyə qalxması kimi hallar 2014-cü ilin yaddaşlarda müsbət mənada qalacağını təsdiqləyir.

 

İnkişaf, sülh, demokratikləşmə və

təhlükəsizlik: Prezidentin təşəbbüsləri

 

2014-cü il bütövlükdə dünya üçün mürəkkəb bir dövr oldu. Müxtəlif regionlarda ixtilaflar gücləndi, maliyyə-iqtisadi böhran genişləndi. Azərbaycan isə belə bir çətin bir mərhələdə sosial-iqtisadi həyatda, dövlət quruculuğunda uğurlar əldə etdi, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirdi, bir sıra əhəmiyyətli layihələrin icrasına başladı. Ölkə rəhbərliyinin yeritdiyi uğurlu siyasət öz bəhrələrini verməkdədir. Bu kontekstdə 2014-cü ilin vacib hesab etdiyimiz 10 hadisəsini diqqətinizə təqdim etmək istərdik.

Hər şeydən əvvəl, onu vurğulayaq ki, 2014-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının 20 ili tamam oldu. 1994-cü ilin çox çətin günlərində ulu öndər Heydər Əliyevin güclü siyasi iradəsi nəticəsində reallaşan həmin layihə regionun geosiyasi mənzərəsini əsaslı şəkildə dəyişdi. Sevindiricidir ki, Prezident İlham Əliyevin cəsarətli və dərin düşünülmüş siyasəti 2014-cü ildə Azərbaycanda daha bir beynəlxalq enerji layihəsinin əsasını qoymağa imkan yaratdı. “Cənub qaz dəhlizi”nin reallaşması Azərbaycanın yeni neft strategiyasının təntənəsi idi. Bununla Xəzərdən tutmuş Avropaya qədər geniş bir məkanda enerji təhlükəsizliyinin təminində, regionun inkişafı və yeni beynəlxalq komandanın yaradılmasında ciddi addım atılmış oldu.

Artıq başa çatmaqda olan ilin yanvar ayında Prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakı çox mühüm hadisə oldu. Burada dövlət başçısı müxtəlif ölkələrin rəhbərləri ilə əhəmiyyətli danışıqlar apardı, böyük şirkətlərlə qarşılıqlı əlaqələr haqqında razılıqlar əldə etdi. Bu tədbir Azərbaycana maraq və diqqətin, onunla əməkdaşlıq etmək arzusunda olanların sayının xeyli artdığını əyani şəkildə sübut etdi.

Həmin aspektdə ölkə rəhbərinin digər bir beynəlxalq tədbirdə - Haaqada III Nüvə təhlükəsizliyi sammitində iştirakı və sammitin yüksək tribunasından çıxışı da ilin mühüm hadisələri sırasındadır. Davos Azərbaycanın iqtisadi sahədəki cəlbediciliyini təsdiq etdisə, Haaqa görüşü ölkəmizin nüvə təhlükəsizliyinin təmini üzrə imkanlarını ortaya qoydu. Sammitdə çıxışı zamanı dövlət başçısı burada məsələnin bütün tərəflərini dəqiq və dolğun ifadə etdi. Dünya bir daha  əmin oldu ki, Azərbaycan sülh və ədaləti dəstəkləyən dövlətdir.

Həmin məqam Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Praqada keçirilən növbəti sammitində bir daha öz təsdiqini tapdı. Burada Ermənistan prezidenti S.Sarkisyanın Türkiyəni ittiham edən bəyanatlarına Azərbaycan rəhbəri böyük cəsarət və məntiqlə cavab verdi. O, Türkiyənin tək olmadığını, bir ədalət tərəfdarı kimi qardaş ölkəni bu məqamda müdafiə etməyin zəruri olduğunu açıq bildirdi. İlham Əliyevin bu mövqeyi uzun müddət dünya mətbuatının diqqət mərkəzində oldu. Azərbaycan 2014-cü ildə regional əməkdaşlıq istiqamətində də ciddi addımlar atdı. Bu bağlılıqda Tbilisidə Türkiyə, Gürcüstan və Azərbaycan Prezidentlərinin üçtərəfli sammiti yaddaqalan hadisə oldu. Həmin görüşdə tərəflər regionda barışın, sülhün, təhlükəsizliyin təmini ilə yanaşı, enerji sahəsində də əməkdaşlığın da genişləndirilməsinin vacibliyini vurğuladılar.

Əslində, rəsmi Bakı daha geniş miqyasda əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu sırada Prezident İlham Əliyevin Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin IV zirvə toplantısı və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV sammitində iştirakı vurğulanmalıdır. Çinin Şanxay şəhərində keçirilən birinci tədbirdə Azərbaycan rəhbərinin çıxışı böyük marağa səbəb oldu. İlham Əliyev bütün tərəflərin bərabərhüquqlu iştirakına şərait yaradan əməkdaşlıq modelinin tərəfdarı olduğunu vurğuladı.

 

Liberal dəyərlər və dövlətçilik:

iki faktorun harmoniyası naminə

 

Türkdilli dövlətlərin keçirdikləri tədbirlərdə Azərbaycan Prezidenti daim maraqlı, aktualyeni təkliflərlə çıxış edir. Bodrumda keçirilən IV zirvə toplantısında İlham Əliyev türk dövlətlərinin əməkdaşlıq sahəsində geniş imkanlarının olduğunu bir daha ortaya qoydu, bunun üçün təşkilatlanma sahəsində yeni addımların atılmalı olduğunu vurğuladı.

2014-cü ildə dünyanın böyük dövlətlərinin başçılarının Azərbaycana maraqlarının artdığı müşahidə edildi. Fransa Prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri ikitərəfli əməkdaşlığın aktiv fazaya daxil olduğunu təsdiqlədi. Qloballaşan dünyanın mühüm güc və siyasət mərkəzlərindən biri kimi çıxış edən Fransanın rəhbəri rəsmi Parisin Azərbaycanı Cənubi Qafqazın ən aparıcı dövləti kimi nəzərdən keçirdiyini diqqətə çatdırdı, eyni zamanda, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlıqda maraqlı olduğunu bildirdi. Həmin sırada münaqişələrin həlli və enerji təhlükəsizliyi məsələsi xüsusi yer tutur.

Prezident İlham Əliyevin ölkənin ərazi bütövlüyünü təmin etmək istiqamətində 2014-cü ildə atdığı addımlar ayrıca vurğulanmalıdır. Bu nöqteyi-nəzərdən dövlət başçısının NATO-nun Uels sammitindəki iştirakı və çıxışı böyük əhəmiyyət kəsb edir. Həmin tədbirdə Şimali Atlantika Alyansı Azərbaycanın ərazi bütövlüyüsuverenliyini dəstəkləyən sənəd qəbul etdi. Bu, rəsmi İrəvana çox ciddi təsir göstərdi. Ermənistanın dövlət rəhbəri hətta NATO-dan incidiyini də ifadə etdi. Eyni zamanda, həmin tədbirin gedişində Prezident İlham Əliyev Ermənistan prezidenti və ABŞ dövlət katibi ilə birgə görüş keçirdi. Yüksək tribunadan öz sözünü deyən ölkə başçısı üçlükdə də mövqeyini tam ortaya qoydu. Dövlətimizin rəhbəri Soçidə, Nyuportda, Həştərxanda və Parisdə Ermənistan prezidenti ilə görüşlərində də kifayət qədər prinsipial mövqe nümayiş etdirdi. Təbii ki, burada ilk növbədə Azərbaycan rəhbərinin diplomatik peşəkarlığını və siyasi qətiyyətini qeyd etmək gərəkdir.

Yuxarıda deyilənlərlə yanaşı, Azərbaycan üçün 2014-cü ildə əhəmiyyət daşıyan hadisələr sırasında Xəzərdə beynəlxalq əməkdaşlıq prosesinin yeni mərhələyə yüksəldiyini əks etdirən “Cənub qaz dəhlizi”nin təməlinin qoyulması oldu. Bu, Avropanın enerji təhlükəsizliyi üçün müstəsna əhəmiyyət kəsb edən hadisə idi. Çünki məhz Azərbaycanın təşəbbüsü və ardıcıl siyasəti nəticəsində Avropanın asılılıqdan xilasına nail olunmuşdu. Bir daha əminlik yarandı ki, Azərbaycanın yeritdiyi müstəqil siyasi kursdan imtina etmək niyyəti yoxdur.

Vacib məqamlardan biribundan ibarətdir ki, Azərbaycan qlobal məkanda yeni əməkdaşlıq nümunəsi göstərdi. Prezident İlham Əliyev bunun üçün beynəlxalq komandanın formalaşdırıldığını xüsusi vurğuladı. Bununla da bir neçə dövlət geniş bir geosiyasi ərazidə öz əməkdaşlıq səylərini konkret proqram ətrafında birləşdirmək imkanı əldə etmiş oldu. Qeyd etmək lazımdır ki, Azərbaycan tez-tez həm regional, həm də qlobal miqyaslı yeni əlaqələr formatı təşəbbüsləri ilə çıxış edir. “Cənub qaz dəhlizi” layihəsi həmin aspektdə mühüm hadisələrdən biridir.

Xəzəryanı ölkələrin dövlət başçılarının Rusiyanın Həştərxan şəhərində keçirilən IV sammiti də Azərbaycan üçün 2014-cü ilin əlamətdar hadisələrindən biri oldu. Burada ilk dəfə olaraq beştərəfli əməkdaşlığın Bakının uzun illərdir müdafiə etdiyi mövqeyə uyğun olan əsas prinsipləri müəyyənləşdirildi. Bununla bağlı ayrıca bəyanat da imzalandı. Bu baxımdan güman etmək olar ki, Həştərxanda qəbul edilən qərarlar Xəzərin hüquqi statusunun müəyyənləşməsinə təkan verəcəkdir ki, bu da Azərbaycanın enerji siyasətində yeni-yeni uğurlara imza atması üçün əlavə imkanlar yaradacaqdır. Deməli, bu prosesin 2014-cü ildən başladığını söyləmək olar.

Şübhəsiz ki, vurğuladığımız 10 hadisə Azərbaycanın il ərzindəki fəaliyyətini tam əhatə etmir. Prezident İlham Əliyevin dünyanın müxtəlif ölkələrinə, o cümlədən qonşu İran İslam Respublikasına səfəri, dövlət başçısının Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasındakı çıxışı, Avropa İttifaqının yüksək səviyyəli nümayəndə heyətlərinin ölkəyə gəlişi də əhəmiyyətli hadisələr sırasındadır. Məsələn, cənab Prezidentin Tehranda apardığı danışıqlar iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə yüksəlməsi kimi qiymətləndirilir.

Ölkə rəhbərinin AŞPA-nın Strasburqda keçirilən sessiyasındakı nitqində isə Azərbaycanın dini tolerantlıq, mədəniyyətlərarası dialoqmultikulturalizmin reallaşdığı məkan olduğu barədə dolğun fikirlər söyləndi. İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri bir daha avropalı parlamentarların diqqətinə çatdırdı. Bu, dövlət başçısı üçün həmin məsələnin daim prioritet olmasının bariz nümunəsidir.

Beləliklə, 2014-cü ilin Azərbaycan üçün zəngin hadisələrlə yadda qalan dövr olduğunu deyə bilərik. Bu dövrdə bütövlükdə dövlətimiz üçün xüsusi əhəmiyyətə malik olan hadisələr baş verib. Prezident İlham Əliyevin çox fəal siyasət yeritdiyidaim ölkənin milli maraqlarını, müstəqil dövlətçiliyi müdafiə etdiyi bir daha öz təsdiqini tapdı. Uğurlu diplomatiya sayəsində Azərbaycanın dünya siyasətinə təsir imkanları artdı. Ölkəmiz indi Avratlantika coğrafi məkanında sülh və əməkdaşlıq paytaxtı hesab oluna bilər. Cəmiyyət liberal dəyərləri artıq mənimsəyib. İnsan hüquqlarının təminatı və demokratikləşmə istiqamətində ciddi uğurlar əldə edilib.

Yuxarıda təhlil etdiyimiz faktlardan bunların şahidi olmaq mümkündür. Deyilənlər ölkənin 2015-ci ilə daha qətiyyət və inamla qədəm qoyduğunu ifadə edir. Heç şübhəsiz ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan yeni-yeni uğurlara imza atacaqdır.

 

Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.2.