2015 – yeni arzular, yeni ümidlər ili

 

Yer üzünə Yeni il - 2015-ci il gəlir. Dünyanın bir sıra xalqları hər il təqvimlərin dəyişdiyi dekabrın 31-dən yanvarın 1-nə keçən gecəni böyük sevinc və yeni ümidlərlə qarşılayırlar. İnsanlar Yeni il kimi bayram etdikləri bu əziz gündə deyib-gülür, şənlənir, qonaq gedir, hədiyyələr verirlər. Küçələrdə, mənzillərdə yolkalar bəzədilir, uşaqların səbirsizliklə gözlədikləri Şaxta baba və Qar qız evlərin əziz qonaqlarına çevrilirlər.

 

Yeni il əsrlərdən bəri Azərbaycan xalqının da əziz bayramlarından biridir. Soydaşlarımız bu bayrama hər dəfə böyük şövqlə hazırlaşırlar, həvəslə bayram süfrələri açırlar. Açığını desək, artıq insanlarımızın əsl bayram əhval-ruhiyyəsini yaşamaları üçün ölkədə lazımi şərait də yaradılıb. Son illər xalqımız üçün bir-birindən uğurlu gəlir. Yola saldığımız 2014-cü il də ölkəmizin tarixində ciddi sosial-iqtisadi və mədəni uğurlarla yadda qaldı. Belə ki, təkcə son bir ildə Azərbaycanın paytaxtında və regionlarda bir çox iri infrastruktur layihələri, Bakı şəhəri və regionlarımızın inkişafı ilə bağlı böyük proqramlar icra olunub.

Əvvəlki illərdə olduğu kimi, keçən il də təkcə Bakıda deyil, ölkənin hər yerində böyük abadlıq-quruculuq işləri davam etdirilmiş, bölgələrdə yeni iş yerləri açılmış, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Amma xalqımızın hər gələn Yeni ildən mühüm bir gözləntisi də  olur ki, bu da 20 ildən bəri həllini gözləyən Dağlıq Qarabağ problemidir. Bu problemi 2014-cü ildə də həll etmək mümkün olmadı. Ümid edirik ki, qədim torpağımız Qarabağı, nəhayət ki, 2015-ci ildə düşməndən azad etmək üçün yeni imkanlar yaranacaq. Bunun üçün Azərbaycan dövləti, xüsusən Prezident İlham Əliyev tərəfindən 2014-cü ildə də bir sıra ciddi addımlar atıldı.

Yeni il bayramı ərəfəsində xalqımız başqa bir əziz bayramı - 31 Dekabr  - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü də böyük coşqu ilə qeyd edir. Belə günlərdə milli duyğu və düşüncələrimiz aşıb-daşır, arzu-diləklərimiz sabaha qanad açır. Dünyanın hər yerində soydaşlarımızın fəal iştirakı ilə anamız Azərbaycanın şərəfinə təntənələr qurulur.

Şübhəsiz ki, həmrəylik duyğusu bizi güclü edir, öyünc və sevincimiz həyat eşqimizi yüksəldir. Həmin gün dünyanın müxtəlif guşələrinə səpələnmiş soydaşlarımız yenidən bir araya gələrək görülmüş işləri saf-çürük edir, gələcək üçün yeni planlar qururlar. Şükürlər olsun ki, indi dünyanın, xüsusən Qərbin, demək olar ki, bütün ölkələrində Azərbaycan diasporu fəaliyyət göstərir. Son illərdə Azərbaycan diaspor təşkilatları öz güclərini dünya türk təşkilatlarının gücünə qataraq daha da qüvvətləniblər və öz sözlərini daha cəsarətlə deyir, haqq səsimizin dünyada daha yüksəkdən səslənməsini təmin edirlər.

Bəli, bu gün eldə, obada, bütün Azərbaycanda bayram-bayrama qarışıb. Bayramınız, mübarək, əziz dostlar, əziz həmvətənlər! İlləriniz bir-birindən uğurlu gəlsin!

 

2015-ci il keçi (Qoyun) ilidir

 

Astrologiya ilə maraqlanan çoxsaylı insanları Yeni il ərəfəsində təzə ilin hansı heyvan üstə təhvil olacağı maraqlandırır. Bəri başdanca qeyd edək ki, 2015-ci il Qoyun ilidir. Bəs Qoyun ili bizə nələri vəd edir?

Qədim Çin təqviminə görə, 2015-ci il qoyun üstündə təhvil olur. Bəs bu nə deməkdir və Qoyun ilində doğulan insanları bu il nə kimi tale gözləyir? Maraqlı sualdır, deyilmi? Adətən, qoyun ilində bolluq olur, insanlar yaxşılıqlar etməyə daha çox meyil göstərir. İlin bərəkətli olmasını yağıntının bol olması da bir növ sübuta yetirir. Belə ki, insanlar hər zaman bol yağıntını ruzi-bərəkət rəmzi kimi qəbul edirdilər.  İlin xüsusiyyətlərindən danışsaq, qeyd etməliyik ki, Qoyun ilində doğulanlar tələskən, ürəyi yumşaq olurlar. Gerçək hisslərini bəyan etməkdə çətinlik çəkirlər. Heç bir səbəb olmadan kədərlənə, ağlaya bilərlər. Xəyalpərəst olurlar. Özlərini sevilməyə və qorunmağa möhtac hiss edirlər. Onlar diqqət çəkməyə meyillidirlər. Bəzən kaprizləri və tələblərini qarşılamaq elə də asan olmur. Qədim inanclara görə, bu bürc altında doğulan insanlar heç kimə zərər vermirlər. Qoyun ilində doğulanların anadangəlmə artistlik qabiliyyəti olur. Dizayn və rəsm çəkməklə yaradıcılıq qabiliyyətlərini nümayiş etdirə bilirlər. Eyni zamanda, bu ildə doğulan insanlarda təşkilatçılıq qabiliyyəti zəif olur. Buna görə bir iş təşkil etmək üçün çox vaxt və enerji sərf etməli olurlar. Amma zəhmətkeş olduqlarından işin öhdəsindən gəlmək üçün gecə-gündüz çalışırlar.

Qoyun ilində doğulan insanların zəif cəhətləri onların məsuliyyətli işlərdə qərar verməyi bacarmaması, nizam-intizam və qayda-qanun sevməməsi, tənqidlərə qarşı dözümsüz olmasıdır.

Bu ildə doğulanlar uzun müddətli evliliklərdə və münasibətlərdə uğurlu olurlar. Qoyun ilində doğulanların qaban və dovşan ilində doğulanlarla mükəmməl, öküz ilindəkilərlə çətin, pələng, siçan, meymun və xoruz ilində doğulanlarla isə problemli münasibətləri olur.

 

 Xalqların Yeni il ənənələri

 

Yeni ili qeyd etmək ənənəsi ilk dəfə harada və nə vaxt meydana gəlib? Gəlin, lap əvvəldən başlayaq. Belə fərziyyələr var ki, Yeni il bayramı ilk dəfə 5 min il bundan əvvəl Mesopotamiyada qeyd edilib. Bu qədim ölkə şumer, babil, assur kimi mədəniyyətlərin mərkəzi kimi məşhurdur. Mesopotamiyada əkin işləri martın sonunda, Dəclə və Fərat çaylarında su artandan sonra başlanırdı. Bu hadisə 12 gün ərzində təntənəli yürüşlərlə, şənliklərlə qeyd edilirdi.  Qədim yəhudilər Yeni ilin bayram edilməsini babillilərdən, yunanlar isə yəhudilərdən öyrənmiş, Qərbi Avropaya da bu ənənə yunanlardan keçmişdir. Qədim romalılar hələ bizim eradan əvvəl Yeni il gecələrində səhərə qədər şənlik edir, tanış və dostlarına xoşbəxtlik diləyirdilər. Arxeoloqlar qədim Misir piramidalarında qazıntı işləri zamanı üzərində “Yeni ilin başlanğıcı” sözü yazılmış qab tapmışdılar. Qədim Misirdə Yeni il Nil çayı daşan zaman (təqribən sentyabrın axırında) bayram edilirdi. Nilin daşması çox mühüm hadisə hesab olunurdu. Çayın daşması sayəsində susuz səhraların cana gəlməsi bol taxıl məhsulu əldə olunacağından xəbər verirdi. İnsanlar Yeni ildə Tanrı Amonun, onun arvadının və oğlunun kiçik heykəllərini minnətdarlıq əlaməti olaraq qayığa qoyurdular. Qayıq Nil çayı boyu çal-çağırın müşayiəti ilə bir ay üzəndən sonra heykəlcikləri yenidən məbədə qoyurdular.

Romalılar imperator Yuli Sezarın yeni təqvimi tətbiq etməsinədək Yeni ili martın əvvəlində bayram edirdilər. Sezar eramızdan əvvəl 45-ci ildə Misirdə olarkən bu ölkə sakinlərinin təqvimi ilə tanış olmuşdu. Bu təqvim 365 gündən və 12 aydan ibarət idi. Salnaməçilər yazırlar ki, Sezar bu tanışlıqdan sonra dərhal yeni təqvimin hazırlanması barədə əmr vermişdi.

O da bəllidir ki, bəzi xalqlar Yeni il bayramını müxtəlif vaxtlarda qeyd edirdilər. Məsələn, qədim Yunanıstanda bayram ilin ən uzun gününə - 22 iyuna düşürdü. İngiltərədə isə bayram şənliklərinə martın 1-də başlayırdılar. Fransada Yeni ilin gəlişini Böyük İnqilab Günü, yəni Respublikanın yarandığı 22 sentyabrda bayram edirdilər.

I Pyotr 1699-cu ildə Avropa səyahətindən qayıdandan sonra Yeni ilin 1 yanvardan hesablanması barədə fərman imzalamışdı. İmperator Yeni il şərəfinə yolkalar bəzədilməsi üçün göstəriş vermişdi. I Pyotr öz fərmanında, eyni zamanda, Yeni il günlərində sərxoş olaraq sillələşmə və yumruqlaşmanı qadağan etmişdi. Göstərilmişdi ki, bu xoşagəlməz işi başqa vaxtda da görmək olar. 1 dekabrda yır-yığış edən rus qızları mizin altını çox səylə ələk-vələk edir, buğda dəni axtarırdılar. Buğda dəni tapan qızlar sevinclərindən qışqırırdılar. Onlara elə gəlirdi ki, buğda dəni tapan qız tezliklə ərə gedəcək. Ərə getmək arzusu ilə yaşayan qızlar gündə bir neçə dəfə təzə paltar geyirdilər.

 

İl ayrıcı - yol ayrıcı

 

Hər bir xalqın Yeni ili qarşılama ənənəsi var. Məsələn, italyanlar Yeni ili bayram etməzdən öncə mənzillərindəki bütün köhnə əşyaları pəncərədən küçəyə tullayırlar. Köhnə əşyaların yerini təzə alınmış mebellər tutur.

Yaponlar hesab edirlər ki, Yeni ilin ilk saniyələrindən başlayaraq gülmək adama uğur gətirir. Yaponiyada Yeni il gecəsi 108 dəfə zəng çalmaq adəti mövcuddur. Qədim inanclara görə, vurulan hər bir zəng insan qüsurlarından birini “öldürür”. Yaponlar hesab edirlər ki, insanın altı qüsuru olur: simiclik, axmaqlıq, qərəz, yelbeyinlik, qətiyyətsizlik, paxıllıq. Və bu qüsurların hər birinin 18 müxtəlif çaları mövcuddur. Yaponlar Yeni ildə öz yaxınlarına məhz bu qüsurlardan azad olmalarını arzulayırlar. 6-nı 18-ə vuranda 108 alınır. 108 rəqəmi və bu qədər zəng çalmaq ənənəsi də məhz buradan yaranıb.

Asiyanın ən böyük ölkəsi olan Çində də Yeni il bayramı qədimlərdən bəri böyük təmtəraqla, atəşfəşanlıqla qeyd edilir. Çinlilər bununla  ümid  edirlər ki, Yeni ilin gəlişinə mane olmağa cəhd edən şər qüvvələri qovurlar. Avropalılardan fərqli olaraq çinlilər yolka bəzəmirlər, əvəzində bayram süfrələrinə narıngi və portağalla dolu məcməyilər düzürlər.

Yeni il bayramı polyak xalqının da sevimli bayramıdır. Polyaklar Şaxta babanı Silvestr Klaus adlandırırlar. Onların inancına görə, bu, həmin Silvestr adlı məşhur nağıl qəhrəmanıdır ki, Levifian adlı vəhşiyə qələbə çalaraq həmvətənlərini dəhşətli bəlalardan xilas edib.

Avstraliyada da Yeni il şənlikləri kifayət qədər ekzotik keçirilir. Qar, şam ağacı, maral və bayramın digər ənənəvi atributlarının olmamağı səbəbindən Şaxta baba Sidney çimərliyində parlaq rəngli üzgüçülük kostyumunda peyda olur. Bununla belə, “Köhnə dünya”nın ənənələrinə uyğun olaraq  Şaxta babanın mütləq ağ saqqalı və qırmızı papağı olur. Yeni il axşamı açıq səma altında atəşfəşanlıqların keçirildiyi müxtəlif ictimai məkanlara baş çəkmək ənənəyə çevrilib.

Avstraliyadakı Yeni il şənliklərinin özəlliyi ondan ibarətdir ki, gecə yarısından sonra bu cür atəşfəşanlıqlar müşahidə olunmur. İstirahət günü və ya bayram olmasına baxmayaraq avstraliyalılar, adətən, səhər saat 5-6-da yuxudan oyanır, axşam saat 10-dan gec olmayaraq isə yatağa girirlər. Təbii ki Yeni il gecəsi istisnadır. Amma bu bayram günündə də saat 00:10-da hamı yataqda olur.

Onu da qeyd etmək yerinə düşərdi ki, 1927-ci ildə Milad bayramı keçmiş SSRİ məkanında rəsmi bayram kimi ləğv olunmuşdu. 1936-cı ildən isə Yeni il təqvim ili kimi qeyd edilir. O zaman keçmiş İttifaqda Yeni il iki gün ərzində bayram edilirdi.  Rusiyanın indiki rəhbərliyi isə Yeni il tətillərini 10 günə çatdırıb ki, bundan da sadə insanlar öz istirahətləri üçün istifadə edirlər. Üstəlik, ruslar 13 yanvarda “Köhnə Yeni ili” də qeyd etməkdən vaz keçmirlər.

Dünya xalqlarının bir çoxunda, xüsusən də, Afrikada Yeni ilin qarşılanması gecəsi fit və çəpik çalmaq, hay-küy qoparmaq, tullanıb-düşmək, haray-həşir salmaq adət-ənənələri vardır. Yəqin ki, bu ənənələr bütpərəstlik zamanından mövcuddur. Qədim insanlar əcinnələri və digər şər qüvvələri qovmaq üçün bu üsullara əl atırdılar.

 

Alışdırın şamları bu bayram axşamları!

 

Yeni ilin ayrılmaz atributu Rusiyada, Şimali Amerikada, ümumiyyətlə, dünya dövlətlərinin çoxunda şüşə və plastik oyuncaqlarla, şamlarla və şirniyyatla bəzədilmiş yolkadır. Yolka bayram dövründə mənzillərdə, yaxud böyük  şəhərlərin iri meydanlarında qurulur. Bayram ərəfəsində ağacların bəzədilməsinin başlanğıcı Misir fironlarının dövrünə təsadüf edir. Həmin vaxtlarda qədim Misir küçələrindəki palma ağaclarını bəzəyirdilər. Bizim eramızda Avropa ölkələrində Milad bayramı münasibətilə küknar ağaclarını alma, qoğal və şamlarla bəzəməyə başlamışdılar. Adamın heç inanmağı gəlmir ki, nə vaxtsa yolkanı başı üstə qururdular. Bayram qurtarandan sonra uşaqlara ağacdakı meyvələri və şirniyyatı yığmağa icazə verirdilər.

Yolka qurmaq ənənəsi Almaniyadakı Reyn çayının sahillərindəki Elzas əyalətində qoyulub. XVI əsrdə burada Milad yolkası qurmağa başlamışdılar. Bəzən də Milad ağacını tavandan başı aşağı asırdılar. Almaniyada Milad bayramında uşaqlar üçün mizlərin üstünə hədiyyələr  düzürdülər. Bu ölkədə əvvəllər yolkanı yalnız şəhərlərdə qoyurdular, sonralar əyalətlərdə belə ənənə formalaşmışdı. 1820-ci ildə Praqada, XIX əsrin başlanğıcında isə Skandinaviya ölkələrində şəhər meydanlarında yolkalar qurulmuşdu. Yolka qurmaq adəti cəmiyyətin yüksək təbəqələrindən gəlirdi. Məsələn, İngiltərədə yolkanı 1760-cı ildə ilk dəfə olaraq kral III Georqun arvadı bəzəmişdi, sonralar isə kraliça Viktoriya özünün milliyyətcə alman olan əri Albert ilə Vindzor şəhərində uşaqlar üçün yolka qurmuşdu.

Vyanada Müqəddəs Stefan kilsəsində quraşdırılmış “Sülh Zəngi”nin təntənəli sədalarını dinləmək burada Yeni ilin yazılmamış qanunlarından biri hesab olunur. Dekabrın 31-də Kilsə meydanına minlərlə insan toplaşır. Keçmişdə bu ölkədə Yeni il günü bacatəmizləyənlə qarşılaşmaq, ona toxunmaq və paltarına ləkə salmaq yaxşı əlamət sayılırdı. Hesab olunurdu ki, bu, böyük xoşbəxtlik və uğur gətirir.

Rusiyada da qədimdən bayram yolkası bəzəməyi çox sevirlər. Əvvəllər yolka qurmaq ənənəsi burada da şəhərlərdə yaranmışdı, sonra  kəndlərə də sirayət etmişdi. Əvvəl yolkanı kənd məktəblərində qururdular, sonralar isə kəndli evlərində də yolka qurmağa başlamışdılar. XIX əsrin alman mühacirləri yolka bəzəmək ənənəsini Amerikaya da aparıb çıxarmışdılar. Okeanın o tayında ilk dönəmlərdə yolkanı meydanlarda qururdular.

Yolka müsəlman ölkələrinə də yayılmışdı. Məsələn, 1960-cı ildə Tehran və Mərakeş şəhərlərində yolka bəzəmək halları mövcud idi. İkinci dünya müharibəsinədək Türkiyədə də yolka bəzəyirdilər. 1936-cı ildə Türkiyə hökuməti meşələrin qırılmasının qarşısını almaq məqsədilə yolka bəzəmək ənənəsinə qadağa qoymuşdu. Lakin sonralar bu qadağa aradan götürüldü. Böyük Britaniyada Yeni ildə evi yolka ağacının budaqları ilə bəzəyirlər. Adətə görə, Milad ərəfəsində kişilərin bayram yolkasının ətrafında  istənilən qızı öpməyə hüququ çatır. Bu ölkədəki qədim ənənələrdən biri də milad oduncağıdır. Deyilənlərə görə, bu adəti İngiltərəyə vikinqlər gətirib. Onlar Miladda böyük ağac kəsirlər. O, bütün il boyu qalır və büsbütün quruyur. Yalnız növbəti Miladda onu evə gətirirlər və bu odun uzun müddət yanır.

 

Bayram həm də sülh deməkdir

 

Bəllidir ki, Yeni il şənlikləri turistləri cəlb etmək üçün yaxşı fürsət hesab olunur. Buna görədir ki, bir çox ölkələr bayramın əsas rəmzlərindən olan Şaxta babaya “sahib çıxmağa” cəhd edirlər. Ən çox da şimal xalqları iddia edirlər ki, ilk Şaxta babalar məhz onların ölkəsində peyda olublar.

Məsələn, finlər bütün dünyaya car çəkirlər ki, Santa Klaus, yəni Şaxta baba onların həmvətənidir. Onların inanclarına görə, Santa Klaus Finlandiyanın qütb dairəsinə yaxın ərazilərdəki hündür küknar ağacları ilə əhatə olunan, bəmbəyaz qardan “ağ libas” geyinmiş Laplandiya adlanan möcüzəli bir yerdə yaşayır. Finlər düşünürlər ki, Santa Klaus hər il dünya ölkələrinə səyahətini məhz Laplandiyadan başlayır.

Finlandiyada Yeni il şənlikləri dekabrın 25-dən, yəni Milad bayramı günündən başlanır. Dekabrın 31-i, Yeni il axşamı isə ölkə paytaxtı Helsinkidə nağıl və əsatir qəhrəmanlarının libaslarını geyinmiş həvəskar aktyorlar teatr məzhəkələri göstərirlər. Həmin gecə hədiyyə dolu xurcunu ilə Santa Klaus şimal maralları qoşulmuş xizəkdə Helsinkinin mərkəzi meydanına təşrif buyurur. Meydanda dərhal alqış səsləri eşidilir,  şən mahnı sədaları ətrafa yayılır. Məhz fin təbliğatının nəticəsidir ki, bayram günlərində dünyanın hər yerindən Santa Klausun vətəninə - Finlandiyaya, həqiqətən, çoxlu turist gəlir.

Yeni ili “Laplandiya”da keçirən əcnəbi qonaqlar etiraf edirlər ki, burada bayram etməyin ayrı səfası var! Özünüzü bir anlığa rəngbərəng oyuncaqlar bərq vuran Yeni il yolkasının başına dolanan uşaqların, övladlarına baxıb sevinən gənc ata-anaların və bir-birini sevən gənclərin yanında hiss edin. Göydən isə iri, yupyumru qar dənələri ələnir. Heç kəs soyuğu, şaxtanı vecinə almır. Hamı gülür, sevinir. Romantik səhnədir, deyilmi?

Yeni il günlərində ənənəvi turist ölkəsi olan Fransa həmişəkindən də çox qonaq-qaralı olur. Turistlər Parisdə Eyfel qülləsinin ətrafında keçirilən bayram atəşfəşanlığını müşahidə etməyi lap çox sevirlər. Fransada Şaxta babanı “Noel ata” adlandırırlar. Noel ata bayram günlərində uşaqlara çoxlu hədiyyələr paylayır. Uşaqlar da onun şəninə gözəl şeirlər deyir, şən mahnılar oxuyurlar.

Yeri gəlmişkən, fransızlar bayram günlərində çox səxavətli olurlar. Onlar belə günlərdə turistləri həvəslə məşhur fransız şərabına qonaq edirlər. Bəllidir ki, Fransa şərab ölkəsidir, şərabının dadına isə söz ola bilməz. Turistlər də, təbii ki, vətənlərinə qayıdanda fransızların onları şəraba qonaq etmələri barədə fəxrlə söz açırlar.

İrlandiyada Yeni il ərəfəsində axşam evlərin qapılarını taybatay açırlar. Bu vaxt istəyən şəxs evə girə və bu evin hörmətli qonağı ola bilər. Onu yuxarı başda oturdur, şəraba qonaq edir və deyirlər: “Bu evdə və bütün dünyada sülhün sağlığına!” Saat 12-nin yarısında irlandiyalılar mərkəzi meydana çıxır, oxuyur, oynayır və şənlənirlər. Norveçdə uşaqlar hədiyyəni keçidən gözləyirlər. Bu ölkədə keçinin müəyyən üstünlükləri var. İş burasındadır ki, rəvayətə görə, Norveç kralı İkinci Olaf bir dəfə yaralı keçini qayaların üzərindən düşürərək xilas edir. Heyvanı saraya gətirir və burada sağaldaraq gəldiyi yerə qaytarır. Keçi isə minnətdarlıq əlaməti olaraq hər axşam xilaskarına şəfalı otlar gətirirmiş.

 

Arzularınız çin olsun!

 

Bəli, Yeni il özü ilə yeni arzular, yeni ümidlər gətirir. İnsan arzuları isə bitib-tükənməzdir. Hər kəs bayram günlərində doğmalarına ən xoş arzu və təbriklərini çatdırmağa çalışır. Axı hər bir xoş sözün, ürəkdən deyilmiş təbrikin ecazkar təsir gücü var. Elə bayramlar da insanların həyata bağlılıqlarını artırmaq, onları sevindirmək üçün deyilmi?!  Belə bir deyim var ki, Yeni ili hansı əhval-ruhiyyədə başlasan, bütün ili həmin ovqatla başa vuracaqsan. Biz də oxucularımıza, bütün xalqımıza bu gözəl bayramı xoş ovqatla başlamağı, bütün arzularının çin olmasını diləyirik. Qoy 2015-ci il hər birinizin həyatında ən uğurlu illərdən biri olsun. Bir daha deyirik: Yeni il bayramınız mübarək! Həmişə həmrəy olasınız!

 

Məsaim ABDULLAYEV,

Paşa ƏMİRCANOV,

Elçin ABBASOV

 

Xalq qəzeti.- 2015.- 1 yanvar.- S.3.