Dünya bir pəncərədir...

 

Onu ilk dəfə 60 il bundan əvvəl görmüşdüm. İnstitutu təzəcə bitirmişdi, yuxarı siniflərdə ədəbiyyat fənnindən dərs deyirdi. Uca boyu, zil qara saçı, gülər üzü, xoş xasiyyəti ilk baxışdan adamı özünə cəlb edirdi. Şagirdlərlə tez ünsiyyət yaratmağı bacarırdı. Təkcə tədris etdiyi ədəbiyyatdan deyil, başqa fənlərdən də ətraflı məlumatı vardı. Adamları özünə cəlb etmək məharətinə söz ola bilməzdi. Ədəb-ərkanı ilə seçilirdi, yaxşı natiqlik qabiliyyəti vardı. Bütün bu keyfiyyətləri onu hələ gənc yaşlarından rəhbər vəzifələrə irəli çəkilməsinə zəmin yaratmışdı. O vaxt heç ağlıma da  gəlməzdi ki, 17 ildən sonra biz yenidən görüşəcək, yaxın dost olacağıq.

 

Oxucunu intizarda saxlamamaq üçün qəhrəmanımızın tərcümeyi-halını nəzərdən keçirək. 85 il bundan qabaq, yanvar ayında Qərbi Azərbaycanın İrəvan şəhərində dünyaya göz açan Qadir İsmayıl oğlu İsmayılzadə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini bitirdikdən sonra təyinatla İmişli rayonuna göndərilmişdi. Əmək fəaliyyətinə başladığı gündən dərin biliyi, istedadı və bacarığı ilə fərqlənən Qadir İsmayılzadə tez bir zamanda sıravi müəllimlikdən rayon xalq maarifi şöbəsinin müdiri vəzifəsinədək yüksəlmişdi. Onun səyi, tükənməz enerjisi sayəsində qısa müddət ərzində məktəblərin maddi-texniki bazası möhkəmləndirilmiş, yeni müasir təhsil ocaqları yaradılmış, savadlı, cəmiyyət üçün layiqli gənclər yetişdirilmişdi.

İyirmi iki il pedaqoji fəaliyyətlə məşğul olan Qadir müəllim ailə səadətinə də İmişlidə qovuşmuşdu. Rus dili müəlliməsi işləyən həyat yoldaşı Zəminə xanımla birlikdə Rübabə, Səadət, Südabə, SevilSevda adlı beş qız övladı böyütmüşdü. Övladları da peşə seçimində valideynlərinin yolunu davam etdirmiş, bu sahədə ali təhsil almışlar. Onlar da zaman keçdikcə valideynləri kimi nümunəvi, səmimi, mehriban ailə sahibi olmuşlar.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbər təyin olunduğu birinci dövrdə qarşıya qoyulan çətin vəzifələri layiqincə həyata keçirmək üçün öz ətrafına istedadlı, işgüzar, yenilikçi kadrlar toplayırdı. Qadir İsmayılzadə də onların arasında idi. 1971-ci ildə İmişli Rayon Partiya Komitəsinin təbliğat və təşviqat şöbəsinə müdir təyin olunan Qadir müəllim tapşırılan bütün işləri yüksək səviyyədə yerinə yetirir, vəzifə pillələrində uğurla irəliləyərək əvvəlcə üçüncü, sonra ikinci, 1978-ci ildə isə birinci katib seçildi.

Mənim də əlli ildən çox  jurnalistlik fəaliyyətimin ən maraqlı, qaynar və məhsuldar illəri ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf edir. Keçən əsrin 70-80-ci illərində “Kommunist” qəzetinin (indikiXalq qəzeti”) Mil-Muğan bölgəsi üzrə xüsusi müxbiri işləyirdim. 14 il yaşadığım Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının iqtisadiyyatının sürətli inkişafı, sosial-mədəni həyatında baş verən müsbət dəyişikliklər, insanların güzəranının, yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşması gözlərim önündə olub.

Bu yerlərin sərvəti, var-dövləti hesab edilən pambıq, taxıl və heyvandarlıq məhsulları istehsalı o illərdə özünün ən yüksək zirvəsinə çatmışdı. Rayonların iqtisadi qüdrəti gücləndikcə tikinti-abadlıq işləri geniş vüsət alırdı, yaşayış məskənlərinin siması gündən-günə yaxşılaşırdı. O zamanlar rayonlara rəhbərlik edənlər bir-birinin bəhsinə daha yaxşı işləməyə çalışır, həyat üçün, normal yaşayış üçün zəruri olan məsələləri qətiyyətlə həll edirdilər.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ilk dövründə onun rayonlara ənənə şəkli almış səfərləri yeniliklərlə, sosial-mədəni problemlərin həlli ilə müşayiət edilirdi. Ölkə rəhbərinin hər gəlişi yerlərdə böyük canlanma yaradırdı. Heydər Əliyevin pambıqçılarla, taxılçılarla, heyvandarlarla görüşləri, işgüzar söhbətləri yaddaşlara həkk olunur, xatirələrdə silinməz izlər buraxırdı.

Həyatın mənasını xalqa şərəflə, vicdanla xidmət etməkdə görən Heydər Əliyevlə çoxsaylı görüşlərim yaddaşımda unudulmaz xatirələr yaratmış, bir sıra maraqlı hadisələrin şahidi olmuşam. Üstündən on illər keçsə də həmin hadisələri məmnunluqla xatırlayıram. Onlardan ikisi İmişli rayonu ilə bağlıdır.

Ulu öndər yüksək aqrotexniki qaydalar əsasında becərilən, səliqə-səhmanı ilə adamı özünə cəlb edən pambıq tarlalarını, taxıl zəmilərini gəzməkdən xüsusi həzz alırdı. İmişli rayonundakı “Arazkolxozunda da belə oldu. Rza Cəfərovun başçılıq etdiyi briqadanın işindən razı qalan Heydər Əliyev tarla düşərgəsində kolxozçularla səmimi söhbət etdi. Müxtəlif məsələlərdən, incə mətləblərdən söz açıldı. Ölkə rəhbəri briqadirdən neçə uşağı olduğunu soruşdu. Təbiətən utancaq, abır-həyalı Rza kişi astadan cavab verdi

 - Yeddi.

Heydər Əliyev həmin sualı qarşı tərəfdə dayanan qadına da verdieyni cavabı aldı:      

- Yeddi.

Məlum oldu ki, o qadın Rza Cəfərovun həyat yoldaşıdır. Ani yaranan gərginliyi Heydər Əliyev özü aradan qaldırdı. O gülümsəyərək yanında dayanan raykom katibindən xəbər aldı:

 - Bəs, sizin neçə uşağınız var?

- Beş.

Bu cavabdan sonra ümummilli liderimiz tam ciddi şəkildə nəsil artırmağın vacibliyindən, əhəmiyyətindən ətraflı söhbət açdı. Dedi ki, xalqımızın sayı nə qədər çox olsa, bir o qədər yaxşıdır. Unutmaq olmaz ki, həyatda, hər yerdə, hər məsələdə məhz çoxluqla hesablaşırlar.

 

*   *   *

İmişli dəmir yolu vağzalında təntənə ilə qarşılanan Heydər Əliyev ətrafda aparılan abadlıq işlərindən razı qalmışdı. Vağzalətrafı meydandan başlayaraq rayon partiya komitəsinin inzibati binasının qarşısınadək uzanan bir kilometrlik məsafəyə beton piltələr döşənmişdi. Özü də həmin piltələr başqa yerdən gətirilməmişdi, elə ordaca səliqə ilə qəliblərə tökülmüşdü.

- Bu qədər beton işinə sementi haradan almısınız? - sualına İmişli Rayon Meliorasiya Trestinin rəisi Arif Qasımov belə cavab verdi:

- Sementi gördüyümüz işlərin qənaəti hesabına əldə etmişik.

- Deməli, meliorasiya işlərini normativ qaydalara uyğun aparmamısınız. Buna görə siz ciddi cəzalandırılmalısınız.

Rayon partiya komitəsinin növbəti bürosunda A.Qasımova töhmət verildi.

 

*   *   *

Araz çayının hər iki sahilində məskən salmış İmişli rayonu Qadir İsmayılzadənin 10 illik rəhbərliyi dövründə tamamilə yenidən qurulmuş, qədim tarixə malik bu yerlər abadlaşdırılaraq cənnət-məkana çevrilmişdi. Rayonun iqtisadiyyatı ildən-ilə gücləndikcə, kənd təsərrüfatı ilə yanaşı, sənaye sahələri də sürətlə inkişaf edirdi. Yağ-pendir, ət məhsulları kombinatları, pambıq təmizləmə zavodu, quşçuluq fabriki, qarışıq yem zavodubaşqa yeni müəssisələr İmişlinin iqtisadi qüdrətini getdikçə artırırdı.

Qurub-yaratmaqdan xüsusi zövq alan Qadir müəllimdən imişlilərə yadigar qalan sosial obyektləri saymaqla qurtaran deyil. Milli arxitektura nümunələri olan tarix-diyarşünaslıq muzeyi, kitab evi, şahmat məktəbi, rabitə qovşağı, birləşmiş mərkəzi rayon xəstəxanası kompleksi, müasir görkəmi ilə fərqlənən əczəxana, bank, maliyyə şöbəsinin, prokurorluğun, polis idarəsinin, məhkəmənin inzibati binaları, möhtəşəm mədəniyyət sarayı, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsini əbədiləşdirən memorial abidə kompleksi, hər cür rahatlığı, abadlığı ilə diqqəti cəlb edən, uşaqlar üçün əyləncə guşələri göz oxşayan mədəniyyət və istirahət parkı rayona gələn qonaqlarda xoş ovqat yaradırdı. Bütün küçələrinə asfalt döşənmiş, çil-çıraqlarla bəzədilmiş bugünkü İmişli rayonu sosial-mədəni inkişafı ilə mərkəzi şəhərlərdən heçgeri qalmır.

Evinin, kabinetinin qapısı hamının üzünə açıq olurdu Qadir müəllimin. Xeyirxah adam idi, heç kəsi naümid qoymazdı, əlindən gələn köməyi edərdi. İşgüzar, sağlam komandası vardı. Ağan Məmmədov, Əkbər Mürsəlov, Xalıq Mirzəyev, Gözəl Səfərova, Sabir Ağayev, Elmira Qasımova, Xanhüseyin Bəylərov və başqaları əl-ələ verərək rayonun inkişaf  edib abadlaşdırılmasında öz köməklərini əsirgəməzdilər.

Vaxtilə Qadir İsmayılzadə ilə çiyin-çiyinə işləmiş Rüstəm Hüseynov deyir:

- Ədalətli adam idi. Başqa vəzifə sahiblərinin işinə qarışmazdı. Əksinə, onlara hərtərəfli kömək göstərərdi. Xalq nəzarəti komitəsinin sədri işlədiyim müddətdə mən bunun dəfələrlə şahidi olmuşam.

Ermənilərin fitnəkarlığı, Mixail Qorbaçovun xəyanəti nəticəsində Heydər Əliyevin vəzifədən uzaqlaşdırılması, Sov. İKP MK-nın Siyasi Bürosu üzvlüyündən istefa verməsi Qadir müəllimə çox pis təsir etmişdi. Hələ cavanlığından düçar olduğu şəkər xəstəliyinə artıq insulin də kömək etmirdi. Ona görə israrla üç dəfə ərizə yazdıqdan sonra raykomun birinci vəzifəsindən çıxdı. Amma fəal həyat mövqeyindən qalmadı. Respublika Ali Sovetinin deputatı kimi ictimai-siyasi toplantılarda, mətbuatda, televiziyada tez-tez çıxış edərək, torpaq eşqinə düşən Ermənistan Respublikası, DQMV rəhbərlərinin separatçı hərəkətlərini kəskin şəkildə tənqid etdi. 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridərək dinc əhalini qanına qəltan edən Mixail Qorbaçovu, imperiya rəhbərlərini lənətlədi.

Cəmi 69 il yaşadı bu dünyada Qadir İsmayılzadə. Tanrının qismət etdiyi ömrü, sözün həqiqi mənasında, əsl kişi kimi yaşadı. Zəhməti hədər getmədi. Namuslu, abır-həyalı böyük bir nəsil, hərtərəfli inkişaf etmiş abad, zəngin, gözəl bir rayon qoyub getdi. Əməyi yüksək qiymətləndirildi, iki “Qırmızı Əmək Bayrağı”, iki “Şərəf nişanı” ordenlərini aldı, Ali Sovetin Fəxri fərmanları ilə təltif olundu, iki çağırış dalbadal respublika Ali Sovetinə deputat seçildi.

Qədirbilən İmişli camaatı da öz sevimli rəhbərini unutmadı, xatirəsini əbədiləşdirmək məqsədilə mərkəzi küçələrdən birinə onun adı verildi, rayon təhsil şöbəsinin binasına xatirə lövhəsi vuruldu.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev keçən ayın 15-də həmin xatirə lövhəsinin təntənəli açılışını təşkil etdi, xalq arasında böyük nüfuza malik olmuş Qadir İsmayılzadənin 85 illik anım mərasimini rayondakı Heydər Əliyev Mərkəzində keçirdi.

Qadir müəllimin ailə üzvlərinin, rayon fəallarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım mərasimində Vilyam Hacıyev dedi ki, ömrünü xalqa həsr edənlər hər cür hörmətə, ehtirama layiqdirlər. Bunu biz Qadir İsmayılzadənin timsalında aydın görürük. Milli Məclisin deputatı Çingiz Qənizadə, qanunverici orqanın sabiq deputatları Səyyad Aran, Elmira Qasımova, vaxtilə raykomda üçüncü katib işləmiş Gözəl Səfərova, ümumi şöbənin müdiri olmuş Ərzulla Ağaşov çıxış edərək yubilyarın insani keyfiyyətlərini yada saldılar, unudulmaz xatirələrindən söhbət açdılar. Qadir İsmayılzadənin qızı Sevil, nəvəsi Fərid ailə üzvlərinin təşəkkürünü, minnətdarlığını rayon icra hakimiyyətinin başçısına, mərasim iştirakçılarına çatdırdılar.

... Axırıncı dəfə Qadir müəllimlə Yasamal qəbiristanlığında rastlaşdım. Ömür-gün yoldaşı Zəminə xanımın ziyarətinə gəlmişdi. Doğmalarımızın məzarları bir-birinin iki addımlığında yerləşdiyindən zarafatla dedim ki, darıxma, Haqq dünyasında da bir yerdə olacağıq.

Gülümsündü, dərindən nəfəs alaraq ətrafa nəzər saldı:

- Görünür, bizim dostluğumuz da bir tale yazısıdır - dedi.

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2015.- 6 yanvar.- S.6.