“Horadiz
əməliyyatı”:
Azad olunan doğma
torpaq
Ulu
öndər Heydər Əliyevin xalqa tarixi müraciətindən
21 il keçir
1994-cü il yanvar ayının 5-dən
6-a keçən gecə.
Bu tarix Füzuli
sakinlərinin yaddaşına
əbədi olaraq həkk olunmuşdur.
Əlbəttə, bu, səbəbsiz
deyil. Məsələ
burasındadır ki, məhz həmin gün Azərbaycan Silahlı Qüvvələrinin
güclü əks-hücumu
nəticəsində Füzuli
rayonunun 22 yaşayış
məntəqəsi, o cümlədən
Horadiz şəhəri
erməni silahlı qüvvələrindən azad
edilmişdir.
Bəli, bu uğurlu əməliyyat
Qarabağ müharibəsi tarixinə
qızıl hərflərlə yazılmışdır. Düzdür,
bundan əvvəl Ağdərə əməliyyatı
da uğurla başa çatdırılmış, onlarla yaşayış məntəqəsi
düşməndən azad edilmiş, Tərtər – Kəlbəcər yolu açılmışdı. Ancaq təəssüf ki, böyük itkilər və qan
bahasına qazanılmış bu qələbəni
qoruyub saxlamaq mümkün olmadı. Nəticədə,
silahlı qüvvələrimiz müəmmalı şəkildə
geri çəkildi, mühüm
strateji məntəqələr yenidən
düşmən əlinə keçdi.
İndi tarixçilərin də,
sosioloqların da, elə hərbçilərin
də etiraf etdikləri mütləq bir həqiqət var: Uğurlu “Horadiz əməliyyatı” Azərbaycan
Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin Ermənistan
silahlı qüvvələrinin Azərbaycan
Respublikasının ərazisinə yeni
hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə 2 noyabr
1993-cü il tarixli
müraciətinin bilavasitə nəticəsi idi.
Başqa sözlə desək, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarının işğalından sonra
da Ermənistan silahlı qüvvələrinin
hücumu ara vermirdi. Artıq onlar Beyləqanın
8—10 kilometrinədək gəlib
çıxmışdılar. Şəhər bir neçə dəfə “Qrad”
qurğularından güclü atəşə
tutulmuş, ictimai və
yaşayış binaları dağıdılmış,
ölənlər və yaralananlar olmuşdu. Nəticədə, Beyləqanın
özü artıq ciddi
təhlükə qarşısında idi.
Bax belə bir gərgin vaxtda ölkə Prezidenti,
ümummilli lider Heydər
Əliyevin xalqa tarixi
müraciəti oldu. İstisnasız olaraq deyə bilərik ki,
bu müraciət yaşından, vəzifəsindən,
mövqeyindən asılı olmayaraq
damarlarında azərbaycanlı qanı axan
hər kəsin qəlbini ümid və inam hissi ilə coşdurdu. Hamı üzünü cəbhəyə
çevirdi, özünü
müsəlləh əsgər bildi.
Əsgərlər və komandirlər, elə bil,
silkinib yuxudan
oyandılar: arxaya bir
addım da olsun geri çəkilmək olmaz,
necə olursa-olsun, düşmən
qüvvələri geri
otuzdurulmalıdır. Bunun ardınca
ulu öndər 2 dəfə Beyləqan rayonunda oldu, cəbhə xəttinə
getdi, əsgərlərlə, komandirlərlə
söhbət etdi. Yaranmış hərbi
vəziyyət, ondan çıxış
yolları geniş təhlil olundu, qarşıya konkret
vəzifələr qoyuldu.
Bu,
o zaman idi
ki, Azərbaycan Milli Ordusu, əslində, yenicə yaranırdı.
Düzdür, necə deyərlər,
kağız üzərində ordumuz bir neçə il idi ki,
yaranmışdı. Ancaq sonradan
bütün çılpaqlığı
ilə məlum oldu ki,
bu, ordu deyil, ayrı-ayrı siyasi
partiyalara və təşkilatlara, hətta
müxtəlif adamlara xidmət edən dəstələr idi. Belə ordu ilə
müharibə aparmaq, düşmənə
qalib gəlmək əsla mümkün
deyildi. Elə bu cür cinayətkar hərəkətlərin
və satqınlığın nəticəsi idi
ki, dədə-baba torpaqlarımız dalbadal düşmən əlinə keçdi. Ölkə
başçısının xalqa tarixi müraciətində deyilirdi:
“...İki ildən artıqdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Bu
iki il müddətində
müstəqil dövlətimiz öz
müdafiə qüvvələrini, öz
ordusunu yaratmalı idi.
Bundan ötrü Azərbaycan
Respublikasının bütün
imkanları vardı. Ordunu bir
gündə, beş gündə, bir ayda, üç
ayda yaratmaq mümkün deyil. Ancaq iki il,
üç il müddətində
ordu yaratmaq, Azərbaycanın
etibarlı müdafiəsini təşkil etmək və ərazi
bütövlüyünü də təmin
etmək mümkün idi.
Lakin bu fürsət əldən
verilib və Azərbaycanın müdafiə
imkanları get-gedə möhkəmlənmək əvəzinə,
zəifləmişdir. Ayrı-ayrı dəstələr,
qruplar, yaxud batalyonlar tərəfindən aparılan
ayrı-ayrı döyüşlərin hamısı pərakəndə
şəkildə olmuş, müxtəlif
qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya,
müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən
tədbirlər olmamışdır... Mən indi
bütün bunlara
qiymət vermək istəmirəm. Ancaq bir
neçə sözlə Azərbaycan vətəndaşlarını,
xalqımızı agah etmək istəyirəm
ki, haradan
başlamışıq, nə üçün
bu günə gəlib düşmüşük,
böyük potensialı, imkanları, 7 milyon əhalisi olan Azərbaycan
Respublikası nə üçün indi ağır vəziyyətə düşmüşdür”.
“Horadiz
əməliyyatı” da bax
belə bir vaxtda
başlandı. Sözün tam mənasında, əsl ölüm-dirim
müharibəsi idi. Düşmən
qısa müddət ərzində ordumuzda
yaranmış bu cür
intizam və qətiyyəti gözləmirdi.
Ona
görə də qəfil zərbədən sarsıldı, pərən-pərən
oldu, tankların, digər hərbi
maşınların üstündə yazılmış “Heydər
Əliyev uğrunda”, “Torpaq,
qeyrət uğrunda” sözləri əsgərləri
daha da
ruhlandırır, onları düşməndən intiqam almağa, doğma torpaqlarımızı geri qaytarmağa
çağırırdı.
Döyüş əməliyyatına rəhbərlik edən polkovnik Şair Ramaldanov o günləri belə xatırlayır:
– Vəziyyəti
çətinləşdirən o idi ki, düşmən
qüvvələri vacib strateji
yüksəklikləri ələ keçirmişdi.
Buna baxmayaraq, ölkə Prezidenti,
Ali Baş Komandan Heydər Əliyevin xalqa
tarixi müraciəti, ordumuzda
yaranmış böyük ruh yüksəkliyi və möhkəm nizam-intizam, döyüşən bütün qüvvələrin vahid komandanlığa tabe
edilməsi öz həlledici sözünü dedi.
Qısa müddət ərzində 22 yaşayış məntəqəsi,
yüz hektarlarla torpaq sahəsi düşmən
caynağından azad edildi.
Mən həmin döyüşlərdə qəhrəmancasına
şəhid olanların müqəddəs ruhu
qarşısında baş əyirəm. Doğrudan da, “Horadiz əməliyyatı” Azərbaycan
silahlı qüvvələrinin nəyə qadir
olduğunu bir daha sübut etdi.
Elə buradaca xatırladaq ki, Füzuli bölgəsində gedən
döyüşlərdə 18 min nəfər
iştirak etmişdir.
Həmin döyüşlərdə 6500 nəfər həyatını
qurban vermişdir. Onlardan min nəfəri
füzulililər olmuşdur. Füzuli şəhərindən 192 itkin və girov var. Döyüşlərdə rayon əhalisindən 1240 nəfər əlil olmuşdur. Onlardan 450 nəfəri
hərbçidir. “Horadiz əməliyyatı”nda
misilsiz qəhrəmanlıq nümunələri
göstərdiklərinə görə 8 nəfər Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülmüşdür
ki, onlardan da 6-sı füzulilidir.
O vaxtdan
21 il keçir. Bu illər Horadiz şəhəri
və başqa yaşayış məntəqələri
üçün bərpa, inkişaf
və yenidənqurma illəri olmuşdur. Hər şeydən əvvəl,
yandırılmış, dağıdılmış evləri,
körpüləri, yolları bərpa etmək lazım idi. Əsl qayıdış da
elə bundan sonra başladı.
Respublika Prezidentinin bu istiqamətdə imzaladığı fərman
və sərəncamlar, dövlət
başçısının döyüş
bölgəsinə müntəzəm xarakter
alan səfərləri, gündəlik
diqqət və qayğısı bərpa və quruculuq işlərinə yeni
təkan verdi. Bütün
səy və qüvvələr düşmənlə üz-üzə
dayanan bu bölgəyə
yönəldildi.
Bərpa və quruculuq işlərindən danışarkən
bir məsələni ayrıca qeyd etmək lazımdır. Respublika
Prezidentinin müvafiq
sərəncamı ilə Horadiz qəsəbəsinə
şəhər statusu verilmişdir.
Horadizin inkişafında yeni
mərhələ də, əslində, bundan
sonra başlanmışdır. Daha əyani
təsəvvür üçün təkcə
son üç il ərzində burada görülmüş böyük
işləri, inkişaf və yüksəlişi
əks etdirən bəzi fakt və rəqəmləri
bir daha yada salaq. İlk
öncə onu xatırladaq ki, Horadiz şəhəri
xeyli genişlənmiş, burada
Heydər Əliyev parkı, Heydər
Əliyev Mərkəzi, Yeni Azərbaycan
Partiyasının inzibati binası, Gənclər
Mərkəzi, Təhsil və Polis
şöbələrinin yeni binaları tikilmiş, park və xiyabanlar salınmış, müasir
işıqlandırma sistemi
quraşdırılmış, dünyanın müxtəlif
ölkələrindən nadir gül-çiçək
və 100 minə yaxın ağac gətirilmişdir.
4300-ə yaxın ailə
üçün 17 yeni
qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi,
13 uşaq bağçası, 2 xəstəxana,
10 tibb məntəqəsi tikilmişdir.
Horadiz şəhərində
yandırılmış və dağıdılmış
1565 yaşayış evinin əksəriyyəti
bərpa olunaraq sakinlərin istifadəsinə
verilmişdir. Qaz, elektrik, su xətləri
çəkilmiş, digər mühüm
infrastruktur layihələri həyata keçirilmişdir. Bütün bu
tədbirlər nəticəsində respublikanın müxtəlif
bölgələrində müvəqqəti məskunlaşmış
120 min rayon sakinindən
70 minə yaxını, o cümlədən
6 min Horadiz şəhər
sakini öz doğma torpaqlarına
qayıtmışdır.
Bundan başqa, ölkə rəhbərinin
sərəncamı ilə bərbad vəziyyətdə olan Əhmədbəyli - İkinci
Mahmudlu - Aşağı Kürdmahmudlu
- Yuxarı Kürdmahmudlu - Alxanlı - Beşinci Zobucuq, o cümlədən Bala Bəhmənli
- Səngər - Araz Dilağarda
- Araz Zərgar kəndlərini birləşdirən
yollar əsaslı şəkildə təmir olunmuşdur.
Ölkə Prezidenti İlham Əliyev
Füzuliyə 2014-cü il avqust ayının 28-də sonuncu
səfəri zamanı demişdir: “Bu, mənim Füzuli rayonuna beşinci səfərimdir.
Hər dəfə burada olarkən yeniliklər
görürəm, ürəyim sevinir və
əldə edilmiş bütün
uğurlar münasibətilə Sizi ürəkdən təbrik edirəm. Demək
istəyirəm ki, füzulililəri çox sevirəm və çox
sevinirəm ki, Füzulidə indi bu qədər inkişaf var.
Siz düşmənlə üz-üzə
yaşayırsınız, siz böyük cəsarət, mərdlik göstərirsiniz.
Biz burada, düşmənlə
üz-üzə Horadizdə bir gülüstan, bir abad şəhər görürük.
Getsinlər öz şəhərlərinə
baxsınlar. Bu gün
Horadiz abadlığına görə
onların paytaxtı olan qədim Azərbaycan
şəhəri İrəvandan bir
neçə dəfə üstündür.
Bu, reallıqdır. Bunu
hər kəs görür və görməlidir.
Azərbaycan ictimaiyyəti də bunu bilməlidir".
Həmin
tarixi səfər zamanı ölkə rəhbəri
tikiş fabrikinin,
Tarix-Diyarşünaslıq muzeyinin,
Əhmədalılar - Molla-Məhərrəmli - Arayatlı -
Babı avtomobil yolunun,
2 nömrəli körpələr evi - uşaq başçasının, Horadiz şəhərində işğal
zamanı dağıdılmış 227 evin
və 3 binanın bərpadan sonra istifadəyə verilməsi mərasimində
iştirak etmişdir.
Prezident Dövlət Bayrağı
Meydanında, Füzuli Rayon
İcra Hakimiyyətinin yeni
binasında yaradılan şəraitlə, Mil
- Muğan hidroqovşağının fəaliyyəti
ilə də tanış olmuşdur. Onu da əlavə edək ki,
həmin səfər və keçirilən görüşlər
bu gün də
füzulililərin yaddaşında unudulmaz
bir xatirə kimi
yaşamaqdadır. Ölkə Prezidentinin görülmüş işlərə
yüksək qiymət verməsi, məsləhət və
tövsiyələri rayon sakinlərini
daha da
ruhlandırmış, onlara əlavə stimul vermiş,
adamların sabaha inam
və ümidlərini artırmışdır.
Biz bu yazı üzərində
işləyərkən mütəxəssislər maraqlı bir arayış təqdim etdilər:
Ərazisinin 70 faizindən çoxu hələ
də işğal altında olmasına baxmayaraq, indi burada istehsal olunan kənd təsərrüfatı məhsulları
əvvəlki illərlə müqayisədə qat-qat çoxdur. Məsələn, təkcə
ötən il havaların əlverişsiz
keçməsinə baxmayaraq, zəmilərdən
91 min ton taxıl götürülmüşdür. Ölkə
rəhbərinin taxılçılığın
inkişafına dair göstərişindən
sonra rayonda 300 hektar sahədə toxumluq
təsərrüfatı yaradılmışdır və
həmin sahələrdən 60 sentnerə yaxın taxıl götürülmüşdür. Bu isə yaxın gələcəkdə
füzulililərə taxılçılığı öz yetişdirdikləri elit
növ toxum
hesabına inkişaf etdirməyə və
bugünkü nəticəni 160-200 min tona
çatdırmağa imkan verəcəkdir.
Heyvandarlıq məhsulları
istehsalı da dinamik inkişaf edir. Hazırda rayonda 31622 baş qaramal, 115490 baş qoyun-keçi, 407190 baş
ev quşları var.
3489 ton ət, 13473 ton
süd, 5840 milyon ədəd
yumurta, 152 ton yun istehsal edilmişdir.
Bunlar isə öz
növbəsində əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə xeyli çoxdur.
Başqa kənd təsərrüfatı
məhsulları istehsalında da nəticələr
yüksəkdir.
Rayonda sahibkarlığın inkişafına ciddi fikir verilir.
Son 3 ildə
iş adamlarına yaradılmış
şərait nəticəsində Əhmədbəyli kəndi
ərazisində 5 min ton
kənd təsərrüfatı məhsulları saxlayan soyuducu anbar kompleksi, ildə 2,5-3 min ton quş
əti istehsal edən “Qarabağ
- Broyler” MMC fəaliyyətə
başlamışdır. Müasir üslubda Qarabağ Ailəvi
İstirahət Mərkəzi, bir neçə
şadlıq evi tikilərək istifadəyə
verilmişdir.
Ölkə
başçısının tapşırıqlarına uyğun olaraq, iş adamları rayonun
Haramı adlanan hissəsində 5000 baş ətlik və südlük
istiqamətində heyvandarlıq kompleksi və
sutkada 10 ton süd qəbul edəcək zavodun
tikintisini sürətlə davam etdirirlər. Üçüncü
Zobucuq qəsəbəsində gündə
40 ton
çörək - un məmulatı istehsal edən zavodun istifadəyə
verilməsinə də az qalır.
Dövlət
Proqramına uyğun olaraq
rayonda təhsil, səhiyyə və mədəniyyət
müəssisələrinin tikintisi,
onların maddi-texniki bazasının daha da möhkəmləndirilməsi
diqqət mərkəzindədir. Son aylar Qazaxlar
kəndində tam orta
məktəb istifadəyə verilmişdir.
Əhmədbəyli kəndində musiqi təmayüllü
gimnaziya, Heydər Əliyev Fondunun dəstəyi ilə Horadiz
şəhərində 100 yerlik, Bala Bəhmənli kəndində 60 yerlik uşaq
bağçaları, Böyük Bəhmənli
kənd xəstəxanası üçün
15 çarpayılıq yardımçı binalar
tikilməkdədir.
Göründüyü kimi, bu
gün Füzulidə həyatın
axarı gurdur, adamlar sabaha böyük inam və ümidlə baxırlar. Elə bir sahə yoxdur ki, orada inkişaf
və yüksəliş əldə edilməsin. Özü də inkişaf
təkcə Horadiz şəhərini əhatə
etmir. Cəbhə xəttinin, necə deyərlər,
ikiaddımlığında olan kəndlərdə
də böyük infrastruktur
layihələri həyata keçirilir. Su,
qaz, elektrik enerjisi, yol baxımından
heç bir problem yoxdur.
Bu möhkəm inam və ümidi
isə onlarda yaradan ölkə başçısı İlham
Əliyevin gündəlik
diqqət və qayğısı, apardığı
qətiyyətli və
uzaqgörən daxili və xarici siyasət xəttidir. Görüşdüyümüz, söhbət etdiyimiz
ağsaqqallar, ziyalılar,
gənclər bu diqqət və qayğı üçün
ölkə Prezidentinə
sonsuz minnətdarlıqlarını
bildirdilər. Onlar daim
bu müdrik şəxsiyyətin ətrafında
olacaqlarını və
onu dəstəkləyəcəklərini
bəyan etdilər.
...Füzuliyə sonuncu
səfərimiz zamanı,
demək olar ki, bütün yaşayış məntəqələrinə
baş çəkdik.
Görülüb başa
çatdırılmış və hazırda da davam etdirilən
tikinti-quruculuq işləri
ilə tanış
olduq. Horadiz şəhərinin yeni yaradılmış küçə və prospektlərinə, park və
xiyabanlarına tamaşa
etdik, Dövlət Bayrağı meydanına çatdıq. Meydan 10 hektar
sahədə salınıb.
Sağ və sol tərəflərdə hər
biri 287 pillədən
ibarət olan sütunlu pilləkan tikilib. Bayraq dirəyinin yerdən
hündürlüyü 68 metrdir.
Burada 3 istirahət guşəsi yaradılmış, 20 minə
yaxın ağac və gül kolu əkilmişdir.
Ancaq
demək istədiyimiz
mətləb başqadır. Buradan, Bayraq Meydanından Horadiz şəhəri, ətraf
kəndlər, az qala, bütün Qarabağ görünür...
Rayon icra hakimiyyətinin başçısı Alı
Alıyev, elə bil, bütün füzulililərin, ağdamlıların,
şuşalıların, laçınlıların...
fikirlərini ifadə
edərək dedi:
– Bax gördüyünüz
bu şəhəri, qəsəbə və kəndləri, qoynunda min bir nemət yetirən bu bərəkətli torpaqları
bizə yenidən qaytaran xalqımızın
böyük oğlu, ulu öndər Heydər Əliyev olub. Bu yerləri
yenidən quran, tikən, gülüstana çevirən isə ölkə Prezidenti İlham Əliyev, onun gündəlik diqqət və qayğısıdır. Elə ona
görə də hər bir Füzuli
sakininin qəlbində
bu iki dahi
şəxsiyyətin əbədi
heykəli ucalıb.
Ancaq bu hələ son deyil. Möhkəm inanırıq ki,
Qarabağın işğal
altında olan başqa yerləri də tezliklə yağı düşməndən
azad olunacaq. O yerlərdə də bax belə yeni
şəhərlər, kəndlər
salınacaq, yollar, körpülər tikiləcək,
abad, gözəl və xoşbəxt həyat başlanacaq. Horadiz şəhəri, başqa
qəsəbə və
kəndlərimiz buna əyani misaldır.
İcra
başçısının böyük inam və qətiyyətlə
dediyi bu sözlərə heç
nə əlavə etmədim.
Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
Xalq qəzeti.- 2015.- 6 yanvar.- S.5.