Ömür vəfa etmədi
Səməndər
Rzayev – 70
Hər dəfə onun haqqında düşünəndə istər-istəməz “Bəyin oğurlanması” filmindəki sovxoz direktoru Hidayət müəllimin obrazını xatırlayıram. Necə də möhtəşəm bir sənət nümunəsidir. İndi dillərdə əzbər olmuş “Mənəm ey, Hidayət müəllim” ifadəsi bu qəhrəmanın xarakterini çox aydın ifadə edir. Nə qədər sadə, səmimi insandır Hidayət müəllim. Əslində, onun bütün rolları belə gözəl və yaddaqalandır. Yarımçıq qalmış ömür yolunda çox rollara həyat vermək arzusunda idi. Söhbət böyük sənətkar Səməndər Rzayevdən gedir.
Ölümündən
30 ilə yaxın bir dövr
keçməsinə baxmayaraq, onun şaqraq gülüşü, zəhmli
baxışları, pəhləvan cüssəsi heç zaman xəyallardan
silinmir. Çünki
o, əvəzsiz ifa tərzi
ilə hər birimizin qəlbində elə
öz sənəti boyda
bir qala qurub.
Səməndər Məsim
oğlu Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda
anadan olub. Aktyorluqla rayondakı dram dərnəyində
məşğul olmağa başlayıb.
Sonra Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakultəsində təhsil alıb
(1964-1968). Sənət müəllimi Rza Təhmasib
olub. Hələ
tələbəliyin ilk illərindən
televiziyadakı çıxışları ilə qiraət
ustası kimi sevilib. Klassik Azərbaycan şairlərinin, demək olar ki, hamısının
şeirlərindən nümunələr söyləyib. Onun istedadı Milli Dram Teatrında Şekspirin
“Hamlet” faciəsini tamaşaya
qoymağa hazırlaşan baş
rejissor Tofiq
Kazımovun diqqətindən yayınmayıb. Rejissor
onu Horatsio roluna dəvət edib. Son kurs tələbəsi
Səməndər elə ilk rolundan kollektivin, teatr ictimaiyyətinin və tənqidin nəzərini
cəlb edib. O, institutu
bitirməmiş teatrın yaradıcı heyətinin üzvü olub. Milli və dünya klassiklərindən
Hüseyn Cavidin “Xəyyam”
(Xacə Nazim), “Knyaz”
(Knyaz), “İblis” (İbn Yəmin), Mirzə Fətəli Axundzadənin
“Müsyö Jordan və
dərviş Məstəli şah” (Hatəmxan
ağa), Səməd Vurğunun
“Vaqif” (Vaqif), “İnsan” (Valentin), C.Məmmədquluzadənin
“Dəli yığıncağı” (Fazil
Küleyni), Cəfər Cabbarlının “Aydın” (Balaxan) pyeslərinin tamaşalarında müxtəlif
xarakterli rollarda
çıxış edib. Aktyor
“Uşaqlığın son gecəsi”,
“Babamızın babasının babası”, “Od
içində”, “Babək”, “Bağ mövsümü”, “Bəyin oğurlanması”
, “Evlənmək istəyirəm” və digər bədii filmlərdə
epizodik və aparıcı obrazlara çəkilib. O, özü
ilə ekrana qeyri-adi bir ab-hava gətirərdi.
Filmlərdəki qəhrəmanları elə bil onun boyuna biçilmişdi. Hələ
dublyajda səsləndirdiyi nə qədər film qəhrəmanları
var. Deyirlər ki, “Kral Lir” filminin
rejissoru Səməndərin filmin
dublyajında səsləndirdiyi Kral rolunu orijinaldan daha üstün hesab edirmiş. Səməndər Rzayev
çox rejissorlarla
işləyib. Tofiq Tağızadə, Arif Babayev, Həsən
Seyidbəyli, Tofiq İsmayılov, Vaqif Mustafayev Səməndəri
böyük məmnuniyyətlə filmlərinə
dəvət edirdilər. Ancaq Səməndər
Rzayev çox vaxt filmlərdən imtina edirdi. Çünki çox məşğul idi.
Teatrda işləyirdi. Televiziya
filmlərində, tamaşalarında oynayırdı, “Bulaq” verilişinin isə daimi aparıcılarından idi.
Şakir Şəkəroviç (“Evləri
köndələn yar”) hər dəfə
televiziya ekranında görünəndə
qəlbimizdə sevinc dolu
bir dünya
yaranır. Bazar günü
axşamlar evə tələsirdik ki, “Bulaq” verilişində
bu böyük sənətkarın
bulaq kimi təmiz və
şəffaf səsini dinləyək.
Səməndər Rzayev az yaşasa
da, çox zəngin
tərcümeyi-halı var. Cəmi 41 il ömür sürmüş yaradıcı bir insan üçün
bu qədər obraz yaratmaq, bu qədər iş görmək möcüzədir.
Dövrün teatrşünasları mətbuat səhifələrində
onun ünvanına səmimi fikirlər yazar, yaratdığı obrazların bənzərsizliyindən
bəhs edərdilər. Onlardan birinin - böyük pedaqoq, rejissor, aktyor Mehdi Məmmədovun
qeydlərini xatırlayaq: “Səməndər Rzayev
obrazlarla sanki dil tapa bilir.
Peşəkar teatr xadimi
olmağıma baxmayaraq, bəzən onun potensial gücünə,
qabiliyyətinə qibtə edirəm”. Doğrudan
da, zər qədrini zərgər bilərmiş.
Hər ikisinin ruhu şad olsun!
Aktyorlar arasında mərhum Lütfəli
Abdullayevdən sonra ən mərhəmətli,
xeyirxah, özgəsinin kədərini
ürəyində hiss edən, hətta
yadların belə qayğılarına şərik
çıxan Səməndər Rzayev olub.
Səməndər
daxilən azad sənətkar idi. O, ürəyi tutmayan rolları oynamazdı. Ona görə də
rollarının çoxunda
özünə oxşarlıq
var. Onların çoxu
ağayana, öz sözünü deyən,
həm də mülayim insanların obrazlarıdır. “Şəhərin
yay günləri”ni xatırlayın. Bəhram Zeynallını necə də dəqiq ştrixlərlə canlandırıb.
Səməndərin ifasında çox
qəribə bir şirinlik vardı. Onun qəhrəmanları,
nədənsə, tamaşaçıya
çox doğma, yaxın adam
təsiri bağışlayırdı.
Elə bilirdin, bu adamları
nə vaxtsa, hardasa görmüsən.
Səməndər
millətini, xalqını
sevən sənətkar
idi. O, həmişə oynadığı rollarda milli cizgiləri qabartmağı xoşlayırdı.
Ən kiçik rollarda belə o, azərbaycanlı
idi, özü də əsl azərbaycanlı. Səməndərin səsi, danışığı
bir orkestrin ifa etdiyi simfoniyaya
bərabər idi.
Nə qədər ahəngli, nə qədər ürəyəyatımlı danışardı.
Qəribədir, Səməndər Rzayevə hətta epizodik rollar təklif olunanda belə, məmnuniyyətlə
razılaşırdı. Deyirdi ki, “kiçik açarla da böyük qapılar açmaq olur”. Amma elə ki, səhnədə
bu böyük sənətkarın səsi
eşidilirdi, bütün
zal heyrətə gəlirdi. Bəzən onun kiçik
rolları baş qəhrəmanları belə
kölgədə qoyurdu.
Səməndər Rzayev klassik
aktyor sənətimizin
ruhunu yaşadırdı,
elə özü də klassik sənətkara çevrildi.
“Həyatın dibində”,
“Hamlet”, “Yağışdan sonra”, “Sən yanmasan”, “Cehizsiz qız”, “Qəribə oğlan”, “Dəli yığıncağı...” Bunlar Səməndərin
teatrda oynadığı
tamaşaların cüzi
bir hissəsidir.
Amma onların hər birinə Səməndərin
yuxusuz gecələri,
gərgin yaradıcılıq
axtarışları, bəzən
isə hədsiz əsəbləri sərf
olunmuşdu. Səməndər Rzayev yaradıcı sənətkar idi. Özü obraz üçün ştrixlər axtarardı.
Rejissorları da bu “ixtiralar”ın sərfəli
olduğuna inandıra
bilirdi.
Kinoya
gəlişindən bir
qədər ətraflı
danışmaq istərdik. Səməndərin kinoya hansı
rolla başladığını
demək çətindir.
Amma onun sənət dostu, Xalq artisti Yaşar
Nuri deyirdi ki, ilk filmi haqqında
bir özü bilirdi bir də
mən... “Uşaqlığın
son gecəsi”: Filmin
lap əvvəlində küçədə
gəzən iki milis işçisindən
biri Səməndər
idi. “Çarvadarların
izi ilə” filmində Səməndər
elə Səməndəri
oynayırdı. Bu filmin əsasında İlyas Əfəndiyevin
“Körpüsalanlar” əsəri
durur. Səməndər filmin çox
da böyük olmayan surətlərindən
biridir. Amma nəzərə çarpan, yaddaqalan obrazdır.
“Nəsimi”də isə rejissor Həsən Seyidbəyli ona Şirvanşah İbrahimin rolunu tapşırmışdı. Bu, aktyor üçün
böyük məsuliyyət
idi. Doğrudan da, Azərbaycanın
tarixində danılmaz
xidmətləri olan Şirvanşah İbrahimi
ekranda yaratmaq aktyordan əsl mənada yüksək sənətkarlıq tələb
edirdi. Film ekrana çıxanda çoxları təəccüb
hissi keçirdi.
Səməndər obrazı elə
özününküləşdirmişdi
ki, qarşında tarixi şəxsiyyət İbrahim şahın dayandığına səmimiliklə
inanırdın.
Səməndər
Rzayevin qəhrəmanları,
həqiqətən səmimi,
qayğıkeş insanlardır. Bəlkə də bu, onun
öz xarakterindən doğan cəhət idi. Axı aktyorun öz
daxili “mən”ini gizlətməsi hər vaxt mümkün olmur. İstər-istəməz özündəki temperament, psixoloji məqamlar üzə çıxır.
Bax, Səməndər
Rzayevin aktyor taleyinin xoşbəxtliyi onda idi ki,
o, daxilən təmiz ruhlu adam
idi. Yaratdığı rollara isə
öz ruhunun, qəlbinin şirin çalarlarını hopdururdu.
“Evlənmək istəyirəm” filmində
aktyorun yaratdığı
Həsən ağa obrazının timsalında
insanların haqqını
tapdalamaqla narazılığa
səbəb olan bir zalımın daxili aləmi pafoslu ifa ilə
yox, sərbəst dialoqlarla açıqlanır. Ümumiyyətlə, Səməndər Rzayevin yaradıcılığını
əks etdirən personajların hər biri düşündürücü
detallarla hafizələrə
hopur. Epizodik rollara çəkilmək
təkliflərini həvəslə
qəbul edən aktyor kinematoqrafik görünüşü, zəhmli
siması daxilində milli xarakterlər ustası idi. O, ekranda yaratdığı mənfi obrazları da şəxsiyyət kimi təqdim edirdi.
Bu yazını professor İlham Rəhimlinin Səməndər Rzayev haqqındakı bu sözlərilə bitirmək
istərdik: “...Günlərin
birində “Həyatın
dibində” tamaşasına
xəstə vəziyyətdə
gəlmişdi. Xəstəxanada idi. Buna baxmayaraq,
pərəstişkarlarını nigaran qoymaq istəməmişdi. Həmin axşam
Səməndər teatrda
ən ağır və ən çətin gününü
yaşayırdı. Bu,
soyuq səhnədə
xəstə aktyorun
son oyunu idi”. Bu böyük
sənətkar 27 mart 1986-cı ildə 41 yaşında haqq dünyasına qovuşdu. Bizə yadigar isə
onun Azərbaycanın
milli-mənəvi sərvəti
kimi əbədiyaşarlıq
qazanan dəyərli rolları qaldı.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2015.- 7 yanvar.- S.6.