Yüksək təhsil və

tərbiyə intibah amilidir

 

Muxtariyyət tariximizin son 20 ilinin övladları öz təhsili, intellekt səviyyəsi, dünyagörüşü ilə fərqlənirlərsə, bu, inkişafımızın, intibahımızın göstəricisidir. Böyük ədib Maksim Qorki yazırdı: “Həyat belədir: istərsən gül, istərsən ağla, amma insan olduğunu yadında saxla!”

 

Evlə məktəb arasında bir küçə vardı...

 

Amma bir vaxt vardı ki, – keçid dövründə – az qala, hamımız bunu unutmuşduq. O küçəyə atalar, analar övlad dalınca yox, çörək dalınca çıxırdılar. Səhərin alatoranlığında bir parça çörək üçün mağazaların qarşısında küçə boyu növbə gözləyən insanların övladları da elə məktəbə getmək, dərs oxumaq əvəzinə, böyükləri kimi,  günlərinin çoxunu o küçədəcə keçirirdilər.  Hamının bircə təsəllisi vardı: “Elnən gələn dərd toy-bayramdı”. Belə bir zamanda-maddi tələbatlarımızın mənəviyyatımıza hakim kəsildiyi dövrdə imdadımıza yetişən ulu öndər Heydər Əliyev yurdumuza gəlişi ilə ürəklərə inam, gözlərə işıq, süfrələrə çörək  bəxş elədi. Onun gəlişi o zamana təsadüf edirdi ki, həm vətəndaş, həm ziyalı, həm də bir valideyn kimi, yaşadığımız o çətin günlərin ab-havası şüurumuzu, düşüncəmizi də sanki keyləşdirmişdi.

Ailədə, məişətdə, yerimizdə biziqoynunaalan çeşid-çeşid problemlər içərisində kimliyimizi unutmuşduq, elə bil. Necə deyərlər, hər kəs  yalnız onun üçün mübarizə edirdi ki, maddi tələbatını cuzi şəkildə ödəməklə, həm də məişət problemlərini  az-maz həll edə bilsin. Mənəvi  dünyamızın param-parça olduğunu, övladlarımızın (gələcəyimizin) həmin dünyada unudulmuş varlığını da bəzən görmürdük gəlirdik. Elə bil ki, arzular da, istəklər də, xarakterlər də onda, bir məcraya yönəlmişdi: birtəhər yaşamaq. Hamı bu  istəyin köləsinə çevrilmişdi. Özünü oda-közə atan böyüklər kiçiklərin itirdiklərini düşünmürdülər. Amma bunu düşünənlər – dövlətimizin, millətimizin, Vətənimizin sabahı naminə  ömrünü qurban verənlərsə gecəli-gündüzlü çalışıb bu əzablı yolun çıxışını tapmağa çalışırdılar.

Haşiyə: Uşaq təkcə bir evin deyil, bütün el-obanın, dövlətin və xalqın ən böyük sərvətidir. Ulularımız isə deyiblər ki, oğulsuz, uşaqsız yurdun sabahı qara olur. El-oba içində bir ağır bir qarğışı da hər birimiz eşitmişik: “Balalarından çəkəsən”. Amma bir də dilimizdə bir-birinə oxşayan iki söz var: bala və bəla. Məlumdur ki, həyatda, hər şeydə olduğu kimi, övladların da tərbiyəsində pis və yaxşı qütblər olub.  Pis övlad öncə valideyn üçün, böyüdükcə bir nəslin, sonra isə cəmiyyətin bəlasına çevrilir. Yaxşı isə həmişə başucalığı gətirir. Bunlar keçid dövründə unudulan həqiqətlər idi. Bəlkə də, bu, ona görə belə idi ki, başı maddi tələbatların ödənilməsinə qarışan valideynlər övladlarının daha çox küçədə vaxt keçirməsinə əhəmiyyət belə vermirdilər.

Bu gündən sabaha ümidi qalmayan insanlar elə yaşadıqları an içərisindəcə yox olduqlarını heç ağıllarına belə gətirmirdilər. Mütəfəkkirlərdən biri deyib ki, dağılmış binaları, viran qalmış şəhərləri, çökmüş iqtisadiyyatı bərpa etmək üçün illər bəs edər, amma məhv olmuş arzuları, itirilmiş mənəviyyatı və puç olmuş gəncliyi geri qaytarmaq üçün nəsillər dəyişməlidir. Bu mənada deyə bilərik ki, Azərbaycan adlı evimizin divarlarından gündə bir kərpic düşdüyü o zamanlarda üstümüzə ayaq açan qara qanadlı mələk kimi gözəgörünməz faciələrin qarşısını almaq üçün ulu öndər əsl xilaskar oldu. Sərhədləri mənfur ermənilər tərəfindən pozulan muxtar respublika əhalisində dövlət siyasətinə inam yaratmağa çalışan ulu öndər uzaqgörənliyi ilə qısa zamanda maddi və mənəvi problemlər içərisində sarsılan insanlara hər cür dəstək verdi. Baxmayaraq ki, o dövrdə–müstəqilliyimizin ilk illərində regionumuza da daxilixarici düşmənlərin həyata keçirmək istədikləri planlar hazırlanırdı.

Ulu öndər öz uzaqgörənliyi ilə  nüfuzundan, şəxsi münasibətlərindən istifadə edərək o çətin günlərdə əhalini maddi problemlərin  məngənəsindən qurtarmağa nail oldu. Günün özünəməxsus çətinliklərini hiss edən insanlara dözüm, mətanət aşılayan ulu öndər, bununla bərabər, hər bir sahəni diqqət mərkəzində saxlayır, uşaqların, yeniyetmə və gənclərin də keçid dövrünün qurbanı olmaması üçün yollar axtarırdı. Bugünkü gəncliyin sahib olduğu imkanların yaranmasının əsası elə həmin dövrdə ulu öndər tərəfindən  min-bir çətinliklə qoyulmuşdu. Məlum hadisələrdən sonra ulu öndərin siyasi hakimiyyətə qayıdışı ilə Naxçıvanda əsası qoyulan həmin siyasətin bütün Azərbaycanda əks-sədası duyuldu. Muxtar respublikamızda da 1995-ci illərdən sonra bu düşünülmüş siyasət məqsədyönlü şəkildə davam etdirildiyindən regionumuz bərpa dövrünü uğurla başa vuraraq inkişaf dövrünə qədəm qoymuşdu. Quruculuq siyasətinin əsas istiqamətini məktəb, elm-təhsil müəssisələrinin tikintisi və onların maddi-texniki bazasının gücləndirilməsi ideyası təşkil edirdi. Məqsəd məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək və təlimi ön plana çəkmək idi. Uşaqların, gənclərin, yeniyetmələrin asudə vaxtının səmərəli təşkili məqsədilə yerlərdə idmanın kütləviliyinə nail olunması üçün zəruri tədbirlərin reallaşdırılması da onların aşıb-daşan potensialını düzgün məcraya yönəltmək məqsədinə xidmət edirdi.  Bir sözlə, gənclərin təşkilatlanması işi bir çox islahatların həyata keçirilməsi sayəsində reallaşdırıldı.

 

Bərpa dövrü

 

Anasından ayrı düşmüş balanı xatırladan muxtar respublikamızda  o dövrdə islahatlarla yanaşı, varislik ənənələri də bərpa olunmağa başlayırdı. Amma  dağıdıcı müxalifət cüzi bir boşluqdan istifadə edərək baş qaldırmağa çalışırdı. O müxalifət ki,  arxası – köməyi də evdən, məktəbdən daha çox küçədə vaxt keçirən yeniyetmə və gənclər idi. Çünki hələ dünyanın ağını-qarasından yetərincə ayırmaq imkanına malik olmayan övladlarımızı onların meyil göstərdikləri mühit tərbiyə edirdi.  Məktəbdə müəllimlərin, evdə valideynlərin diqqətsizliyindən, laqeydliyindən bəhrələnərək, “xoşbəxt günlər” keçirən uşaqlarımız bu boşluqdan istifadə edib evlə məktəb arasındakı küçədə daha çox vaxt keçirməyə həvəsli idilər. Ona görə də onları istənilən istiqamətə yönəltmək istəyən qüvvələr o qədər də çətinlik çəkmirdilər.  Bəlkə, elə ona görə də, həmin dövrdə xalqın adından danışanların küçələrə çıxardıqları “kütlə” əsasən məktəbli uşaqlardan, yeniyetmə və gənclərdən ibarət olurdu. Sərhədlərimizin  pozulduğu o günlərdə ağıllara, ürəklərə hakim kəsilmiş qorxu hissi isə imkan vermirdi ki, itirdiklərimizi saf-çürük edək. Yalnız maddi tələbatımızı, məişət qayğılarımızı qarşılamaq üçün gecəmizi gündüzümüzə qatırdıq. Amma sınıq-salxaq şagird partalarının arxasından durub evə gələn məktəblinin də, qazı, suyu, işığı olmayan evdən çıxıb məktəbə üz tutan şagirdincan atdığı bir məkanın olduğu heç birimizi narahat etmirdi. Bu evlə məktəb arasındakı küçə idi. Bəzən övladların tələbindən, istəyindən can qurtarmaq istəyən valideynlər özləri belə “Get küçədə uşaqlarla oyna, yetərincə dərdimiz var, sən də bizə problem yaratma” – deyə, övladlarını elə onlar kimi, nəzarətsiz qalan tay-tuşlarının öhdəsinə buraxırdılar.

Bu, o dövr idi ki, yalan vədlərdən doymuş insanlar doğrunu harada axtaracaqları haqqında düşünmür və nə edəcəklərini o qədər də götür-qoy etmirdilər. Bu tendensiya müstəqilliyimizin ilk illərində yüksələn xətlə müşahidə olunsa da, sonrakı illərdə  bu prosesin qarşısı kəskin şəkildə alındı. Çünki muxtar respublikamızda getdikcə  ictimai-siyasi sabitliyin qorunması üçün ciddi addımlar atılır,  lazımi işlər görülürdü. Bununla yanaşı, quruculuq siyasəti məqsədyönlü şəkildə davam etdirilirdi.  Əhalinin qarşılaşdığı bütün problemlərin həlli istiqamətində ciddi addımlar atılırdı. Nəticə isə arzu olunduğu kimi, həyatımızın ahəngini müsbətə doğru dəyişirdi.

1994-2014-cü illər arasındakı zaman məsafəsini ilbəil təhlil etsək onda yaşadığımız ağlı-qaralı günlərin yazıldığı illərin təqvimində hansı siyasi proseslərin getdiyini, hansı quruculuq siyasətinin arzularımızı reallaşdırdığını və onların  həyatımızda yaratdığı dəyişikliklərin nədən ibarət olduğunu çox aydın şəkildə görərik. İndi inkişafdan, tərəqqidən danışarkən ilk cümləmizə  günümüzün reallığını təsvir etməklə başlayırıq. Bəlkə də fərqinə varmadan həvəslə sadalayırıq ki, muxtar respublikamızda son 20 ildə yüzlərlə məktəb tikilib, səhiyyə ocaqları istifadəyə verilib, məktəbdənkənar tərbiyə müəssisələri fəaliyyətə başlayıb, yollar salınıb, abadlıq yaradılıb, yaşıllıq sahələri genişləndirilib. Sadalamaqla bitib-tükənməyən bu işlərin məqsədyönlü şəkildə həyata keçirilməsinin bizim maddi təminatımızdan başqa, həm də övladlarımızın sağlam, gümrah və tərbiyəli böyüməsindəki rolunu bəlkə də düşünmürük. Ancaq, məncə, bu qədər işlərin görülməsi nəslimizin, ailəmizin və dövlətimizin davamçıları olan övladlarımızın mənən zənginləşməsinə, bir şəxsiyyət kimi düzgün formalaşmasına və gələcəyin yüksək səviyyəli ixtisaslı kadrları olaraq yetişməsi məqsədinə xidmət edir. Ali  məqsədlərə hesablanmış, uzaqgörənliklə  reallaşdırılmış bu  siyasətə– Heydər Əliyev ideyalarına Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun dönməz sədaqəti bölgəmizin bugünkü intibahına yol açdı.

 

Aparıcı qüvvə gənclikdir

 

Bugünkü dövlət quruculuğunda, idarəetmədə öndə gedən gəncliyin intellekt səviyyəsinin artmasında, yüksək dünyagörüşünün formalaşmasında, elmin sirlərini öyrənməyə marağının güclənməsində muxtar respublikamızda son 20 ildə  həyata keçirilən inkişaf konsepsiyasının böyük rolu olub. Nəzarətsiz qalmış uşaqların, yeniyetmə və gənclərin təşkilatlanmasında qəbul olunmuş qanunlar, həyata keçirilən islahatlar orta məktəblərin yenidən qurulması, nizam-intizamın bərpası, hər kəsə vəzifə borcunun məsuliyyətinin aşılanması  böyük rol oynadı. Bununla yanaşı, insanların əməyinə verilən qiymət, onların cəmiyyətə tanıdılması, və məişət şəraitinin ən yüksək həddə çatdırılması bu istiqamətdə uğurların qazanılmasına səbəb oldu.  Ali Məclisin sədri Vasif Talıbovun bir fikrini burada xatırlamaq yerinə düşər: “Yaxşı tələb etməzdən əvvəl, yaxşı şərait yaratmaq lazımdır”.  Bunun üçün ən ucqar dağ kəndlərindən başlayaraq ən böyük şəhərlərimizə qədər yenidənqurma siyasətilə gözəlləşən yaşayış məskənlərimizdə arzu olunan hər bir şərait yaradılıb. Kükü, Şada, Ağbulaq, Keçili, Külüs kimi, ucqar dağ və sərhəd  kəndlərindəki orta məktəb binalarında yaradılan rahatlıqla yanaşı, məktəb kitabxanalarını zənginləşdirən yeni nəşr olunan nəfis kitablar şagirdlərə dövlət tərəfindən hədiyyə olunub.  Həmçinin latın qrafikası ilə yeni nəşr olunmuş minlərlə kitabın kənd kitabxanalarına hədiyyə olunması da yeniyetmə və gənclərin ümumilikdə isə əhalinin asudə vaxtlarını səmərəli keçirməsi məqsədinə xidmət edir. Qeyd etmək yerinə düşər ki, bu gün Şahbuz şəhər 1 saylı tam orta məktəbinin kitabxanasında 11956, rayon mərkəzləşmiş kitabxana sisteminin kitab fondunda 15508, rayon uşaq kitabxanasında 13602 kitab var.

Yaşından, təhsilindən, həyat təcrübəsindən və yaşadığı zamandan asılı olmayaraq, hər kəs öz övladını yaxşı görmək istəyir. Yaxud, elə bir ata-ana tapılmaz ki, övladını pislər cərgəsində görmək istəsin. Onda sual olunur, bəs bu pis övlad üçün kim məsuliyyət daşıyır? Əlbəttə, ilk növbədə valideyn. Heç birimiz unutmamalıyıq ki, övladımızın tərbiyəsi ən mühüm vəzifəmizdir. Valideyn – məktəb – müəllim üçlüyü bir məqsədə xidmət etməlidir: sabahkı cəmiyyətin əsl vətəndaşlarını yetişdirmək. Bu vəzifəni yerinə yetirmək üçün muxtar respublikamızda valideynə, müəllimə, məktəbə və şagirdə son 20 ildə ən yüksək səviyyədə yaşamaq, işləmək, çalışmaq şəraiti yaradılıb.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş yeni həyat quruculuğu xəttinin məqsədyönlü şəkildə həyata keçirildiyi muxtar respublikada ötən illər ərzində görülən işlərin mahiyyətini başa düşməkdə açar rolunu oynaya biləcək anlayış yalnız təşəbbüs və təşəbbüskarlıq sözlərindən ibarətdir. Aparılan irimiqyaslı quruculuq tədbirləri və burada hökm sürən işgüzarlıq ovqatı da həmişə təşəbbüskarlığa söykənib.  Onun əsasında da görməmək üçün iqtisadi blokada şəraitini bəhanə gətirmək psixologiyası aradan qaldırılıb. Ulu öndər muxtar respublikada bu qədər quruculuq siyasətinin reallaşmasını yüksək qiymətləndirərək deyirdi: “Əgər Naxçıvanda belə ağır vəziyyətdə məktəb binası tikilə bilirsə, – buraya daş gətirmək mümkün deyil, kərpic zavodu, mişar daşı və başqa şeylər yoxdur – əgər universitet binaları tikilirsə, tərbiyə müəssisələri istifadəyə verilirsə bəs bunlar başqa yerlərdə niyə tikilmir? Demək, bu, təşəbbüsdən və təşəbbüskarlıqdan asılıdır”.

Ulu öndərin  bu fikrində nə qədər haqlı olduğunu isbat etmək üçün 1994-cü ilin bir az əvvəlinə və gerisinə səyahət edərək olanları xatırlatmaq yerinə düşər: 1988-ci ildən başlayaraq milli zəmində münaqişələrin əsası qoyuldu. Naxçıvan özünün ağır günlərini yaşamağa başladı. 1990-93-cü illər Naxçıvan tarixinin ən gərgin və ən çətin  dövrləri idi. Naxçıvan Muxtar Respublikasının mövcudluğu və nicatı üçün həmin illərdə möhtərəm Heydər Əliyevin burada yaşaması və siyasi fəaliyyət göstərməsi bu yurdu bir çox bəlalardan, o cümlədən erməni işğalından qorudu.  Qondarma Qarabağ münaqişəsinin ətrafında yayılan dalğanın zərbə qüvvəsinə məruz qalan sərhədyanı kəndləri erməni yaraqlıları tərəfindən gülləbaran edilən  bu məmləkətin dincliyi əlindən alınmışdı. Naxçıvan ulu öndərin təbirincə desək, “taleyin ümidinə buraxılan tənha bir adanı xatırladırdı”.  Görkəmli dövlət xadiminin naxçıvanlıların tələbi ilə həmin vaxt Muxtar Respublika Ali Məclisinin sədri vəzifəsini öz öhdəsinə götürməsi nəticəsində Naxçıvan XX əsrin sonlarında onu gözləyən bəlalardan xilas oldu. Ən əsası isə onun muxtariyyət statusu qorunub saxlanıldı.

Blokada şəraitində yaşayan Naxçıvanın düşmən qarşısında duruş gətirməsi ilə yanaşı, həm də iqtisadi problemlərin həllində ciddi tədbirlər görülməli, yeni firavan həyat quruculuğuna başlanmalı idi. Buna görə də Naxçıvanda həyata keçirilən tədbirlər təkcə siyasi müstəvidə yox, yeni iqtisadi təfəkkürə söykənən bazar iqtisadiyyatının tələblərinə uyğunlaşan iqtisadi model əsasında reallaşdırılmalı idi. Təbii ki, muxtar respublikanın Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiya vasitələri, dəmir yolu, avtomobil yolları, təbii qaz və rabitə xətləri kəsiləndən, region tam iqtisadi blokadaya alınandan sonra bölgədə iqtisadisiyasi böhran daha da dərinləşmişdi.

 

Təhsil və inkişaf

 

Belə bir dövrdə Heydər Əliyev kimi müdrik siyasətçinin  lampa işığında imzaladığı qərarlar nəticəsində Naxçıvan muxtariyyət illərinin ən çətin dövründən bərpa dövrünə qədəm qoydu. Zülmətdən işıqlı və nurlu gələcəyə doğru addımlar atıldı. Muxtar respublikamızda həyata keçirilən quruculuq, abadlıq siyasətinin əsas sahəsini məktəblərin və məktəbdənkənar tərbiyə müəssisələrinin tikintisi tuturdu. Ulu öndərin fəaliyyəti ilə əsası qoyulan bu ideyanın muxtar respublikamızda sonrakı illərdə də məqsədyönlü şəkildə, uzaqgörənliklə həyata keçirilməsi dağılmış iqtisadiyyatımızın bərpasına yol açmaqla yanaşı, insanların həyat şəraitinin yaxşılaşdırılması və iqtisadi problemlərin həlli üçün zəruri addımların atılmasına da imkan verdi. Fəaliyyət proqramı kimi ulu öndərin müəllifi olduğu İnkişaf Konsepsiyası mərhələ-mərhələ reallığa çevrilirdi. İnsanlarda sabaha olan inamın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başladı.

Ən əvvəl ictimai-siyasi sabitliyin bərpa olunması sayəsində əhalidə bir arxayınılıq yarandı. Hər kəsin qarşısına  öz vəzifəsini yüksək səviyyədə yerinə yetirmək tələbi qoyuldu. İctimai borc insanlara aşılandı. Ailələrdə məişət şəraitinin yaxşılaşdırılması məqsədilə müvəqqəti xarakterli bəzi tədbirlər də görüldü. Tədricən əmək intizamı bərpa olundu. Bir sözlə, hər kəs öz işini görməyə başladı və bunun üçün bütün cəmiyyət səfərbərliyə alındı. Və hər kəs də öz borcunu, vəzifəsini dərk etməyə başladı. Bu təlim-tərbiyə prosesində də ciddi dəyişikliyə səbəb oldu. Orta məktəblərdə maksimum dərəcədə şərait yaradılmasına ciddi fikir verilirdi ki, şagirdlərin dərsə davamiyyəti və təlimi nəzarətdə saxlanılsın.

Muxtar respublikamızın şəhər, qəsəbə, rayon və kəndlərində eyni sürətlə görülən işlər getdikcə öz bəhrəsini verməyə başladı. Müqayisə üçün bildirmək kifayətdir ki, 1997-98-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında məzunlar 100-200 intervalında bal toplayaraq tələbə adını qazanırdılarsa, 2013-2014-cü tədris ilində muxtar respublikamızın məzunları 600-700 intervalında daha çox bal topalayaraq Prezident təqaüdünə belə layiq görülmüşlər. Bunun səbəbi isə Heydər Əliyev ideyalarının ardıcıl şəkildə muxtar respublikamızda reallaşdırılması və gələcəyimiz olan gənclərin yaxşı oxumasına, təhsil almasına ən yüksək səviyyədə şəraitin yaradılması oldu. Hətta ən ucqar dağlıq və sərhədyanı rayon olan Şahbuzda təhsilin inkişafına göstərilən qayğının sevindirici bəhrəsi kimi, demək olar ki, son bir neçə ildə rayonumuzun məzunları topladıqları yüksək balla respublika səviyyəsində ad-san qazandılar. Onlardan bir neçəsi Prezident təqaüdçüsü oldu.

Qeyd etmək lazımdır ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində şagirdlər, yeniyetmə və gənclər üçün yaradılan şərait muxtar respublikamızda da var. Təkcə onu demək kifayətdir ki,  Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2013-cü il 18 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş 2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə “Dövlət Proqramı”nın  qəbul olunması uşaqlara göstərilən dövlət qayğısının bariz nümunəsidir. Həmin dövlət proqramına əsasən  ümumtəhsil müəssisələrinə gedə bilməyən məhdud fiziki imkanlılar üçün  Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi yaradılmışdır. Orta məktəblərdə də elektron tədrisin tətbiqi də şagirdlərimizin dünya təhsil sisteminə inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu gün muxtar respublikanın məktəblərinin əksəriyyətində elektron təhsil üçün ən yüksək səviyyədə texniki imkanlar yaradılıb.  Muxtar respublikamızın bütün rayonlarında olduğu kimi, hazırda Şahbuz rayonunun 14  ümumtəhsil məktəbində də Ali Məclis sədrinin qayğısı ilə şagirdlərin elektron tədrisə qoşula bilməsi üçün texniki imkanlar var.

Bundan başqa, məktəblərdə pilləli təhsil sistemi vasitəsilə uşaqların orta təhsillə yanaşı, sənət, peşə, ixtisas seçimi üçün də lazımi şərait yaradılıb. Bununla bağlı Muxtar Respublika Ali Məclisinin sədri  Vasif Talıbov öz fikirlərini açıqlayaraq gənclərə  dəyərli tövsiyələr verərək demişdir: “Müstəqil Azərbaycanın gələcəyinin etibarlı və möhkəm olması üçün təhsil inkişaf etdirilməli, təkmilləşdirilməlidir. Bu tədbirləri həyata keçirtmək üçün ilk növbədə müasir təhsil infrastrukturu yaradılmalıdır. Məktəblər müasir tədrisin tələblərinə uyğun avadanlıqlarla təmin olunur. Müəllim-şagird münasibətləri tələbkarlıq və çalışqanlıq prinsipləri üzərində qurulmalıdır ki, istəyimizə nail olaq... Bu gün ölkəmizdə təhsilə göstərilən qayğı, bu sahədə həyata keçirilən islahatlar nümunə gücündədir. Görülən bu işlər bir tərəfdən gənclərin hərtərəfli təhsil almasına xidmət edirsə, digər tərəfdən onların xarici ölkələrdə təhsillərini davam etdirməsi, dünya təhsil sisteminə inteqrasiya baxımından da mühüm əhəmiyyət daşıyır. Ona görə də məktəblərdə şagirdlərə infromasiya texnologiyalarının əsasları dərindən öyrədilməli, xarici dillərin tədrisi diqqət mərkəzində saxlanılmalıdır”.

Pedaqoqların fikrincə, “tərbiyə edən” müəyyən məqsəddən çıxış edir. Böyük pedaqoq A.S.Makarenko isə dövlətin və millətin gələcəyi olan gənclərin düzgün tərbiyə edilməsinin vacib bir məsələ olduğunu xatırladaraq demişdir:  Ata-ana həmişə valideyn olduğunu yadda saxlamalı və bilməlidir ki, onun tərbiyəsi altında olan uşaq gələcək vətəndaş, gələcək xadim və gələcək mübarizdir. Siz pis uşaq tərbiyə etsəniz bunun bəlasını təkcə özünüz yox, bir xalqbir dövlət də çəkəcək”. Unutmamalıyıq ki, bu gün hər bir valideynin və hər bir müəllimin yaxşı yaşayışı, əmək fəaliyyəti üçün muxtar respublikamızın muxtariyyət tarixinin son 20 ilində bir vaxtlar xəyal belə etmədiyimiz şərait yaradılıbsa, bu şəraitdən istifadə edib yüksək intellekt səviyyəli, dünyagörüşlü, elmli, bilikli gənclərin cəmiyyətə verilməsinə nail olmalıyıq. Bu bizim həm də vətəndaşlıq və insanlıq borcumuzdur.

Xalqımıza məxsus gözəl bir milli xüsusiyyətin olduğunu da yada salmaq istəyirəm: bizə edilən yaxşılığın əvəzini çıxmaq üçün bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Deməli, dövlət qayğısının da əvəzini yaxşı  işimizlə qaytara bilərik.

 

Şəhla NƏBİYEVA

Şahbuz rayonu

 

Xalq qəzeti.- 2015.- 8 yanvar.- S.5.