2014-cü il Azərbaycanın
neft strategiyası
üçün əlamətdar hadisələrlə
zəngin oldu
Dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada inamla irəliləyən Azərbaycan Respublikasınının iqtisadi uğurları ilbəil artır. Ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasətini müasir dövrün reallıqlarına uyğun həyata keçirən ölkə Prezidenti İlham Əliyevin uğurla yürütdüyü sosial-iqtisadi strategiya nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındakı mövqeyini getdikcə möhkəmləndirir.
Azərbaycanın
dinamik sosial-iqtisadi inkişafı yola saldığımız
2014-cü ildə də davam etmiş, ölkəmiz
dünyanın inkişaf etməkdə olan dövlətlərinin
sırasındakı
mövqeyini bir qədər də möhkəmləndirmişdir.
Ən əsası isə makroiqtisadi mühit göstəricisinə
görə hazırda dünya ölkələri arasında 8-ci yerdə qərarlaşan Azərbaycan planetimizin ən yaxşı
inkişaf potensialı və inkişaf siyasətinə malik
olan dövlətləri sırasına qoşulmuşdur. Sevindirici haldır ki, Azərbaycan bu gün dünya
birliyinə dinamik inkişaf edən, yüksək orta gəlirli
ölkə kimi təqdim olunur. Ötən il dünyanın
bir sıra nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanda
gedən inkişaf prosesini yüksək qiymətləndirmiş,
ölkəmizin kredit reytinqini əhəmiyyətli dərəcədə
yaxşılaşdırmışlar. Dünyanın ən
mötəbər iqtisadi qurumu olan Davos Ümumdünya
İqtisadi Forumu rəqabət qabiliyyətliliyinə görə
Azərbaycanı 38-ci yerə layiq görmüşdür.
Heç şübhəsiz, dünya miqyasında ilk 40 ölkə
sırasına daxil olmaq Prezident İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdə həyata keçirilən
islahatların, düşünülmüş və bitkin
siyasətin nəticəsidir.
Ölkəmizin
iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun ilbəil
artmasında ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə işlənib hazırlanmış yeni neft
strategiyasının müstəsna əhəmiyyəti
olmuşdur. Belə ki, “Əsrin müqaviləsi” çərçivəsində
ilkin neftin çıxarılması Azərbaycanda neft
hasilatının sürətli
inkişafına təkan verməklə yanaşı,
ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə
imkan yaratmışdır. Yola saldığımız
2014-cü il Azərbaycanın neft strategiyası
üçün bir sıra əlamətdar hadisələrlə
zəngin oldu. Belə ki, yanvar ayının 28-də “Qərbi
Çıraq” platformasından ilkin neftin hasilatına
başlanıldı. Bu, Azərbaycanın yeni neft strategiyasının
əsasını qoymuş
“Əsrin müqaviləsi” çərçivəsində
atılmış son dərəcə mühüm bir nailiyyət
kimi diqqət çəkir. Xatırladaq
ki, Azərbaycanın yeni neft strategiyası çərçivəsində
əldə olunmuş zəngin təcrübəyə əsaslanan
“Çıraq” neft layihəsinə başlamağa dair qərar
2010-cu ilin mart ayında verilmişdi. Ötən müddətdə
layihə çərçivəsində nəzərdə
tutulmuş tikinti-quraşdırma işləri uğurla yerinə
yetirilmiş, Xəzər dənizində unikallığı
ilə seçilən “Qərbi Çıraq” platforması
quraşdırılmışdır.
2014-cü ilin ən
mühüm hadisələrindən biri, heç şübhəsiz,
“Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci
ildönümünün qeyd olunması idi. Xatırladaq
ki, təkcə dünya bazarının yüksək keyfiyyətli
neftlə təminatına deyil, eyni zamanda, ölkəmizin və
bütövlükdə Cənubi Qafqazın makroiqtisadi
dirçəlişinə imkan yaradan, Qərbin bir sıra
aparıcı dövlətləri, habelə Mərkəzi
Asiya regionu dövlətləri üçün strateji əhəmiyyət
daşıyan bu saziş Azərbaycan Respublikasının
dövlət müstəqilliyinin başlıca təminatına
çevrilmiş, onun dünya birliyinə sıx inteqrasiyasını
təmin etmişdir. Bu mənada “Əsrin
müqaviləsi” beynəlxalq aləmdə böyük
nüfuz qazanmış, regionun lider ölkəsi kimi
dünyada yaxşı tanınan Azərbaycan dövlətinin
sosial-iqtisadi yüksəlişinin təməl daşına
çevrilmişdir. Ötən 20 il ərzində “Əsrin
müqaviləsi” çərçivəsində həyata
keçirilən tədbirlər,
mühüm infrastruktur layihələrinin
reallaşdırılması ölkəmizin dinamik
sosial-iqtisadi inkişafı
üçün möhkəm zəmin yaratmışdır.
Özünün zəngin karbohidrogen ehtiyatlarından
düzgün, səmərəli şəkildə istifadə
edən Azərbaycan Respublikası regionun ən sabit və
dinamik inkişaf edən ölkəsinə
çevrilmişdir. Artıq bir neçə ildir ki, ölkəmiz
Avropanın enerji təhlükəsizliyinin təminatında
yaxından iştirak edir. Eyni zamanda, neft və
qaz ixracından əldə edilən gəlirlər hesabına
Azərbaycanın iqtisadi imkanları xeyli artmış, ölkəmiz
bir sıra regional layihələrin təşəbbüskarı
və əsas iştirakçısına çevrilmişdir.
“Əsrin müqaviləsi”nin uğurla
reallaşdırılması ilə əsası qoyulmuş Azərbaycanın
yeni neft strategiyası iqtisadiyyatın şaxələndirilməsi,
xüsusən də qeyri-neft sektorunun inkişafı
üçün əlverişli imkan yaratmışdır. Bu
da öz növbəsində ölkənin neftdən
asılılığının azalmasına və yeni iş
yerlərinin yaradılmasına səbəb olmuşdur. Bununla
belə, Azərbaycanda neft-qaz sektoru hələ uzun illər
iqtisadiyyatın aparıcı sahəsi olaraq qalacaqdır.
2014-cü
ildə, həm də “Çıraq” yatağından neft
hasilatına başlanmasının 17-ci ili tamam oldu. Ötən
dövrdə ölkə üzrə neft hasilatı təqribən beş dəfəyə
yaxın artmışdır. Ölkəmizdə ən yüksək
illik neft hasilatı isə 2010-cu ildə qeydə
alınmışdır. Xatırladaq ki, həmin il Azərbaycanda 50,7 milyon ton
neft çıxarılmışdır ki, bu da ölkəmizin
neft sənayesinin tarixində rekord göstərici hesab olunur.
2014-cü ilin on bir ayı ərzində Azərbaycanda qaz
kondensatı da daxil olmaqla 38 milyon 525,4 min ton xam neft və 27
milyard 148,8 milyon kubmetr təbii qaz hasil edilmişdir.
Bütövlükdə isə ötən illər ərzində
“Azəri-Çıraq-Günəşli” yataqlar blokundan təqribən
377 milyon ton neft və 105 milyard
kubmetr qaz hasil edilmişdir.
Özünün
zəngin karbohidrogen ehtiyatlarına arxalanan Azərbaycan
Respublikası artıq uzun illərdir ki, bu sahədə
müstəqil siyasət yürüdərək təbii sərvətlərini
dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş
ixrac neft və qaz kəmərləri sisteminin yaradılmasına
nail olmuşdur. Bu da
ölkəmizin enerji təhlükəsizliyini təmin
etmiş, Avropa və digər
uzaq ölkələrin enerji təminatı istiqamətində
yeni perspektivlər açmışdır. Xam neftin şimal istiqaməti
üzrə ixracını nəzərdə tutan
Bakı-Novorossiysk kəməri
ilə yanaşı, 1999-cu ildə Bakı-Supsa,
2006-cı ilin mayında isə Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan kəmərləri
istifadəyə verilmişdir. Xatırladaq ki,
XXI əsrin ən nəhəng neft ixracı
marşrutlarından sayılan Bakı-Tbilisi-Ceyhan boru kəməri
artıq neçə ildir ki, dünyada enerji təhlükəsizliyinin
təminatı sahəsində uğurla fəaliyyət
göstərir. İllik ötürücülük qabiliyyəti
60 milyon ton olan bu kəmərlə hazırda sutkada 1,2
milyon barel Azərbaycan nefti Aralıq dənizi vasitəsilə
dünya bazarına çıxarılır. Onu da deyək ki,
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri istifadəyə veriləndən
indiyədək dünya bazarına təqribən 275 milyon ton
Azərbaycan nefti çıxarılmışdır. Bundan əlavə,
ötən dövrdə adı- çəkilən kəmərlə Türkmənistan və
Qazaxıstan neftinin nəqli də davam etdirilmişdir. Bu həm də Azərbaycanın regionun tranzit ölkəsinə
çevrilməsinə imkan yaratmışdır.
Yola
saldığımız 2014-cü il Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti üçün
də uğurlu olmuşdur. Belə ki, şirkət neft hasilatının sabitləşdirilməsi
istiqamətində mühüm tədbirlər həyata
keçirmiş, müasir
texnologiyalardan istifadə edilməklə köhnə yataqlarda
neft istehsalının artırılması üçün
geoloji-texniki tədbirlərin, eləcə də cari və əsaslı
təmirlərin sayını xeyli artırmışdır.
Bundan əlavə, il ərzində şirkətin
qazmaçıları tərəfindən dənizdə və
quruda 127 milyon 346 metr qazma işi həyata keçirmişlər.
Ötən il, həmçinin neftin və qazın
hasilatı, neft məhsullarının istehsalı ilə əlaqədar
bütün proqnozlara, eləcə də şirkətin ixrac
öhdəliklərinə tam əməl olunmuşdur.
2014-cü ilin iyul ayının 1-nə şirkətin ümumi aktivlərinin həcmi
2005-ci ilin müvafiq dövrü ilə müqayisədə
beş dəfə artaraq 24 milyard 442 milyon manata
çatmışdır. Bundan əlavə, ötən il
şirkət öz tarixində ilk dəfə olaraq büdcəyə
rekord səviyyədə –1 milyard 825 milyon manat həcmində
ödəmələr (gəlir vergisi istisna olmaqla)
etmişdir.
Son illər dünyada
“mavi yanacağa” tələbat getdikcə artmaqdadır. Məhz
buna görədir ki, Azərbaycanda qaz hasilatının
yüksəldilməsi istiqamətində ciddi işlər
görülür. Təkcə onu qeyd etmək kifayətdir ki,
2004-2014-cü illərdə ölkə üzrə qaz
hasilatı ilbəil artırılaraq 5,5 milyard kubmetrdən təqribən,
30 milyard kubmetrə
çatdırılmışdır. Bu artımın
başlıca səbəbi “Şahdəniz”
yatağının birinci işlənmə mərhələsi
çərçivəsində qaz hasilatının uğurla
davam etdirilməsi ilə bağlıdır. Yeri
gəlmişkən, Azərbaycan 2006-cı ildən etibarən
dünyanın dəniz akvatoriyaları üzrə ən iri
qaz-kondensat yataqlarından sayılan “Şahdəniz”
yatağının işlənməsi layihəsi üzrə
aparılmış işlər nəticəsində beynəlxalq
bazarlarda özünü həm də yeni, alternativ təbii
qaz mənbəyi,
etibarlı “mavi yanacaq” təchizatçısı kimi təqdim
etməyi bacarmışdır. Qısa müddətdə Azərbaycan
qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə
çevrilmişdir. Xatırladaq ki, “Şahdəniz” yatağının
ümumi ehtiyatları 1,2 trilyon
kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmindədir.
2014-cü ilin doqquz ayında
“Şahdəniz” yatağından təqribən 7 milyard
250 milyon kubmetr qaz və 1 milyon 72 min ton kondensat hasil
olunmuşdur. Hasilata başlanıldığı vaxtdan
ötən ilin oktyabr ayının 1-dək isə bu yataqdan 55
milyard kubmetr qaz və 14,2 milyon ton kondensat
çıxarılmışdır.
Ötən
ilin ən əlamətdar hadisələrindən biri də,
heç şübhəsiz, Azərbaycanın iqtisadi həyatı,
eləcə də Avropanın enerji bazarı üçün
son dərəcə mühüm hadisə sayılan “Cənub”
qaz dəhlizi layihəsinin reallaşdırılması sahəsində
atılan addım oldu. Xatırladaq ki, sentyabrın 20-də Bakıda
“Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci
ildönümünün qeyd olunduğu gündə bir
sıra Qərb ölkələrinin dövlət və
hökumət başçılarının, eləcə də
energetika sahəsində məsul şəxslərin
iştirakı ilə “Cənub” qaz dəhlizinin təməlqoyma
mərasimi keçirildi. Bununla da, Azərbaycanın
təşəbbüsü ilə həyata vəsiqə alan və
Qərbin də yaxından dəstəklədiyi daha bir qlobal
enerji layihəsinin icrasına başlanıldı. Prezident
İlham Əliyev ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına təbrikində demişdir: “Bu il
sentyabrın 20-də biz “Əsrin müqaviləsi”nin 20-ci
ildönümünü qeyd etmişik. Simvolik haldır ki, məhz
2014-cü il sentyabrın 20-də “Cənub” qaz dəhlizinin təməli
qoyulmuşdur. “Cənub” qaz dəhlizi Avropanın ən
böyük infrastruktur layihəsidir. Bu nəhəng transmilli
layihənin icrasında Azərbaycan öz liderlik keyfiyyətlərini
bir daha nümayiş etdirmişdir. Məhz Azərbaycanın
uzun illər ərzində apardığı enerji siyasəti
nəticəsində, qətiyyətli siyasət nəticəsində
bu böyük layihə artıq reallaşır. “Şahdəniz-2",
TANAP və TAP Azərbaycan üçün nadir və əvəzolunmaz
layihələrdir və uzun illər, onilliklər bundan sonra
bizim milli maraqlarımızı, iqtisadi və siyasi
maraqlarımızı təmin edəcək. Azərbaycan beynəlxalq
əməkdaşlıq məsələlərində
olduğu kimi, bu layihədə də liderliyi öz üzərinə
götürüb və bu missiyanı şərəflə
yerinə yetirəcəkdir”.
Əslində
Avropanın enerji xəritəsini zənginləşdirəcək
“Cənub” qaz dəhlizi layihəsinin təməli hələ
2007-ci ildə “Şahdəniz” qazının ixracını həyata
keçirən Bakı-Ərzurum (Cənubi Qafqaz) boru kəmərinin
istismara verilməsi ilə qoyulmuşdur. Çünki həmin
hadisə ilə Azərbaycan dünyanın potensial qaz
ixracatçısı kimi tanınmağa
başlanmışdır. 2012-ci ilin yayında isə Azərbaycan
qazının Türkiyənin qərb sərhədlərinə
nəqlini nəzərdə tutan Trans-Anadolu (TANAP) boru kəmərinin
tikintisi ilə bağlı Azərbaycan–Türkiyə hökumətlərarası
saziş imzalanmışdır.
“Cənub” qaz dəhlizinin
son ünvanı isə Qərbi Avropadır. Bu layihənin həyata
vəsiqə alması heç də təsadüfi deyildi. Belə ki, Avropanın “mavi yanacağa” olan tələbatının
artdığı bir şəraitdə Azərbaycanın
potensial qaz tədarükçüsü kimi diqqəti getdikcə
daha çox cəlb etməsi yeni layihələrə yol
açırdı. Eyni zamanda, regionda siyasi sabitlik və əməkdaşlıq
meydanına çevrilmiş Azərbaycan Respublikası enerji
sahəsində Qərbin fəal əməkdaşlıq
edə biləcəyi bir ölkə kimi də yüksək
inam və etimad qazanmışdı. Həmin inamın nəticəsi idi ki, Qərb
özünün təbii qaza olan tələbatının
ödənilməsində əsas tədarükçü
kimi məhz Azərbaycanı seçdi. Elə 2013-cü
ildə Trans-Adriatik (TAP) boru kəmərinin əsas ixrac
marşrutu kimi seçilməsi də məhz bunun nəticəsi
idi. Beləliklə də, XXI əsrdə
Avropanın enerji xəritəsini zənginləşdirəcək
yeni bir qaz dəhlizinin formalaşdırılmasına əsaslı
zəmin yarandı. Təsadüfi deyil ki, Azərbaycan
Prezidenti İlham Əliyev sentyabrın 20-də Bakıda
“Əsrin müqaviləsi”nin 20 illiyinə və “Cənub” qaz
dəhlizinin təməlqoyma mərasiminə həsr
olunmuş təntənəli mərasimdə demişdir: “Son
illər Azərbaycan öz enerji siyasətini ardıcıl
şəkildə irəliyə aparır. Yəni,
bugünkü mərasim sadəcə olaraq görülən
işlərin zirvəsidir. Əgər əvvəlki illərdə
dediyim məsələlər öz həllini tapmasaydı, bu
gün ”Cənub" qaz dəhlizindən söhbət belə
gedə bilməzdi".
“Şahdəniz-2”
layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə
çatdıracaq nəhəng bir layihədir. Bu layihə yeni
“Cənub” qaz dəhlizi açmaqla Avropa bazarlarına qaz təchizatının
və enerji təhlükəsizliyinin artırılmasına
mühüm töhfələr verəcək. Belə ki, 25
milyard dollar dəyərində olan bu layihə reallığa
çevrildikdən sonra yatağın birinci işlənmə
mərhələsi çərçivəsində hasil edilən
illik 9 milyard kubmetr qazın həcmi xeyli artaraq 25 milyard kubmetrə
çatdırılacaq. Bu isə “Şahdəniz”in hazırda
dünyanın ən
böyük qaz işlənməsi layihələrindən biri
olduğunu sübut edir.
Bakı şəhərinin
yaxınlığında yerləşən Səngəçal
terminalında təməli qoyulan “Cənub” qaz dəhlizinin
mühüm tərkib hissələrindən birini Cənubi
Qafqaz boru kəmərinin genişləndirilməsi təşkil
edir. Cənubi Qafqaz boru kəmərinın
genişləndirilməsi layihəsi üzrə yekun investisiya
qərarı 2013-cü il
dekabrın 17-də “Şahdəniz-2" layihəsi
üçün qərarın verilməsi ilə eyni zamanda qəbul
edilmişdir. 2014-cü ildə kəmərın genişləndirilməsi
layihəsi üzrə podrat müqavilələri imzalanmışdır.
Həmin müqavilələrə Cənubi
Qafqaz boru kəməri layihəsi çərçivəsində
Gürcüstandakı qurğuların tikintisi işləri və
istismara verilməsi, layihənin Gürcüstandakı hissəsi
üçün boru kəmərinin və qurğuların
mühəndis layihələndirmə işləri və layihə
idarəetmə xidmətləri, layihənin
Azərbaycandakı hissəsi üçün beş çay
keçidində üfüqi-maili qazma və boru kəmərinin
quraşdırılması işləri, eləcə də
layihənin iki çay keçidi (biri Azərbaycanda, digəri
Gürcüstanda) üçün şaxta və tunelin
tikintisi və boru kəmərinin quraşdırılması
işləri daxildir. Bundan əlavə, ötən müddətdə
boru kəməri üçün lazım olan boruların
örtüklənməsi işləri üzrə müqavilə
də imzalanmışdır.
“Cənub” qaz dəhlizi
öz yoluna Türkiyə ərazisindən keçən
Trans-Anadolu (TANAP) boru kəməri ilə davam edəcək.
Xatırladaq ki, TANAP layihəsi Azərbaycandan başlayan genişlənmiş Cənubi
Qafqaz boru kəmərini Avrop Birliyi ölkələrində
bir neçə kəmərlə əlaqələndirəcək.
Beş il ərzində reallaşması nəzərdə
tutulan layihənin dəyəri 7 milyard ABŞ
dollarıdır. Dörd mərhələdə
həyata keçiriləcək layihənin ilk mərhələsi
2018-ci ildə başa çatacaq. 2020-ci ildə kəmərin
buraxılış qabiliyyəti ildə 16 milyard kubmetr,
2023-cü ildə 23 milyard kubmetr, 2026-cı ildə isə 31
milyard kubmetrə çatdırılacaq. İlk dövrdə
TANAP kəməri ilə nəql olunacaq 16 milyard kubmetr Azərbaycan
qazının 10 milyard kubmetri
Avropaya, 6 milyard kubmetri isə Türkiyəyə satılacaq.
Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan
və ya Türkiyə-Yunanıstan sərhədində təhvil
veriləcək. XXI əsrin layihəsi sayılan “Cənub” qaz
dəhlizi Trans-Adriatik boru kəməri (TAP) ilə
tamamlanır. Trans-Adriatik boru kəməri Azərbaycana məxsus
“Şahdəniz” qaz-kondensat yatağının işlənməsi
üzrə konsorsium tərəfindən Azərbaycan
qazının Avropaya nəqli üçün marşrut kimi
seçilmişdir.
Seçim haqqında
qərar konsorsium tərəfindən 2013-cü ilin yayında
elan edilmişdir. TAP layihəsi Xəzər regionundan qazın
Yunanıstan, Albaniya və Adriatik dənizi vasitəsilə
İtaliyanın cənubuna, oradan isə Qərbi Avropaya nəqlini
nəzərdə tutur. İlkin olaraq TAP boru kəmərinin
gücü il ərzində 10 milyard kubmetr təşkil edir.
Bundan əlavə, gələcəkdə kəmərin
gücünün 20 milyard kubmetrədək artırmaq
mümkün olacaq. Yeri gəlmişkən, Avropanın enerji xəritəsinin
zənginləşdirilməsinə mühüm töhfələr
verən “Şahdəniz-2”, TANAP və TAP dünyanın ən
iri enerji layihələrindəndir. Layihəyə 45 milyard
dollar məbləğində sərmayə cəlb ediləcək,
marşrut boyu ölkələrdə 30 mindən çox yeni
iş yeri yaradılacaqdır.
Göründüyü
kimi, hasil etdiyi təbii qaz həcmlərini Avropanın getdikcə
artmaqda olan enerji tələbatının təminatına
yönəldən Azərbaycan bu məqsədlə nəqliyyat
marşrutlarının şaxələndirməsini də
uğurla həyata keçirir. Bu isə Azərbaycanın regionda və Avropada etibarlı
tərəfdaş kimi əhəmiyyətini qat-qat
artırır.
Mirbağır YAQUBZADƏ
Xalq qəzeti.- 2015.- 8 yanvar.- S.4.